
Azerbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dayanıqlı inkişaf və sosial ədalət prinsiplərinə sadiqliyini nümayiş etdirərək, qlobal miqyasda nüfuzlu bir təşəbbüs olan “SDG Accord”a (Dayanıqlı İnkişaf Məqsədləri Razılaşması) rəsmi olaraq qoşulub.
Bu barədə “Azərbaycan müəllimi”nə ADNSU-dan məlumat verilib.
Universitet bununla BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) reallaşdırılmasında fəal iştirak etməyə, bu məqsədləri təhsil, tədqiqat və ictimai fəaliyyət istiqamətlərində tətbiq etməyə sadiq olduğunu bəyan edib.
“SDG Accord”-a qoşulmaqla ADNSU, 2030-cu ilə qədər daha davamlı və ədalətli bir dünya qurmaq üçün təhsil sektorunun daşıdığı mühüm rolu qəbul etdiyini və bu istiqamətdə konkret addımlar atmağa hazır olduğunu göstərib. Bu razılaşma ali təhsil müəssisələrinin öz fəaliyyətlərini DİM-lərə uyğun şəkildə formalaşdırmasını təşviq edir və iştirakçı qurumların hər il bu sahədə əldə etdikləri nəticələri beynəlxalq ictimaiyyətlə bölüşmələrini nəzərdə tutur. Həmin hesabatlar BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda təqdim olunur.
ADNSU rəhbərliyi bu təşəbbüs çərçivəsində universitet daxilində müəllim və tələbələrin maarifləndirilməsini, DİM-lərin tədris proqramlarına inteqrasiyasını və davamlı inkişaf prinsiplərinin universitetin strateji istiqamətlərindən birinə çevrilməsini qarşıya məqsəd qoyur. Eyni zamanda, universitet bu sahədə qazandığı təcrübələri beynəlxalq platformalarda paylaşmaq, əməkdaşlıqları genişləndirmək və yeni təşəbbüslərə imza atmaq niyyətindədir.
Qeyd edək ki, “SDG Accord” (The Sustainable Development Goals Accord), ali təhsil sektorunda fəaliyyət göstərən universitet və kollecləri bir araya gətirən beynəlxalq razılaşmadır. Bu təşəbbüsün əsas məqsədi BMT-nin 2030-cu ilə qədər müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədini təhsil sistemi vasitəsilə həyata keçirməkdir. Razılaşma ali təhsil müəssisələrinin yalnız öz fəaliyyətlərində deyil, həm də məzunların yetişdirilməsində davamlı inkişafı əsas prinsip kimi mənimsəməsini təşviq edir.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər