Bütün xəbərlər
18 aprel, 18:15

Uğur çalışqanlıq, sistemli hazırlıq, düzgün zaman bölgüsü və əlbəttə, ailənin, məktəbin dəstəyinin nəticəsidir. Gəncə şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) bir qrup şagirdi buraxılış və qəbul imtahanlarında göstərdikləri yüksək nəticələrlə bu fikri bir daha təsdiqləyiblər. Onların uğur yolu bir çox məktəblilər üçün həm nümunə, həm də motivasiya mənbəyi ola bilər. 

“Azərbaycan müəllimi” hazırlığa getmədən yüksək bal toplayan şagirdlərin fikirlərini öyrənib. 

“Taymerdə özümə vaxt qoyub testləri sürətli işləyirdim”

Nihad Rəsulov FRİTL-də 7-ci sinifdən təhsil almağa başlayıb. Martın 9-da keçirilmiş buraxılış imtahanında 295 bal toplayıb. Bu günə kimi heç bir repetitor yanına getməyib. Keyfiyyətli dərslər və valideynlərinin yaratdığı şərait onu daha məsuliyyətli olmağa sövq edib: “Gündəlik ev tapşırıqlarımı yerinə yetirirdim. Zəif olduğum mövzular üzərində işləyirdim. Həm effektiv çalışmaq, həm də imtahan zamanı vaxtı tənzimləyə bilmək üçün taymerdə özümə vaxt qoyub testləri sürətli işləyirdim”.

Nihad gələcəkdə kompüter elmləri və ya informasiya təhlükəsizliyi üzrə təhsil almağı planlaşdırır: “Xaricdə təhsil almaq istərdim. Hansı ölkə və ya üniversitetdə oxumaq istədiyimi hələ dəqiqləşdirməmişəm, amma seçimimi təhsil alacağım sahəni nəzərə alaraq edəcəm”.

“Başqası hazırlığa gedir, mən də getməliyəm” deməsinlər

Boş vaxtlarında idmanla, masa tennisi və şahmatla məşğul olan qəhrəmanımız deyir ki, hobbi və dərslərindən əlavə, gündəlik 30-40 dəqiqə telefonla vaxt keçirir. Uğurunun sirlərini də paylaşır: “Gündəlik ev tapşırıqlarımı tamamlayıram və lazım olan mövzular üzərində çalışıram. Düzünü desəm, blok üzrə sınaq imtahanlarında buraxılış imtahanlarına nisbətən daha yaxşı nəticə göstərirəm. Heç bir hazırlığa getmirəm, ehtiyac da duymuram”. 
Nihad həmyaşlarına məsləhətlərini də verir: “Çətinlik çəkdiyi mövzular, onları necə həll edə biləcəkləri haqqında düşünsünlər, təkcə dərslərdə yox, həyatda da. Özlərini cəmiyyətin bəzi lazımsız standartlarına uyğunlaşdırmasınlar, yaradıcılıqlarını öldürməsinlər, özlərini başqalarıyla müqayisə etməsinlər, “başqası hazırlığa gedir, mən də getməliyəm”,- deyə düşünməsinlər. Qısaca, ətrafa uyğunlaşmağa çalışanda özlərini, öz düşüncələrini mənfi istiqamətdə dəyişməsinlər, özlərinə güvənsinlər”.

Nihadın söhbətini kəsmək istəmirəm, imtahanlara fərdi hazırlaşmaq istəyənlərə yaxşı ipucu da verir: “Mən öz təcrübələrimi paylaşa bilərəm. Məsələn, riyaziyyatda bir neçə kitabla kifayətlənməməlidir, müxtəlif vəsaitlərdən tapşırıqlar işləməli və nədən çətinlik çəkdiklərini qeyd etməlidirlər. Hər düsturu əzbərləmək yerinə özünə sual verməlidir: "Bu düstur hardan yaranıb?" Bu, həmçinin isbata dair sualların cavablanmasında da faydalı olur. Azərbaycan dilində qayda oxumaqdan çox, bu qaydanın tətbiqini öyrənməlidirlər. Düzdür, bəzi mövzular var ki, onlar əzbər əsaslıdır, amma onlar daha çox oxuduqları qaydaların tətbiqinə əsas verməli və yenə də çətinlik çəkdikləri sualları qeyd edib onlar üzərində çalışmalıdırlar. İngilis dilində hər şeydən əvvəl lüğəti yaxşı bilməlidirlər, çünki bu, həm esse yazanda, həm də başqa test tapşırıqlarını işləyəndə faydalı olur. Qeyd etdiyim kimi, qaydanın əzbərindən çox tətbiqinə fikir verməlidirlər. Çətinlik çəkdikləri mövzuları qeyd edib onlar üzərində çalışmalıdırlar. Ümumiyyətlə, cavabını tapa bilmədikləri bir sual olduqda araşdırma aparmalı, internetdən, sinif yoldaşları və ya müəllimlərindən soruşub öyrənməlidirlər”.

