21 noyabr 2024

Bütün xəbərlər
test
6 may, 11:15
84

İstənilən ölkədə və cəmiyyətdə məktəbəqədər təhsil bir ölkənin sosial-iqtisadi strukturlarının möhkəmlənməsi, yeniliklərin və sürətli inkişafın təmin edilməsi üçün əsas və əhəmiyyətli rola malikdir. Bu təhsil forması geniş və müstəqil düşüncəli vətəndaşlar yetişdirmək, onları müxtəlif bacarıqlara, sahələrə yönəltmək və onların sosial məsuliyyət sahibi, bacarıqlı fərdlər kimi yetişmələrini təmin etməklə, bir cəmiyyətin sosial və mədəni inkişafına əvəzsiz töhfələr verir.

Məktəbəqədər təhsil şagirdlərdə həyatları boyunca öyrənərək problemləri həll etmək və müstəqil olmaq bacarıqları formalaşdırır.  

Məktəbəqədər təhsil və ya digər adı ilə erkən uşaqlıq təhsili uşaqlar üçün ibtidai məktəbə qədər olan təhsilin bir mərhələsinə aid olmaqla yanaşı, ömürboyu öyrənmə və fərdin inkişafı üçün mühüm baza yaradır.

Məktəbəqədər təhsil mərhələsi, istər emosional, istər davranış, istərsə də idrak sahəsinin inkişafı baxımından uşağın düzgün inkişafında bütün mərhələlərdən ən vacibi hesab olunur.

Erkən uşaqlıq dövrü inkişafı nə üçün lazımdır?

         - Həyatın ilk illəri uşağın gələcəyinə, beyninin inkişafına, sağlamlığına, xoşbəxtliyinə, məktəbdə öyrənmə qabiliyyətinə, rifahına, hətta yetkinlik dövründə əldə edə biləcəyi gəlirin məbləğinə böyük təsir göstərir;

         - Həyatın bu formalaşma mərhələsində körpənin beyni hər saniyə 1 milyondan artıq yeni öyrənmə hüceyrələri yaradır ki, bu temp də həyatı boyu heç vaxt təkrarlanmır;

         - Erkən yaşlar önəmlidir. Məhz buna görə də, düzgün qidalanma, stimullaşdırma və qayğı körpənin həyatının ilk 1000 günündə onun beyninin inkişafı üçün çox vacibdir.
 
Erkən öyrənmənin ölkələr üçün əhəmiyyəti nələrdir?

         - Erkən təhsil hökumətlər üçün əsas prioritetlərdəndir. Belə ki, XXI əsrdə bacarıqlar təkcə fərdlər üçün deyil, həm də ailələr, icmalar və cəmiyyətlər üçün hər zamankından daha vacibdir;

         - Ölkələrdə insanların bacarıqları artdıqca ölkənin iqtisadiyyatı, təhsili, tibbi və digər sahələri inkişaf edir;

         - Bütün vətəndaşların cəmiyyət həyatında fəal iştirak etmək məqsədilə ehtiyac duyduqları bacarıqları inkişaf etdirmək üçün ən effektiv dövr erkən yaşdakı təhsildir;

         - Məktəbdə daha yaxşı nəticələr və daha yüksək təhsil səviyyəsi;

         - Səhiyyə, təhsil və sosial təminat sistemlərinə düşən yükün azalması;

         - Gələcək işçi qüvvələrinin keyfiyyət və məhsuldarlığının artması;

         - Cinayətkarlıq səviyyəsinin və sosial qeyri-stabilliyin aşağı düşməsi;

         - Ölkədə yoxsulluğun azalması.

Müasir dövr informasiya cəmiyyətidir və kompüter, mobil telefon, planşetlər və s. həyatımızın hər sahəsini əhatə edir. Cəmiyyətdə İKT-nin (İnformasiya və Kommunikasiya Texnologiyaları) istifadəsi getdikcə daha çox artmaqdadır. Hazırda İKT-dən erkən uşaqlıq (məktəbəqədər) təhsili təcrübələrində geniş istifadə olunmur. Erkən uşaqlıq təhsilində texnologiyanın rolu çox mübahisəli olduğundan, valideynlər və pedaqoqlar onun kiçik uşaqlar üçün faydaları və ya zərərləri ilə bağlı çox narahatdırlar.

Tənqidçilər bildirirlər ki, texnologiyadan istifadə prosesi sürətləndirərək və əsas öyrənmə təcrübələrini azaldaraq vaxt, pul və uşaqların normal inkişaf dövrünün düzgün həyata keçməməsinə səbəb olur, İKT-dən istifadənin tərəfdarları isə uşaqların bu yeni texnologiyalardan istifadə etmək imkanına malik olmasını təklif edirlər.

Bəs IELS tədqiqatı nədir?

Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı tədqiqatı olan IELS (International Early Learning Survey) dünya ölkələri üzrə 5 yaşlı uşaqların erkən öyrənmə təcrübələrini anlamaq və müəyyən təkmilləşdirmələr aparmağa yönəlmiş Amerikanın Milli Təhsil Statistikaları Mərkəzi (NCES) tərəfindən həyata keçirilən beynəlxalq tədqiqatdır.

Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı (IELS) tədqiqatı 4 mühüm sahədə uşaqların bacarıqlarını ölçmək məqsədilə oyun əsaslı qiymətləndirmədən istifadə edir. Həmin dörd sahə bunlardır: ilkin savadlılıq, ilkin hesablama, özünütənzimləmə və sosial-emosional bacarıqlar.

İlkin savadlılıq dinləyib-anlama, söz ehtiyatı kimi mühüm komponentləri özündə birləşdirir. İlkin hesablama saymaq, sadə riyazi anlayışları bilmək və tətbiq etmək, uzunluq və çəkilərin müqayisəsini aparmaq,  həmçinin fiqurların ayırd edilməsi kimi bacarıqları özündə əks etdirir. Özünütənzimləmə diqqətin cəmlənməsi, verilən tapşırıqlara əməl edilməsi, yadda saxlanması və s. bu kimi zehni bacarıqları əhatə edir. Sonuncu sahə olan sosial-emosional bacarıqlar isə ünsiyyətin qurulması, duyğu və hisslərin idarə olunması, əməkdaşlıq bacarıqlarını ehtiva edir.

IELS tədqiqatı ilk dəfə 2018-ci ildə pilot şəkildə həyata keçirilib. Bu tədqiqatda İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı - OECD) ölkələrindən 3-ü- İngiltərə, Estoniya və ABŞ i̇şti̇rak edib. Hər bir ölkədə layihə meneceri tərəfindən idarə olunan milli tədqiqat mərkəzi yaradılıb.

IELS tədqiqatı dünya ölkələrini 5 yaşlı uşaqların öyrənmə təcrübələrini, bacarıqlarını müzakirə və müqayisə etmək üçün ortaq bir platforma ilə təmin etmək funksiyası daşıyır. IELS tədqiqatı ən yaxşı təcrübələri müəyyən etmək və təhsil imkanlarını yaxşılaşdırmaq üçün təhsil siyasəti qərarlarının qəbulu haqqında qlobal çağırışlar etməyi hədəfləyir.

IELS tədqiqatında Azərbaycan

IELS tədqiqatının ikinci mərhələsinin 2024-cü ildə 10 ölkənin iştirakı ilə keçiriləcəyi nəzərdə tutulub ki, həmin ölkələrdən biri də Azərbaycandır.

2024-cü ilin 8-14 fevral tarixlərində 119 şagird və 45 müəllim bu qiymətləndirmə tədqiqatında iştirak edib. Tədqiqatın sınaq mərhələsi üçün Bakı və Sumqayıt şəhərlərindən seçilən 40 təhsil müəssisəsi üzrə 521 (92%) uşaq qiymətləndirmədə iştirak edib. Bu müəssisələrdən 20-si məktəb, 20-si isə məktəbəqədər təhsil müəssisəsi olub. Həmçinin IELS-in uşaqların erkən öyrənmə və ev mühiti haqqında suallardan ibarət sorğu mərhələsində 168 (100%) təhsilverən və 534 (94%) valideyn iştirak edib.

Azərbaycanda ilk dəfə keçirilən IELS tədqiqatının əsas mərhələsi isə 2025-ci ildə 200 təhsil müəssisəsi üzrə 3000 uşaq arasında həyata keçiriləcək.

Beləliklə, IELS:

         - 5 yaşlı uşaqların dörd əsas sahədə ilkin savadlılıq, ilkin hesablama, özünü idarəetmə və sosial-emosional bilik və bacarıqlarının oyuna əsaslanan beynəlxalq qiymətləndirilməsidir;

         - 2018-ci ildə IELS pilot, yəni sınaq tədqiqat həyata keçirib. Burada Estoniya, İngiltərə və ABŞ iştirak edib.

         - IELS planşetlər üzərində aparılan oyun əsaslı qiymətləndirmə tədqiqatıdır. Burada uşaqlardan tələb olunur ki, müxtəlif şəkilləri işarələsin, hekayələr dinləyib oyun tipli tapşırıqları yerinə yetirsinlər;

         - Tədqiqat 5 yaşlı uşaqların öyrənməsinə evdə və ya uşaq bağçasında təsir edən öyrənmə mühitlərini araşdırır;

         - Bu yeni innovativ tədqiqat təhsil sistemlərinin beynəlxalq müqayisəsində mühüm boşluqları doldurur və ölkələrə erkən təhsilin əhəmiyyəti, uşaqların ibtidai məktəbə necə hazırlanmalı olduğunu daha yaxşı anlamağa kömək edir;

         - IELS ölkələrə uşaqların erkən öyrənmə təcrübələrini təhlil etməyə və təkmilləşdirməyə imkan verən etibarlı məlumatları təmin etmək məqsədi daşıyan innovativ tədqiqatdır;

         - IELS müəllim və tərbiyəçilərə, təhsil siyasətçilərinə və valideynlərə ibtidai məktəbin başlanğıcında uşaqların bacarıq və səriştələrini və onların digər ölkələrdəki 5 yaşlı uşaqların bacarıq profilləri ilə müqayisəsini daha yaxşı başa düşmək imkanı verir;

         - IELS tədqiqatının məqsədi uşaqların inkişafı və rifahını daha yaxşı dəstəkləmək üçün erkən öyrənmə və əsas bacarıqları haqqında ətraflı məlumat toplayaraq təhlil etməkdir.

IELS tədqiqatının sual nümunələri:

Şəkil 1. SUALIN SƏSLƏNDİRİLMƏSİ: Tısbağa Rubi qəmgin idi. Dovşan uzaq sahələrə qaçıb. Quş göydə hündürə uçub. Onların özlərinə uyğun əyləncəli anları olsa da, Rubi yalnız yavaş-yavaş gəzə bilirdi. Necə də darıxdırıcıdır!

SUAL: Dovşan və quş uzağa gedəndə Rubi özünü necə hiss etdi?
 

Şəkil 2. SUALIN SƏSLƏNDİRİLMƏSİ: Daha sonra Rubi bir neçə xırda sarı ləkəni görüb araşdırma aparmağa getdi. Yarpaqlı kolun arxasında iri qızıl güllər var idi. Yum yum! Ləziz! Birdən Rubi yuxarı baxıb bir tülkü gördü. Xoşbəxtlikdən, o, təhlükə keçənə qədər çanaqlarında sağ-salamat gizlənə bildi.     

SUAL: Rubini tülküdən qoruyan nə idi?
 

Qiymətləndirmədə iştirak

IELS ölkələr üçün uşaqların inkişafını qiymətləndirmək və təkmilləşdirmək, təkmilləşdirmələrin harada və necə həyata keçirilə biləcəyi barədə məlumat təqdim etmək və ölkələrə bir-birindən öyrənmək imkanı verən bir vasitə kimi vurğulanır.

IELS müxtəlif uşaq qruplarının, o cümlədən oğlanlar və qızlar, müxtəlif sosial-iqtisadi mənşəli ailələr və miqrant qrupların vəziyyətini, uşaqların nəticələri arasındakı fərqi, onların öyrənmə və inkişafına hansı amillərin mənfi və müsbət təsir göstərdiyini qiymətləndirir.

Bu tədqiqatın əsas hədəf qrupu beş yaşlı uşaqlardır. Tədqiqatda birinci mərhələdə təsadüfi qaydada məktəblərin seçimi, ikinci mərhələdə yaş tələblərinə cavab verən uşaqların təsadüfi seçimini əhatə edən iki mərhələli təsadüfi seçmə metodundan istifadə olunub. Seçim nəticəsində pilot mərhələdə 2018-ci ildə 7000-ə yaxın uşaq iştirak edib. Təhsilin mərhələləri ölkələr arasında, hətta bəzən ölkə daxilində dəyişə bildiyi üçün qiymətləndirmələr təhsilin müəyyən mərhələsində deyil, ümumi 5 yaşında olan uşaqlar arasında aparılıb.

Bu tədqiqatda uşaqların öyrənmə və inkişafı oyuna əsaslanan birbaşa qiymətləndirmə, valideyn və müəllim sorğularının toplanması ilə qiymətləndirilir. Birbaşa qiymətləndirmə zamanı planşetlərdən istifadə etməklə, hər biri 15 dəqiqə olan iki gündə iki fəaliyyət keçirilib. Burada adları və fiziki xüsusiyyətləri hər bir ölkənin kontekstinə uyğunlaşdırılmış olan iki baş qəhrəmanın olduğu cizgi qəhrəmanlar uşaqlara rəhbərlik edirdi. Birbaşa qiymətləndirmə zamanı oxu və yazıdan deyil, yalnız vizual və audio materiallardan istifadə edilib. Qeyd edək ki, uşaqlara verilən suallar əsasən, müxtəlif fiqurlar və əyləncəli şəkillərdən təşkil olunur.

Valideyn və müəllim sorğularında uşaqların idrak, davranış və sosial-emosional bacarıqları ilə bağlı məlumatlar alınıb. Həmçinin burada valideynlər ailənin demoqrafik tərkibi, uşağın evdəki təhsil mühiti ilə əlaqədar məlumatlar da təqdim edib.  Sorğu zamanı valideyn və müəllimlər “heç vaxt”, “nadir hallarda”, “bəzən”, “tez-tez” və ya “həmişə” kimi cavab variantlarından istifadə edərək uşaqların erkən öyrənmə təcrübələrini bölüşüblər.  

Rəqəmsal savadlılıq və texnoloji hazırlıq

Rəqəmsal savadlılıq və texnoloji hazırlıq bu tədqiqatın mühüm aspektləridir, çünki onlar uşaqların erkən öyrənmə təcrübələrinin və nəticələrinin formalaşmasında mühüm rol oynayır. Rəqəmsal savadlılıq informasiya əldə etmək, qiymətləndirmək, yaratmaq və məlumatı çatdırmaq üçün rəqəmsal texnologiyalardan, o cümlədən kompüterlər, planşetlər, smartfonlar və internetdən səmərəli istifadə etmək bacarığıdır.

IELS tədqiqatı kontekstində rəqəmsal savadlılıq və texnoloji hazırlıq uşaqların ümumi inkişafına və rifahına təsir edən mühüm amillərdir. Tədqiqatçılar bu aspektləri uşaqların rəqəmsal alətlərdən və resurslardan istifadə bacarıqlarını qiymətləndirmək, erkən uşaqlıq dövründə rəqəmsal öyrənmə mühitlərinin mövcudluğunu və keyfiyyətini qiymətləndirmək və müsbət təlim nəticələrinin, sosial-emosional inkişafın təşviqində texnologiyanın rolunu araşdırmaq yolu ilə tədqiq edə bilərlər.

IELS tədqiqatının iştirakçısı olan ölkələrdə isə rəqəmsal cihazların uşaqlar üzrə istifadə nisbəti daha çox ABŞ-də, daha az isə Estoniyada müşahidə olunub.

IELS ölçmə sahələri üzrə tədqiqat nəticələri

Sosial-emosional bacarıqları. Uşaqların sosial-emosional bacarıqları onların ümumi rifahında, inkişafında həlledici rol oynayır və məktəbdə, həmçinin ondan kənarda müvəffəqiyyət üçün əhəmiyyətli dərəcədə təsir göstərir.

Tədqiqat müxtəlif ölkələrdən, müxtəlif mənşəli uşaq qrupları arasında sosial-emosional bacarıqlardakı fərqləri görməyə imkan verir. Buradakı nəticəyə əsasən, estoniyalı uşaqlar İngiltərə və ABŞ-dəkı uşaqlarla müqayisədə başqalarının emosiyalarını müəyyən etməkdə daha çox dəqiqlik və yüksək sosial davranış səviyyəsi nümayiş etdiriblər. Bundan başqa, qızların ardıcıl olaraq bütün ölçmələrdə oğlanlara nisbətən daha çox inkişaf etmiş sosial-emosional bacarıqlar nümayiş etdirdiyi müşahidə olunub. 

İmkanlı ailələrdən olan uşaqlar digər həmyaşıdları ilə müqayisədə daha yüksək sosial-emosional nəticələr nümayiş etdirib ki, bu da ailələrin sosial-iqtisadi vəziyyətinin uşağın erkən inkişafı ilə bağlı olduğunu göstərir. İmmiqrant mənşəli, fərqli ana dilində danışanların sosial davranış və inam səviyyəsinin isə aşağı olduğu ortaya çıxıb.

