Güclü məktəbin arxasında hansı direktor dayanır? - HESABAT

28 Oktyabr, 2026 - 12:06
Güclü məktəbin arxasında hansı direktor dayanır?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) oktyabrın 26-da “TALIS 2024-də Məktəb Direktorlarının Dəyəri” (“The Value of School Principals in TALIS 2024”) adlı növbəti hesabatını açıqlayıb. 

 “Azərbaycan müəllimi” xəbər verir ki, hesabat məktəb direktorlarının təhsilin keyfiyyətinə təsirini, müəllimlərlə münasibətlərini, idarəetmə təcrübələrini, iş şəraitini və peşəkar inkişaf imkanlarını araşdırır. Sənədin əsas məqsədi məktəb rəhbərlərinin fəaliyyətini yaxşılaşdırmaq üçün təhsil siyasətinə istiqamət verən nəticələr təqdim etməkdir.

Tədris və Təlim üzrə Beynəlxalq Sorğu (TALIS) müəllimlər və direktorlar arasında keçirilən ən böyük beynəlxalq sorğudur. Beynəlxalq səviyyədə müqayisə edilə bilən məlumatlar toplamaqla, müəllimlərin və direktorların səslərinin təhsil siyasətinin formalaşdırılmasında təmsil olunmasını təmin edir.

Hesabatın giriş hissəsində qeyd olunur ki, TALIS yalnız qavrayışları əks etdirən, lakin sosial və mədəni kontekstdən təsirlənə bilən özünüqiymətləndirməyə əsaslanır. Buna görə də ölkələrarası müqayisələr ehtiyatla şərh edilməlidir.

Tədqiqatın məqsədi və əhatə dairəsi

Hesabatda qeyd olunur ki, məktəb direktorları təhsil sisteminin fəaliyyətində mühüm rol oynayırlar. Onlar yalnız məktəbin inzibati idarəçiliyini həyata keçirmir, həm də müəllimlərin peşəkar inkişafına dəstək verir, tədrisin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır, şagirdlər, valideynlər və yerli icma ilə münasibətləri formalaşdırırlar. OECD-nin yeni hesabatı məktəb rəhbərliyinə məhz bu geniş yanaşma əsasında nəzər salır.

Tədqiqat aşağıdakı suallara cavab axtarır:
• Müəllimlər hansı direktorları daha uğurlu və dəyərli rəhbərlər hesab edirlər?
• Direktorların şəxsi və peşəkar xüsusiyyətləri onların rəhbərlik fəaliyyətinə necə təsir göstərir?
• Müəllimlərə dəstək, tədrisin təşkili və məktəbdaxili əməkdaşlıq baxımından hansı idarəetmə üsulları önə çıxır?
• Direktorların iş şəraitini və peşəkar hazırlığını necə yaxşılaşdırmaq olar?

TALIS 2024 çərçivəsində 55 təhsil sistemində 280 min müəllim 17 min məktəb direktorunun rəhbərliyi ilə bağlı fikirlərini bölüşüb. Direktorların özləri də idarəetmə təcrübələri, iş şəraiti, peşəkar inkişafları və məktəblərin təşkili haqqında məlumat veriblər. Hesabatın mühüm xüsusiyyəti müəllimlərin və məktəb rəhbərlərinin baxışlarını bir araya gətirməsidir. Bu yanaşma məktəb idarəçiliyini yalnız inzibati göstəricilər və formal hesabatlar əsasında deyil, gündəlik məktəb həyatında yaranan münasibətlər və tədris prosesinə göstərilən dəstək baxımından da qiymətləndirməyə imkan verir.

“Dəyərli rəhbərlik” nə deməkdir?

