Universitetlərimiz dünya reytinqində - Rekord nəticə 

25 Sentyabr, 2026 - 12:42
Universitetlərimiz dünya reytinqində

Universitetlər davamlı inkişafa necə töhfə verə bilər? Ali təhsil müəssisələrinin ölkənin yaşıl konsepsiyasında rolu nədir? Bu suallar bütün dünya ölkələrindən olan universitetlər üçün konseptual əhəmiyyət daşıyır.  

Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən beynəlxalq konfrans çərçivəsində elan olunan ali təhsil müəssisələrinin davamlı inkşafa töhfəsini ölçən “UI GreenMetric World University Rankings” tədqiqatının 2026-cı il üçün nəticələri məhz bu suallara cavab verir. İndoneziya Universiteti tərəfindən 2010-cu ildə universitet kampuslarının davamlılığı səylərini ölçmək üçün hazırlanan tədqiqatın arayış hissəsində qeyd olunur ki, builki 17-ci nəşr 110 ölkədəki 71 şəhərdə fəaliyyət göstərən 2016 ali təhsil müəssisəsini əhatə edir ki, bu da tədqiqatın institusional dayanıqlılıq göstəricilərinin qiymətləndirilməsinə həsr olunmuş ən böyük qlobal universitet treytinq sistemi edir. 

Builki reytinqin mövzusu "İdarəetmə, rəqəmsallaşdırma və inteqrasiya olunmuş performans vasitəsilə davamlı kampusların inkişafı" adlanır.  Reytinq müəllifləri qeyd edirlər ki, gələcək naminə dayanıqlı kampuslar qurmaq üçün kollektiv öhdəliyi gücləndirərək, bütün dünya üzrə universitetlərin daha çox iştirakını təşviq etməyə davam edəcəyik.

Yaşıllaşan universitetlərimiz

Azərbaycan UI GreenMetric reytinqində sürətlə irəliləyir. Bu inkişaf 2026-cı ilin qlobal nəticələrində özünü göstərir.  Azərbaycan universitetlərinin sayı bu reytinqdə durmadan artır. Adıçəkilən reytinqdə 2025-ci ildə Azərbaycanın 19 universiteti yer alıbsa, onların sayı bu il rekord həddə çatıb. Builkli reytinqdə Azərbaycanın 22 ali təhsil müəssisəsi yer alıb: 

 1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
 2. Bakı Dövlət Universiteti
 3. Azərbaycan Texniki Universiteti
 4. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
 5. Azərbaycan Memarlıq və İnşaat Universiteti 
 6. Mingəçevir Dövlət Universiteti 
 7. Bakı Slavyan Universiteti
 8. Qərbi Kaspi Universiteti 
 9. Bakı Ali Neft Məktəbi 
 10.Azərbaycan Dillər Universiteti 
 11. Naxçıvan Dövlət Universiteti 
 12. Sumqayıt Dövlət Universiteti 
 13. Milli Aviasiya Akademiyası 
 14. Azərbaycan Dövlət Aqrar Universiteti
 15. Bakı Avrasiya Universiteti 
 16. Azərbaycan Tibb Universiteti 
 17. Bakı Mühəndislik Universiteti 
 18. Azərbaycan İdman Akademiyası 
 19. Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 20. Lənkəran Dövlət Universiteti 
 21. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
 22. Azərbaycan Texnologiya Universiteti.

2026-cı ildə beş Azərbaycan universiteti TOP-500-ə daxil olub: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mingəçevir Dövlət Universiteti.

Əhəmiyyətli bir nailiyyət Mingəçevir Dövlət Universitetinin reytinqdə yer alan (514-cü yer) yeganə regional universitet olmasıdır (2025-ci ildə qlobal reytinqdə 897-ci yerdə olub).

Qeyd edək ki, reytinqdə məqsəd universitetlərin təmiz enerji, suya qənaət, tullantıların təkrar emalı, ekoloji nəqliyyatdan istifadə, davamlı inkişaf sahəsində ekoloji maarifləndirmə və tədqiqatların həyata keçirilməsi sahəsində nailiyyətlərini ölçməklə qlobal iqlim dəyişikliyi problemlərini öyrənməkdir.

UI GreenMetric qlobal dəyəri

Reytinq bütün dünyada universitetlərdə davamlılıq səyləri və institusional təkmilləşdirmələrlə bağlı mövcud şərtlər və siyasətlər üzrə onlayn sorğunun nəticələrini təqdim etmək məqsədi daşıyır. Universitet rəhbərlərinin və maraqlı tərəflərin diqqətini cəlb etməklə qlobal iqlim dəyişikliyinə, təmiz enerjiyə, suyun qorunmasına, tullantıların təkrar emalına, yaşıl nəqliyyata və davamlılıq üzrə təhsil və tədqiqatlara daha çox diqqət yetiriləcəyi gözlənilir. 

Reytinq bir sıra meyarların qiymətləndirilməsinə əsaslanır: kampus infrastrukturu və onun ətraf mühitlə əlaqəsi; enerji siyasəti; suyun effektiv idarə edilməsi; tullantıların idarə edilməsi siyasəti; nəqliyyat vasitələrinin istifadəsi; ekoloji məsələlər üzrə tədrisin təşkili; ekoloji problemlərin tədqiqinə həsr olunmuş resurslar; Google Scholar tərəfindən indeksləşdirilmiş yaşıl mövzular üzrə dərc edilmiş elmi məqalələrin sayı.  

Reytinqdə lider mövqeləri Wageningen University & Research (Hollandiya) və Trier Tətbiqi Elmlər Universiteti (Almaniya) kimi yüksək nəticələrə malik universitetlər tutur. 

Reytinqin məqsədləri 

Reytinq aşağıdakı hədəflərə yönəlib:
- təhsilin davamlılığı və kampusun yaşıllaşdırılması ilə bağlı akademik müzakirələrə töhfə vermək; 
- universitet rəhbərliyi altında davamlı inkişaf məqsədləri ilə bağlı sosial dəyişiklikləri təşviq etmək; 
- bütün dünyada ali təhsil müəssisələri (universitetlər) üçün kampus davamlılığının özünü qiymətləndirmə vasitəsi olmaq; 
- hökumətləri, beynəlxalq və yerli ətraf mühitin mühafizəsi agentliklərini və cəmiyyəti şəhərcikdəki davamlılıq proqramları barədə məlumatlandırmaq. 

Faydaları nələrdir? 

UI GreenMetric-də iştirak universitetin beynəlmiləlləşməsinə və tanınmasına kömək edə bilər. Universitetlər dünyanın digər ali təhsil müəssisələri  ilə rəqabət edərək “qlobal xəritədə” sabitliyə nail olurlar. UI GreenMetric-də iştirak universitetin veb saytına daxil olanların sayının artmasına səbəb ola bilər. Davamlı inkişaf məsələləri ilə əlaqədar daha çox qurum haqqında qeydlər, bir universitet kimi güclü dayanıqlılıq qayğısı universitet və onun məzunlarının ictimaiyyət  tərəfindən tanınmanı artıra bilər. Dünyanın aparıcı reytinq şirkətlərindən olan GreenMetric World University Ranking beynəlxalq reytinqi ali təhsl müəssisələrinin “yaşıl universitet” quruculuğu yönündə səylərini nəzərə alır. 

“Yaşıl universitet şəhərciyi”

Qeyd edək ki, dünyanın əksər universitetlərində “Yaşıl universitet şəhərciyi” (yaşıl kampus) konsepsiyası geniş yayılıb ki, bu da universitetdə ekoloji təcrübələrin tətbiqi, yaxşılaşdırılması, tələbə və işçilərin eko-mədəniyyət səviyyəsinin yüksəldilməsini əhatə edir. 

“Yaşıl universitet” ətraf mühitin qorunmasına yönəlik fəaliyyət göstərən bir universitetdir: karbon dioksid emissiyalarını azaldır, tullantıları ayrıca toplayır, su və elektrik enerjisinə qənaət edir və ekoloji infrastrukturu inkişaf etdirir. Bu məqsədlər üçün müsbət ekoaksiyalar və ekofestivallar aparılır, ayrı-ayrı zibil toplama sistemi təşkil edilir, enerji səmərəliliyi artırılır, ərazi abadlaşdırılır, maarifləndirmə işləri aparılır. Bu tədbirlər universitetin fəaliyyət sahəsində ekoloji prinsiplərin tətbiqinə; tələbələr və işçilər arasında ekoloji mədəniyyətin ümumi səviyyəsinin, məsuliyyət hissinin yüksəldilməsinə; universitetin yeni “yaşıl” imicinin formalaşdırılmasına; ekoloji aksiyaların təşkili ilə ali təhsil müəssisəsinin beynəlxalq tanınmasına xidmət edir. 

“GreenMetric” hesab edir ki, bu reytinq ilə universitet rəhbərlərinin diqqətini cəlb etməklə bütün dünyada tələbələr tərəfindən ətraf təbiətə məsuliyyətli münasibəti artırmaq olar. Reytinqin təşkilatçıları bəzi ekoloji problemlərin həlli üçün ətraf mühitin davamlı inkişafı siyasətinin aparılması zərurətinə akademik ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar.

Reytinqdə mövqe nə qədər yüksəkdirsə, tələbələr, rəhbərlik, professorlar və müəllimlər planetin davamlı inkişafı və ekoloji vəziyyətindən bir qədər narahatdırlar. Bu o deməkdir ki, universitet ətraf mühitin qorunması üçün gələcək nəsil qarşısında öz məsuliyyətini bilir,  regionun və ölkənin davamlı inkişafını təkcə elmi tədqiqatlar və tələbə təşəbbüsləri ilə deyil, həm də şəxsi nümunə kimi dəstəkləməyə hazırdır.