Bütün xəbərlər
18 aprel, 15:05

Uşaqların öyrənmə tərzi və ətraf aləmi hiss etmə üsulu bir-birindən fərqlənir. Odur ki, son illərdə pedaqoji araşdırmalarda “sinesteziya” adlandırılan neyropsixoloji haldan çox bəhs olunur. Sinesteziya bir duyğunun başqa bir duyğunu avtomatik və qeyri-iradi işə salması deməkdir. Məsələn, bəzi uşaqlar hərfləri və ya rəqəmləri müəyyən rənglərlə, musiqi sədalarını isə forma və ya dadla əlaqələndirirlər. Bu daha çox məktəbəqədər və ibtidai sinif yaşlarında müşahidə olunur. Belə qeyri-adi qavrayışlar bəzən məktəbdə diqqətdən kənarda qalır. Bu mərhələdə müəllimin dəstəyi və anlayışı çox əhəmiyyətlidir.

Tədqiqatlar göstərir ki, sinesteziyalı uşaqlar məlumatı daha yaxşı yadda saxlaya, əlaqələr quraraq öyrənə və abstrakt anlayışları tez mənimsəyə bilirlər. Məsələn, bir uşaq həftənin günlərini rənglərlə assosiasiya etdiyi üçün cədvəli daha tez yadda saxlaya bilər. Bu xüsusiyyətlər uşaqların yaddaş, diqqət və yaradıcılıq qabiliyyətlərini də gücləndirə bilər.

Bir sıra Avropa ölkələrində ibtidai məktəblər üçün sinesteziya mövzusunda xüsusi layihələr həyata keçirilir. Bu layihələr uşaqların duyğu orqanlarının bir-biri ilə əlaqələndirilməsinə, yəni bir hissin digər bir hisslə birləşməsinə əsaslanır. Belə layihələrdən bir neçəsinə nəzər salaq:

1. İtaliya – “Colore e Musica” (“Rəng və musiqi”) layihəsi

İtaliyada bəzi ibtidai məktəblərdə həyata keçirilən layihədə uşaqlara musiqi dinləyərkən hansı rəngləri təsəvvür etdiklərini düşünüb, kağız üzərinə çəkmək tapşırılıb. Məqsəd onların eşitmə və görmə duyğularını əlaqələndirmək olub.

2. Almaniya – “Sinesthetic Classrooms” (“Sinestetik siniflər”) layihəsi

Bu ölkədə sinesteziyanın tətbiqi ilə bağlı eksperimental dərslər keçirilir. Məsələn, hərflərə rənglər təyin edilərək oxu və yazı bacarıqları inkişaf etdirilir. Uşaqlar üçün “rəngli əlifba” hazırlanıb və bu, disleksiyalı uşaqlara yardımçı olur. Bu metodla uşaqlar sözləri daha tez yadda saxlayırlar, çünki hər hərf bir rənglə assosiasiya olunur.

3. Finlandiya – “Multisensory Learning through Art” (“İncəsənət vasitəsilə çoxhissiyyatlı öyrənmə”) layihəsi

Finlandiyada həyata keçirilən layihədə uşaqlar rəsm çəkərkən ətirlər və səslərlə müşayiət olunan dərslərdə iştirak ediblər. Məqsəd uşaqlarda kreativliyi artırmaq və öyrənməyi əyləncəyə çevirmək olub.

4. Fransa – “Colour of Music” (“Musiqinin rəngi”) layihəsi

Fransada musiqi dərsləri çərçivəsində tətbiq olunan bu layihədə sinesteziya oyunlar formasında təqdim edilib. Hər bir musiqi notuna uyğun rənglər seçmək və ya səslərə uyğun şəkillər çəkmək kimi fəaliyyətlərlə uşaqlar duyğulararası əlaqələri fərdi şəkildə kəşf ediblər.