OECD bu hesabatında müəllimlərin direktorların tədrisə yönəlmiş rəhbərliyini və münasibətlər qurmaq bacarığını necə qiymətləndirdiklərinə xüsusi diqqət yetirir. Tədrisə yönəlmiş rəhbərlik direktorun müəllimlərin tədris bacarıqlarını inkişaf etdirməsinə, onların əməkdaşlığına və şagirdlərin öyrənmə nəticələrinə məsuliyyətlə yanaşmasına dəstək verməsini nəzərdə tutur. Münasibətlərə əsaslanan rəhbərlik isə məktəbdə etimadın yaradılması, əməkdaşlığın təşviqi və müəllimlərlə rəhbərlik arasında sağlam peşəkar əlaqələrin qurulması ilə bağlıdır. Bununla belə, vacib bir məqam nəzərə alınmalıdır: hesabatda istifadə edilən “dəyərli rəhbərlik” anlayışı direktorun fəaliyyətinin bütün istiqamətlərini əhatə etmir. Müəllimlərin rəyi rəhbərliyin mühüm tərəflərini göstərsə də, direktorun inzibati səriştəsini və bütün qərarlarının keyfiyyətini tam ölçmür. Müəllimlər arasında populyarlıq da həmişə yüksək idarəetmə keyfiyyəti demək deyil.

Hesabatın əsas rəqəmləri:
- OECD ölkələrində direktorların 61 faizi 2024-cü ildə məktəb və sinif nəticələrindən müəllimlərin rəsmi qiymətləndirilməsində istifadə edib ki, bu da 2018-ci ildəki 70%-dən aşağıdır.
- 2024-cü ildə İƏİT ölkələrindəki direktorların 90 faizdən çoxu işlərindən məmnun olublar. 
- OECD ölkələrindəki direktorların 68 faizi 2024-cü ildə inzibati işin əsas stress mənbəyi olduğunu bildiriblər.

Hansı direktor daha yüksək qiymətləndirilir?

Tədris və öyrənmə prosesini fəaliyyətlərinin mərkəzində saxlayan məktəb direktorları müəllimlər tərəfindən yüksək qiymətləndirilirlər. Onlar müəllimlərin fəaliyyətinin qiymətləndirilməsində məktəb və sinif səviyyəsində aparılan qiymətləndirmələrin nəticələrindən istifadə edir, qiymətləndirmədən sonra müəllimlərin peşəkar inkişafı planlarını hazırlayır, dərsləri müşahidə edir, müəllimlərə əks-əlaqə verir və qərarların birgə qəbulunu dəstəkləyirlər. Şagirdlərlə, valideynlərlə və yerli icma ilə fəal əməkdaşlıq edən direktorlar da daha güclü liderlər kimi qəbul olunurlar. 

Bununla belə, bu liderlik təcrübələrinin tətbiqindəki dəyişikliklər birmənalı deyil. Məsələn, 2018–2024-cü illərdə əksər təhsil sistemlərində şagirdlərin məktəbdaxili qərarların qəbulunda iştirakı artıb. Eyni zamanda, direktorların müəllimlərin rəsmi fəaliyyət qiymətləndirilməsi zamanı məktəb və sinif səviyyəsində əldə olunan nəticələrdən istifadə etməsi azalıb.

Bununla belə, tədris prosesinə, şagirdlərlə, valideynlərlə və icma ilə əməkdaşlığa üstünlük verən direktorlar yüksək qiymətləndirilir.

Direktorlar işlərindən razıdırlar, lakin inzibati yükə diqqət yetirilməlidir

Hesabata əsasən, əksər təhsil sistemlərində direktorların 90 faizindən çoxu ümumilikdə öz işindən razıdır. İşindən razı olan direktorlar, bir qayda olaraq, müəllimləri tərəfindən tədris prosesinə rəhbərlik baxımından daha güclü liderlər kimi qiymətləndirilirlər. 

 Bununla belə, həddindən artıq inzibati iş yükü direktorların ən çox qeyd etdiyi stress mənbəyidir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 27 təhsil sistemində direktorların 68 faizi inzibati iş yükünü əsas stress mənbələrindən biri kimi göstərib. Bu göstərici Koreyada təxminən 25 faiz, Portuqaliyada isə 90 faizə yaxındır.

Direktorların dəstəklənməsi onların iş şəraitinin yaxşılaşdırılmasından başlayır

Qeyd olunur ki, əməkhaqqından və digər məşğulluq şərtlərindən razı olan, maddi resurs çatışmazlığı ilə daha az üzləşən direktorlar, bir qayda olaraq, öz işlərindən daha çox razıdırlar. 

2018–2024-cü illərdə bir çox təhsil sistemində əməkhaqqından məmnunluq artıb. Ən nəzərəçarpan dəyişiklik Litvada qeydə alınıb: əməkhaqqından razı olduğunu bildirən direktorların payı 33 faizdən 87 faizə yüksəlib. Bu, 55 faiz bəndi artım deməkdir. 
 Rəqəmsal resurs çatışmazlığı ilə üzləşdiyini bildirən direktorların payı da azalıb. OECD-nin 24 təhsil sistemi üzrə orta hesabla bu azalma 9 faiz bəndi təşkil edib. Ən kəskin azalma Vyetnamda qeydə alınıb: göstərici 82 faizdən 31 faizə düşüb, yəni 51 faiz bəndi azalıb. 

Gənc direktorlar güclü liderlər kimi qəbul edilir, lakin daha az məmnundurlar

Direktorların orta yaşı 53-dür və Səudiyyə Ərəbistanında 43 yaşdan Koreyada 59 yaşa qədər dəyişir. Direktorların yaşı müəllimlərin liderlik haqqında təsəvvürləri ilə əlaqələndirilir: müəllimlər daha gənc direktorları (40 yaşdan kiçik) güclü tədris və münasibət liderləri kimi görməyə daha çox meyillidirlər. Bununla belə, gənc direktorlar da əmək haqlarından və digər iş şərtlərindən daha az məmnun olurlar və işlə bağlı daha yüksək stress yaşadıqlarını bildirirlər.

Beləliklə, TALIS 2024 tədqiqatının nəticələri göstərir ki, müəllimlər tədris prosesini fəaliyyətlərinin mərkəzində saxlayan, müəllimlərin peşəkar inkişafını dəstəkləyən, şagirdlərlə, ailələrlə və daha geniş icma ilə əməkdaşlıq edən məktəb direktorlarını yüksək qiymətləndirirlər. 

Direktorların əksəriyyəti öz işindən razı olsa da, həddindən artıq inzibati iş yükü onlar üçün geniş yayılmış stress mənbəyidir. Əməkhaqqından və digər məşğulluq şərtlərindən məmnunluq, eləcə də resurs çatışmazlığının azalması işdən məmnunluğun yüksəlməsi ilə əlaqəlidir.

Bu nəticələr təhsil sistemlərinin iş şəraitini yaxşılaşdırmasının və zəruri hallarda dəstəyi konkret ehtiyaclara uyğun istiqamətləndirməsinin vacibliyini vurğulayır. Belə yanaşma direktorların müəllimlər tərəfindən yüksək qiymətləndirilən liderlik fəaliyyətlərinə daha çox diqqət ayırmasına imkan yarada bilər.

Azərbaycan OECD-nin TALIS 2024 hesabatında: əsas nəticələr

Hesabat Azərbaycan məktəb direktorlarının fəaliyyətini OECD ölkələrinin orta göstəriciləri ilə müqayisə edir. Azərbaycan üzrə nəticələr xüsusilə maraqlıdır: müəllimlərin direktorların rəhbərliyinə münasibəti, dərs müşahidəsi və müəllimlərə rəy verilməsi kimi göstəricilər yüksəkdir. Bununla yanaşı, rəqəmsal resursların çatışmazlığı, şagirdlərin qərarvermədə iştirakı və direktorların peşəkar inkişafı ilə bağlı diqqətəlayiq məqamlar da var.

Azərbaycan direktorları müəllimlər tərəfindən necə qiymətləndirilir?

Hesabatda müəllimlərdən məktəb direktorlarının tədrisə rəhbərlik və kollektivlə münasibətlər qurmaq bacarıqları haqqında fikirləri soruşulub.

