Bütün xəbərlər
19 may, 17:00

Bu təhsil müəssisələri yalnız bilik məkanı deyil...

Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımız 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində azad edildi. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə Azərbaycanın tarixində yeni bir dövrün – azad edilmiş torpaqlarımızın dirçəldilməsi və müasir infrastrukturun qurulmasının başlanğıcı oldu. “Qarabağ Azərbaycandır!” şüarını gerçəkliyə çevirən bu haqq savaşı həm də milli qürurumuzun, Vətən sevgisinin təntənəsi idi.

Ölkə başçısı İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə bu ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri Qarabağ torpaqlarının dirçəldilməsinə yeni nəfəs verdi. Reallaşdırılan layihələr, xüsusilə təhsilimizin Qarabağa qayıdışı bu bölgələrin həyatına yeni ruh qatdı.

Həyata keçirilən işlərin ən mühüm istiqamətlərindən biri təhsil infrastrukturunun qurulmasıdır. Çünki güclü dövlətin və davamlı inkişafın təməli məhz savadlı və vətənpərvər gənclərlə qoyulur. Müəllimlərin rolu isə bu prosesdə əvəzolunmazdır. Onlar yalnız bilik verən deyil, həm də vətənpərvər, cəsur və dövlətinə bağlı nəsil yetişdirən fədakarlardır. Bu baxımdan, təhsil sahəsində görülən işlər xüsusi əhəmiyyət daşıyır. Gələcəyin qurucuları olan gənclərin yetişməsi üçün sağlam, müasir və vətənpərvərlik ruhunda qurulan təhsil mühiti vacib şərtlərdəndir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin şəhər və kəndlərdə məktəb infrastrukturu yenidən qurulur, tikilən və ya əsaslı təmir edilən məktəblərin sayı durmadan artmaqdadır. Bu təhsil müəssisələri yalnız bilik məkanı deyil, həm də milli ruhun, Vətən sevgisinin və əxlaqi dəyərlərin təbliğ olunduğu müqəddəs mərkəzlərə çevrilməkdədir.

Təhsilimizin dirçəlişi

Otuz illik həsrətdən sonra doğma yurd-yuvalarına qayıdan hər bir vətəndaş üçün bu torpaqlar yalnız yaşayış məkanı deyil, həm də kimlik, ruh və yaddaş deməkdir. İşğaldan azad olunan ərazilərimiz təkcə siyasi yox, həm də mənəvi anlamda Vətənimizin ürəyidir. Həmin el-obalarımızın əsl sakinləri doğma ocaqlarına dönürlər. Onlar gözəl infrastrukturu olan yenidən salınmış şəhər və kəndlərdə ən müasir üslubda tikilmiş evlərdə yaşayırlar, uşaqlar isə hər cür imkan və şəraitə, yüksək təlim texnologiyalarına malik məktəblərdə təhsil alırlar. Bu gün neçə-neçə təhsil işçisi paytaxtdakı müəllimlik fəaliyyətini könüllü olaraq Qarabağda inşa olunan məktəblərdə davam etdirir. Təhsil işçilərimiz azad edilmiş ərazilərə qayıdarkən yalnız vəzifələrinə deyil, həm də mənəvi missiyalarına sahib çıxırlar. Onlar həmin müəllimlərdir ki, bir vaxtlar məcburi köçkünlük həyatının ağrı-acısını yaşamış, amma bu çətinliklərə baxmayaraq milli ruhu qorumağı bacarmışlar. Bu gün müəllimlərimiz doğma torpaqlarına qürurla, inamla, sevgi ilə qayıdırlar.

İşğaldan azad olunan şəhər və kəndlərimizdə hər bir təhsil müəssisəsinin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutur. 

Təhsilə qayıdış Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi ilə başlasa da, bu gün artıq Tərtər rayonu Talış kənd, Laçın şəhər 2 nömrəli, Zabux kənd, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin öz xalqı adından hədiyyəsi olaraq inşa edilən Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli,Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına, Şuşa şəhəri 1 nömrəli, Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbləri, eləcə də körpələr evi-uşaq bağçaları və adlarını qeyd etmədiyimiz digər təhsil müəssisələri ilə davam etməkdədir. Şuşa, Xankəndi, Füzuli şəhərlərində, Xocalı və Ağdərə rayonlarında istifadəyə verilən təhsil müəssisələri və davamlı olaraq digər azad olunmuş ərazilərimizdə tikilən məktəblər, körpələr evi-uşaq bağçaları ölkə başçısı İlham Əliyev tərəfindən həmin ərazilərimizə köçən ailələrin uşaqlarının asudə vaxtlarının səmərəli təşkilinə və onların sosial müdafiəsinin gücləndirilməsinə, yüksək şəraitdə təhsil almalarına necə önəm verilməsinin bariz nümunəsidir.  

