
Təlimin başlıca vəzifəsi təkcə informasiya ötürməklə bitmir, təhsilalanların potensial imkanlarını kəşf etmək, onların emosional, sosial və intellektual inkişafını təmin etməklə davam edir. Bu baxımdan dərs prosesi sadəcə müəllim-tələbə münasibətinin səmərəli qurulmasından ibarət deyil, həmçinin bir cəmiyyətin gələcəyini formalaşdıran mühüm bir platformadır.
Müəllim bu prosesdə həm bilik verən, həm ruhlandıran, həm yol göstərən və həm də şəxsiyyət yetişdirən başlıca simadır. Müəllim auditoriyaya yalnız bir insan üçün deyil, həm də bir ümid, bir ilham, bir yol xəritəsi üçün daxil olur. Məhz bu səbəbdən təlimin hər mərhələsi, hər anı yüksək peşəkarlıq və şəfqətlə qurulmalı, dəyişən dünyanın tələblərinə cavab verəcək yaradıcı və düşüncəli vətəndaşlar formalaşdırmağa xidmət etməlidir.
Müasir təhsil sistemində dərsə verilən tələblər geniş və çoxşaxəlidir. Bu tələblər ümumi və xüsusi olmaqla iki qrupa ayrılır. Ümumi tələblər didaktik prinsiplər əsasında formalaşır və təlimin elmi əsaslara söykənərək həyata keçirilməsini nəzərdə tutur. Bu prinsiplərə təhsillverici, təbiyəedici, inkişafetdirici, həyatla əlaqələndirmə, elmilik, əyanilik, sistemlilik, şüurluluq və fəallıq, müstəqillik, əyanilik, müvafiqlik, fərdi yanaşma və s. daxildir. Təlimin prinsipləri və məqsədləri hər bir dərsdə kompleks şəkildə tətbiq edilməli, təhsilalanların şəxsiyyət kimi inkişafına şərait yaratmalı, yaradıcılıq qabiliyyətlərini üzə çıxarmalıdır (Bax: Azərbaycan Respulikasının “Təhsil haqqında” Qanunu, maddə 4 və 5).
Xüsusi tələblər isə dərsin məzmununa, məqsədinə, təşkilinə və metodikasına dair konkret göstərişləri əhatə edir. İlk növbədə, hər bir dərs yüksək təhsil, inkişaf və tərbiyə səmərəsi ilə nəticələnməlidir. Bu isə yalnız biliklərin mənimsənilməsi ilə deyil, həm də təhsilalanların mənəvi keyfiyyətlərə yiyələnməsi, onların idrak bacarıqlarının və sosial davranışlarının formalaşması ilə ölçülür. Eləcə də, dərs biliklərin gündəlik həyatla əlaqələndirilməsi və tətbiqinin təmin edilməsi prosesidir.
Dərsdə təlim materialının məzmunu ən əlverişli şəkildə müəyyənləşdirilməlidir. Müəllim dərsin məqsədini, təhsilalanların intellektual və psixoloji hazırlıq səviyyəsini nəzərə alaraq, öyrədiləcək biliklərin həcmini, çətinlik dərəcəsini, əsas ideyalarını və fənlərarası əlaqə imkanlarını dəqiq planlaşdırmalıdır.
Eyni zamanda, dərsin tədris imkanları və metodikası səmərəli və məqsədyönlü seçilməlidir. Dərsdə istifadə edilən metodlar təhsilalanların fəal iştirakını təmin, onları müstəqil düşünməyə və yaradıcı yanaşmaya təşviq etməlidir. Müəllim yalnız bilikləri təqdim edən deyil, təhsilalanları öyrənmə prosesinin fəal subyektinə çevirən şəxs olmalıdır.
Bu baxımdan problem situasiyaların yaradılması, evristik müsahibə, diskussiyalar, müqayisə və ümumiləşdirmə kimi təfəkkürü inkişaf etdirən üsullar dərsdə geniş tətbiq edilməlidir. Bəzən eyni mövzuda və eyni metodlarla keçilən dərs iki fərqli qrupda fərqli nəticələr verir və bu da müəllimin pedaqoji ustalığından və psixoloji yanaşmasından asılıdır.
Müasir dərsdə təlimin fərdiləşdirilməsi prinsipi də nəzərə alınmalıdır. Fərqli öyrənmə tərzinə və səviyyəsinə malik təhsilalanlara uyğunlaşdırılmış diferensiallaşdırılmış təlim tapşırıqları, fərdi inkişaf tempi və resurslar əsasında qurulan dərsin strukturu daha inklüziv və effektiv təlim mühiti yaradır. Bu yanaşma təhsilalanların öz bacarıqlarına inamını artırır və onlarda daha dərin mənimsəməni formalaşdırır.