Azərbaycan üzrə nəticələr belədir:

Göstərici Azərbaycan OECD ortalaması

- Direktor müəllimlər arasında yeni tədris üsullarının hazırlanması üçün əməkdaşlığı təşviq edir  92% - 86%;
- Direktor müəllimlərin öz peşəkar bacarıqlarını inkişaf etdirməsinə məsuliyyətlə yanaşmasını təmin edir 92% - 85%;
- Direktor müəllimlərin şagirdlərin öyrənmə nəticələrinə görə məsuliyyət hiss etməsini təmin edir 94% - 86%;
- Direktorun məktəbin inkişafı ilə bağlı aydın baxışı var 92% - 87%;
- Direktor mühüm qərarlarda bütün əməkdaşların fikirlərini bildirməsinə şərait yaradır 87% - 78%;
- Direktorun məktəb əməkdaşları ilə yaxşı peşəkar münasibətləri var 93% - 86%;
- Direktorun valideynlərlə yaxşı peşəkar münasibətləri var  93% - 91%.

Nəticə: təqdim olunan göstəricilərin hamısında Azərbaycan OECD ortalamasını üstələyir. Bu, Azərbaycan məktəblərində müəllimlərin direktorların pedaqoji rəhbərliyini, əməkdaşlığa verdikləri dəstəyi və peşəkar münasibətlərini müsbət qiymətləndirdiyini göstərir. Bununla belə, bu faizlər müəllimlərin sorğuda verdikləri cavabları əks etdirir. Onları məktəblərin faktiki tədris nəticələrinin birbaşa ölçüsü kimi qəbul etmək olmaz.

Direktorların dərs müşahidəsi və müəllimlərə dəstəyi: Azərbaycan yüksək göstəricilərə malikdir

Hesabatın Azərbaycanla bağlı ən diqqətçəkən hissələrindən biri direktorların tədris prosesində iştirakına aiddir.

Göstərici Azərbaycan OECD ortalaması

- Dərsləri tez-tez və ya çox tez-tez müşahidə edən direktorlar 95% - 49%;
- Müşahidə əsasında müəllimlərə rəy verən direktorlar 96% - 56%;
- Müəllimlərin yeni tədris üsulları hazırlamaq üçün əməkdaşlığına dəstək verən direktorlar 89% - 60%.

Bu göstəricilər Azərbaycan direktorlarının pedaqoji prosesə fəal müdaxiləsini və müəllimlərin fəaliyyətinin inkişafına diqqət yetirilməsini əks etdirir. Xüsusilə dərs müşahidəsi və onun əsasında müəllimlərə rəy verilməsi üzrə göstəricilərin yüksək olması diqqətəlayiqdir. Lakin burada mühüm sual yaranır: dərs müşahidəsinin yüksək səviyyədə həyata keçirilməsi müəllimlərin peşəkarlığının və şagirdlərin təlim nəticələrinin yaxşılaşmasına nə dərəcədə təsir göstərir? Təkcə müşahidələrin sayını bilmək bu suala tam cavab vermir. Bunun üçün müşahidələrdən sonra müəllimlərin fəaliyyətində hansı dəyişikliklərin baş verdiyini və həmin dəyişikliklərin şagirdlərin öyrənməsinə necə təsir etdiyini də araşdırmaq lazımdır.

Müəllimlərin qiymətləndirilməsi: maraqlı ziddiyyət

Hesabatın Azərbaycanla bağlı mühüm nəticələrindən biri müəllimlərin qiymətləndirilməsi sahəsində müşahidə olunur.

Göstərici Azərbaycan OECD ortalaması

- Məktəb və sinif səviyyəsindəki nəticələrdən müəllimlərin formal qiymətləndirilməsində istifadə edən direktorlar 44% - 62%;
- Formal qiymətləndirmədən sonra müəllim üçün təlim və ya peşəkar inkişaf planı hazırlayan direktorlar 86% - 47%.

Bu iki göstərici birlikdə nəzərdən keçirildikdə maraqlı mənzərə yaranır. Bir tərəfdən, Azərbaycan direktorları müəllimlərin formal qiymətləndirilməsində məktəb və sinif nəticələrindən OECD ortalamasına nisbətən daha az istifadə edirlər. Digər tərəfdən, qiymətləndirmədən sonra peşəkar inkişaf planlarının hazırlanması göstəricisi xeyli yüksəkdir. Bu, qiymətləndirmənin nəticələrini müəllimin inkişafı ilə əlaqələndirmək baxımından müsbət istiqamət kimi nəzərdən keçirilə bilər. Bununla belə, hesabatdakı faizlər planların hazırlanmasının nə dərəcədə keyfiyyətli olduğunu və onların müəllimlərin fəaliyyətində hansı real dəyişikliklər yaratdığını göstərmir. Azərbaycan üçün əsas məsələ müəllimin qiymətləndirilməsi ilə onun peşəkar inkişafı arasındakı əlaqəni daha da gücləndirməkdir. Hazırlanan planların konkret ehtiyaclara uyğunluğu, həyata keçirilməsi və nəticələrinin qiymətləndirilməsi də vacibdir.

Məktəbdə qərarların qəbulunda kimlərin iştirakı təmin olunur?

OECD hesabatında direktorların müəllimləri, valideynləri və şagirdləri məktəb qərarlarına cəlb etməsi də araşdırılıb.

Göstərici Azərbaycan OECD ortalaması

- Məktəb əməkdaşlarının qərarların qəbulunda fəal iştirakına imkan yaradılması 97% - 98%;
- Valideynlərin qərarların qəbulunda iştirakına imkan yaradılması 88% - 81%;
- Şagirdlərin qərarların qəbulunda iştirakına imkan yaradılması 68% - 85%.

Bu nəticələrdən iki mühüm məqam çıxır. Birincisi, valideynlərin məktəblə bağlı qərarlarda iştirakı üzrə göstərici OECD ortalamasından yüksəkdir.  İkincisi, şagirdlərin qərarların qəbulunda iştirakı üzrə göstərici OECD ortalamasından 17 faiz bəndi aşağıdır.  Bu fərq xüsusi diqqət tələb edir.Şagirdlərin məktəb həyatında iştirakı yalnız şagird özünüidarəetməsi və ya tədbirlərin təşkili ilə məhdudlaşmamalıdır. Onlar məktəb mühitinin yaxşılaşdırılması, gündəlik problemlərin həlli, məktəb qaydalarının müzakirəsi və təlim şəraitinin qiymətləndirilməsi kimi məsələlərdə də fikirlərini bildirə bilərlər. Əlbəttə, şagirdlərin iştirakı onların yaşına və məsuliyyət səviyyəsinə uyğun təşkil olunmalıdır. Məqsəd bütün qərarları şagirdlərə həvalə etmək deyil, onların fikirlərinin dinlənildiyi və nəzərə alındığı məktəb mühiti yaratmaqdır.

Şagirdlərlə ünsiyyət və valideynlərin iştirakı

Hesabatda məktəb direktorlarının şagirdlərlə, valideynlərlə və yerli icma ilə münasibətləri haqqında da məlumatlar verilir.

Göstərici Azərbaycan OECD ortalaması

- Şagirdlərlə həftədə ən azı bir dəfə vaxt keçirən direktorlar 72% - 80%;
- Valideynlərin məktəb fəaliyyətlərində əhəmiyyətli dərəcədə iştirak etdiyini bildirən direktorlar 49%-  45%;
- Yerli icma ilə əməkdaşlığın əhəmiyyətli səviyyədə olduğunu bildirən direktorlar 36% - 70%.

Burada xüsusilə yerli icma ilə əməkdaşlıq göstəricisi diqqət çəkir. Azərbaycan üzrə 36 faizlik nəticə OECD-nin 70 faizlik ortalamasından xeyli aşağıdır. Bu göstərici məktəblərin yerli icma ilə əməkdaşlığının genişləndirilməsi üçün imkanların araşdırılmasının vacibliyini göstərir. Məktəb–icma əməkdaşlığına yerli müəssisələr, universitetlər, kitabxanalar, mədəniyyət mərkəzləri və ictimai təşkilatlarla birgə layihələr, peşəyönümü tədbirləri və şagirdlərin sosial inkişafına yönəlmiş təşəbbüslər daxil ola bilər. Lakin göstəriciləri şərh edərkən nəzərə almaq lazımdır ki, hesabatda yerli icma ilə əməkdaşlıq konkret olaraq müəyyən edilmiş fəaliyyət meyarları əsasında ölçülür. Buna görə 36 faizlik nəticəni məktəblərin ümumilikdə icma ilə heç bir əlaqəsinin olmaması kimi başa düşmək düzgün deyil.

Azərbaycan direktorları işlərindən nə dərəcədə razıdırlar?

Hesabatın müsbət nəticələrindən biri məktəb direktorlarının iş məmnunluğu ilə bağlıdır. Azərbaycanda ümumilikdə işlərindən məmnun olduqlarını bildirən direktorların payı 96%-dir (OECD orta göstəricisinə bənzər: 94%).
İşlərindən məmnun olan direktorlar, orta hesabla, OECD təhsil sistemlərində həm tədris, həm də münasibətlər üzrə liderlər kimi müəllimləri tərəfindən daha çox qiymətləndirilirlər. Dəstəklənən və məmnun qalan direktorlar müəllimlərə rəhbərlik etmək və onlarla güclü münasibətlər qurmaq üçün daha yaxşı mövqedə ola bilərlər. Müəllimlərin qiymətləndirməsi isə öz növbəsində direktorların iş məmnuniyyətini və effektivlik hissini gücləndirə bilər.
 
Göstərici Azərbaycan OECD ortalaması

- Ümumilikdə öz işindən razı olan direktorlar 96% - 94%;
- Əməkhaqqından razı olan direktorlar 68% - 49%;
- Əməkhaqqından başqa digər məşğulluq şərtlərindən razı olan direktorlar 77% - 66%.

Bu nəticələr Azərbaycan direktorlarının iş məmnunluğunun yüksək olduğunu göstərir. Xüsusilə əməkhaqqından razılıq göstəricisi OECD ortalamasından 19 faiz bəndi yüksəkdir. Bununla belə, iş məmnunluğu ilə işin bütün aspektlərindən razılıq eyni anlayış deyil. Direktor öz işindən ümumilikdə razı olduğu halda, müəyyən idarəetmə problemləri, resurs çatışmazlığı və ya peşəkar inkişaf ehtiyacları ilə də üzləşə bilər.

Direktorlar hansı məsələlərdən stress keçirirlər?

Azərbaycan direktorlarının 15%-i iş zamanı kifayət qədər yüksək stress yaşadığını, yəni stressin onlar üçün “xeyli” və ya “çox” səviyyədə olduğunu bildirib. OECD ortalaması isə 61%-dir. Azərbaycanda direktorların stress mənbələri arasında aşağıdakılar önə çıxır:

• Şagirdlərin nailiyyətlərinə görə məsuliyyət daşımaq — 52%;
• Məktəbdə intizamı qorumaq — 44%;
• Gözlənilməz dəyişikliklərə görə məktəbin fəaliyyətini uyğunlaşdırmaq — 30%.

Burada vacib bir fərq var: 15% göstəricisi ümumi iş stressinin yüksək olduğunu bildirən direktorların payıdır. 52%, 44% və 30% isə konkret stress mənbələrini qeyd edən direktorların payıdır. Bu göstəriciləri eyni məna daşıyan rəqəmlər kimi müqayisə etmək olmaz. Direktorların ümumi stress səviyyəsinin OECD ortalamasından aşağı olması müsbət göstəricidir. Bununla yanaşı, şagird nailiyyətlərinə görə məsuliyyət və məktəb intizamı ilə bağlı stress mənbələri rəhbərlərin iş şəraitinin təkmilləşdirilməsində nəzərə alına bilər.

Orta hesabla, OECD təhsil sistemləri üzrə direktorlar ən çox həddindən artıq inzibati işdən (68%), hakimiyyət orqanlarının tələblərinin dəyişməsindən (56%) və valideynlərin və qəyyumların narahatlıqlarının həllindən (53%) stress bildirirlər.


Direktorların peşəkar inkişafı: əsas ehtiyac rəqəmsal idarəetmədir

OECD hesabatında məktəb rəhbərlərinin peşəkar inkişafı və əlavə təlim ehtiyacları da araşdırılıb.  
Göstərici Azərbaycan OECD ortalaması
Son 12 ayda öz təşəbbüsü ilə təşkil olunan üzbəüz öyrənmə fəaliyyətlərində iştirak edən direktorlar 59% 80%
Tədrisdə rəqəmsal resurs və vasitələrdən istifadə strategiyasının hazırlanması üzrə kurslarda iştirak edən direktorlar 50% 65%.

Bu rəqəmlər direktorların davamlı peşəkar inkişaf imkanlarının genişləndirilməsinə ehtiyac olduğunu göstərir.
Azərbaycan direktorlarının ən çox bildirdikləri peşəkar inkişaf ehtiyacları bunlardır:
• 36% — tədris üçün rəqəmsal vasitə və resurslardan istifadə strategiyasının hazırlanması;
• 28% — məktəbin keyfiyyətini yüksəltmək üçün məlumatlardan istifadə;
• 25% — müəllimlər üçün və müəllimlərlə birlikdə peşəkar inkişaf fəaliyyətlərinin hazırlanması.

Bu nəticələr müasir məktəb idarəçiliyində rəqəmsallaşma və məlumatlara əsaslanan qərarvermənin əhəmiyyətini göstərir.Direktor üçün rəqəmsal bacarıqlar yalnız elektron sistemlərdən istifadə etmək demək deyil. Buraya məktəbin ehtiyaclarını təhlil etmək, şagirdlərin təlim nəticələrini izləmək, resursları səmərəli bölüşdürmək və rəqəmsal vasitələrin tədrisə verdiyi töhfəni qiymətləndirmək də daxildir. Bu baxımdan direktorlar üçün təşkil olunan təlimlər yalnız texnologiyalardan istifadəni deyil, həmin texnologiyaların məktəbin inkişaf strategiyasına necə inteqrasiya edilməsini də əhatə etməlidir.

Azərbaycan üçün əsas nəticə: güclü pedaqoji rəhbərlik, inkişaf etdirilməli istiqamətlər 

OECD-nin Azərbaycan üzrə ölkə profilini ümumiləşdirdikdə bir-birini tamamlayan iki mənzərə ortaya çıxır.

Müsbət göstəricilər

• Müəllimlərin direktorların tədrisə rəhbərliyini yüksək qiymətləndirməsi;
• Dərs müşahidəsi və müəllimlərə rəy verilməsi göstəricilərinin OECD ortalamasından xeyli yüksək olması;
• Formal qiymətləndirmədən sonra müəllimlər üçün peşəkar inkişaf planlarının hazırlanmasının geniş yayılması;
• Direktorların iş məmnunluğunun və əməkhaqqından razılığının OECD ortalamasından yüksək olması;
• Valideynlərin məktəblə bağlı qərarlarda iştirakına imkan yaradılması göstəricisinin OECD ortalamasını üstələməsi.

Diqqət tələb edən istiqamətlər

• Tədrisdə rəqəmsal resursların və internet imkanlarının yaxşılaşdırılması;
• Şagirdlərin məktəb qərarlarında iştirakının genişləndirilməsi;
• Məktəblərin yerli icma ilə əməkdaşlığının gücləndirilməsi;
• Direktorların rəqəmsal idarəetmə və məlumatlara əsaslanan qərarvermə bacarıqlarının inkişaf etdirilməsi;
• Müəllimlərin formal qiymətləndirilməsinin obyektiv göstəricilərlə əlaqəsinin daha dərindən araşdırılması.

Bu nəticələrdən çıxan mühüm qənaət budur ki, məktəb direktorlarının fəaliyyətini təkmilləşdirmək üçün yalnız onların fərdi bacarıqlarına diqqət yetirmək kifayət deyil. Məktəbin resurs təminatı, qərarvermədə iştirak, müəllimlərin inkişafı və məktəb–icma münasibətləri də bütöv sistemin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. 

Qeyd edilməlidir ki, TALIS müəllim və direktorların özlərinin bildirdikləri məlumatlara əsaslanan sorğudur. Buna görə yüksək göstəricilər müsbət təcrübə və münasibətləri əks etdirsə də, onları şagird nailiyyətlərinin birbaşa sübutu kimi təqdim etmək olmaz. OECD də ölkələrarası müqayisələrdə sosial və mədəni kontekstin nəzərə alınmasını tövsiyə edir.

Mənbə: OECD, The Value of School Principals in TALIS 2024: Azerbaijan.