.jpeg)
Ali təhsil üzrə yeni təhsil proqramlarının hazırlanmasında iştirak edən məktəblərdən biri də Azərbaycan Dövlət Aqrar Universitetidir. Bu məqsədlə ADAU-da İşçi qrupu yaradılıb.
“Azərbaycan müəllimi” bununla bağlı ADAU-nun Tədris şöbəsinin müdiri, İşçi qrupun üzvü Elay Zeynallı ilə həmsöhbət olub.
– ADAU-da yeni təhsil proqramlarının hazırlanması ilə bağlı hansı işlər görülüb?
– Elm və Təhsil Nazirliyinin qərarı ilə yeni təhsil proqramlarının hazırlanması məqsədilə universitetdə “Kənd təsərrüfatı ixtisaslar” qrupu üzrə İşçi qrup formalaşdırılıb. Bu qrupun həmsədrləri, üzvləri və alt işçi qruplar təsdiq edilib, proqramların müasir tələblərə və əmək bazarının ehtiyaclarına uyğun tərtibi üzrə əsas fəaliyyət istiqamətləri müəyyən edilib. Qeyd edim ki, qrupda ali təhsil müəssisələrinin professor-müəllim heyəti ilə yanaşı, elmi-tədqiqat institutları, dövlət qurumları, sahə üzrə əmək bazarında fərqlənən aparıcı təşkilat, ictimai birlik nümayəndələri iştirak edir.
.jpeg)
– Yeni təhsil proqramları, əsasən, hansı istiqamətlər üzrə nəzərdə tutulub?
– Əvvəlki təsnifatda öz əksini tapan bir çox təhsil proqramları üzrə ixtisaslaşmalarda əsaslı dəyişikliklər edilib, əmək bazarının hazırkı tələbləri və beynəlxalq təcrübəni əsas götürərək daha rəqabətqabiliyyətli kadr hazırlığı üçün ciddi dəyişikliklər edilib. Qeyd edim ki, bu mərhələ hələ davam etməkdədir. Yeni proqramlar kənd təsərrüfatının müxtəlif sahələrini əhatə etməklə 10 əsas ixtisas – “Aqronomluq”, “Bağçılıq və tərəvəzçilik”, “Balıqçılıq”, “Baytarlıq təbabəti”, “Bitki mühafizəsi”, “Heyvandarlıq elmləri”, “Meşəçilik”, “Torpaqşünaslıq və aqrokimya”, “Yer quruluşu və daşınmaz əmlakın kadastrı”, “Zoomühəndislik” üzrə nəzərdə tutulub. Bu ixtisaslardan “Bağçılıq və tərəvəzçilik”, “Bitki mühafizəsi”, “Heyvandarlıq elmləri”nin magistratura səviyyəsi üzrə təhsil proqramı ilk dəfə hazırlanır.
– Yeni proqramların əmək bazarının tələblərinə uyğunlaşması üçün hansı xüsusiyyətlərə diqqət yetirilir?
– Proqramların hazırlanmasında əmək bazarının cari və perspektiv tələbləri, elmi-tədqiqat institutlarının təklifləri və qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınır. Əmək bazarına uyğun ixtisaslaşmaların yaradılması, bakalavriat və doktorantura səviyyələri arasında əlaqəliliyin təmin edilməsi, praktiki bacarıqların gücləndirilməsi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, dayanıqlı inkişaf prinsipləri, təhsilalanların elmi-tədqiqat bacarıqlarının müasir dövrün tələblərinə uyğunlaşdırılması və ömür boyu öyrənmə əsas istiqamətlər kimi müəyyən edilib.
– Bakalavriat və magistratura səviyyəsi üzrə proqramların hazırlanmasında hansı ixtisaslar prioritet təşkil edir?
– Hazırlanan proqramlar, əsasən, magistratura səviyyəsi üzrədir. XXI əsrdə ərzaq təhlükəsizliyinin təmini olduqca ciddi məsələdir. Əsas istiqamətlərdən biri peşəkar və rəqabətqabiliyyətli kadr hazırlığının, eləcə də ömür boyu öyrənmə bacarıqları olan mütəxəssislərin yetişdirilməsidir. Bu baxımdan bütün ixtisasları prioritet hesab edirik. Çünki bu sahələr əmək bazarında yüksək tələbat olan istiqamətlərdir.

– Təhsil proqramlarının hazırlanmasında əmək bazarının nümayəndələrinin iştirakı necə təmin olunur?
– Bir az əvvəl qeyd etdiyim kimi, Elm və Təhsil Nazirliyinin qərarı ilə yaradılmış “Kənd təsərrüfatı ixtisaslar” qrupu üzrə İşçi Qrupu həmsədrlik prinsipi əsasında fəaliyyət göstərir. Həmsədrlərdən biri ali təhsil müəssisəsini, digəri isə əmək bazarını təmsil edir. Bizim qrupun həmsədri “AzersunHolding” MMC-nin Kənd təsərrüfatı üzrə baş direktoru Mohammad Gouzaldır. Bu da təhsil proqramının əmək bazarı nümayəndələrinin iştirakı ilə hazırlanmasını mümkün edir. Bundan əlavə, ixtisaslar üzrə operativ işi təmin etmək üçün İşçi qrup daxilində alt qruplar yaradılıb ki, burada sahə üzrə aparıcı müəssisə və təşkilatların nümayəndələri cəlb olunub. Kənd Təsərrüfatı Nazirliyi, elmi-tədqiqat institutları, “AzersunHolding”, Azərbaycan Quş əti və Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası, “Aqrar Tədarük və Təchizat” ASC və digər qurumların mütəxəssisləri də iştirak edir. Bu cür əməkdaşlıq proqramların real bazar ehtiyaclarına uyğunluğunu təmin edir.
