Emin Əmrullayev: Elmin populyarlaşdırılması üçün ardıcıl addımlar atılır
“Yusif Məmmədəliyevin elmi irsi kmya sənayesində, elmi tədqiqat müəssisələrində və ali təhsil proqramlarında geniş şəkildə tətbiq olunur. Bu istiqamətdə aparılan tədqiqatlar innovativ neft-kimya sahələrinin, yüksək oktanlı yanacaqların, sintetik və müasir katalizator sistemlərinin yaradılması üçün mühüm nəzəri baza rolunu oynayır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş beynəlxalq konfransda elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.
Nazir bildirib ki, akademikin elmi irsi hər zaman dövlət səviyyəsində yüksək qiymətləndirilib:
“Məsələn, Azərbaycan Prezidentinin 5 iyul 2025-ci il tarixli sərəncamı ilə alimin 120 illik yubileyinin ölkə səviyyəsində qeyd olunması onun xidmətlərinin bu gün də mühüm əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir. Sərəncamda haqlı olaraq vurğulanır ki, geniş istiqamətli fundamental tədqiqatları səmərəli pedaqoji fəaliyyətlə paralel şəkildə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı neft-kimya məktəbi ölkənin sərhədlərindən çox-çox uzaqlarda tanınıb. Qeyd etmək lazımdır ki, akademikin əvvəlki yubileylərinin UNESCO səviyyəsində qeyd olunması da onun elmi fəaliyyətinin qlobal miqyasda qəbul olunmasının bariz nümunəsidir”.
Nazir əlavə edib ki, bu gün Elm və Təhsil Nazirliyi elmin populyarlaşdırılması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, geniş tədqiqatçı kütləsinin dəstəklənməsi istiqamətində ardıcıl addımlar atır. Bu çərçivədə akademik Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə elm və təhsil müəssisələrində ölkə ictimaiyyətinə, alimlərə və tələbələrə onun həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verən seminarlar təşkil olunur.
Elm və ali təhsil müəssisələrində onun elmi irsinə həsr olunan silsilə tədbirlər konfranslar, simpoziumlar, seminarlar keçirilir, ali məktəb tələbələrinə müvafiq mövzular üzrə tədqiqat tapşırıqları verilir.