5. Almaniya və Hollandiya –“Synaesthesia and Arts” (“Sinesteziya və incəsənət”) layihəsi

Bu layihələrdə uşaqlara sinesteziya fenomeni incəsənət vasitəsilə tanıdılıb. Məsələn, musiqi parçasını dinlədikdən sonra uşaqlardan onu hansı rənglərlə təsvir edə biləcəkləri soruşulub. Beləcə, uşaqlar musiqi-rəng əlaqəsini öz fantaziyalarına əsasən qurublar.

6. Erasmus+ layihələri çərçivəsində sinesteziya

Bəzi Erasmus+ proqramlarında isə sinesteziya müxtəlif Avropa ölkələrinin məktəblərində yaradıcı pedaqogika vasitəsi kimi tətbiq olunur. Bu layihələrdə müəllimlər üçün təlimlər keçirilir, dərs planları hazırlanır və sinesteziya məktəblərdə incəsənət, musiqi, ədəbiyyat və hətta riyaziyyat dərslərində istifadə olunur.

Bu cür layihələrin əsas məqsədi uşaqlarda duyğu müxtəlifliyindən istifadə etmək vərdişi formalaşdırmaq, onların yaradıcı düşüncəsini gücləndirmək və özünəməxsus ifadə formalarını kəşf etmələrinə imkan yaratmaqdır.

Böyük Britaniyanın Sasseks Universitetinin sinesteziya sahəsində aparıcı mütəxəssisi, tanınmış psixoloq Culia Simnerin araşdırmaları sinesteziyanın nevroloji əsaslarını və təhsildəki rolunu əhatə edir. Bu araşdırmalara əsasən sinesteziya genetik meyillərlə yanaşı, öyrənmə və uşaqlıq təcrübələri ilə də formalaşa bilər. Məsələn, uşaqların oynadıqları oyuncaqlar, rəngli hərflərlə yazılmış kitablar və ya təlim materialları sonradan sinestetik əlaqələrin yaranmasına səbəb ola bilər. Onun fikrincə, müəllimlər sinesteziyalı uşaqlarla işləyərkən onların bu xüsusiyyətlərini tanımalı və bu bacarıqları təlim prosesində düzgün istiqamətləndirməlidirlər. Bu məqsədlə o bəzi tövsiyələr irəli sürür:

– Müşahidə və dinləmə: müəllimlər uşaqların qeyri-adi təsvirlərini diqqətlə dinləməli, onların dediklərini təsadüfi saymamalıdırlar. Məsələn, bir uşaq “musiqi sarı rəngdə səslənir” deyirsə, bu, uydurma deyil, real sinestetik təcrübə ola bilər.

– İnkişafetdirici tapşırıqlar: rəng, forma, səs və digər hisslərin birgə işlədiyi fəaliyyətlər sinesteziyalı uşaqlar üçün faydalı ola bilər. İnkişafetdirici incəsənət, musiqi və yaradıcı yazı tapşırıqları bu uşaqların daxili dünyasını kəşf etməyə kömək edə bilər.

– Fərdi yanaşma: belə uşaqların öyrənmə tərzi fərqli ola bilər. Onlara fərdi öyrənmə strategiyaları təqdim edilməli, bu xüsusiyyətlər çatışmazlıq deyil, üstünlük kimi qiymətləndirilməlidir.

– Ailə ilə əməkdaşlıq: müəllimlər valideynlərlə daimi əlaqə saxlamalı, uşağın sinestetik təcrübələrinin ailədə necə qarşılandığı barədə məlumatlı olmalıdırlar. Bəzən ailələr də bu xüsusiyyəti qeyri-adi hesab edərək uşağı susmağa məcbur edirlər.