Dərs təşkilati baxımdan da ciddi nizamla və çevik qurulmalıdır. O, vaxtında başlamalı, əlverişli tempdə və intizamlı şəkildə aparılmalı, təhsilalanların diqqətini daim cəmləşdirə biləcək intensivlikdə olmalıdır. Həmçinin, dərsin gedişində yaranan yeni vəziyyətlərə adekvat olaraq məzmunda, tədris metodikasında və vaxt bölgüsündə çevik dəyişikliklər edilməlidir. Dərs şablonçuluqdan uzaq, yaradıcı və operativ xarakter daşımalıdır.
Yaxşı dərs həm məntiqi, həm də psixoloji tamlığa malik olur. Məntiqi tamlıq dedikdə, müəyyən bir mövzunun və ya hissənin tam şəkildə təhsilalanlara çatdırılması nəzərdə tutulur. Psixoloji tamlıq isə dərsin sonunda təhsilalanların həmin bilikləri tam mənimsədiyini hiss etməsidir. Bundan əlavə, dərsdə daim əks əlaqə təmin olunmalı, müəllim təhsilalanların emosional vəziyyəti, marağı və mənimsəmə səviyyəsi barədə vaxtında informasiya almalı və dərsin gedişini bu məlumatlara əsaslanaraq tənzimləməlidir.
Dərsdə əlverişli psixoloji mühitin yaradılması da mühüm şərtdir. Müsbət emosional fon dərsin keyfiyyətinə birbaşa təsir edir. Müəllimlə təhsilalanlar arasında qarşılıqlı hörmətə və inama əsaslanan münasibətlər formalaşmalı, dərsdə yüksək əməkdaşlıq ruhu, fəallıq, maraq, təlim motivasiyası və müsbət emosiyalar üstünlük təşkil etməlidir. Əks halda, monotonluq, qorxu, gərginlik, inamsızlıq və s. kimi mənfi emosiyalar dərsin effektivliyini azaldır və təhsilalanların passivliyinə səbəb olur.
Son illərdə OECD, UNESCO, CASEL (USA) kimi təşkilatlar təhsil proqramlarında sosial və emosional bacarıqların inkişaf etdirilməsini vacib hesab edir. Sosial-emosional öyrənmənin dərs prosesinə inteqrasiyası müəllim-tələbə münasibətlərini gücləndirir, təhsilalanların öz hisslərini idarəetmə, empatiya göstərmə, sosial məsuliyyət və əməkdaşlıq bacarıqlarının inkişafına təkan verir. Bu cür mühitdə formalaşan tələbələr yalnız akademik deyil, sosial və emosional baxımdan da daha yetkin şəxsiyyətə çevrilirlər.
Müasir dövrdə dərsdə informasiya-kommunikasiya texnologiyalarından istifadə, rəqəmsal resurslara əsaslanan öyrənmə və inklüziv təhsil mühitinin təmin edilməsi də xüsusi tələblər sırasına daxildir. Obrazlı desək, “Rəqəmsal texnologiyalar müəllimin əlində sehrli bir qələmə çevrilə bilər: onların köməyilə klassik dərsi rəngarəng bir sənət əsərinə çevirmək mümkündür”.
Müəllim dərs prosesində müxtəlif tədris platformalarından, fərdiləşdirilmiş və adaptiv təlim texnologiyalarından, interaktiv lövhələrdən, vizual və multimedia vasitələrindən, elektron qiymətləndirmə alətlərindən səmərəli istifadə etməklə, fərqli təlim ehtiyacları olan təhsilalanları nəzərə almaqla hər bir fərdin aktiv iştirakını təmin edə bilər. Belə vasitələr dərsin həm cəlbediciliyini artırır, həm də fərdi yanaşma imkanlarını genişləndirir. Bu kontekstdə müəllimin rəqəmsal savadlılığı və media təhlil bacarıqları da onun əsas kompetensiyalardan biri sayılır.
Təhsilalanların ekoloji düşüncəsini, ictimai iştirakçılıq və məsuliyyət hissini inkişaf etdirmək məqsədilə dərslər kontekstual və real həyati mövzularla əlaqələndirilməlidir. Bu isə, öz növbəsində, layihə əsaslı və tədqiqat əsaslı öyrənmə metodlarının tətbiqinə geniş imkanlar açır.
Digər tərəfdən, təhsilalanların özünüqiymətləndirmə və qarşılıqlı qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi onların reflektiv öyrənmə prosesinə cəlb olunmasını, öz irəliləyişlərini dərk etməsini və məsuliyyət hissini gücləndirir. Bu üsul da həm müəllim, həm də təhsilalanlar üçün öyrənmə prosesinin şəffaf və inkişaf yönümlü olmasına zəmin yaradır.
