Azərbaycan alimləri qlobal elmi mühiti zənginləşdirirlər - İSESKO-nun baş direktoru 

4 Dekabr, 2025 - 11:42
Azərbaycan alimləri qlobal elmi mühiti zənginləşdirirlər

“İSESKO olaraq əsas məqsədimiz bütün islam dünyasında elmi tərəqqini təşviq etməkdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş beynəlxalq konfransda İSESKO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki səsləndirib.

Salim bin Məhəmməd əl-Maliki qeyd edib ki, Azərbaycan alimlərinin fədakarlığı və elmi axtarışlara bağlılığı qlobal elmi mühitin zənginləşməsinə xidmət edir.

O, həmçinin Azərbaycan hökumətinə göstərdiyi ardıcıl dəstəyə və qurulan strateji tərəfdaşlığa görə dərin minnətdarlığını ifadə edib. Bildirib ki, İSESKO ilə Azərbaycan arasında mədəni irs, elmi innovasiya, keyfiyyətli təhsil və mədəniyyətlərarası dialoq istiqamətində həyata keçirilən birgə layihələr gələcək əməkdaşlıqlar üçün güclü təməl formalaşdırıb.