ABŞ-yə təhsil almağa gələnlər azalır, xaricə oxumağa gedənlər artır - Hesabat

17 Noyabr, 2026 - 13:42
ABŞ-yə təhsil almağa gələnlər azalır, xaricə oxumağa gedənlər artır

Ötən tədris ilində ABŞ-nin ali təhsil müəssisələrində 1.146.163 əcnəbi tələbə təhsil alıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə ABŞ-də beynəlxalq təhsil mübadiləsi sahəsində ən mühüm göstərici hesab edilən və hər il dərc olunan “Open Doors® 2026” Beynəlxalq Təhsil Mübadiləsi Hesabatında bildirilir. 

Hesabat həmçinin akademik kredit qazanmaq məqsədilə xaricdə təhsil alan ABŞ tələbələrinin sayının 300 mini ötdüyünü göstərib. Bu, amerikalıların beynəlxalq təhsil proqramlarında iştirakının davamlı şəkildə artdığını nümayiş etdirir. Artıq 75 ildən çoxdur ki, hər il dərc olunan “Open Doors” hesabatı beynəlxalq ali təhsil sahəsində etibarlı informasiya mənbəyi kimi çıxış edir, qlobal təhsil mübadiləsinin daha dərindən anlaşılmasına töhfə verir.

ABŞ beynəlxalq tələbələr üçün dünyada ən çox seçilən ölkə olaraq qalır. ABŞ Ticarət Nazirliyinin məlumatına görə, 2025-ci ildə beynəlxalq tələbələr ölkə iqtisadiyyatına təxminən 56 milyard dollar töhfə veriblər. Bu göstərici beynəlxalq təhsil mübadiləsinin Amerika kollec və universitetlərinin fəaliyyətinin dəstəklənməsi, yerli icmaların gücləndirilməsi və ölkənin rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətini bir daha təsdiqləyir.

Beynəlxalq Təhsil İnstitutunun (Institute of International Education – IIE) prezidenti və baş icraçı direktoru Ceyson Çiz (Jason Czyz) bildirib: “2026-cı il üzrə “Open Doors” məlumatları beynəlxalq təhsilin ABŞ üçün davamlı əhəmiyyətini bir daha təsdiqləyir. Qlobal əlaqələrə investisiya yatırmaqla ABŞ-nin kollec və universitetləri amerikalı və beynəlxalq tələbələrə uzunmüddətli elmi tədqiqat və iqtisadi əməkdaşlığa təkan verən əlaqələr qurmaq imkanı yaradır. Bu təcrübələr ABŞ-nin ali təhsil müəssisələrini gücləndirir və tələbələrin universitetdə təhsil müddətindən kənara çıxan münasibətlərin formalaşmasına şərait yaradır”.

Beynəlxalq tələbələrin ümumi sayı 3 faiz azalıb

ABŞ-də beynəlxalq tələbələrin ən böyük qrupunu magistratura və doktorantura səviyyələrində təhsil alanlar təşkil edib. Onların ümumi sayı 423 078 nəfər olub. 

Magistratura və doktorantura pillələrində təhsil alan beynəlxalq tələbələrin sayında 13 faizlik azalma, əsasən, magistratura proqramlarını seçən tələbələrin sayının azalması ilə bağlıdır. Belə ki, magistratura səviyyəsində tələbələrin sayı 22 faiz azalıb. Doktorantura tələbələrinin ümumi sayı isə 3 faiz artıb. 

Bakalavriat səviyyəsində təhsil alanların sayı, demək olar ki, sabit qalıb və 356 165 nəfər təşkil edib. Bu göstəricidə cüzi – 0,3 faizlik azalma qeydə alınıb. ABŞ-nin kollec və ya universitetində ilk dəfə təhsil almağa başlayan yeni beynəlxalq tələbələrin sayı isə 18 faiz azalaraq 228 123 nəfərə düşüb. 

“Optional Practical Training” (OPT – Fakültativ Praktiki Təlim) proqramında iştirak edən tələbələrin sayı 14 faiz artaraq 335 785 nəfərə çatıb. Bu artım son illərdə ABŞ-də təhsil alan beynəlxalq magistratura və doktorantura tələbələrinin sayının əhəmiyyətli dərəcədə çoxalması ilə əlaqələndirilir.
 
OPT proqramında iştirak edən beynəlxalq məzunların 58 faizi təhsili başa vurduqdan sonrakı ilk praktiki hazırlıq ilində, 42 faizi isə elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələri üzrə müvafiq ixtisasları bitirən məzunlar üçün nəzərdə tutulan STEM OPT uzadılması çərçivəsində fəaliyyət göstərib. 

Beynəlxalq tələbələrin əksəriyyəti (57 faiz) STEM istiqamətləri üzrə təhsil alıb. Ən çox seçilən ixtisas sahələri riyaziyyat və kompüter elmləri (286 168 tələbə), eləcə də mühəndislik (214 193 tələbə) olub. Beynəlxalq tələbələr ABŞ-ın ali təhsil sistemində təhsil alanların ümumi sayının 6 faizini təşkil edib. Onların əksəriyyəti dövlət ali təhsil müəssisələrində təhsil alıb (59 faiz).

9 ölkədən ABŞ-yə tələbə axınında ciddi artım qeydə alınıb

Beynəlxalq tələbələr dünyanın 200-dən çox ölkə və ərazisindən ABŞ-yə gəliblər. Bir sıra ölkələrdən ABŞ-yə tələbə axını yüksək səviyyədə davam edib. 2025/2026-cı tədris ilində beynəlxalq tələbə göndərən ilk 25 ölkədən doqquzunda bu göstərici indiyədək qeydə alınmış ən yüksək səviyyəyə çatıb. Həmin ölkələr Banqladeş, Kanada, Kolumbiya, Qana, İtaliya, Nepal, Pakistan, Peru və Vyetnamdır. Hindistan ardıcıl üçüncü ildir ki, ABŞ-yə ən çox beynəlxalq tələbə göndərən ölkə mövqeyini qoruyub. Bununla belə, hindistanlı tələbələrin sayı 6 faiz azalaraq 339 435 nəfər olub. Onların əksəriyyəti magistratura və doktorantura (116 609 nəfər; əvvəlki illə müqayisədə 34 faiz azalma) və bakalavriat (39 711 nəfər; 1 faiz azalma) səviyyələrində təhsil alıb. OPT proqramında iştirak edən hindistanlı tələbələrin sayı isə 182 201 nəfər təşkil edib (27 faiz artım). 

Çindən gələn beynəlxalq tələbələrin sayı 4 faiz azalaraq 254 458 nəfərə düşüb. Çinli tələbələrin əksəriyyəti magistratura və doktorantura (114 043 nəfər; 5 faiz azalma) və bakalavriat (74 594 nəfər; 5 faiz azalma) səviyyələrində təhsil alıb. OPT proqramında iştirak edən çinli tələbələrin sayı isə 61 545 nəfər olub (1 faiz azalma).

Xaricə gedən ABŞ tələbələrinin sayı: göstərici 300 mini ötüb

“Open Doors 2026” hesabatında akademik kredit qazanmaq məqsədilə xaricdə təhsil alan ABŞ tələbələri ilə bağlı məlumatlar da yer alıb. Bu məlumatlar ölkədən xaricə tələbə mobilliyinin ümumi mənzərəsini və amerikalı tələbələrin üstünlük verdiyi təhsil istiqamətlərini əhatə edir. Qeyd edək ki, bu göstəricilər beynəlxalq tələbələrlə bağlı məlumatlardan bir il əvvəlki – 2024/2025-ci tədris ilinə aiddir.  2024/2025-ci tədris ilində 313 824 ABŞ tələbəsi akademik kredit qazanmaq məqsədilə xaricdə təhsil alıb. Bu, əvvəlki illə müqayisədə 5 faiz artım deməkdir. Xaricdə qısamüddətli təhsil proqramları ən populyar seçim olaraq qalıb. Tələbələrin 62 faizi yay aylarında (38 faiz) və ya tədris ili ərzində səkkiz həftə və daha az müddətdə (24 faiz) xaricdə təhsil almağa üstünlük verib. 

ABŞ tələbələrinin əksəriyyəti Avropada təhsil alıb (64 faiz). Ən çox seçilən ölkələr İtaliya (46 663 tələbə; 4 faiz artım), İspaniya (39 794 tələbə; 8 faiz artım) və Birləşmiş Krallıq (37 093 tələbə; 2 faiz artım) olub.

2024/2025-ci tədris ilində ABŞ tələbələrinin üstünlük verdiyi ilk 25 istiqamətdən doqquzunda xaricdə təhsil alanların sayı indiyədək qeydə alınmış ən yüksək səviyyəyə çatıb. Bunlar Danimarka, Yunanıstan, İtaliya, Yaponiya, Portuqaliya, Cənubi Koreya, İspaniya, İsveçrə və Tayvandır. 

“Open Doors”un qiymətləndirməsinə görə, bakalavriat tələbələrinin təxminən 10 faizi təhsil müddətinin müəyyən mərhələsində xaricdə təhsil proqramlarında iştirak edib. 

Beynəlxalq Təhsil İnstitutunun tədqiqat, qiymətləndirmə və öyrənmə üzrə rəhbəri, fəlsəfə doktoru Mirka Martel (Mirka Martel) bildirib: “2026-cı il üzrə “Open Doors” hesabatının nəticələri dəyişən akademik, iqtisadi və qlobal şəraitə uyğun olaraq ABŞ tələbələrinin xaricdə təhsil təcrübəsinin necə inkişaf etdiyini anlamaq üçün mühüm perspektiv təqdim edir. Beynəlxalq təcrübələr amerikalı tələbələrə mədəniyyətlərarası səriştələr və texniki bacarıqlar qazandırır. Bu bilik və bacarıqlar onların ABŞ-yə qayıtdıqdan sonra peşəkar imkanlardan yararlanmasına şərait yaradır”.

Beynəlxalq təhsil mübadiləsi üzrə 2026-cı ilin payız göstəriciləri

ABŞ-nin 800-dən çox ali təhsil müəssisəsi 2026-cı ilin payızında keçirilən araşdırmada (Fall 2026 Snapshot) iştirak edərək 2026/2027-ci tədris ili üzrə beynəlxalq tələbələrin sayı ilə bağlı ilkin məlumatlar təqdim edib.  Həmin ali təhsil müəssisələrinin məlumatlarına əsasən, 2026-cı ilin payızında beynəlxalq tələbələrin ümumi sayında 9 faizlik azalma qeydə alınıb. Azalma bütün təhsil səviyyələrini əhatə edib: bakalavriat üzrə 3 faiz, magistratura və doktorantura üzrə 15 faiz, OPT proqramı üzrə isə 6 faiz. 

2026-cı ilin payızında ABŞ-nin kollec və ya universitetində ilk dəfə təhsil almağa başlayan yeni beynəlxalq tələbələrin sayı 15 faiz azalıb. 

Bir çox ali təhsil müəssisəsi beynəlxalq tələbələrin cəlb edilməsinə diqqət yetirməkdə davam edir. Universitetlərin 75 faizi beynəlxalq tələbələrin kampus həyatına və akademik mühitə gətirdiyi fərqli baxışları, 60 faizi isə onların maliyyə töhfələrini əsas amillər kimi qeyd edib.  Gələcək prioritetlərini müəyyənləşdirən ABŞ-nin kollec və universitetlərinin əksəriyyəti (91 faiz) beynəlxalq tələbələrin elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələri üzrə təhsil almağa cəlb edilməsini prioritet hesab edir. Bu istiqamətdə kompüter elmləri (75 faiz), mühəndislik (59 faiz) və biologiya elmləri (59 faiz) xüsusi yer tutur.