
Elm və Təhsil Nazirliyi (ETN) və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (open access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə ediblər.
Dünyanın elmi ictimaiyyəti üçün “Cambridge University Press” (CUP) sadəcə bir nəşriyyat deyil, həm də etibar, ənənə və yüksək akademik standartların simvoludur. Onun nəşr etdiyi jurnallar humanitar, sosial, təbiət, mühəndislik, iqtisadiyyat və idarəetmə sahələrində dünyanın aparıcı elmi bazalarında – “Scopus”, “Web of Science”, “Clarivate Analytics” kimi indekslərdə yer alır. Bu səbəbdən CUP jurnallarında məqalə dərc etdirmək akademik karyera üçün yüksək nüfuzlu nailiyyətdir. Bu proses müəllifin beynəlxalq elmi arenadakı mövqeyini gücləndirir, tədqiqatın keyfiyyətini təsdiqləyir və onun qlobal təsirini artırır.
Bəs doktorant və alimlər bu imkanlardan istifadə üçün hansı addımları atmalıdırlar? Məqalənin dərc prosesində qarşılaşa biləcək texniki və akademik çətinliklər nələrdir?
“Azərbaycan müəllimi” bu sualların cavabını araşdırıb.
“Məqalə jurnalların tələblərinə uyğun hazırlanmalıdır”
“Burada rəqabət son dərəcə yüksəkdir. Məqalənin qəbul olunması üçün onun orijinal, əsaslı və yüksək metodoloji keyfiyyətə malik olması vacibdir. Bu, uzun, amma çox öyrədici bir prosesdir,” – deyə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes, menecment və marketinq kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fərid Mehdiyev bildirir.

Onun sözlərinə görə, “Cambridge Press” jurnallarında məqalə dərc etmək yalnız şans məsələsi deyil, elmi strategiya və planlı fəaliyyət tələb edir. “Əvvəlcə elmi istiqaməti düzgün müəyyənləşdirmək və ona uyğun jurnal seçmək lazımdır. Tədqiqatın keyfiyyətli olması başlıca şərtdir. Məqalə jurnalların konkret tələblərinə uyğun hazırlanmalı, rəyçilərin iradlarına səbirlə və elmi əsaslandırılmış şəkildə cavab verilməlidir”, – deyə F.Mehdiyev vurğulayır.
Məqalə akademik ingilis dili səviyyəsində, aydın struktur və düzgün istinad formatı ilə yazılmalıdır. Bu mərhələlərə ciddi əməl edən tədqiqatçı dərc olunma şansını artırır və akademik karyerasında yeni mərhələyə qədəm qoyur. “Bu, sadəcə nəşr prosesi deyil. Elm adamı üçün həm inkişaf, həm də beynəlxalq akademik inteqrasiya yoludur”, – deyir Fərid müəllim.
Texniki sınaqlar: elmi keyfiyyət qədər vacib mərhələ
İqtisad elmləri üzrə fəlsəfə doktoru deyir ki, yüksək standartlı jurnallar üçün məqalə yazmaq yalnız elmi məzmun deyil, texniki dəqiqlik də tələb edir. Yazı mərhələsində və təqdimat prosesində ən çox rast gəlinən çətinlikləri isə “jurnal tələblərinə düzgün əməl etməmək”, “struktur fərqləri”, “istinad və ədəbiyyat siyahısında uyğunsuzluqlar” olaraq üç qrupa bölür:
“Terminologiyanın ardıcıllığına, cümlə quruluşuna, metodologiyanın elmi əsaslarına diqqət yetirmək çox vacibdir. Plagiat yoxlamasından keçmək, istinadları düzgün göstərmək, saxtalaşdırmadan uzaq durmaq elmi etikanın təməlidir”.
“Nəyi yazmaq qədər necə yazmaq da vacibdir”
Tədqiqatçılar yalnız texniki deyil, akademik məzmunla bağlı problemlərlə də üzləşə bilirlər. Müsahibimiz bildirir ki, mövzu seçiminin elmi yenilik daşımaması, metodoloji zəiflik və nəzəri əsaslandırmanın qeyri-kafiliyi, rəy prosesinə səthi münasibət, ədəbiyyat icmalında məhdud yanaşma, nəticələrin qeyri-dəqiq və ya bəsit təqdimat sıx rast gəlinən hallardır. “Bu problemləri aşmaq yalnız yazmaqla deyil, tədqiqatı tənqidi şəkildə qiymətləndirmək və onu ən yüksək elmi standartlara çatdırmaqla mümkündür,” – deyə F.Mehdiyev qeyd edir.
Beynəlxalq bazalarda indekslənən jurnallar elmi keyfiyyətlə yanaşı, etik və inzibati şəffaflığa da xüsusi önəm verir.
Təbii ki, beynəlxalq jurnallarda dərc olunan məqalə gənc alimin karyerasının inkişafında həlledici rol oynayır. Hər bir nəşr elmi reputasiyanın artması və yeni imkanların açılması deməkdir.
Fərid Mehdiyev bu prosesin gənc alimdə özünəinamın möhkəmlənməsi baxımından böyük dəyər daşıdığını, maliyyə və qrant imkanları yaratdığını, peşəkar əlaqələrin genişləndirdiyini vurğulayır. Bu yolla doktorant və ya alim öz akademik “brend”ini formalaşdırır, tanınan və etibarlı bir fiqura çevrilir.
“Beynəlxalq jurnallarda məqalə dərc etmək istənilən tədqiqatçının məqsədi olmalıdır”
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktorantı və müəllimi Kənan Novruzov bildirir ki, beynəlxalq jurnallarda məqalə dərc etmək istənilən tədqiqatçının məqsədi olmalıdır: “Bu, asan məsələ deyil. Hər bir jurnalın tələbi fərqlidir, formatları müxtəlifdir. Amma elmi axtarış elə budur. Gərək daim öz üzərində işləyəsən. Elm yarışdır – əsas məsələ kimin vaxtında və mümkün qədər tezz finiş xəttinə çatmasındadır”.

Onun sözlərinə görə, əgər xarici jurnal üçün xarici dildə elmi məqalə yazırsansa, deməli, tədqiqatçısan və alim ola bilərsən: “Təsadüfi deyil ki, təhsil müəssisələri də bununla bağlı doktorantlar qarşısında müəyyən öhdəlik qoyurlar”.
K.Novruzov əlavə edir ki, təcrübəli müəllimlərin dəstəyi və elmi mühit bu yolda vacibdir: “Mən hazırda mövzum üzərində işləyirəm. Mövzu seçimi ilə bağlı hansısa problem olmayıb. Əksinə, dəstək hiss etmişəm. Doktorantı olduğum BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri Xatirə Hüseynova, elmi rəhbərim professor Cahangir Məmmədli və digər müəllimlərim əllərindən gələn dəstəyi göstərib, istiqamət veriblər. İndi də dəstək olurlar. Bəlkə də, onların dəstəyi olmasa idi, daha çətin olardı”.
“Beynəlxalq elmi platformalarda çıxış etmək gələcək əməkdaşlıqlar üçün yeni qapılar açır”
Müsahibimiz beynəlxalq elmi platformalarda çıxış etməyin yalnız elmi nailiyyət olmadığını, həm də gələcək əməkdaşlıqlar üçün yeni qapılar açdığını bildirir: “Jurnallar, xüsusilə nüfuzlu olanlar tanınan alimlərin məqalələrini dərc etməyə üstünlük verir. Əgər sən özünü göstərmisənsə, bir gün elə olur ki, artıq sən onlara yox, onlar sənə müraciət edir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər