Dünya müəllim çatışmazlığı ilə üzləşib – Hesabat
“Müəllim çatışmazlığı qlobal təhsil gündəminin əsas problemlərindən birinə çevrilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) növbəti illik “Bir baxışda təhsil” (Education at a Glance 2026) hesabatında qeyd olunur.
Bildirilir ki, müəllim çatışmazlığı OECD-nin əksər təhsil sistemlərinə müxtəlif səviyyələrdə təsir göstərir. Məsələn, Latviya və Lüksemburqda 2024/2025-ci tədris ilinin əvvəlində orta təhsil müəssisələrində bütün müəllim vəzifələrinin təxminən 4 faizi vakant qalmışdı. Digər ölkələrin əksəriyyətində isə bu göstərici 3 faizdən aşağı olub.
Lakin vakant yerlərin sayı müəllim çatışmazlığının yeganə göstəricisi deyil. Təhsil sistemləri kadr ehtiyacını qarşılamaq üçün tam milli ixtisas tələblərinə cavab verməyən şəxsləri də müəllim kimi işə cəlb edirlər. 2024/2025-ci tədris ilində OECD ölkələrində ibtidai və orta təhsil müəllimlərinin orta hesabla 9,1 faizi tam ixtisaslı hesab olunmayıb.
Problem həm də ərazi və fənlər üzrə qeyri-bərabər paylanır. Kənd və ucqar ərazilərdə, eləcə də sosial baxımdan əlverişsiz icmalarda müəllim tapmaq daha çətindir. Fənlər üzrə, xüsusilə riyaziyyat və təbiət elmləri istiqamətində çatışmazlıq daha qabarıqdır. Bunun əsas səbəblərindən biri təhsil sistemlərinin yüksəkixtisaslı mütəxəssislər uğrunda digər sektorlarla rəqabət aparmasıdır. Müəllim çatışmazlığını daha da kəskinləşdirən amillərdən biri isə müəllim heyətinin yaşlanmasıdır. OECD ölkələrində orta təhsil müəllimlərinin təxminən 25 faizi 55 və ya daha yuxarı yaşdadır. Bu isə qarşıdakı illərdə əhəmiyyətli sayda müəllimin təqaüdə çıxacağı və onların əvəzlənməsinə ehtiyac yaranacağı deməkdir.
Qeyd edək ki, OECD-nin 2026-cı il buraxılışında əsas diqqət müəllim çatışmazlığına yönəldilib. Hesabatda problemin müxtəlif ölkələrdə hansı miqyasda özünü göstərdiyi, əmək bazarındakı daha geniş proseslərlə əlaqəsi və təhsil sistemlərinin mövcud vəziyyətə necə uyğunlaşa biləcəyi araşdırılır.




