Bütün xəbərlər
1 iyun, 12:47

Gözəl bir ifadə var: “Uşaq gülüşü dünyanın ən saf melodiyasıdır”. Bu melodiyanı qorumaq təkcə ailənin deyil, cəmiyyətin, məktəbin, dövlətin və ümumilikdə bütün dünyanın üzərinə düşən məsuliyyətdir.

Uşaqlar öz hüquqları haqqında nələr düşünürlər? Onların kiçik dünyası nələrdən ibarətdir?

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müxtəlif yaş qruplarından olan məktəblilərlə söhbətləşdik. Uşaqlar danışdı, biz isə dinlədik, öz hüquqları ilə bağlı düşüncələrini onların öz dilindən eşitdik...

“Uşaqlar olmasa, gələcəyin böyükləri olmaz” 

İlk müsahibimiz olan Tovuz rayonunun Qayadibi kənd ümumi orta məktəbinin 3-cü sinif şagirdi Leyla Əliyeva ilə söhbətimiz zamanı sadə, lakin dərin mənalı cavablarla qarşılaşırıq. Uşaqlıq haqqındakı düşüncələri, gündəlik həyatda yaşadıqları, hüquqlara baxışı bizi həm düşünməyə məcbur edir, həm də gülümsəməyimizə əsas verir.

İlk olaraq, soruşduğumuz “Uşaq olmaq necə hissdir, Leyla?”  sualına düşünmədən “Yaxşı, çünki dostların olur, dərs oxuyursan, həm də oyun oynayırsan”, - cavabını verir.
Bu cavabı ilə o həm məktəbin sosial, həm də öyrədici atmosferini qısa şəkildə izah edir.

Leyla təhsil hüququnun təmin edilməsindən razıdır. O, məktəbdə pulsuz dərsliklərlə təmin olunduğunu qeyd edərək təhsilə çıxış hüququnun olduğunu bildirir və bunu qiymətləndirir. Lakin bəzən sözünün kəsildiyini və fikirlərinin dinlənilmədiyini də vurğulayır:

“Bəzən mənim sözümü kəsirlər, danışdığım sözü eşitmirlər”,- cümləsi isə bizi həm də bir qədər güldürür.
Leyla düşünür ki, təkcə onun deyil, sinif yoldaşlarının da hüquqları qorunur. O, sinif yoldaşlarından misal çəkərək deyir ki, valideynləri onları çox sevir, nə istəyirlərsə, edirlər. 
Valideyn zorakılığına da toxunan Leyla bəzi uşaqların işlədildiyini və boş yerə döyüldüyünü səmimi şəkildə qeyd edir. O, həmçinin dostluq, qayğıkeşlik və paylaşmaq kimi dəyərlərə yüksək qiymət verir və  fikirləşir ki, əsl insan belə olmalıdır.

Leyla futbol izləməyi çox sevir. Bu oyunu ən çox qol sevincinə görə xoşlayır. Maraqlıdır ki, o, gələcəkdə də futbolçu olmaq istəyir. Ən sonda dediyi sadə, lakin dərin cümləsi Uşaqların Beynəlxalq Müdafiəsi Gününün mahiyyətini çox gözəl ifadə edir: “Sakit durub mənim danışığıma qulaq asanda, bilirəm ki, mənə dəyər verirlər və anlayırlar”.

“Uşaq olmaq sevinc deməkdir" – Cavadxanın gözündə uşaqlıq və hüquqları

Gəncə şəhəri M.Mehdizadə adına 4 nömrəli Xarici dil təmayüllü liseyin 3-cü sinif şagirdi Cavadxan Əliyevlə söhbətimizdə uşaqlığın mahiyyətini, hüquqlarını  necə dərk etdiyini bir uşağın baxış bucağından görmək imkanı əldə edirik. Onun qısa, amma mənalı cavabları sanki bir uşağın səmimiyyəti ilə gələcəyin vətəndaşının düşüncələrini bir araya gətirir.
“Uşaq olmaq sevinc deməkdir”,- deyən Cavadxanın bu ifadəsi uşaqlığın təmiz, qayğısız və rəngarəng dünyasını çox dəqiq və sadə şəkildə təsvir edir.


Uşaqların hansı hüquqları olmalıdır? Cavadxan bu sualımıza “oynamaq”, – deyə cavab verir. Onun üçün əyləncə, istirahət ən vacib hüquqlardır. Bu cavab həm də uşaqların gündəlik rifahı üçün fiziki və psixoloji rahatlığın önəmini vurğulayır.

Cavadxan düşünür ki, onun bu, eləcə də digər hüquqları  təmin olunur. O həm evdə, həm də məktəbdə hüquqlarının qorunduğunu bizə çatdırmağa çalışır. 
Balaca müsahibimiz bildirir ki, ətrafında müəyyən çətinlikləri olan uşaqlar var. Belə hallarda o, nə edəcəyini yaxşı bilir. Həvəslə “Mən onlara kömək edirəm”, - deyir.
Cavadxanın ən maraqlı fikirlərindən biri də budur: “Uşaq hüquqları ilə böyüklərin hüquqları arasında fərq yoxdur”. 

Bu  cavabı sadə görünə bilər, amma əslində, o, bütün insanların hüquqlarının bərabərliyinin fərqindədir və bunun təmin edilməsinin vacib olduğunu düşünür.
Cavadxan həm də oyunlu məktəb mühiti arzulayır: “Çoxlu məktəb ləvazimatlarının olmasını istərdim. Bir də görürsən ki, uşaqlardan biri qələm, pozan gətirməyi unudur, onda onlar həmin ləvazimatlardan istifadə edə bilərlər. Və bir də oyuncaqların olmasını arzulardım”.

Onun bu kiçik arzuları paylaşmaq hissinin də uşaqlıqdan formalaşdığını göstərir. Cavadxanı ən çox xoşbəxt edən oyun “maşın oyunu”dur. 
Oyun onun üçün yalnız əyləncə deyil, həm də maraq və yaradıcı düşüncənin ifadəsidir.

Müsahibimizin hansı peşənin sahibi olmaq istədiyinə gəldikdə, o, “Aşpaz olmaq istəyirəm”, – deyə gələcək planını açıqlayır. 
Cavadxanın düşüncəsinə görə, dünyanı uşaqlar üçün daha yaxşı etmək üçün heç nəyə ehtiyac yoxdur. Çünki hər şey yaxşıdır.

Dünya Leyli Əliyevanın gözü ilə 

Gəncə şəhəri M.Mehdizadə adına 4 nömrəli ingilis dili təmayüllü liseyin VII sinif şagirdi, həmçinin Gəncə şəhəri 4 nömrəli uşaq musiqi məktəbinin piano üzrə IV sinif şagirdi Leyli Əliyeva uşaqlığın sevincini, çətinliklərini və arzularını bizimlə bölüşür.

“Uşaq olmaq kiçik şeylərə sevinməkdir. Məsələn, parkda gəzmək, ailə ilə vaxt keçirmək... Bizim üçün hədiyyənin böyüyü-balacası olmur, çünki bütün hədiyyələr qiymətlidir”, – deyə Leyli uşaqlığın məsumluğunu bir cümləyə sığışdırır.

Bir uşaqdan böyüklərə mesaj

Leyli həm zəkası, həm də istedadı ilə fərqlənir. Bu tədris ilində biologiya üzrə Respublika Fənn Müsabiqəsinin birinci mərhələsini uğurla keçib. Musiqidə isə təkcə yerli deyil, beynəlxalq uğurlara da imza atıb:  Almaniyada keçirilən piano yarışmasında birinci yerə layiq görülüb. “Kembric” imtahanlarında birincilik qazanıb. Həmçinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş festivalda çıxışı ilə seçilib. Uşaq İncəsənət Festivalının 1-ci mərhələsindən uğurla keçən Leyli indi 2-ci mərhələnin həyəcanını yaşayır.
Amma bütün bu uğurların arxasında həm də bir həssas ürək dayanır. Leyli deyir ki, məktəbdə bəzən uşaqların fikirləri yetkin insanın fikri kimi qəbul edilmir:
“Dərsdə öz fikrimi deyəndə bəzən müəllim qulaq asmır, bəzən mühakimə edir. Belə olanda bununla bağlı fikirlərimi valideynlərimlə bölüşürəm, onlar da sinif rəhbərimlə danışırlar”.

Hüquqlar nə üçündür, əgər qorunmursa?

“Uşaq hüquqları” deyəndə Leylinin ağlına yaşamaq, təhsil almaq, fikir bildirmək və sevgi görmək gəlir. Amma o, bu hüquqların hamıya eyni səviyyədə şamil olunmadığını düşünür. “Uşaqların əksəriyyətinin evdə hüquqları qorunur, amma kənarda pozulan hallar daha çox olur”, – deyə fikrini bildirir:
“Sinfimizdə bir qız var. Balacaboydur, bəzi uşaqlar ona qarşı ayrı-seçkilik edirlər. Bu, ədalətsizlikdir”.

“İnsan uşaq olduğunu hiss etməlidir”
“Biz bir dəfə uşaq oluruq və insan uşaq olduğunu hiss etməlidir”, – deyən Leyli də oyun və istirahətin uşaqlar üçün nə qədər önəmli olduğunu vurğulayır. O, boş vaxtlarında çox sevdiyi iti ilə oynadığını, bunun ona xoşbəxtlik gətirdiyini söyləyir.

Gələcək planları da böyükdür: “Mən böyüyəndə göz cərrahı olmaq istəyirəm. Eynək taxan insanlar günbəgün artır. Onlara yardım etmək istəyirəm”.

Bir uşaqdan dünyaya mesaj

Leylinin bütün bu düşüncələri sonda bir mesajda cəmlənir. Bu mesajı o, dünyadakı bütün uşaqlara ünvanlayır:

“Uşaqlar, bu dünyada sizi valideynlərinizdən daha çox sevən insan yoxdur”.
Bu səmimi cümlə bizi düşündürür: Görəsən, biz uşaqları yetərincə dinləyirikmi? Onlara hörmət və sevgi ilə yanaşırıqmı? Uşaqlar üçün daha yaxşı bir dünya yaratmaq istəyiriksə, ilk addım onları sadəcə eşitmək deyil, həqiqətən dinləməkdir.

Uşaqların xoşbəxtliyi hüquqların qorunmasından keçir

Hüseyn Hüseyli Gəncə şəhəri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdidir. Hüseyn həm dərslərində uğurludur, həm də cəmiyyətlə bağlı düşüncələri ilə seçilir.

“Mənə görə, uşaq olmaq valideynlərinin himayəsi altında yüksək səviyyədə təhsil almaq, oyunlar oynamaq və xoşbəxt həyat yaşamaqdır. Uşaqlıq insan ömrünün ən gözəl çağıdır və hər bir uşaq bunu dəyərləndirməlidir. Valideynlər də bu yolda uşaqlara hər zaman dəstək olmalıdır”, – deyən Hüseyn uşaqlığın mahiyyətini belə dəyərləndirir.

“Ən vacib hüquq təhsil hüququdur”
Uşaqların hüquqlarından danışan Hüseyn öncə təhsilin vacibliyinə toxunur: “Uşaqların təhsil almaq, oynamaq kimi hüquqları var və valideynlər onların bu hüquqlarının pozulmasına imkan verməməlidirlər. Hüquqlarım təmin olunur və valideynlərim bu məsələdə mənə hər zaman dəstək olurlar”.

“Biz eyni hüquqlara malikik”
Hüseyn bildirir ki, bütün uşaqların hüquqları eyni olmalı və qorunmalıdır. Valideyn himayəsindən məhrum olan uşaqlar üçün isə bu vəzifəni dövlət öz üzərinə götürür: “Uşaqların xoşbəxt yaşamaqları üçün onların hüquqlarının qorunması vacib amildir. Həmçinin yaxşı dost da insanın xoşbəxt olmasında mühüm rol oynayır”.

“Kiçik bir yardım böyük bir dəyişiklik edə bilər”

Hüseynin sosial məsuliyyətlə bağlı  fikirləri də  yetkin insana xasdır: “Ətrafımda köməyə ehtiyacı olan bir uşaq olsa, dərhal ona yardım edərəm. Bəlkə də mənim edəcəyim cüzi bir yaxşılıq onun bütün həyatını dəyişə bilər”.

Uşaqların hüquqları ilə bağlı qanunvericiliyə münasibət bildirən Hüseyn ölkəmizin bu sahədə atdığı addımları yüksək qiymətləndirir: “Əslində, məncə, bizim ölkəmiz bu məsələyə çox ciddi yanaşır. Ona görə  də səlahiyyətli şəxs olsaydım, uşaq hüquqları ilə bağlı qanunlarda heç bir dəyişiklik etməzdim”.

“Qərarlara qatılmaq hüququmuz var”

“Uşaq olaraq verilən qərarlara fikir bildirmək hüququmuz var. Məktəbimizdə rəhbərlik və dövlət tərəfindən hər bir şərait yaradılıb. Mənim fikirlərim də həmişə dinlənilir və bu dəstəyi hiss edirəm”, – deyərək həm məktəb mühitini, həm də demokratiya anlayışını yüksək qiymətləndirir.

Asudə vaxtlarında futbol izləməyi və oynamağı sevən Hüseyn bu idman növündə komanda ruhunu və dostluğu önəmli sayır: “Futbol komanda oyunudur. Mən isə qrup halında işləməyi, yoldaşlarımla əməkdaşlıq etməyi çox sevirəm. Bir dəfə “Kəpəz” futbol komandasının oyunçuları mənim doğum günümü təbrik etməyə gəlmişdilər. Bu, futbola olan sevgimi daha da artırdı”.

“Futbol şərhçisi olmaq istəyirəm”

Gələcək arzularını da bölüşən Hüseyn deyir ki, futbol şərhçisi olmaq istəyir. Bu sahəyə olan marağı onu daim motivasiya edir. Sonda isə Hüseynin hər kəsə çağırışı belə oldu:

“Biz bu millətin gələcəyiyik, bu ölkənin sağlam və parlaq gələcəyi bizim əllərimizdədir. Buna nail olmaq üçün əlimizdən gələni etməliyik! Uşaqları bu gün susdura bilərlər, lakin bu gələcəyin lal olması deməkdir. Bu gün susduracağımız uşaq sabah millətimizi təmsil edə bilməz. Sözüm böyüklərədir: Gəlin uşaqlara xoşbəxtlik və söz haqqı verək ki, gələcəyimiz sağlam və parlaq olsun!”

Şərhlər

Xəbər lenti

2 iyun, 21:32

Naxçıvanın voleybol komandası ölkə çempionu oldu

2 iyun, 20:13

Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı

2 iyun, 18:53

Agentik süni intellektin işçi qüvvəsinin transformasiyasına təsiri

2 iyun, 18:37

Yeni cırtdan planet kəşf edilib

2 iyun, 17:51

Litvada keyfiyyətli peşə və ali təhsilin təmin edilməsi

2 iyun, 17:33

"Əmək bazarı və sənaye 4.0 çağırışları" mövzusunda “dəyirmi masa” keçirilib

2 iyun, 17:31

NDU Tələbə Teatr Studiyası “Pillə 3” Tələbə Tamaşaları Festivalında iştirak edib

2 iyun, 17:29

Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək

2 iyun, 17:10

VII Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir

2 iyun, 17:09

Qarabağ Universiteti: dirçəlişin akademik zəmini

2 iyun, 16:59

Tibb Universiteti Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək

2 iyun, 16:45

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

2 iyun, 16:32

BSU ilk dəfə "Round University Ranking"də yer alıb

2 iyun, 16:28

Peşə təhsili üzrə milli bacarıq yarışına qeydiyyat başlayıb

2 iyun, 16:00

BANM-də "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində görüş keçirilib

2 iyun, 15:42

Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb

2 iyun, 15:09

Naxçıvanın təhsil naziri tələbələrlə görüşüb

2 iyun, 14:57

BMU Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

2 iyun, 14:45

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi şagird qəbulu elan edir

2 iyun, 14:30

MDU tarixində ilk dəfə imtahanlar mərkəzləşdirilmiş qaydada aparılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.