
Yol bizi Lerikin dağ yolları ilə Çayrud kəndinə aparır. Bu kənd haqqında çox eşitmişdim, amma yolboyu düşündüyüm bir şey vardı: “Dağın ətəyindəki bir məktəbdə yüksək nəticə, rayon üzrə birincilik... Görəsən, bu necə mümkün olub?”
Yaşıl yamaclar, dumanlı cığırlar arasında irəlilədikcə içimdəki maraq daha da artırdı. Çayrud kənd tam orta məktəbinin həyətinə daxil olan andan hiss etdim ki, burada elmə, insan yetişdirməyə xüsusi yanaşma var. Təmiz, səliqəli mühit, mehriban müəllim kollektivi və bu kollektivin ortasında bir şagird – Zeynəb.
XI sinif şagirdi Zeynəb Siyabova builki buraxılış imtahanında rayon üzrə ən yüksək nəticəni göstərib.
Ucqar kənd məktəbinin region üzrə uğurları və əlbəttə ki, buraxılış imtahanında rayon üzrə ən yüksək nəticəni qazanan bir kənd qızının hekayəsi məni bura gətirmişdi. Bu, sadəcə bir uğur hekayəsi deyil. Bu, az imkanların içində böyük nəticə əldə etməyi bacaran bir məktəbin, bir müəllim heyətinin və bir kənd qızının həyat mübarizəsidir.

Çayrud kəndində ilk məktəb XIX əsrin sonu-XX əsrin əvvəllərindən fərdi evlərdə fəaliyyət göstərməyə başlayıb. 1926-1927-ci illərdə kənd sakinlərinin köməyi ilə ilk məktəb binası inşa olunaraq şagirdlərin istifadəsinə verilib. 1935-ci ildə Çayrud ibtidai məktəbi 7 illik təhsil sisteminə keçib. 1939-cu ildə Çayrud natamam orta məktəbinin nəzdində internat yaradılıb. İnternat Çayrudun ətraf kəndlərindən oxumağa gələn şagirdlər üçün nəzərdə tutulubmuş. 1949-cu ildə Çayrud 9 illik məktəbi 10 illik təlim sisteminə keçir, yaxınlıqda yerləşən 25 kəndin şagirdləri tam təhsilini Çayrud məktəbində başa vurub. 1960-1961-ci tədris ilindən Çayrud məktəbi 11 illik təhsil ocağı kimi fəaliyyət göstərməyə başlayıb.
50-ci illərdən Çayrud məktəbini bitirən məzunların respublikanın müxtəlif ali və orta ixtisas məktəblərinə qəbul faizi ildən-ilə yüksələn xəttt üzrə artmağa başlayıb. 1962-1963-cü tədris ili isə Çayrud məktəbi üçün unudulmaz olub. Belə ki, həmin il məktəbi bitirən 15 məzunun hamısı ölkənin nüfuzlu ali məktəblərinə qəbul olub.
2024-cu ilə qədərki statistikadan məlum olur ki, Çayrud məktəbinin 3400-dən çox məzunu olub. Onların 900-ə yaxını ali, 300-ə yaxını orta ixtisas təhsili alıb. Məktəbin məzunları arasında 36 alim, yüzlərlə müəllim, 30-dan çox həkim, onlarla hüquqşünas, jurnalist, mühəndis, iqtisadçı, hərbçi, tanınmış incəsənət xadimi, yazıçı və şairlər var. 2009-cu ildə məktəb üçün yeni bina tikilib. 2021-ci ildə məktəbin 100 illik yübileyi keçirilib.

Məktəbin məzunlarının 6-sı şəhid, 6-sı qazidir. Məzunlar arasında yüzlərlə müharibə veteranı və iştirakçısı da var. Şəhid Elşən Səfərovun xatirəsi adını daşıdığı məktəbdə daim yad edilir, keçdiyi şərəfli ömür yolu barədə şagirdlərə məlumat verilir. 2022-ci ildə şəhid Elşən Səfərovun xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq salnaməsi Elşən Səfərov zirvəsi” adlı sənədli filmin təqdimatı da elə bu məktəbdə yüksək səviyyədə keçirilib.
“Məktəbimizin uğurları komanda işinin nəticəsidir”
Hazırda 127 şagirdin təlim-tərbiyəsi ilə 21 müəllimin məşğul olduğu məktəbin həyətində bizi direktor Eltay Almasov qarşılayır. Söhbətimizə başlayar-başlamaz məktəb direktoru, eyni zamanda, Zeynəbin riyaziyyat müəllimi Eltay müəllim uğurlarının təsadüfi olmadığını vurğulayır:
“Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanının nəticələrinə görə, məktəbimizin reytinq göstəricisi rayon məktəbləri arasında ilk sıralardadır. Fərdi göstəriclərdə də məktəbimizin şagirdləri dəfələrlə rayon birincisi olub. Bu tədris ilində məktəbimizin XI sinif şagirdi Zeynəb Siyabova buraxılış imtahanında 291 bal toplayaraq rayon üzrə ən yüksək nəticəni əldə edib. Şagirdimizin yüksək nəticə göstərməsi bizim üçün böyük qürur mənbəyidir. Məktəbimizdə təhsilin keyfiyyəti daim diqqət mərkəzində olub. Şagirdlərin inkişafı üçün monitorinqlər keçirir, nəticələri təhlil edir, fərdi yanaşmalar tətbiq edirik. Valideynlərlə sıx əməkdaşlıq, müəllimlərin məsuliyyətli fəaliyyəti, şagirdlərin zəhmətsevərliyi əsas üstünlüklərimizdir.
Düşünürəm ki, bu uğur məktəbimizin düzgün təhsil strategiyasının, şagird-müəllim-valideyn əməkdaşlığının nəticəsidir. Uğurlu məktəb olmaq üçun ilk növbədə valideyn-məktəb munasibəti yüksək səviyyədə qurulmalıdır. Uşaqlar üzərində valideyn nəzarəti olmasa, uğur qazanmaq çətin olur. Ona görə də valideynlərlə mütəmadi olaraq görüşlər keçirilir. Məktəbimizin son illərdə qazandığı uğurlar bütün valideynlərdə təhsilə marağı artırıb. Valideyn iclaslarında hamı fəal iştirak edir. Son on ildə məktəbimizin məzunlarının ali və orta ixtisas məktəblərinə qəbulunda həm kəmiyyət, həm də keyfiyyət baxımından yuksəliş var. Hər buraxılışda məktəbimizin qəbul faizi 80%-dən yuxarıdır, ardıcıl iki tədris ilində məktəbimizin bütün məzunları ali, orta ixtisas və ilk peşə məktəblərinə qəbul olublar. IV və VI siniflərin monitorinq imtahanlarında da şagirdlərimizin nəticələri yüksəkdir.
2022-2023-cü tədris ilində bir IV sinif şagirdimiz IV siniflərin monitorinq imtahanında 100% nəticə göstərmişdi. Məktəbimiz yalnız bilik sahəsində deyil, idman sahəsində də bir çox uğurlar əldə edib. Şagirdlərimizin asudə vaxtlarını səmərəli keçirməsi üçün məktəbdə idman və şahmat dərnəkləri təşkil olunur. Dərnək üzvlərimiz dəfələrlə rayon birincisi olub, zona mərhələlərində iştirak edib və yüksək nailiyyətlər qazanıblar”.
.jpeg)
Direktor bildirir ki, uğurlu məktəb üçün ən başlıca səbəb kollektivdə sağlam və şəffaf mühitin olmasıdır: “Məktəbdə komanda işi düzgün qurulmalı, şagirdlər və müəllimlər hər qazanılan uğura görə stimulaşdırılmalıdır. Valideyn-məktəb münasibəti ən üst səviyyədə qurulmalı, dövrün tələblərinə uyğun yüksək intellektə malik savadlı və bacarıqlı kadr potensialı olmalıdır. Bu gün məktəbimizin qazandığı uğurlar komanda işinin nəticəsidir”.
““Kənd məktəbi” düşüncəsini qırdığım üçün özümü çox xoşbəxt hiss edirəm”
Zeynəb bu nəticəni sadəcə imtahan uğuru kimi deyil, bir yolun davamı kimi görür: “Deyirlər ki, elm öyrənməyin yarısı doğru sual verməkdən keçir. Çox şanslıyam ki, məktəbimiz mənə doğru insanlara doğru suallar verməyi öyrətdi”.
Zeynəb uğurunun əsas sirrini düzgün zaman bölgüsündə və məqsədyönlü öyrənməkdə görür: “Hazırlıq müddətində mənim üçün önəmli olan vaxtımın bir dəqiqəsini belə boşa keçirməmək idi. Planlarımı elə qururdum ki, həm məktəbdə, həm də evdə keçirdiyim müddətdə dərslərdən çox fayda götürüm”.
Zeynəb bu yolda tək olmadığını və daim ruhlandırıldığını deyir: “Bəzən yorulanda bu yola nə üçün çıxdığımı xatırlayaraq yenidən daha əzmlə çalışırdım. Çünki həyatımın devizi “Ustad muzdu hər kəsin əməyinə görə verir”dir. Bu yolda mənə sevimli ailəm, mənə inanan, özümə ideal seçdiyim müəllimlərim çox dəstək olublar”.

Zeynəb “kənd məktəbi” anlayışının dəyişməli olduğunu düşünür, insanların “kənd məktəbi” düşüncəsini müəyyən qədər qırdığı üçün özünü çox xoşbəxt hiss edir: “Kənd-şəhər məktəbi fərqi yaradan insanlara demək istəyirəm ki, əziyyətin, elmin, düzgün idarəçilik sisteminin, planlı çalışmağın və uğurun yaşadığımız yerlə heç bir əlaqəsi yoxdur. Əgər həyatınızda sizə düzgün yol göstərən, biliklərin sirrini sizə düzgün aşılayan, təkcə tələbəlik həyatına yox, birbaşa həyatın özünə hazırlayan insanlar varsa, siz öndəsiniz. Qeyd etmək istəyirəm ki, vətənə layiqli vətəndaş kimi formalaşmağımda da doğma məktəbimizin rolu böyükdür. Məktəbimiz mənə həqiqi vətəndaş olmağı öyrətdi. Eyni zamanda, inkişafımız üçün məktəb rəhbərliyi tərəfindən keçirilən monitorinqlər, müxtəlif sınaq imtahanları, ən əsası, nəticələrin müzakirəsi uğuruma təkan verən başlıca amillərdəndir”.
Zeynəbin arzusu aydındır, o da öz müəllimləri kimi ölkəsinə savadlı nəsillər bəxş etmək istəyir:
.jpeg)
“Gələcəkdə doğma Azərbaycanın savadlı müəllim kadrlarından biri olmaq istəyirəm. Təhsilimi riyaziyyat-informatika müəllimliyi sahəsində davam etdirməyi düşünürəm. Bu sahəyə maraq müəllimlərimin öz fənlərinə olan həvəsi, peşələrinə sevgisindən yaranıb. Məhz riyaziyyat müəllimliyini seçməyimin əsas səbəbi dəyərli riyaziyyat müəllimim Eltay müəllimin həm öz fənninə, həm də şagirdlərinə qarşı xüsusi diqqətidir. Düşünürəm ki, müəllim olmaq gələcək üçün savadlı şəxsiyyətlərin formalaşmasına dəstək verməkdir”.
“Məzunlarımız şagirdlərimizə oxuduqları təhsil ocaqları və peşə seçimi barədə məlumat verirlər”
Söhbətimizin bu yerində Zeynəbin fikirlərini biologiya müəllimi Rövşən Əlirzayev davam etdirir:
“Məktəbimizdə istedadlı şagirdlərin aşkara çıxarılması üçün mütəmadi monitorinqlər aparılır. Fənn müəllimləri həmin şagirdləri olimpiadalara hazırlaşdırırlar. Lütfi Zadə adına məntiq, Respublika fənn olimpiadaları, Respublika fənn müsabiqələrində iştirak faizi ildən-ilə artır. Sevindirici haldır ki, son illərdə olimpiadaların rayon mərhələsini keçən şagirdlərimizin də sayı çoxalır. 6-cı sinif şagirdi Mehdi Siyabzadə riyaziyyat fənni üzrə ardıcıl iki dəfə Respublika fənn müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb. Ümumiyyətlə, şagirdlərdə ibtidai siniflərdən başlayaraq təhsilə maraq oyatmaq lazımdır. İbtidai siniflərdə formalaşan bilik və bacarıqları yuxarı siniflərdə inkişaf etdirmək daha asan olur. Məktəbimizdə əvvəlki illərin məzunları ilə şagirdlərin görüşü təşkil olunur. Həmin görüşlərdə tələbələr şagirdlərimizə oxuduqları təhsil ocaqları və peşə seçimi barədə ətraflı məlumat verirlər. Bu da şagirdlərimizin ixtisas və peşə seçiminə müsbət təsir göstərir”.

Kənd qızlarının təhsilə marağı artıb
Artıq 25 ildir ki, Çayrud məktəbində çalışan Rövşən Əlirzayev bu illər ərzində ən böyük dəyişikliklərdən birini kənd qızlarının təhsilə artan marağında görür: “Son illərdə xüsusilə qızların elmə meyli artıb, bu bizi sevindirir və gələcək üçün ümid verir”.
Onun da fikrincə, məktəbin uğur qazanmasının arxasında müəllim heyətinin potensialı və düzgün qurulan məktəb-valideyn-şagird münasibətləri dayanır. Rövşən müəllim kollektiv yanaşmanı önə çəkir və fənn müəllimləri ilə mütəmadi əməkdaşlıq etdiklərini bildirir: “Şagirdlərin nəticələrini birgə təhlil edir, müxtəlif resurslardan faydalanaraq onların inkişafına yönəlmiş strategiyalar qururuq”.
“Sən bacararsan” deyən bir müəllim səsi…
Azərbaycan dili və ədəbiyyat müəllimi Əminə Şahpələngova artıq 4 ildir ki, burada fəaliyyət göstərir: “İlk vaxtlar bu məktəbə gələndə ağlımda o qədər “Görəsən”lər vardı ki… Elə ilk gündən o sualların yerini həqiqi səmimiyyət, xoş rəftar, tanımadığım, amma doğma hiss etdiyim insanlar əvəz etdi. Bu məktəb mənim ikinci evim, şagirdlərimsə uğurlarını uğurum bildiyim ikinci ailəmdir. Burada hərəkət edərkən uşaqlara qarşı atdığım hər bir addımın onlarda iz qoyduğunu, hər baxışımın bir qəlbə toxunduğunu nəzərə alaraq hərəkət edirəm. Onlara sözün gücünü öyrədirəm. Danışmaqdan qorxmamağı, yeri gələndə susmağı öyrədirəm. Bu dil üçün neçə-neçə ədiblərimizin qurban getdiyini və dilimizi qorumağın bizim borcumuz olduğunu deyirəm. Düşünürəm ki, bu təhsil ocağının uğurunun səbəbi təkcə çox çalışmaq deyil. Əgər bir yerdə inkişaf varsa, deməli, orada birlik, inam, əziyyət var, ən əsası, düzgün idarəçilik var. Məktəbimizdə Zeynəb kimi şagirdlərin sayı çoxdur. Belə şagirdlərimizi düzgün istiqamətləndirdikdə yüksək nəticələr əldə etmək mümkündür”.
.jpeg)
Əminə Şahpələngovanın fikrincə, məktəb mühiti elə qurulmalıdır ki, şagird çəkinmədən müəllimlə fikirlərini bölüşə, onunla rahat ünsiyyət qura bilsin: “Bu o demək deyil ki, müəllimi dostu kimi görsün. Xeyr, sadəcə hər zaman ona doğru yol göstərib, uğur qazanmasına dəstək olacaq bir insanın var olduğunu bilməyi onu bu prosesə daha çox cəlb edə bilər. Onlara “sən bacararsan” deyən bir səs, yorulanda isə “burdayam” deyən bir müəllim nəzəri lazımdır. Etibar və anlayış uşaq-müəllim münasibətinin təməlidir”.
“Kənd uşağının qəlbi torpaq qədər təmiz, göy üzü qədər sonsuzdur.”
Əminə müəllim danışır ki, məktəbdə fəaliyyətə başlayanda təcrübəsi olmayıb: “Dərs dediyim siniflərdə “Əsl müəllim necə olmalıdır?” başlıqlı bir tapşırıq verdim. Hər şagirdin marağını, ehtiyacını, fikirlərini nəzərə alaraq fəaliyyətimi qurmağa çalışdım. Məncə, bu metod mənim üçün effektli oldu. Kənd uşağının qəlbi torpaq qədər təmiz, göy üzü qədər sonsuzdur deyirlər. Bu qəlblərə toxunmaq üçün onların hər birini sevgi ilə sulamaq lazımdır. Dərs dediyim illər ərzində belə qənaətə gəlmişəm ki, “yaxşı şagird” olmaq üçün ilk növbədə “yaxşı müəllim”lə rastlaşmaq lazımdır. Və o müəllim hər birimizin bu həyatdakı ən böyük şansıdır”.
Region məktəbləri ilə təcrübə mübadiləsi
Söhbətimizi yekunlaşdıranda Eltay müəllim digər region məktəbləri ilə əməkdaşlıqlarından və gələcək planlarından da danışır:

“Astara rayonu Şağlazüzə kənd tam orta məktəbi ilə təcrübə mübadiləmiz olub, qarşılıqlı olaraq, tədris prosesi ilə tanış olmuşuq. Bu əməkdaşlıqları region səviyyəsindən respublika səviyyəsinə qaldırmağı planlaşdırırıq. Hazırda əsas planlarımız gələcəkdə Respublika fənn olimpiadaları və fənn müsabiqələrində daha çox medallar qazanmaq, məktəbimizin nəticəsini ildən-ilə yüksəltməkdir. Əsas hədəfimiz isə məktəbimizi bitirən bütün məzunların ali, orta ixtisas və peşə məktəblərinə qəbulunu təmin etməkdir”.
Eltay müəllimin münasibəti, Əminə müəllimənin istək dolu baxışı, Rövşən müəllimin təmkinli yanaşması eyni bir həqiqəti göstərir: Çayrud məktəbində müəllim olmaq sadəcə dərs deməkdən ibarət deyil, həm də şagirdlərin gələcəyini formalaşdırmaq, onların işıqlı yollarına yoldaş olmaq deməkdir.
.jpeg)
Bu məktəbdə uğurlar təsadüfi deyil, bu uğurların arxasında duyğular, zəhmət, düşünülmüş strategiya və ən əsası sevgi var.
Çayrud kəndindən ayrılarkən bir neçə saat əvvəl beynimdə dolanan sual artıq cavabını tapmışdı. Dağın ətəyindəki bir məktəbdə yüksək nəticə, rayon üzrə birincilik mümkündür! Əgər məktəbdə rəhbərlik işinə məsuliyyətlə yanaşırsa, müəllimlər öz işini sevərək görürsə və şagirdlərdə elmə inam, gələcəyə ümid varsa, coğrafi mövqenin heç bir əhəmiyyəti qalmır. Çayrud kənd tam orta məktəbi bu həqiqəti mənə bir daha sübut etdi.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər