Elm və təhsil naziri: 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb
“2003-2024-cü illər ərzində 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.
O bildirib ki, məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb:
“2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına yeni məktəblərin tikintisi və əsaslı təmiri işləri həyata keçirilib. 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 33 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb”.
Nazir əlavə edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə Şuşa şəhər 1 nömrəli, Xocalı şəhər 1 nömrəli, Xankəndi şəhər 4 nömrəli, Laçın rayonu Sus kənd məktəbi, Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbi olmaqla, ümumilikdə 5 məktəb istifadəyə verilib və fəaliyyətə başlayıb:
“Əvvəlki illərdə isə Füzuli şəhəri 1 nömrəli məktəb, Laçın şəhəri 2 nömrəli məktəb və Laçın rayonu Zabux kənd məktəbi, Talış kənd məktəbi və Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi istifadəyə verilib”.
O qeyd edib ki, həmçinin 50 yerlik Laçın rayonu Sus kənd körpələr evi-uşaq bağçası, 40 yerlik Xocalı rayonu 1 nömrəli körpələr evi-uşaq bağçası, 80 yerlik Xankəndi şəhər körpələr evi-uşaq bağçası olmaqla, 3 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)