Dərsin təşkili və dinlənilməsi zamanı müəllimlərin psixoloji hazırlığının və motivasiyasının dəstəklənməsi də önəmlidir. Bu cəhət onların peşəkar fəaliyyətlərində həm davamlı inkişaflarına təkan verir, həm də ümumi dərs mühitinə də pozitiv təsir göstərir.
Sadalanan ümumi və xüsusi tələblərə cavab verən dərs yalnız bilikvermə vasitəsi deyil, eləcə də, yüksək səmərəli, tələbəyönümlü, interaktiv və nəticəyönümlü təlim-tərbiyə mühitinin əsasını təşkil edir. Bu cür dərslər həm bilik öyrədir, həm də şəxsiyyətin hərtərəfli inkişafını təmin edir.
Tədrisin keyfiyyətinin artırılmasında dərs dinləmələrinin təşkili, keçirilməsi və qiymətləndirilməsi də mühüm yer tutur. Bu proses müəllimlərin peşəkar inkişafını təmin etmək və tədris metodlarının effektivliyini artırmaq məqsədilə həyata keçirilir. Dərs dinləmələri müəllimin “pedaqoji səhnə”dəki çıxışını müşahidə etməklə yanaşı, onun zəhmətinə, ruhuna və yaradıcı yanaşmasına ayna tutmaqdır. Necə ki, “bağban ağacın meyvəsinə baxaraq ona qayğısını görür”, dərs dinləməsində də müəllimin fədakarlığı, hazırlığı və pedaqoji məharəti qiymətləndirilir.
2021-ci ildən tətbiq edilən yeni sistem üzrə tədris prosesinin keyfiyyətli şəkildə həyata keçirilməsi üçün müəyyən meyarlar əsasında qiymətləndirmə aparılır. Bu qiymətləndirmə mürəkkəb bir mexanizm kimi müəllimin dərsə hazırlığından başlamış, dərs zamanı yaradılan pedaqoji mühitə qədər bir sıra vacib komponentləri əhatə edir.
İlk növbədə, tədris materiallarının normativ tələblərə uyğunluğu əsas götürülür. Bu zaman müvafiq tədris sənədlərinin düzgün tərtibi, tövsiyə olunan ədəbiyyatların müasir elmi yanaşmalara əsaslanması, həmin ədəbiyyatların tədris olunan mövzularla uyğunluğu və s. nəzərə alınır. Mövzunun məzmun baxımından aktual və öyrədici olması dərsin bünövrəsini təşkil edən sütunlardır.
Müəllimin tədris prosesini təşkil və idarəetmə bacarığı da mühüm qiymətləndirmə meyarlarından biri, “orkestri idarə edən dirijorun ritmi qoruması qədər vacibdir”. Bura tədris prosesinin effektiv idarə edilməsi, dərsə nəzarətin təşkili, müəllimin tədris və öyrətmə bacarıqları, dərs boyu qoyulan məqsədlərin reallaşdırılması, təlimin məntiqi ardıcıllıqla qurulması və pedaqoji münasibətlərin harmoniya ilə yönləndirilməsi daxildir.
Eyni zamanda, müəllimin dərsə hazırlıq səviyyəsi də əsas əhəmiyyət kəsb edir. Müəllimin izah tərzi, mövzunu aydın və məntiqli şərhi, müzakirə üçün seçilən məsələlərin mövzu ilə əlaqəsi, tələbələrdə maraq oyatmaq bacarığı, dinləmə və tələbələrlə qarşılıqlı ünsiyyət qurmaq bacarığı, onlara səmimi və tolerant münasibəti, nitq mədəniyyəti, qrup və fərdi yanaşmanın balanslaşdırılmış tətbiqi, tələbələrin suallarına dolğun cavab verə bilməsi qiymətləndirmədə əsas yer tutur və dərsin ruhuna nəfəs verən əsas elementlərdir.
Tədris prosesində texniki və əyani vasitələrdən, həmçinin mövcud rəqəmsal resurslardan səmərəli istifadə dərsin qiymətləndirilməsində önəm daşıyır. Cari mövzuya uyğun hazırlanan təqdimatların struktur və məzmun baxımından ardıcıl və əhəmiyyətli olması, istifadə edilən digər resursların dərsə əlavə dəyər qatması qiymətləndirilən vacib komponentlərdəndir.
Mühit hər şeyin təməlidir. Dərs zamanı yaradıcı və əməkdaşlığa əsaslanan mühitin formalaşdırılması, tələbələrin fəal iştirakının təmin edilməsi qiymətləndirmədə nəzərə alınır. Müəllimin auditoriyada əməkdaşlıq atmosferi yaratması, dərsin interaktiv formada təşkili, tələbələrin potensial imkanlarını üzə çıxarması, biliklərin tapşırıqlar vasitəsilə mənimsənilməsinə şərait yaratması, işgüzar və adekvat pedaqoji mühit qurması, kommunikativ və pedaqoji bacarıqlarından ustalıqla istifadə etməsi qiymətləndirmənin əsas hissəsini təşkil edir.
Nəhayət, təhsilalanların biliyinin qiymətləndirilməsi və davamiyyətin düzgün qeydə alınması da ümumi qiymətləndirmə prosesində əhəmiyyətlidir. Bu proses müəllimin dərsə verdiyi ritmin tələbə ilə harmonik qarşılıqlı təsirini təmin edir. Davamiyyətin dərsin başlanğıcında qeyd edilməsi, qiymətləndirmə meyarlarının əvvəlcədən müəyyənləşdirilməsi və bu meyarlara uyğun olaraq dərs boyu təhsilalanların fəaliyyətinin qiymətləndirilməsi pedaqoji fəaliyyətin obyektivliyini təmin edən mühüm amillərdəndir.
Dərs dinləmələri, əsasən, tədris prosesində yerində və ya zərurət yarandıqda ayrıca ustad dərsi formasında təşkil edilə bilər.
Dərs dinləmələrin təşkili zamanı müasir pedaqoji yanaşmaların, rəqəmsal texnologiyaların və inklüziv tədris metodlarının tətbiqinə xüsusi diqqət yetirilir. Eyni zamanda, dərs dinləmələri müəllimlərə birbaşa kömək vasitəsi kimi çıxış edir və onların real dərs şəraitində tədris bacarıqlarının obyektiv qiymətləndirilməsinə şərait yaradır. Bu proses həm müəllimlərin güclü və zəif tərəflərini aşkara çıxarmaq, həm də inkişaf ehtiyaclarını müəyyənləşdirmək üçün əsas yol kimi nəzərdə tutulur.
Dərs dinləmənin hədəflərindən biri də müəllimlərin müasir təlim texnologiyalarına yiyələnməsi, ehtiyac yarandıqda onlara metodiki dəstəyin göstərilməsi, təlimin keyfiyyətinin monitorinqi və kollektivdaxili təcrübə mübadiləsinin təmin edilməsidir (Bax: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”).
Dərsin qiymətləndirilməsi müəllimin auditoriyanı idarəetmə bacarığını, mövzuya uyğun metodlar seçməsini, dərsi planlaşdırmasını və tədris resurslarından istifadə imkanlarını əhatə edir. Dərs prosesində müəllimlərin XXI əsr bacarıqlarını, sosial-emosional öyrənməni, inklüziv pedaqogika və rəqəmsal bacarıqlarını tətbiq etməsi də əsas vəzifələrdəndir.
Dərs dinləmənin zəruri tərəflərindən digəri isə müəllimlərin psixoloji hazırlığı və motivasiyasının dəstəklənməsi, həmçinin, təhsilalanların dərs dinləmələrinə münasibətidir. Bu proses dərslərin yalnız texniki və metodik deyil, həm də sosial və emosional aspektlərini əhatə edən daha holistik yanaşma tələb edir.
Qiymətləndirmənin nəticələri əsasında müəllimlərə inkişafyönümlü tövsiyələr verilir, onların peşəkar inkişafı üçün fərdi və kollektiv tədbirlər planı hazırlanır. Peşəkar inkişaf məqsədilə seminarlar, ustad dərsləri, qarşılıqlı müşahidələr kimi metodlar tətbiq edilir və reflektiv təhlillər həyata keçirilir. Həmçinin, “Lesson Study”, “Peer Coaching”, “Professional Learning Communities” kimi yanaşmalar müəllimləri öz aralarında dərs təhlili və təcrübə mübadiləsi aparmağa təşviq edir.
Beləliklə, dərs dinləmələri yalnız fərdi qiymətləndirmə və yoxlama aktı deyil. Bu proses ümumi təlim-tədris strategiyalarının təkmilləşdirilməsində, kollektiv inkişaf ehtiyaclarının müəyyən edilməsində, dərsin qiymətləndirilməsində süni intellekt və data əsaslı yanaşmaların tətbiqində başlıca rol oynayır. Bu anlamda rəqəmsal platformalardan istifadə, qiymətləndirmə prosesində süni intellekt əsaslı təhlil vasitələrinin tətbiqi və nümunəvi dərs materiallarının paylaşılması üçün ortaq resurs bazalarının yaradılması təklifyönümlüdür. Bu tip yanaşmalar, nəticə etibarilə, tədris prosesində şəffaflıq və dərsin keyfiyyətini daha da artırmaqla yanaşı, müəllimlər arasında əməkdaşlığı da gücləndirir.
Simuzər QAFAROVA,
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər