Şəhəri kəndə dəyişən müəllim
Oğuz türklərinin kompakt məskunlaşdığı Bist kəndi Ordubad rayonunun ən ucqar və səfalı dağ kəndlərindən biridir. Bu kənd muxtar respublikada yetişdirdiyi dəyərli ziyalıları ilə tanınır. Kənd balaca olsa da, burada dövlətimiz tərəfindən bütün infrastruktur qurulub. Kənddəki orta məktəb bir neçə il əvvəl yenidən qurulub və əhalinin istifadəsinə verilib. Biz bu kənddə olduq, orta məktəbin müəllim və şagirdləri ilə görüşdük. Əslində məqsədimiz uzun müddət bu kəndin orta məktəbində ingilis dili müəllimi işləyən Qönçə müəllimlə görüşmək, onunla həmsöhbət olmaq idi. Biz məktəbə gələndə Qönçə xanım dərsdə idi. Dərsə ara verməsin deyə bir neçə dəqiqə gözlədik və bu əsnada Zəngəzur dağlarının bu kəndin payına düşən mənzərələrindən bir neçə foto da çəkdik. Dərs bitəndən sonra isə Qönçə xanımla həmsöhbət olduq.
“Azərbaycan müəllimi” həmin söhbəti təqdim edir.
- Qönçə xanım zəhmət olmasa, özünüz haqda oxucularımıza məlumat verərdiniz...
- Mən Abduləliyeva Qönçə Zakir qızı Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt şəhərində I sinfə getmişəm. Orta məktəbi 2009-cu ildə Qobustan rayonunun Cəmcəmli kəndində bitirmişəm. 2014-cü ildə “İngilis dili müəllimliyi” ixtisası üzrə Naxçıvan Dövlət Universitetinə qəbul olmuşam. Mənim o zamankı uğurlarımdan biri də 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Nazirliyinin və “Huawei” şirkətinin birgə lahiyəsi olan "Seeds for the future" layihəsi ilə Çinə göndərilməyim oldu. 2019-cu ildə həmin universiteti bitirib, “İngilis dilinin metodologiyası və metodikası” ixtisası üzrə magistr təhsili aldım. Magistr dərəcəsini isə 2021-ci ildə qırmızı diplomla bitirdim.
- Bəs necə oldu ki, pedaqoji fəaliyyət göstərmək üçün ucqar dağ kəndini seçdiniz?
- Tələbə olduğum müddətdə bir çox kurslarda iştirak etmişəm. Beynəlxalq dil sertifikatım var. Bu kəndi seçməyim isə 2021-ci ildə magistraturanı bitirib, MİQ-də iştirak etməyim və uğur qazanandan sonra verilən təyinat oldu. Elə həmin ildən Ordubad rayonunun Bist kəndində ingilis dili müəllimi işləyirəm. İmtahandan uğurla çıxanda sevincimin hədd-hüdudu yox idi. Arzum müəllim olmaq idi, ona da çatmışdım. Doğrudur, dağ kəndlərinin birində ilk müəllimlik fəaliyyətinə başlamağın özünəməxsus çətinlikləri olsa da, mən bütün çətinlikləri əvvəlcədən gözə almışdım. Mən əmin idim ki, illər boyu arzusunda olduğum bu peşədə nə qədər çətinliklər olsa da, öhdəsindən gələ biləcəyəm.
- Qeyd etdiniz ki, naxçıvanlı deyilsiniz. Doğmalarınızdan uzaq yaşamağa necə qərar verdiniz?
- Düşünmədən cavab verim ki, Naxçıvanda tələbəlik illərimdə buranın insanlarının qonaqpərvərliyi, səmimiyyəti mənim çox xoşuma gəldi. Buranın əhalisi qayğıkeş və mehribandır. Oxuduğum, təhsil aldığım müddətdə çoxlu dost qazandım. Mənə o qədər doğmalaşdı ki, burada qalmağa və işləməyə qərar verdim. Bu gün verdiyim qərardan heç də peşman deyiləm. Burada işləməyimin başqa bir səbəbi də odur ki, mən insanlara göstərmək istədim ki, bu Vətən kəndi, şəhəri ilə bizimdir. Vətəni kəndə, şəhərə ayırmaq olmaz və kənddə böyüyən uşaqların da dil öyrənmək hüquqları var.
- Ritorik sual olsa da maraqlıdır, ilk dəfə sinif otağına girəndə hansı hissləri keçiribsiniz?
- Müəllimlik uşaqlıq arzum olub və bu peşəni seçməkdə anamın da rolu az olmayıb. Müəllimin də müəllimi var - deyirlər. Bəli, bu səviyyəyə gəlməyimdə müəllimlərimin də əziyyəti danılmazdır. Müəllimlərimin səmimiyyəti, nədəsə çətinlik çəkdikdə səbirlə təkrar-təkrar izah etmələri pedaqoq olmamda çox böyük rol oynayıb. Dərs dediyim uşaqlarla ingilis dilində dialoq quranda, onların səslərindəki sevinci hiss edəndə bu peşəni seçdiyimə görə fəxarət hissi keçirirəm. Uşaqların dərsdə tapşırıq edərkən özlərinin xırda uğurları zamanı necə sevinc hissi keçirdiklərini, sınaqlarda, imtahanlarda hər dəfə daha yaxşı nəticə göstərdiklərini görmək məni çox sevindirir. Bir sözlə, Ulu Öndərimiz Heydər Əliyev demişkən, müəllimlik şərəfli peşədir. Axı həm də bütün peşələrin mütləq bir müəllimi, bir ustadı var…
- İndi verəcəyim sual ənənəvidir. Amma gənc bir müəllimdən bu sualın cavabını eşitmək istər-istəməz maraqlı olar. Sizcə, əsl müəllim necə olmalıdır?
- Mənə görə əsl müəllim şagirdlərinə uğura aparan yolları göstərməyi bacarmalı, onların hər bir uğuruna, hətta kiçik sevinclərinə şərik olmalı, hərdən də həyatı başa salmalıdır.
- İndi isə gələk əsas məqama. Bu kəndə ilk dəfə gələndə kənd sakinləri sizi necə qarşıladı?
- Naxçıvan başdan-başa tarixdir. Yuxarıda qeyd etdiyim kimi, naxçıvanlılar çox qonaqpərvərdirlər. Doğrusu, bu kəndin insanlarının bu qədər səmimi olacaqlarını da gözləmirdim. Məni öz balaları kimi qəbul etdilər, heç vaxt qəriblik hissini yaşamadım. Bu kənd mənə o qədər doğmalaşıb ki, bir neçə gün uzaqlaşanda kənd sakinləri, şagirdlərim üçün darıxmağa başlayıram. Hər sahədə çətinliklər olur, elə bir sahə yoxdur ki, orada çətinlik olmasın. Bir çətinlik yaranan kimi dərhal iş yoldaşlarım, qohumlarım mənə kömək olurlar.
- Hər bir müəllimin öz dərs keçmək üslubu var. Dərslərinizdə hansı tədris metodlarından istifadə edirsiniz?
- Deyə bilərəm ki, şagirdlərimin mənə hörmətlə yanaşmaları, dərslərini həvəslə oxumaları ingilis dilini onlara asanlıqla öyrətməyimə xüsusi şərait yaradır. Bu səmimi ortamı, mehriban şəraiti təbii ki, mən özüm yaratmışam. Qeyd edim ki, orta məktəblərdə hər şagirdlə onun başa düşəcəyi dildə danışıb, ona doğru yol göstərmək vacib şərtdir. Sevgi olan yerdə yüksək nəticələr də mütləq olacaqdır… Mən bu gün bu sevgini qazandığım üçün və ən əsası da hər il şagirdlərimizin universitetlərə, kolleclərə qəbul olduqlarını görəndə, yüksək bal yığdıqlarını eşidəndə çox sevinirəm. Tələbə adı qazanan şagirdlərimlə fəxr edirəm…
Müəllimlik müqəddəs peşədir. Müəllimliyin sevincini yaşamış, müəllimlik peşəsinin böyüklüyünə inanan bir müəllim kimi müəllim olmaq istəyənlərə bu şərəfli peşə uğurlar arzulayıram.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)