OECD ölkələrində müəllimlərin 85 faizi öz işindən məmnundur - Hesabat

30 Sentyabr, 2026 - 13:52
OECD ölkələrində müəllimlərin 85 faizi öz işindən məmnundur

“Təhsil sistemləri əmək haqqı və iş şəraiti vasitəsilə tədrisi daha cəlbedici edə bilər, lakin digər aspektlər də vacibdir. Şagirdlər, valideynlər və məktəb rəhbərləri ilə münasibətlər, məktəb mühiti, peşəkar muxtariyyət və ictimai tanınma müəllimlərin iş məmnuniyyətini formalaşdırır”. 

 “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) növbəti illik “Bir baxışda təhsil” (Education at a Glance 2026) hesabatında qeyd olunur. 

 OECD ölkələrində müəllimlərin 85 faizi öz işindən məmnun olduğunu bildirir. Bununla belə, onların yalnız 22 faizi müəllimlik peşəsinin cəmiyyət tərəfindən layiqincə qiymətləndirildiyini düşünür.  

  OECD qeyd edir ki, bu rəqəmlər maraqlı bir paradoksu ortaya qoyur: müəllimlərin böyük əksəriyyəti seçdiyi peşədən razıdır, lakin onların əhəmiyyətli hissəsi cəmiyyətin bu peşəyə kifayət qədər dəyər vermədiyini düşünür. Ölkələr arasında fərqlər əhəmiyyətlidir. Vakansiyaların az olduğu Yaponiyada müəllimlərin öz işlərindən məmnun olma səviyyəsi digər peşələrdə çalışanlarla müqayisədə 20 faiz daha yüksəkdir. Ən yüksək vakansiya nisbətinə malik Çilidə müəllimlərin məmnun olma ehtimalı 21 faiz azdır. 

 Hesabata görə, dəstəkləyici məktəb rəhbərliyi, müsbət iş münasibətləri, karyera inkişafı imkanları və müəllim əməyinin cəmiyyətdə qiymətləndirilməsi də peşənin cəlbediciliyini müəyyən edən mühüm amillərdir. 

Müəllim peşəsinin cəlbediciliyindən danışarkən, ilk növbədə, əməkhaqqı yada düşür. OECD rəqabətqabiliyyətli əməkhaqqının və idarəolunan iş yükünün müəllim peşəsinin cəlbediciliyinə ciddi təsir göstərdiyini qeyd edir.

OECD ölkələrində müəllimlərin 85 faizi öz işindən məmnundur