Bütün xəbərlər
13 may, 15:20

2023-cü ildə aparılan araşdırmalara görə, 10-15 yaşlı uşaqların 68 faizi günün ən azı 4 saatını sosial şəbəkələrdə keçirir. Sosial medianın azyaşlıların və yeniyetmələrin inkişafına mənfi təsiri ilə bağlı indiyədək yüzlərlə məqalə yazılıb. Pedaqoq və psixoloqlar uşaqların sosial mediadan istifadəsinə müəyyən qadağaların tətbiqinin vacibliyini vurğulayırlar. Bu günlərdə “Financial Times”da dərc olunan “Yeniyetmələrə sosial medianın qadağan edilməsi ilə bağlı mübahisə doğurmayan vəziyyət” (“The inarguable case for banning social media for teens”) adlı məqalənin müəllifi Simon Kuper yeniyetmələrə sosial mediadan istifadənin qadağan olunması fikrini müdafiə edir. Məqalədə sosial medianın yeniyetmələrdə depressiya, narahatlıq və özünə inamsızlıq kimi psixoloji problemlərə səbəb olduğu vurğulanır. Kuperə görə, sosial media, əslində, sosial təcrid və asılılıq yaradır. Müəllif qeyd edir ki, yeniyetmələrin sosial mediada zərərli və təhlükəli məzmunlara asanlıqla çıxış əldə etməsi onların davranış və düşüncələrinə mənfi təsir edir. Sosial media platformalarının öz-özünü tənzimləməsi mükəmməl olmadığından yeniyetmələrin bu platformalara çıxışının məhdudlaşdırılması vacibdir.

Bir sıra ölkələrdə artıq bu istiqamətdə müəyyən addımlar atılıb. BBC News-un yazdığına görə, 2024-cü ilin noyabrında Avstraliya parlamenti 16 yaşadək uşaqların sosial media platformalarından istifadəsini qadağan edən qanun qəbul edib. Bu qanun dünyada tətbiq olunan ən sərt tənzimləmələrdən biri sayılır. Qanuna əsasən texnologiya şirkətləri yaş təsdiqləmə mexanizmləri tətbiq etməli və bu qanuna əməl etmədikləri təqdirdə 50 milyon Avstraliya dolları məbləğində cərimələnməlidir. Parlament qanunun tətbiqi üçün bir illik keçid dövrü nəzərdə tutub.

Google bu mövzuda narahatlıqları nəzərə alaraq yaş təsdiqləməsi üçün Google Wallet vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqələrinin istifadəsini təklif edib. Lakin bu yanaşma tənqidlə üzləşib, çünki uşaqlar belə sənədlərə malik deyillər. Ekspertlər uşaqların məxfiliyini qoruyan təsdiqləmə üsullarının inkişafını tövsiyə edirlər.

Yeni Zelandiyada 16 yaşdan aşağı uşaqların sosial media istifadəsini qadağan edən qanun layihəsini baş nazir Kristofer Lukson irəli sürüb. Təklif olunan qanun layihəsi platformaların istifadəçi yaşını təsdiqləməsini və uyğun olmayan məzmunun məhdudlaşdırılmasını tələb edir. Qanuna əməl etməyən şirkətlərə 2 milyon Yeni Zelandiya dollarına qədər məbləğdə cərimə nəzərdə tutulur. İctimai rəy sorğuları göstərir ki, əhalinin böyük əksəriyyəti bu təşəbbüsü dəstəkləyir.

Böyük Britaniyada Mühafizəkarlar Partiyası 16 yaşadək uşaqların sosial mediadan istifadəsinin qadağan olunmasını dəstəkləyən layihə hazırlayıb. Lakin hökumətin təmsilçiləri belə qərarları valideynlərin öhdəsinə buraxmağın vacibliyini vurğulayıb. Britaniyada keçirilən rəy sorğuları göstərir ki, əhalinin 75 və valideynlərin 82 faizi Mühafizəkarlar Partiyasının təşəbbüsünü dəstəkləyir.

Uşaqların sosial mediadan istifadəsinin qadağan olunması məsələsi müxtəlif ölkələrdə fərqli yanaşmalarla müzakirə olunur. Bəzi ölkələr sərt qadağalar tətbiq edərkən, digərləri maarifləndirmə və valideyn nəzarətini önə çəkirlər. Hələlik qadağaların olmadığı ölkələrdə ən böyük məsuliyyət valideynlərin, məktəbin və ictimai təşkilatların üzərinə düşür. Bəs uşaqları qorumaq üçün onlar hansı vasitələrdən istifadə etməlidirlər?

  • Uşaqlara sosial medianın təhlükələri və düzgün istifadəsi barədə məlumat verilməlidir.
  • Valideyn nəzarəti proqramları və təhlükəsiz internet xidmətlərindən istifadə etməlidir.
  • Hökumət uşaqların internetdə təhlükəsizliyini təmin etmək üçün müvafiq qanunlar qəbul etməlidir.

Texnologiya şirkətləri təmsilçilərinin fikrincə, belə qadağaların effektli olub-olmayacağını müəyyənləşdirmək də çətindir. Onlar Cənubi Koreyada tətbiq olunan “Zoluşka qanunu”nu ("Cinderella Law" və ya "Shutdown Law") bunun sübutu kimi göstərirlər.

2011-ci ildə qüvvəyə minən bu qanun rəsmi olaraq "Youth Protection Revision Act" (Gənclərin qorunması haqqında qanuna dəyişiklik) adlanırdı. Qanunun əsas məqsədi gecələr oyun oynamaqla vaxt keçirən yeniyetmələrin yuxu rejimini və sağlamlıqlarını qorumaq idi. Burada, əsasən, 16 yaşdan aşağı uşaqlar üçün saat 00:00-dan 06:00-a qədər onlayn oyunlar oynamaq qadağan edilirdi. Bu məhdudiyyət həm PC, həm konsol, həm də onlayn oyunlara şamil olunurdu. Qanun oyun şirkətlərini bu qaydanın texniki detallarının tətbiqinə məcbur edirdi (məsələn, yaş təsdiqi və IP məhdudiyyəti vasitəsilə). Koreyada bəzi valideynlər və uşaqlar qanunun sərtliyinə etiraz edirdilər.

Qanun 2022-ci ilin yanvar ayında rəsmi olaraq ləğv edildi. Bu qanunun qüvvədə olduğu 10 il ərzində koreyalı uşaqlara onun əhəmiyyətli təsiri olmadı. Aparılan araşdırmalar göstərdi ki, qanunun tətbiqi uşaqların internetdən istifadəsinin azalmasına səbəb olmadı, yalnız hər gecə cəmi iki dəqiqəlik yuxu artımı müşahidə olundu. Uşaqların məktəb uğurlarına və imtahan nəticələrinə də heç bir dəyişiklik qeydə alınmadı.

Odur ki, qadağalara qarşı çıxan ekspertlər qeyd edir ki, uşaqların həyatına daxil olan bütün fəaliyyətlər valideynlər tərəfindən yönləndirilməlidir. “Uşağa velosiped alıb onu tıxaclı küçədə təkbaşına velosiped sürməyi öyrənməyə buraxmadığımız kimi, sosial mediada davranış qaydalarını da valideynlər aşılamalıdır. İdeal halda, valideynlər prosesə aktiv şəkildə cəlb olunmalı, uşaqlara davranışlarını tənzimləməyi öyrətməli, onları yetkin həyata hazırlamalıdırlar. Əgər sosial medianı və ya smartfonları uşaqlara qadağan etsək, gələcəkdə bu texnologiyalar onların qarşısına çıxanda onlar başqa problemlərlə üzləşəcəklər. Buna görə də uşaqlara bu qurğulardan düzgün istifadə etməyi öyrətmək olduqca vacibdir. Təəssüf ki, uşaqların başını quma soxmaq bu problemin həlli deyil”.

Nəticə olaraq onu vurğulamaq lazımdır ki, sosial media qadağaları qısa müddətdə yeniyetmələrin zərərli məzmunlardan uzaq qalmasına kömək edə bilər, lakin davamlı nəticə üçün təkcə qadağalar kifayət deyil. Texnoloji bilikləri yüksək olan yeni nəsil üçün bu məhdudiyyətləri aşmaq elə də çətin deyil. Ən doğru yanaşma maarifləndirmə və rəqəmsal savadlılığın artırılmasıdır.

Azərbaycanda uşaqların sosial mediadan istifadəsi ilə bağlı konkret hüquqi tənzimləmələr mövcud deyil. Bununla belə, uşaqların sosial medianın zərərli təsirlərindən qorunması üçün texnoloji məhdudiyyətlərin tətbiqi ilə bağlı müəyyən fikirlər səslənir.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.