– İxtisaslaşmaların tədrisi ilə bağlı konkret olaraq hansı dəyişikliklər nəzərdə tutulur?
– İxtisaslaşmalar çərçivəsində konkret alt istiqamətlər müəyyən olunub. Məsələn, “Aqronomluq” ixtisası üzrə resurs qoruyucu və ekoloji əkinçilik, texniki bitkilərin becərmə texnologiyası, taxıl və paxlalı bitkilərin becərmə texnologiyası, çəmən və yem bitkilərinin becərmə texnologiyası, “Baytarlıq təbabəti” ixtisası üzrə baytarlıq cərrahiyyəsi, baytarlıq epidemiologiyası, quşların xəstəlikləri və profilaktikası, heyvanların yoluxmayan daxili xəstəlikləri kimi müasir və innovativ sahələr tədrisə daxil edilib. Bu mərhələ üzrə də işlərimiz tam yekunlaşmayıb, bu sahə üzrə beynəlxalq təcrübənin öyərnilməsinə davam edirik. Çalışırıq ki, beynəlxalq trendləri tədrisə inteqrasiya edək.
.jpeg)
– Ali təhsil müəssisələri ilə əmək bazarının əməkdaşlığı necə inkişaf etdiriləcək və bu, təhsil proqramlarının effektivliyinə necə təsir göstərəcək?
– Universitetlərlə əmək bazarı subyektləri arasında daimi əməkdaşlıq mexanizmləri yaratmağa çalışırıq. İşçi qrup kontekstində müzakirələrin gələcəkdə davamlı fəaliyyətə keçməsi üçün birgə monitorinq mexanizmlərinin hazırlanması ilə bağlı müzakirələr davam edir. Gələcəkdə təcrübələrin təşkili, tədrisin məzmunun istehsalla əlaqələndirilməsi, elmi-tədqiqat sifarişlərinin qəbulu və məzunların məşğulluğunun təmin olunması bu əməkdaşlığın əsas istiqamətləri olacaq. Bu, proqramların daha funksional və nəticəyönümlü olmasına şərait yaradacaq.
– Bu təhsil proqramlarının hazırlanmasında ADAU-nun müəllim və mütəxəssislərin rolu nədir?
– ADAU-nun kafedra müdirləri, professor və dosent heyəti proqramların tərtibatında fəal iştirak edir. Onlar tədris proqramlarını və ixtisaslaşmları, əmək bazarı ilə müzakirələrdə ortaya çıxan məsələlərin elmi əsaslandırmasını və modulların məzmununu hazırlayaraq ekspertiza prosesində mühüm rol oynayırlar. Bu gün ADAU ölkənin yeganə aqrar yönümlü ali təhsil müəssisəsi kimi öz qarşısında qoyulmuş öhdəliyin məsuliyyətini dərk edir. Universitetin professor-müəllim heyətinin hər bir üzvü bu məsuliyyətli işin öhdəsindən layiqində gəlmək üçün çalışır.
– Yeni proqramların tətbiqi ilə ADAU tələbələrinə hansı karyera imkanları açılacaq?
– Yeni proqramlar tələbələrin müasir bilik və bacarıqlara yiyələnməsini təmin edəcək. Bu da onların kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühitin qorunması və digər sahələrdə yerli və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına şərait yaradacaq. Xüsusi ilə yeni ixtisaslaşmaların müəyyən olunması onların əmək bazarında yeni kompetensiyalarla rəqabət etməsinə imkan verəcək. Bu, yalnız sərt bacarıqlarla yox, həm də yumşaq bacarıqlarla mümkün olacaq. Digər tərəfdən, yeni proqramlar onların elmi-tədqiqat səriştələrinin yüksəldilməsini hədəfləyir ki, bununla da gələcəkdə elmi kadr hazırlığının keyfiyyətinin artmasına və ölkənin elmi potensialının daha da yaxşılaşdırılmasına təkan veriləcək.
.jpeg)
– Yeni proqramların tərtibi zamanı beynəlxalq təcrübələrdən hansı nümunələr öyrənilib?
– Proqramların hazırlanmasında Qərb ölkələrinin və qabaqcıl kənd təsərrüfatı universitetlərinin, beynəlxalq ikili diplom proqramı çərçivəsində birgə fəaliyyət göstərdiyimiz Türkiyənin Ege Universitetinin təhsil modelləri, ixtisaslaşdırma mexanizmləri öyrənilir. Çalışırıq ki, yeni məzmun elə formalaşsın ki, bu, həm də tələbənin beynəlxalq mübadilə proqramlarına iştirakına şərait yaratsın.
– Yeni təhsil proqramlarının hansı üstünlükləri olacaq?
– Qeyd edim ki, təhsil proqramları respublikanın bütün ali təhsil müəssisələri üçün keçərli olacaq. Burada universitetlər arasında mövcud olacaq yeganə fərq “seçmə fənlər bloku” dediyimiz hissədədir. Digər tərəfdən, universitetimizin sahəyə uyğun ixtisaslaşdırılmış kadr bazası, güclü elmi potensialı, maddi-texniki bazası, tədris-təcrübə təsərrüfatı məzunların əmək bazarına inteqrasiya imkanlarını artıra bilər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər