Bütün xəbərlər
17 iyun, 11:45

Əgər bir peşə insanın bütün varlığını əhatə edirsə, həm zehni, həm mənəvi, həm də emosional güc tələb edirsə, demək ki, o peşə müəllimlikdir. Müəllim sadəcə dərs deyən, qiymət yazan bir peşə sahibi deyil. O, cəmiyyətin gələcəyini formalaşdıran memardır. Züleyxa Kərimova və Günay Əhmədova da bu missiyanı öz həyatlarının mənasına çeviriblər.

Riyaziyyat fənni üzrə sertifikatlaşdırma imtahanlarında maksimum bal toplayan müəllimlər “Azərbaycan müəllimi” ilə təcrübələrini bölüşüblər.

“Uğur bir neçə ayın deyil, illərlə göstərilən əməyin nəticəsidir”

Günay Əhmədova universitetə yüksək balla qəbul olub, məktəbi fərqlənmə diplomu ilə bitirib. Sertifikatlaşdırmada 100 bal toplamaqla yanaşı, müəllimlərin işə qəbulu (MİQ) imtahanında da 96.25 bal toplayaraq riyaziyyat üzrə respublika ikincisi olub. Onun uğurları elm və təhsil naziri Emin Əmrullayev tərəfindən “Fəxri fərman”la qiymətləndirilib. Hazırda Gəncə şəhəri İ.Nəsimi adına 44 nömrəli məktəb-liseydə çalışır.

Günay müəllimin uğur fəlsəfəsi çox sadə, lakin güclüdür: inam, məsuliyyət və daimi axtarış. O deyir: “Uğur bir neçə ayın deyil, illərlə göstərilən əməyin nəticəsidir. Mən bu nəticəyə təhsil aldığım illərdə və müəllimlik fəaliyyəti dövründə məsuliyyətli olmağımın sayəsində çatdım”.

Onun pedaqoji baxışlarında şagirdə olan sevgi və empatiya mühüm yer tutur. “Müəllim olmaq yalnız bilik vermək deyil, bir insanın həyatına toxunmaqdır”. Bu, Günay müəllimin ən çox işlətdiyi fikirlərdəndir. Onun dərslərində hər bir şagirdin zəhməti, səyi və kiçik bir addımı belə qiymətləndirilir. Belə rəy və münasibət şagirdlərin motivasiyasını artırır, onların özünəinamını möhkəmləndirir. “Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bununla biz müəllimlərin sanki əsas məqsədi və vəzifəsi müəyyənləşdirilir – cəmiyyətə faydalı bir insan, şəxsiyyət yetişdirmək”, – deyə Günay müəllim qeyd edir.

O, təlimdə differensiallaşmanın vacibliyini vurğulayır, dərs zamanı hər bir şagirdin fərdi ehtiyaclarına uyğun materialdan istifadə və yanaşma tətbiq edir.

“Şagirdlərin səylərini qiymətləndirməklə onların inkişaf yolundakı irəliləyişi görmək və bunu onlara hiss etdirməklə motivasiyalarını artıra bilərik”, – deyən Günay müəllim pedaqoji fəlsəfəsinin əsas istiqamətlərini açıqlayır.

O, yalnız sinif otağında deyil, eyni zamanda, Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində marker müəllim kimi fəaliyyət göstərərək təhsil sisteminə daha geniş miqyasda töhfə verir.

Sonda isə gənc müəllimlərə və müəllim olmaq arzusunda olan tələbələrə tövsiyəsi belədir: “Çətinliklərdən qorxmasınlar, səbirli və təmkinli olsunlar, yeniliyə açıq olub daim yeni metod və innovasiyalar axtarışında olsunlar, digər müəllimlərin təcrübələrindən faydalansınlar və ən əsası, ömür boyu təhsil prinsipi ilə özlərini daim təkmilləşdirsinlər”.

“Şagirdin həyatında iz buraxan, yol göstərən bir müəllim olmaq istəyirəm”

Züleyxa Kərimova sadəcə riyaziyyat müəllimi deyil, həm də öyrətməyi həyatının mənasına çevirən bir pedaqoqdur. 2017-ci ildən Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.

MİQ imtahanında yüksək nəticə göstərərək müəllimlik fəaliyyətinə başlayan Züleyxa müəllim riyaziyyat üzrə keçənilki sertifikatlaşdırma imtahanında da uğur qazanıb – test mərhələsində 60, müsahibə mərhələsində 40 bal toplayıb. O, imtahana hazırlıq mərhələsi ilə bağlı təəssüratlarını bölüşür: “Düşünürəm ki, sertifikatlaşdırmada yüksək nəticə əldə etmək üçün hazırlıq prosesi sistemli, məqsədyönlü və nizamlı olmalıdır, düzgün resurslardan istifadə edilməlidir. Məlum məsələdir ki, imtahan yaxınlaşdıqca stres artır. Bunu dəf etmək üçün pozitiv düşünmə, özünəinam və motivasiyamızı yüksək səviyyədə saxlamalıyıq”.

Züleyxa müəllim üçün müəllimlik bir peşə deyil, missiyadır. Onun sözləri ilə desək, bu, sadəcə bilik ötürmək deyil, insan formalaşdırmaqdır: “Peşə olaraq müəllimlik bilik, bacarıq və pedaqoji səriştə tələb edən ciddi bir sahədir. Təlim metodlarını bilmək, dərsi planlamaq, şagirdləri qiymətləndirmək və onları inkişaf etdirmək – bunlar hamısı professional yanaşma tələb edir. Amma mənim üçün müəllimlik bundan daha artıqdır”, – deyir Züleyxa müəllim.

Müasir dərs onun üçün şagirdin mərkəzdə olduğu, aktiv öyrənməyə əsaslanan, texnologiya və fərdiləşdirilmiş yanaşmalarla zənginləşdirilən dərsdir. O, tədris prosesində fərqləndirməni ədalətin əsas şərti kimi görür və hər şagirdin bilik səviyyəsinə, öyrənmə tərzinə uyğun fərqli yanaşma tətbiq edir.

Onun dərslərində oyunlar, təqdimatlar, animasiyalar vasitəsilə tədris prosesi canlı və maraqlı keçir. Riyaziyyat dərsi sadəcə qayda və düstur öyrənməklə yox, gündəlik həyatla, məntiq və düşüncə ilə sıx əlaqəli təqdim olunur. “Riyaziyyat dərsində oyun və texnologiyanın tətbiqi tədris prosesini canlandırır, şagirdin marağını artırır və anlayışı möhkəmləndirir. Oyunlar vasitəsilə rəqabət və əməkdaşlıq ruhu formalaşdırıram. Mövzunu vizual və animasiyalı şəkildə izah etmək üçün təqdimat və animasiyalardan istifadə edirəm”.

Züleyxa müəllim davranış problemi olan şagirdlərə də empatiya və diqqətlə yanaşır. Qaydaları onlarla birlikdə müəyyənləşdirir, şəxsiyyəti deyil, davranışı tənqid edir. Valideyn və psixoloqla əməkdaşlıq edərək bu kimi halların həllinə yönəlmiş peşəkar münasibət sərgiləyir:

“Davranış problemi olan şagirdlərlə işləmək müəllimdən səbir və düzgün seçilmiş strategiya tələb edən məsuliyyətli prosesdir. İstifadə etdiyim taktikalar bunlardır: Şagirdi mühakimə etmədən dinləyirəm. Davranışın səbəbini anlamadan reaksiya vermirəm. Davranışa yox, şəxsiyyətə fokuslanıram. Heç vaxt demirəm: “Sən pis şagirdsən”. Əvəzində “Bu davranış sinif üçün uyğun deyil. Gəl, birgə həll axtaraq”, – deyirəm”.

Texnologiyanın tədrisdəki müsbət rolları ilə yanaşı, onun yaratdığı problemləri də xatırladan Züleyxa müəllim bu problemləri alternativ yollarla – çap materialları, oflayn tapşırıqlar, növbəli istifadə və rəqəmsal mövzuların izahı ilə aradan qaldırmağa çalışır.

Züleyxa müəllim uşaqların diqqətini yayındıran texnologiyadan istifadə qaydasına da xüsusi nəzarət edir.

Onun müəllimlik fəlsəfəsi isə belədir: “Sadəcə müəllim olmaq istəmirəm, şagirdin həyatında iz buraxan, yol göstərən bir müəllim olmaq istəyirəm”.

Şərhlər

Xəbər lenti

17 iyun, 18:01

“Finala çıxacağıma inanmırdılar” – RFO qalibləri danışırlar

17 iyun, 17:50

ADNSU-da “Materialşünaslıq elmi və texnologiyası” mövzusunda seminar keçirilib

17 iyun, 17:50

Təhsildə fasilə olmur, o sadəcə formasını dəyişir

17 iyun, 17:49

Liderlərin proqramı – Vəzifəsi yüksələnlərin sayı çoxalıb – REPORTAJ

17 iyun, 17:39

“Azercell Cup 2025” müsabiqəsinin qalibləri elan olundu

17 iyun, 17:38

Qubada "Nə? Harada? Nə zaman" oyunu üzrə açıq kubok keçirilib

17 iyun, 17:32

ADA ilə BOC arasında Anlaşma Memorandumu imzalanıb

17 iyun, 17:13

“BilBacar”da fərqlənən rayonlar və məktəblər açıqlandı – MÜSAHİBƏ

17 iyun, 17:05

Nazir müavini Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

17 iyun, 17:00

Əldə olunan uğurlu nəticə əzm və məqsədyönlü çalışmanın nəticəsidir

17 iyun, 16:24

Metin Yener: Türkiyə universitetləri NDU ilə birgə proqramlar hazırlaya bilər 

17 iyun, 16:24

Texnologiya bizi idarə etməsin, biz onu idarə edək

17 iyun, 15:56

Nazir müavini: Təhsilin məqsədi şagirdləri savadlı, yaradıcı və kompetent cəmiyyət üzvü kimi yetişdirməkdir

17 iyun, 15:53

Nəzakət Mehdiyeva: Sertifikasiya imtahanına asan suallar salınması təsadüfi deyil

17 iyun, 15:50

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair görüş keçirilib

17 iyun, 15:40

Nazir müavini: Bölgələrdə yeni lisey və gimnaziyalar açılacaq

17 iyun, 15:05

Aşpaz və qənnadıçı peşələri üzrə Milli Abilimpiya Çempionatı keçirilib

17 iyun, 15:02

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

17 iyun, 15:02

Azərbaycanda Türkiyə modelinə uyğun 2 peşə məktəbi açılacaq

17 iyun, 14:53

Sertifikatlaşdırma müəllimlər arasında sağlam rəqabət yaradır – Vəfa Yaqublu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.