Özünütənzimləmə bacarıqları. Bu sahə üzrə üç aspekt əsasında qiymətləndirmə aparılıb: inhibisiya (inhibition), zehni çeviklik (mental flexibility) və aktiv yaddaş (working memory). Estoniyalı uşaqlar hər üç aspektdə daha yaxşı nəticə göstərib və qızlar oğlanları bütün sahələrdə üstələyib. Digər iki ölkədə isə estoniyalılarla müqayisədə inhibisiya aspekti üzrə ingilislərə çata bilməsə də, amerikalıların nəticələri buna daha yaxın olub. Qalan iki aspekt üzrə isə ABŞ hər iki ölkədən aşağı nəticə göstərib. İngiltərə isə yalnız zehni çeviklikdə hər iki ölkəni üstələyib.

İlkin savadlılıq və ilkin hesablama bacarıqları. Bu göstəricilər üzrə digərlərindən fərqli olaraq İngiltərədən olan 5 yaşlı uşaqlar hər iki göstərici üzrə ilk sırada yer alıblar. ABŞ ən aşağı balları topladığı halda Estoniya isə ilkin savadlılıq üzrə İngiltərəyə yaxınlaşsa belə, ilkin hesablama üzrə İngiltərədən aşağı, lakin ABŞ-dən yüksək nəticə əldə edib.

Yekun olaraq belə qənaətə gələ bilərik ki, məktəbəqədər dövrün inkişafına sərmayə qoymaq təkcə uşaqlara deyil, hər kəsə fayda verir. IELS ölkələrə məktəbəqədər təhsilin təkmilləşdirilməsində bir-birlərinin uğurlarından və çətinliklərindən öyrənməyə imkan verir, nəticədə bütün uşaqlar üçün effektivliyi və bərabərliyi artırır. Bir-birinin təcrübələrindən öyrənmək dünyanın hər bir yerində uşaqlar üçün daha yaxşı nəticələrə gətirib çıxara bilər.

IELS tədqiqat nəticələri uşaqların informasiya cəmiyyətinə hazırlığının yalnız təhsil sahəsində deyil, həm də sosial və psixoloji cəhətdən də əhəmiyyətli olduğunu göstərir. Bunun üçün də məktəbəqədər yaşlı uşaqların rəqəmsal bacarıqlarının və sosial-emosional inkişafının artırılması məqsədilə təhsil sistemlərinin bu bacarıqların inkişafı üçün daha effektiv tədbirlər görməsi vacibdir. Bundan başqa, texnologiya uşaqların öyrənmələri və dünyalarına  anlam vermələri üçün alternativ yollar təqdim edə bilən bir vasitədir, lakin o, heç vaxt konkret materialların və manipulyasiyaların istifadəsini əvəz etməməlidir.

Uşaqlara uşaq bağçasının təqdim etdiyi bütün ənənəvi təcrübələrlə birlikdə kitabdan istifadə etməyə, qələm və karandaşlardan yararlanaraq kağız üzərində rəsm çəkməyə icazə verilməlidir. Uşaqları nə müasir texnologiyadan tam məhrum etmək, nə də onları tamamilə yeni texnologiyalarla baş-başa buraxmaq lazımdır.

İnformasiya cəmiyyətinə uşaqların daha sağlam və savadlı hazırlanması üçün texnologiyadan balanslı istifadə mühüm şərtdir.

Xəbər lenti

21 noyabr, 12:12
4

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
12

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
37

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
32

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
13

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
29

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
25

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
10

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
13

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
19

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
18

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
15

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
22

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
19

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

20 noyabr, 22:26
27

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

20 noyabr, 22:18
22

Nazir: Hər il 500 nəfərədək gəncin xaricdə ali təhsil alması təmin olunacaq

20 noyabr, 22:01
24

Gələn tədris ilindən SABAH proqramının əhatə dairəsi genişləndiriləcək

20 noyabr, 21:49
38

Növbəti ildə “Məktəblinin dostu” layihəsinə 7 milyon manat ayrılacaq

20 noyabr, 21:47
42

Adambaşına maliyyələşmə sisteminə keçən peşə məktəblərinin sayı artırılacaq

20 noyabr, 21:41
63

Növbəti il daha 750 metodist işə cəlb olunacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.