Bizi alqışlayanda çox sevinirik - Uşaq bağçasının fidanları 

26 Noyabr, 2025 - 10:13
Bizi alqışlayanda çox sevinirik

...Çıxış edir Naxçıvan şəhər 8 nömrəli  körpələr evi-uşaq bağçasının balacalardan ibarət rəqs qrupu... Bəli, son günlər bu cümləni Muxtar Respublikada keçirilən müxtəlif dövlət tədbirlərdə tez-tez eşitmək mümkündür. 

“Azərbaycan müəllimi” bu nağıllar dünyasının qəhrəmanlarını tanımaq üçün bağçaya üz tutur. 

Biz ora çatanda balacalar məşq edirdilər. Musiqinin sehrinə o qədər qapılmışdılar ki, gəlişimizdən xəbərləri belə olmur. Sakitcə rəqslərini izləyirik. Uşaqların saflığı və məsumluğu sanki rəqs hərəkətlərində də hiss olunur. O qədər incə və sevərək rəqs edirlər ki, bitməsini istəmirsən. 

Onlara rəqsi Naxçıvan şəhər 8 nömrəli bağçanın tərbiyəçi müəllimi İlahə Abbasova öyrədir.  Əvvəllər musiqi rəhbəri kimi də işləyən müəllim, həm də tədbirlərin hazırlanmasına kömək edir. Onun bu sahədə 35 illik stajı var. 

“İşimi çox sevirəm, uşaqlarla işləmək həm maraqlı, həm sevgi dolu, həm çətindir, həm də səbir tələb edir. Onların nazları ilə oynayırıq. Bir də görürsən ki, rəqs elədikləri yerdə küsürlər, çalışırıq ki, hər şey onların istədikləri kimi olsun. Tədbiri mövzuya uyğun seçirik, çıxışları isə uşaqların potensialına uyğun bölürük. Hazırlıqları da oyun kimi edirik ki, balacalar onu qəbul edə bilsinlər, həvəsli olsunlar”. 

Müəllim deyir ki, uşaqlar özlərini kiçik qəhrəmanlar kimi hiss edirlər, alqışı sevirlər: “Çıxışları bəzən solğun olanda biz onları alqışlayırıq, “sən bacaracaqsan, sən hamıdan yaxşı deyəcəksən” sözləri ilə motivasiya edirik. Bir-birimizə sevgi göstəririk, qucaqlayırıq, onlar da sevgimizin qarşılığını bizə qaytarırlar”. 



Bəs maraqlıdır, belə məsuliyyətli tədbirlər üçün uşaqlar necə seçilir? İlahə xanım deyir ki, hər uşağın musiqiyə həvəsi olmur, musiqi duyumu olanlar seçilir: “Bağçadakı musiqi məşğələlərinə bütün uşaqları cəlb edirik, amma tədbirlər üçün ən qabiliyyətli uşaqlar seçilir. Rəqs etmək üçün təkcə əl və ayaqları oynatmaq şərt deyil, hansı yerdə dönmək, oturmaq kimi hərəkətlər var ki, uşaq onu qavraya bilməlidir. Tədbirlərdə adətən görürsən ki, uşaqların gözü zalın yuxarı hissəsində qalır. Dönüb baxırsan ki, rəqs müəllimi də orada durub uşaqlara yön verir”. 

İlahə xanım deyir ki, belə vaxtlar da olur: “Amma bəzən elə olur ki, imkan olmur, səhnə arxasında qalaraq narahat oluruq ki, görəsən necə olacaq? Amma onlar öhdəsindən gəlirlər. Hətta bəzən elə olur ki, bizlər səhvə yol veririk, onlar müdaxilə edirlər ki, buradakı hərəkət düz deyil”. 

Boş yerə deyilmir ki, uşaqların beyni ağ vərəq kimidir. Ətrafda olan hər hansı bir hadisəni, hərəkəti, danışığı, xüsusiyyəti tez mənimsəyir və təqlid edirlər. Onlar tədbirləri o qədər sevirlər ki, biz orada olanda hansısa tədbirə gedəcəklərini zənn edib sevinirdilər. 

İlahə müəllimin rəqs öyrətdiyi uşaqlar arasında hazırda rəqqaslar da var. Deyir ki, müxtəlif dövlət tədbirlərində ona yaxınlaşıb tanışlıq verirlər: “Onlara baxanda fərəh hiss keçirirəm ki, düşünürəm ki, nə yaxşı mənim belə yetirmələrim olub”. 

Etiraf edək ki, biz böyüklər hər hansı tədbirdə çıxış edəndə həyəcanlanırıq, bəzən rahat ola bilmirik. Amma bu balacalar o qədər sərbəst və rahatdırlar ki, yüzlərcə tamaşaçı qarşısında heç həyəcanlanmadan özlərini ifadə edə bilirlər. Ona görə də, bu tədbirlər vasitəsilə uşaqlar sosiallaşır və gələcəkdə də bu məktəbdə özünü göstərir. 

Həmsöhbət olduğumuz digər müsahibiz Nuray Qaybalıyeva isə Naxçıvan şəhər 8 nömrəli bağçanın musiqi rəhbəridir, uşaqları tədbirlərə hazırlayır. Deyir ki, onlarla işləmək olduqca maraqlıdır: “Uşaqlarla işləmək, musiqi vəsaitləri ilə onların yaradıcılığını inkişaf etdirmək, formalaşdırmaq mənim üçün həm peşə, həm də missiyadır. Uşaqların daha çox milli, vətənpərvər böyümələri üçün seçdiyimiz mahnı, rəqs və çıxışlara da önəm veririk. Onları çox sevdiyim üçün həm əylənirik, həm rəqs edirik, həm də vaxtımız maraqlı keçir. Biz onlarla artıq doğmalaşmışıq. Uşaqlara ana qayğısı ilə yanaşırıq. Rəqs eləmək istəməyəndə onları dilə tuturuq, vaxt veririk. Zala məşqə gələndə qaça-qaça, sevinclə gəlirlər”. 

Doğrudan da uşaqlar sevgi doludurlar. Və sevgini hiss edəndə onu geri qaytarırlar. 

Yaxınlaşırıq 4 yaşlı Hüseyn Əlizadəyə. O qədər aktivdir ki, suallarımıza da hərtərəfli cavab verir. Öyrənirik ki, rəqs etməklə yanaşı həm də balaca aktyordur, müxtəlif rollarda oynayır. Hüseyn müəllimlərini çox sevdiyini deyir: “Çoxlu tədbirlərdə iştirak eləmişəm, heç vaxt utanmıram, rəqs etməyi də çox sevirəm. Məktəbə gedəndə dərslərimi yaxşı oxuyub, komandir olacağam”.

Can Məhərrəmovun da  4 yaşı var. Bağçaya hər gün gəlir və buranı çox sevdiyini deyir. Dostlarını bizə sayır:” Qüdrət, Hüseyn, Ayxan mənim dostlarımdır”.  

Deyirəm ki, səhnəyə çıxanda hamı sənə baxır, qorxmursan? Deyir ki, “yox, məni alqışlayanda çox sevinirəm. Həm də mən böyüyəndə polis olacam, polislər isə qorxmaz”.

Rəqs etməyi ona musiqi müəllimləri öyrədib, o isə “böyük bacıma rəqs etməyi mən öyrədirəm” deyir balaca uşaq qüruru ilə. 

Kənarda sakitcə əyləşən balaca bir qız marağımı cəlb edir. Yaxınlaşıb adını soruşuram. Utancaq baxışlarla Cahan Rəsulzadə deyir.  Rəqs etməyi də çox sevən Cahan, həm də tədbirlərdə çıxışçı kimi iştirak edir: “Gələcəkdə həkim olmaq istəyirəm. Həm də istəyirəm ki, hamı məni tanısın”. 

Bəzən tədbirlərdə protokola uyğun olaraq uşaqlar kulisdə saatlarla gözləməli olur. Cahan uşaq təbiətinə görə səbirsiz olsa da, səhnəyə çıxmağı səbirlə gözləyir. Çünki o da digər uşaqlar kimi, alqışı və səhnəni çox sevir. 

Kiçik rəqqasların içərisində ürəklə rəqs edən Sofiya Sultanlı ilə də söhbət edirik. Müəllimləri və bağça yoldaşları ona Sofi deyir. Elə biz də Sofi deyə müraciət edirik. Deyir ki, ilk vaxtlardan bağçanı sevib: “Biz məşğələlərdə iştirak edirik. Həm də rəsm çəkir, rəqs edirik. Evdə də rəqs edirəm, amma hələ ki kiməsə öyrətməmişəm”. O da Cahan kimi həkim olmaq istəyir.

Bəli, illər keçəcək, bu uşaqların hər biri böyüyəcək, müxtəlif peşə sahibi olacaqlar. Amma göydən üç alma düşüb nağıl bitsə də, fidan balalar həmişə bu nağılın qəhrəmanı olaraq qalacaqlar.  



Sevgi ilə əhatə olunduğumuz bağçadan körpələrin üzümüzdə yaratdığı təbəssümlə ayrılırıq. 

Çıxış etdi Naxçıvan şəhər 8 nömrəli  körpələr evi - uşaq bağçasının balacalardan ibarət rəqs qrupu. Alqış....