Hazırlıqlara getməyi vaxt itkisi hesab edir

Elsəf Bağırov 2020-ci ildə yüksək balla FRİTL-ə qəbul olub. Həmin il 7-ci sinifdə oxuyarkən biologiya fənni üzrə Respublika Fənn Müsabiqəsində bürünc medal qazanıb. 2023-cü ildə Bakıda keçirilən STEAM Azərbaycan Festivalında "İnnovative Exhibition" kateqoriyası üzrə "İnnovators" komandası ilə sərgidə iştirak edib. Buraxılış imtahanında 298 bal toplayıb. 

İmtahanlara yalnız məktəbdə keçirilən dərslər, müəllimlərinin köməyi ilə hazırlaşıb: “Gündəlik həyatımı, yuxu rejimimi də pozmamışdım. İmtahanların başlamasına bir müddət qalmış daha ciddi rejimdə təkrarlara vaxt ayırmağımın da uğur əldə etməyimə təsiri oldu”.

Elsəf hazırlıqlara getməyi əlavə vaxt itkisi hesab edir: “Erkən yaşlardan dərslərə ciddi yanaşmağım uğur qazanmağımda əsas amillərdən birinə çevrildi. Liseydə müəllimlərin dərslərə ciddi yanaşması bizim yüksək bal toplamağımızın başlıca səbəblərindən oldu. Valideynim uşaq yaşlarımdan yaxşı oxumağım üçün mənə fərqli kitablar, testlər alır, sınaq imtahanlarında və bilik yarışında iştirak etməyim üçün şərait yaradır. Müəllimlər də bizim üçün əlindən gələni edir, ən yaxşı şəkildə imtahanlara hazırlayır, tətil günlərində belə istirahətlərindən əl çəkib bizi dərslərə çağırırdılar. Əsas motivasiyam yüksək bal yığaraq ölkənin ən yaxşı universitetlərindən birində oxumaq, ailəmi və müəllimlərimi sevindirməkdir”.

“Şagirdin həvəsi varsa, repetitorsuz belə imtahana hazırlaşa bilər”

İnformasiya təhlükəsizliyi və ya kompüter elmləri üzrə təhsil almaq və gələcəkdə bu ixtisas üzrə biliyini inkişaf etdirmək istəyən Elsəf boş vaxtlarında şahmat oynayır, tarda ifa edir. Gəncə şəhəri 1 nömrəli musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb. Bundan əlavə, detektiv janrda kitab oxumağı, elmi-fantastik üslubda çəkilən filmlərə baxmağı çox sevir.
“Daha çox testlər işləyirəm. Qəbul imtahanında çox yüksək, hətta maksimum bal yığmaq istəyirəm. Fikrimcə, hazırlıq kursları məsuliyyətsiz uşaqları bir az inkişaf etdirmək üçündür. Əgər bir şagirdin oxumaq üçün həvəsi varsa, repetitorsuz belə imtahana hazırlaşa bilər. İmtahana repetitorsuz hazırlaşmaq üçün kifayət qədər vəsait var. Ailəm hazırlığa getməyim üçün təkid etsə də, mən özümə inanırdım və onları da bu uğuru hazırlığa getmədən qazancağıma inandırdım”.

“Olimpiadalar daha çox əziyyət və səbir tələb edir”

Leyla Hacızadə buraxılış imtahanında 298 bal toplayıb. Hər gün əzmli və planlı şəkildə çalışaraq məktəbdən verilən tapşırıqları tamamlayıb, əvvəlki illərin imtahanlarının suallarına baxır və səhvləri üzərində düşünərək bu nailiyyəti əldə edib: “Dərs zamanı müəllim və sinif yoldaşlarımla apardığımız fikir mübadilələri mənə problemləri müxtəlif üsullarla həll etməkdə kömək edib. Çətinliyə düşdüyüm zamanda  müəllimlərim daim məni ruhlandırır, motivasiya verirdilər. Bu mənə daha yüksək nəticələrin arxasınca getməyə stimul verirdi”.

Leyla boş vaxtlarında əsasən olimpiada hazırlıqlarına vaxt ayırır, ingilis dili biliklərini inkişaf etdirmək üçün filmlər izləyir və məqalələr oxuyur. Artıq hər bir sahədə texnologiyanın inkişafı onun bu sahəyə marağını artırıb və təhsilini informasiya texnologiyaları sahəsi üzrə davam etdirməyi düşünür. O, Avropada bir neçə universitetə qəbul üçün müraciət etdiyini deyir.  Leyla həm də 2022-2023 tədris ilində keçirilən informatika üzrə olimpiadanın qalibidir. Bu il Almaniyada keçiriləcək Avropa Qızlar İnformatika Olimpiadasına (EGOI-2025) ölkəmiz üzrə seçilmiş komandanın 4 qızından biridir.  “Olimpiadalar daha çox əziyyət və səbir tələb edir. Xüsusilə də informatika olimpiadasında dərin riyazi və məntiqi düşüncə tələb edən bir çox məsələlər olur”,- deyən Leyla ölkəmizi sözügedən olimpiadada təmsil edəcəyi üçün xoşbəxt olduğunu bildirir. Söhbətimizin sonunda öz tövsiyələrini verməyi də unutmur: “Məncə, yaxşı nəticə əldə etmək üçün hazırlığa getməyə ehtiyac yoxdur. Şagirdlər daim öz üzərlərində işləyərək çətinlik çəkdikdə məktəbdə müəllimlərindən və ya dostlarından yardım alaraq, internetdən araşdıraraq suallarına cavab tapa və mövzuları dərindən öyrənə bilərlər. Əsas zamanlarını düzgün idarə edərək çalışsınlar”.

“Repetitor yanına getmədən də yüksək nəticə əldə etmək mümkündür”

Ayan Kərimova buraxılış imtahanında 295 bal toplayıb. O da bu il Almaniyada keçiriləcək Avropa Qızlar İnformatika Olimpiadasına (EGOI-2025) ölkəmiz üzrə seçilmiş komandanın tərkibindədir: “Olimpiadalara hazırlıq müddətində əsas çətinliklərdən biri digər dərslərə çalışmaqla bağlı idi. Ölkəmizi təmsil edəcək 4 qızdan biri olmaq mənim üçün qürurvericidir. Hazırlıq prosesində müxtəlif təlimlərə qoşuluruq, fərdi və komanda şəklində işləyirik. Olimpiadanın proqramı geniş olduğundan ona hazırlıq daha çox əmək tələb edir. Ölkəmizi layiqincə təmsil etmək, bayrağımızı yüksəklərdə dalğalandırmaq üçün daha da məsuliyyətli olmaq lazımdır”.  İmtahanlarda və yarışlarda əldə etdiyi nəticələrin ona stimul verdiyini, gələcəkdə uğurlu bir şəxsiyyət kimi ailəsinə və ölkəsinə layiq olmaq, öz sahəsində inkişaf etmək üçün çalışdığını deyir. Təhsilini kompüter elmləri üzrə davam etdirmək və gələcəkdə bu sahədə yeniliklər yaratmaq istəyir: “Təhsilimi xaricdə davam etdirmək istəyirəm, çünki bunun dünyagörüşümü və təcrübəmi artıracağına, yeni dostlar qazandıracağına, yeni mədəniyyətlərlə tanışlığa yol açacağına inanıram”.

Məktəb dərslərindən hobbilərinə ayırmaq üçün kifayət qədər zamanı olmasa da, boş vaxtlarında rəsm çəkir, bədii kitab oxuyur, musiqi dinləyir, film izləyir. Hazırlığa getmədən özü hazırlaşmaq istəyənlərə isə tövsiyəsi belədir: “Zənnimcə, repetitor yanına getmədən də yüksək nəticə əldə etmək mümkündür, çünki internetdə hər mövzuda kifayət qədər mənbə var. Uğur qazanmaq istəyən şagirdlərə əzmli olmağı, səhv etməkdən qorxmamağı və dəstək almaqdan çəkinməməyi məsləhət görərdim”.

Şərhlər

Xəbər lenti

19 aprel, 15:27

Naxçıvanda Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçirilib

19 aprel, 12:21

"Tərbiyəçi müəllimlərlə təcrübə mübadiləsi” adlı təlim keçirilib

19 aprel, 12:19

BSU-da “Autizm Aylığı” çərçivəsində seminar keçirilib

19 aprel, 11:35

Balaca astronavtlar robototexnika yarışına dəvət edilir

19 aprel, 11:27

SABAH tələbəsinin “Bir fırçanın yolu” adlı sərgisi açılıb

19 aprel, 11:18

TTKF ilə ATİAHİ arasında əməkdaşlıq genişləndirilir

19 aprel, 11:10

Yel Universitetinin tələbəsi: Gerçək dünyada dizayn hər zaman əhəmiyyətlidir

19 aprel, 10:59

“Konstitusionalizm və gənclər: hüquqi maarifləndirmənin rolu” mövzusunda görüş keçirilib

19 aprel, 10:56

“İmtahanqabağı stres və onun idarə olunması” mövzusunda təlimlər keçirilib

19 aprel, 10:51

PISA 2025 tədqiqatının əsas mərhələsinin keçirilməsinə başlanılıb

19 aprel, 10:43

Hərbi xidmətdə də təhsil almaq mümkün olacaq

19 aprel, 09:15

Bu liseyin 134 şagirdi buraxılış imtahanında uğurlu nəticə göstərib

18 aprel, 18:30

Zərif yumruqların gücü: Boksçu qızların böyük uğuru

18 aprel, 18:17

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar

18 aprel, 18:05

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

18 aprel, 17:25

“Bu uğur mənim üçün yeni başlanğıcdır” - 300 bal toplayan Ağsu məktəblisi

18 aprel, 17:05

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub

18 aprel, 16:05

E.Aslanov: Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib 

18 aprel, 15:28

BŞTİ-də yeni kadr təyinatları olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.