Amerikalı nevroloq, sinesteziya üzrə qabaqcıl tədqiqatçı David Eagleman sinesteziyanın beyinin məlumat emaletmə üsulu ilə bağlı olduğunu vurğulayır. Ona görə, sinesteziya sadəcə “qeyri-adi duyğu” deyil, yaddaş və idrakla sıx əlaqəlidir. Eagleman sinesteziyanı “beyinin əslində bütün hissləri birləşdirərək təcrübə yaratması” kimi izah edir. Onun rəhbərliyi ilə hazırlanmış “Synesthesia Battery” (“Sinesteziya testləri toplusu”) adlı onlayn test vasitəsilə dünyada minlərlə sinestetik identifikasiya olunub. Bu testlər sinesteziyanın müxtəlif növlərini müəyyənləşdirmək və bu sahədə elmi tədqiqatlar aparmaq məqsədilə istifadə olunur. Testlər istifadəçilərin cavablarının və reaksiyalarının sürətini ölçərək sinestetik təcrübələri obyektiv şəkildə qiymətləndirir. Bu testlər həm fərdi istifadəçilər, həm də tədqiqatçılar üçün əlçatandır və nəticələr yalnız istifadəçi və onun icazə verdiyi tədqiqatçılarla paylaşılır. Eyni zamanda, David Eaglemanın müəllifi olduğu “Wednesday is Indigo Blue” (“Çərşənbə indigo mavisi rəngindədir”) adlı kitabda sinesteziyanın neyrobioloji əsasları və fərqli təcrübələri ətraflı şəkildə izah edilir.

Sinesteziya bizə duyğular arasında sərhədlərin silindiyi, qavrayışın sərhədsizləşdiyi dünyanı təqdim edir. Bu fenomen nəinki insan beyninin mürəkkəbliyini və möcüzəviliyini nümayiş etdirir, həm də təhsil və incəsənət sahəsində yeni perspektivlər açır. Uşaqlarda yaradıcı düşüncəni və fərqli qavrayış bacarıqlarını inkişaf etdirmək baxımından sinesteziya əsaslı layihələrin tədris proqramlarına daxil edilməsi olduqca önəmlidir. Gələcəyin sinif otaqları məhz belə çoxhissiyyatlı, fərqli yanaşmaları təşviq edən mühitlərlə formalaşacaq. Bu gün sinesteziyanın rəngli yollarında ilk addımlarını atan uşaqlar sabahın yaradıcı və analitik düşüncəli fərdləri olacaq.

Şərhlər

Xəbər lenti

19 aprel, 12:21

"Tərbiyəçi müəllimlərlə təcrübə mübadiləsi” adlı təlim keçirilib

19 aprel, 12:19

BSU-da “Autizm Aylığı” çərçivəsində seminar keçirilib

19 aprel, 11:35

Balaca astronavtlar robototexnika yarışına dəvət edilir

19 aprel, 11:27

SABAH tələbəsinin “Bir fırçanın yolu” adlı sərgisi açılıb

19 aprel, 11:18

TTKF ilə ATİAHİ arasında əməkdaşlıq genişləndirilir

19 aprel, 11:10

Yel Universitetinin tələbəsi: Gerçək dünyada dizayn hər zaman əhəmiyyətlidir

19 aprel, 10:59

“Konstitusionalizm və gənclər: hüquqi maarifləndirmənin rolu” mövzusunda görüş keçirilib

19 aprel, 10:56

“İmtahanqabağı stres və onun idarə olunması” mövzusunda təlimlər keçirilib

19 aprel, 10:51

PISA 2025 tədqiqatının əsas mərhələsinin keçirilməsinə başlanılıb

19 aprel, 10:43

Hərbi xidmətdə də təhsil almaq mümkün olacaq

19 aprel, 09:15

Bu liseyin 134 şagirdi buraxılış imtahanında uğurlu nəticə göstərib

18 aprel, 18:30

Zərif yumruqların gücü: Boksçu qızların böyük uğuru

18 aprel, 18:17

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar

18 aprel, 18:15

Repetitorsuz uğur qazananlar – Hazırlığa getmədən yüksək balı necə topladılar?

18 aprel, 18:05

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

18 aprel, 17:25

“Bu uğur mənim üçün yeni başlanğıcdır” - 300 bal toplayan Ağsu məktəblisi

18 aprel, 17:05

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub

18 aprel, 16:05

E.Aslanov: Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib 

18 aprel, 15:28

BŞTİ-də yeni kadr təyinatları olub

18 aprel, 15:15

“Clarivate”in Azərbaycan dilində vebinarları davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.