Gənclər arasında ali təhsil səviyyəsi artmaqda davam edir - OECD

30 Sentyabr, 2026 - 15:22
Gənclər arasında ali təhsil səviyyəsi artmaqda davam edir - OECD

“Əksər OECD ölkələrində gənclər arasında ali təhsil səviyyəsi artmaqda davam edir və orta hesabla 2015-ci ildə 25-34 yaşlıların 40%-dən 2025-ci ildə 47%-ə yüksəlib”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) növbəti illik “Bir baxışda təhsil” (Education at a Glance 2026) hesabatında qeyd olunur. 

Hesabatda qeyd olunur ki, bununla belə, dəyişən əmək bazarları təhsil sistemləri tərəfindən verilən ixtisasların aktuallığına və dəyərinə təsir göstərə bilər. 

Maraqlı göstəricilərdən biri gənclərin işsizlik səviyyəsi ilə bağlıdır. 2023–2025-ci illər arasında 25–34 yaşlı ali təhsilli gənclər arasında işsizlik səviyyəsi OECD üzrə orta hesabla 0,4 faiz artıb. Eyni dövrdə tam orta təhsil səviyyəsinə malik gənclər arasında işsizlik 0,2 faiz azalıb. Nəticədə iki qrup arasındakı işsizlik fərqi 2,4 faizdən 1,8 faizə qədər daralıb. Bu, uzunmüddətli tendensiya baxımından diqqətçəkən dəyişiklikdir. Çünki 2000-ci ildən sonra ilk dəfə ali təhsilli gənclər arasında orta işsizlik səviyyəsi artdığı halda, tam orta təhsil kvalifikasiyasına malik gənclər arasında bu göstərici azalıb. 

OECD-yə görə, ali təhsilli gənclər arasında işsizliyin bu artımının müvəqqəti bir dalğalanma, yoxsa daha uzunmüddətli dəyişikliyin başlanğıcı olduğunu söyləmək hələ tezdir. Buna görə də təhsil sistemləri bu tendensiyaları yaxından izləməli və ali təhsilin əmək bazarındakı faydaları zəifləməyə başlayarsa, uyğunlaşmağa hazır olmalıdırlar.

Bəzi müzakirələrdə bu dəyişiklik süni intellektin əmək bazarında ali təhsilli gənc məzunlara tələbatı azaltması ilə əlaqələndirilir. Lakin OECD vurğulayır ki, süni intellektin bacarıqlara olan tələbatda uzunmüddətli təsiri barədə sübutlar hələ məhduddur. 

Bununla yanaşı, ali təhsil kvalifikasiyaları əmək bazarında hələ də əhəmiyyətli üstünlüklər təmin edir. Buna görə də təhsil sistemlərinin əmək bazarındakı dəyişiklikləri diqqətlə izləməsi, ixtisas və proqramların əmək bazarının yeni tələblərinə uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır.

Gənclər arasında ali təhsil səviyyəsi artmaqda davam edir - OECD