Prezident İlham Əliyev mayın 10-da  Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşündə köçkünlərin ən çətin şəraitdə yaşadığını qeyd edərək onlara verdiyi sözü xatırlatdı: “Siz bilirsiniz ki, işğal dövründə köçkünlərlə mənim çoxsaylı görüşlərim olub, həm çadır şəhərciklərində, - onlara söz vermişdim ki, birinci prezidentlik dövrümdə bir dənə də çadır şəhərciyi qalmayacaq və artıq 2007-ci ildə bir dənə də qalmamışdı,– həm də yeni salınmış qəsəbələrdə, qəsəbələrin açılışında. Biz 300 minə yaxın o vaxtkı köçkünü gözəl evlərlə təmin etmişdik. O görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir, torpaqlar azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq.

....Siz uzun illər ağır şəraitdə - ölkəmizin müxtəlif yerlərində yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, müəyyən müddət isə çadır şəhərciklərində yaşamısınız. Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır”.

Ölkə başçısı çıxışlarında hər zaman işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası və inkişafının dövlət siyasətinin prioritet istiqamət olduğunu diqqətə çatdırır.

İnşa olunan hər yeni təhsil müəssisəsi isə gələcək nəsil üçün etibarlı və sağlam təməlin yaradılması, yeni bir gələcəyin başlanğıcıdır.

Müəllimlərimizin şərəfli missiyası

Azərbaycanın tarixində dönüş nöqtəsi olan 44 günlük Vətən müharibəsi xalqımızın iradəsini, gücünü və birlik ruhunu dünyaya nümayiş etdirdi. Bu qələbənin arxasında təkcə hərbi güc deyil, həm də milli ruh, Vətən sevgisi, təhsil və ailə tərbiyəsi dayanırdı. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu amillərin əhəmiyyətini vurğulayaraq, xüsusilə müəllimlərin gənc nəslin formalaşmasındakı rolunu yüksək qiymətləndirir. Dövlət başçısının sözləri ilə desək: “Sizin kimi müəllimlər igid gənclər yetişdirmisiniz. O gənclər ki, gedib sinələrini qabağa verib torpaqlarımızı düşməndən azad etdilər.

...Otuz il əzab-əziyyət içində – çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında yaşamısınız, amma inamınızı, iradənizi itirməmisiniz, belə oğullar yetişdirmisiniz. Onlar Bakıda, Bərdədə, Sumqayıtda yaşayıblar, bu bölgələri heç vaxt görməyiblər, amma gəliblər. Çünki torpaq çəkir. Onlarda vətənpərvərlik hissini sizin kimi analar, müəllimlər, məktəb və ailə formalaşdırıb. Bizi saxlayan bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsil yetişdirən ailə və məktəb olub”.

Bəli, göründüyü kimi vətənpərvərlik sonradan öyrədilən deyil, uşaqlıqdan aşılanan bir dəyərdir. Bu dəyərin bünövrəsi ailədə qoyulsa da, məktəbdə möhkəmlənir və şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Müəllimlər təkcə dərs deyən deyil, həm də milli kimliyi, tarixi yaddaşı və dövlətə bağlılığı öyrədən, gənc nəsli formalaşdıran mənəvi bələdçilərdir. Onlar şagirdlərə sadəcə riyaziyyat, ədəbiyyat və ya tarix öyrətmir, həm də vətəndaşlıq borcunu, milli qüruru və torpaq sevgisini aşılayırlar.

Dövlət başçısı dəfələrlə vurğulayıb ki, bizə yüksək intellektli, savadlı və eyni zamanda Vətənini sevən, onun uğrunda mübarizə aparmağa hazır olan gənclər lazımdır. Bu mənada müəllimlərin rolu hərbi silah qədər güclüdür, çünki müəllim ruhu formalaşdırır, ruh isə qalibiyyətin əsas şərtidir. 

Müəllimlər bu yeni dövrdə təkcə pedaqoq deyil, həm də milli ideologiyanın daşıyıcılarıdır. Onlar gənclərə bilik verməklə bərabər, həm də onlara Vətən qarşısında məsuliyyət hissini, milli kimliyi, tarixi yaddaşı aşılayırlar. Bu gün müasir texnologiyalarla təchiz olunan məktəblərdə dərslər interaktiv formada keçirilir, amma təhsilin ruhu dəyişməz qalır. Və bu, Vətənə sədaqət, dövlətə bağlılıq və insani dəyərlərdir.

Məktəbdə şagirdlərə vətənpərvərlik təkcə dərsliklə yox, müəllimin şəxsiyyəti, davranışı və nümunəsi ilə ötürülür. Müəllimin bircə cümləsi, bircə yanaşması illərlə unudulmur və bəzən bir ömür yoluna yön verir. Elə bu gün torpaqlarımız uğrunda canını fəda edən gənclərimiz də məhz orta məktəbdə müəllimlərinin söylədiyi “Vətən üçün yaşa”, “Torpağı qorumaq şərəfdir”, “Vətən, uğrunda ölən varsa vətəndir” kimi sözlərin təsiri ilə böyüyənlərdir.

Prezident İlham Əliyev təhsil işçilərinə hər zaman yüksək etimad göstərərək onların əməyini yüksək qiymətləndirir. Bu gün azad edilmiş ərazilərdə inşa olunan məktəblərdə müəllimlərin peşəkar fəaliyyəti və şagirdlərə yüksək səviyyədə təhsil vermələri üçün bütün imkanlar yaradılır. 

Əgər o gəncin qəlbində vətən sevgisi varsa, bilin ki...
     
Dövlət başçısı İlham Əliyev çıxışlarında qeyd edir ki, bu torpaqlarda möhkəm gələcək qurmaq üçün, ilk növbədə, sağlam düşüncəli, savadlı və vətənpərvər gənclər yetişdirilməlidir. Prezidentin ötən ilin sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşü zamanı etdiyi çıxışında bir sıra məqamları yenidən xatırlamaq tam yerinə düşür: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik...

...Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz”.

Bəli, nəticə olaraq vətənpərvər gənclərin yetişdirilməsində müəllimlərimizin fədakarlıqları təkcə təhsil tariximizə yox, qəhramanlıq salnaməsinə yazılır. Müəllim görünməz qəhrəmandır. Onun yetişdirdiyi şagird bir gün əsgər, həkim, mühəndis, diplomat və ya lider olur. Amma hansı sahədə olursa-olsun, əgər o gəncin qəlbində vətən sevgisi varsa, bilin ki, o sevgi ilk dəfə sinif otağında alovlanıb...

Şərhlər

Xəbər lenti

19 may, 21:00

NDU ilə AƏSMA arasında Əməkdaşlıq Memorandumu imzalanıb 

19 may, 17:48

AzMİU-da üç yeni laboratoriya istifadəyə verilib

19 may, 17:43

Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir

19 may, 17:09

BSU-da ustad dərsi keçirilib

19 may, 17:09

BMU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı” ilə bağlı infosessiya keçirilib

19 may, 17:06

Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib

19 may, 16:51

BDU-da XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

19 may, 16:43

BMU-da əcnəbi tələbələr üçün “Cultural Crossroads” adlı tədbir təşkil olunub

19 may, 16:31

Rektor BANM-də təhsil alan rumıniyalı tələbələrlə görüşüb

19 may, 16:30

Üzgüçülük idman növü üzrə respublika birinciliyi keçirilib 

19 may, 16:15

İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb

19 may, 16:10

NDU-nun tələbələri Norveçdə beynəlxalq uğur qazanıb

19 may, 15:39

Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub

19 may, 15:26

“Müasir metodist” layihəsinin metodistləri nominasiyaya layiq görülüblər

19 may, 15:00

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq elmi konfrans keçirilib

19 may, 14:25

Fənn olimpiadalarının qəhrəmanları: Cənub məktəblilərinin uğurları 

19 may, 14:19

Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib 

19 may, 14:18

Magistratura üzrə ixtisaslaşmaların yeni siyahısı və çərçivə sənədi təsdiqlənib

19 may, 14:11

BANM “Bayraktar Teknoloji Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.