
Əgər insan həqiqətən istəyirsə, qarşısına məqsəd qoyub yorulmadan çalışırsa, heç bir sərhəd, heç bir çətinlik onu dayandıra bilməz. Uğur təsadüf deyil, o, zəhmətin, zamanın dəyərini bilməyin və inamın nəticəsidir. Dürrü İsayeva bunlara əməl edən insanlardandır. O, istəklə çalışaraq sübut etdi ki, bir gənc inansa, çalışsa, dünya miqyasında da öz sözünü deyə bilər. Onun qazandığı uğurlar — beynəlxalq medallar, yüksək imtahan nəticələri və böyük hədəflər sadəcə statistik göstəricilər deyil, zəhmətin təntənəsidir.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Yevlax şəhəri Nəriman Nərimanov adına 9 nömrəli tam orta məktəbin X “a” sinif şagirdi Dürrü İsayeva bu ilin ən parlaq təhsil uğurlarından birinə imza atıb. O, Fransada təşkil olunan “Hi-lingua” Beynəlxalq İngilis dili Olimpiadasının Grand Final mərhələsində 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq həm məktəbinin, həm də Azərbaycanın adını beynəlxalq təhsil arenasında ucaldıb.
Bu yarışda Dürrü 17 ölkənin şagirdləri ilə debat, esse yazısı, dünyagörüşü, dil və canlı həyat bacarıqları (real-life) üzrə yarışıb.

16 yaşlı Dürrü hələ 4 yaşında ikən müstəqil şəkildə kitab və jurnallar oxumağa başlamışdı. Anası, eyni zamanda, oxuduğu məktəbin müəllimi olan Xanım İsayeva bu gün də o illəri gülümsəyərək xatırlayır:
“Dürrü elə uşaq idi ki, birinci sinifdə oxumağı öyrənəndə mənə deyirdi: Mən bunları bilirəm, yenisini öyrət. Sanki zamanla yarışırdı. Biz ailə olaraq bu həvəsi boğmadıq, əksinə, onu istiqamətləndirdik. Onun uğurlarını bu gün görmək bir müəllim və ana kimi mənim üçün həm qürur, həm də sevincdir”.
Dürrü özü də deyir ki, bu yola çıxanda məqsədi təkcə dərsdə fərqlənmək yox, gələcəkdə elmə töhfə vermək istəyinin reallaşması olub:
“Mənim elmə marağım çox erkən başladı. Amma son illərdə bu maraq hədəfə çevrildi. İndi artıq əminəm: yalnız oxumaqla kifayətlənmək olmaz, öyrəndiyini tətbiq etmək, onu başqaları üçün faydalı hala gətirmək lazımdır”.
Dürrünün təhsil uğurları təkcə bu beynəlxalq yarışla bitmir. O, IX sinif buraxılış imtahanında 283 bal toplayaraq qırmızı attestata layiq görülüb, IELTS imtahanında 7 bal toplayaraq dil biliklərini beynəlxalq səviyyədə sübut edib. Hazırda isə SAT imtahanına hazırlaşır. Onun hədəfi kompüter təhlükəsizliyi sahəsində ixtisaslaşmaq və Azərbaycanın və ya dünyanın qabaqcıl universitetlərində təhsil almaqdır.
“Bəli, bu qədər çalışdıqdan sonra uğura inamım böyük idi. Düşünürəm ki, insan zəhmətinə inansa, nəticədən qorxmaz. Mən həm özümə, həm müəllimlərimə güvəndim və bu nəticəni qazandım. Amma bu, son deyil, hələ yolun başlanğıcıdır”.

Məktəbin direktoru Səxavət İsmayılov da şagirdinin uğurlarını fəxrlə izləyir. Onun fikrincə, Dürrü təkcə məktəbin yox, ümumiyyətlə, regionun təhsil simasıdır:
“Dürrünün uğurları təkcə onun yox, məktəbimizin, müəllim heyətimizin, valideyninin və ümumilikdə Yevlax təhsilinin uğurudur. O, məktəbimizin adını Avropada, Fransada təmsil edərək beynəlxalq səviyyədə tanıtdı. Biz bu qızla qürur duyuruq: Qırmızı attestatla başa vurduğu buraxılış imtahanı, IELTS nəticəsi, beynəlxalq medalları... Əminəm ki, Dürrünün səsi daha uca zirvələrdən gələcək”.
Dürrünün uğurlarında məktəb müəllimlərinin də rolu az deyil. Xüsusilə onun ingilis dili müəllimi Reyhanə İsayeva, həmçinin yarışa hazırlıq müddətində onunla xüsusi məşğul olmuş Könül Məhyəddinova bu nailiyyətin görünməyən arxa plan qəhrəmanlarıdır. Dürrü özü də bu dəstəyi minnətdarlıqla qeyd edir:
“Mən bu yolda tək deyildim. Könül müəllimə, Reyhanə müəllimə – hər ikisi mənimlə dərsdən sonra da çalışırdılar. Mənə yalnız fənn öyrətmədilər, həm də inam verdilər. Bu uğuru onların dəstəyi olmadan təsəvvür edə bilmərəm”.

Təhsil Dürrünün həyatında yalnız məktəbdə öyrəndiklərilə məhdudlaşmır. O, vaxtını planlı şəkildə bölərək gününün hər saatını dəyərli keçirməyə çalışır. Dərslə yanaşı, mütaliə, sosial fəaliyyət və istirahət üçün balans yaradaraq intellektual və emosional inkişafını tarazlaşdırır.
“Ən çətin məsələ balansı qorumaqdır. Zaman mənim üçün çox dəyərlidir. Əgər planım pozularsa, günümü yarımçıq görürəm. Hər şeyi zamanında etmək öyrənilməsi lazım olan ən vacib bacarıqdır”.
Dürrü İsayevanın uğur hekayəsi bir daha göstərir ki, istedadla yanaşı, zəhmət, ailə dəstəyi, müəllim yönləndirməsi və məktəb rəhbərliyinin inamı bir araya gəldikdə nəticə qaçılmaz olur.
Yevlaxın 9 nömrəli məktəbində başlayan bu təhsil hekayəsinin hansı qitələrə, hansı elm mərkəzlərinə çatacağını zaman göstərəcək. Amma bir şey indidən bəllidir: Dürrü hələ haqqında çox danışılacaq bir yeniyetmədir.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər