Niyə dünyanın aparıcı biznes məktəbləri klassik ədəbiyyata qayıdır?
Müasir dünyada biznes təhsili dedikdə, ilk növbədə, MBA proqramları, maliyyə modelləri, marketinq strategiyaları və süni intellekt əsaslı analitik alətlər yada düşür. Lakin dünyanın aparıcı şirkətlərinin rəhbərlərinin həyat hekayələrinə nəzər saldıqda maraqlı bir həqiqət ortaya çıxır: onların əksəriyyəti yalnız iqtisadiyyat deyil, eyni zamanda klassik ədəbiyyat, tarix və fəlsəfə ilə də yaxından maraqlanıblar. Bu, təsadüfi deyil.
Biznes yalnız rəqəmlərin deyil, insanın, onun davranışının, motivlərinin, qorxularının və ehtiraslarının idarə olunmasıdır. İnsan psixologiyasını isə ən dərindən öyrədən sahə məhz klassik ədəbiyyatdır.
Son onilliklərdə aparıcı biznes məktəbləri maraqlı bir nəticəyə gəliblər: uğurlu rəhbər yalnız maliyyə göstəricilərini deyil, insan davranışını da anlamalıdır.
Buna görə də bir sıra MBA proqramlarında klassik ədəbiyyat, tarix və fəlsəfə liderlik kurslarının tərkib hissəsinə çevrilmişdir. Şekspir, Tolstoy, Dostoyevski və Qoqolun əsərləri vasitəsilə tələbələr hakimiyyət, məsuliyyət, etik dilemmlar, böhranların idarə olunması və qərarvermə prosesini müzakirə edirlər. Bu yanaşma liderlərin empatiyasını, tənqidi düşüncəsini və mürəkkəb sosial vəziyyətləri anlama qabiliyyətini inkişaf etdirməyə xidmət edir.
Süni intellekt (Aİ) maliyyə hesabatlarını saniyələr ərzində təhlil edə bilir. Lakin AI vicdanı qiymətləndirə bilmir; insan xarakterini tam anlaya bilmir; etik seçim etmir; empatiya nümayiş etdirmir.
Buna görə də dünyanın aparıcı universitetləri və şirkətləri humanitar təhsilin rolunu yenidən qiymətləndirirlər. Ədəbiyyat, tarix və fəlsəfə liderlərdə tənqidi düşüncə, etik qərarvermə, empatiya və mürəkkəb situasiyaları dərk etmə bacarığını inkişaf etdirir. Bu bacarıqlar süni intellektin əvəz edə bilmədiyi insan üstünlükləri kimi qəbul edilir.
MBA məktəblərinin məqsədi: menecer deyil, strateji lider hazırlamaq
MBA proqramı ilk dəfə XX əsrin əvvəllərində ABŞ-də sənayeləşmənin sürətlə inkişaf etdiyi dövrdə meydana çıxdı. Böyüyən şirkətlər artıq yalnız sahibkarların şəxsi təcrübəsi ilə deyil, peşəkar menecerlər vasitəsilə idarə olunmağa başlayırdı. Bu yeni iqtisadi model maliyyə, mühasibat, istehsal, marketinq və təşkilati idarəetmə üzrə sistemli biliklərə malik rəhbərlərə ehtiyac yaratdı.
Başlanğıc mərhələdə MBA proqramlarının əsas məqsədi şirkətlərin gündəlik fəaliyyətini səmərəli təşkil edə bilən peşəkar idarəçilər hazırlamaq idi. Lakin zaman keçdikcə aydın oldu ki, texniki biliklər uğurlu rəhbərlik üçün zəruri olsa da, kifayət etmir.
Uzun illər MBA (Master of Business Administration) proqramları maliyyə, marketinq, menecment və əməliyyatların idarə olunması üzrə peşəkar biliklərin verildiyi təhsil modeli kimi qəbul edilirdi. Lakin qlobal iqtisadiyyatın mürəkkəbləşməsi, rəqəmsal transformasiya, süni intellekt, geosiyasi risklər və davamlı inkişaf çağırışları MBA proqramlarının məqsədini də köklü şəkildə dəyişdirmişdir. Müasir MBA məktəblərinin əsas missiyası artıq yalnız biznesi idarə etməyi öyrətmək deyil, qeyri-müəyyənlik şəraitində strateji qərarlar qəbul edə bilən, etik məsuliyyət daşıyan və cəmiyyət üçün dəyər yaradan liderlər yetişdirməkdir.
Bu gün aparıcı biznes məktəblərinin proqramları yalnız funksional biliklərin ötürülməsinə deyil, daha geniş liderlik kompetensiyalarının formalaşdırılmasına yönəlib.
Birinci məqsəd – strateji düşüncə formalaşdırmaqdır. Müasir rəhbər yalnız cari problemləri həll etməməli, bazarın gələcək inkişaf istiqamətlərini proqnozlaşdırmalı, qeyri-müəyyənlik şəraitində alternativ ssenarilər hazırlamalı və uzunmüddətli rəqabət üstünlüyü yaratmalıdır.
İkinci məqsəd – qərarvermə bacarığını inkişaf etdirməkdir. MBA proqramlarında tələbələr hazır cavabları əzbərləmir, real biznes hadisələri (case studies) üzərində işləyərək mürəkkəb vəziyyətlərdə seçim etməyi öyrənirlər. Bu yanaşma rəhbərləri qeyri-müəyyən şəraitdə qərar qəbul etməyə hazırlayır.
Üçüncü məqsəd – liderlik və insan kapitalının idarə olunmasıdır. Müasir şirkətlərin əsas sərvəti artıq avadanlıq və ya maliyyə kapitalı deyil, bilik və insan kapitalıdır. Buna görə də MBA proqramlarında komanda quruculuğu, motivasiya, təşkilati davranış, emosional intellekt və liderlik bacarıqları xüsusi yer tutur.
Dördüncü məqsəd – etik məsuliyyət və korporativ idarəetməni inkişaf etdirməkdir. 2001-ci ildə Enron, 2008-ci ildə qlobal maliyyə böhranı və sonrakı korporativ qalmaqallar göstərdi ki, yüksək peşəkarlıq etik məsuliyyət olmadan davamlı uğur təmin etmir. Bu səbəbdən müasir MBA proqramlarında biznes etikası, korporativ idarəetmə, maraqların toqquşması və davamlı inkişaf əsas mövzulardan birinə çevrilmişdir.
Beşinci məqsəd – qlobal düşüncə tərzi formalaşdırmaqdır. Rəhbərlər artıq yalnız yerli bazar üçün deyil, qlobal rəqabət şəraitində fəaliyyət göstərirlər. MBA proqramları beynəlxalq maliyyə, geosiyasət, mədəniyyətlərarası idarəetmə və qlobal təchizat zəncirləri kimi mövzulara geniş yer verir.
Liderlik, strategiya və biznes: Klassik ədəbiyyatın görünməyən dərsləri
Son illərdə dünyanın aparıcı biznes məktəblərində diqqətçəkən bir tendensiya müşahidə olunur: klassik ədəbiyyat, tarix və fəlsəfə liderlik təhsilinin yenidən mühüm elementinə çevrilir. Bunun səbəbi texnologiyadan imtina etmək deyil, əksinə, texnologiyanın həll edə bilmədiyi problemlərə cavab axtarmaqdır.
Harvard Business School-da uzun illərdir tədris olunan "The Moral Leader" kursunda Şekspir, Sofokl, bioqrafiyalar və klassik bədii əsərlər vasitəsilə liderlərin mürəkkəb etik qərarları müzakirə edilir. Kursun məqsədi tələbələrə hazır cavablar vermək deyil, onları qərarların mənəvi nəticələrini qiymətləndirməyə öyrətməkdir.
Stanford Graduate School of Business-də isə liderlik və biznes etikası üzrə dərslərdə klassik ədəbiyyatdan istifadə olunur. Hesab olunur ki, romanlar və faciələr liderliyin mənəvi və psixoloji tərəflərini ənənəvi biznes kitablarından daha dərindən izah edir. Böyük ədəbiyyat insanın xarakterini, motivlərini və hakimiyyətin məsuliyyətini anlamaq üçün unikal imkan yaradır.
Bu yanaşmanın arxasında mühüm bir səbəb dayanır. Süni intellekt maliyyə modelləri qura, bazar məlumatlarını təhlil edə və riskləri hesablaya bilir. Lakin o, insanın vicdanını, empatiyasını, etik seçimlərini və mürəkkəb sosial münasibətləri tam şəkildə qiymətləndirə bilmir. Məhz buna görə aparıcı biznes məktəbləri texniki biliklə yanaşı, humanitar düşüncənin də inkişafına xüsusi əhəmiyyət verirlər.
Harvard Business School-un rəsmi akademik yanaşmasına görə, MBA təhsilinin məqsədi yalnız biznes haqqında bilik vermək deyil, tələbələri çətin qərarlar qəbul etməyə və qlobal mühitdə liderlik etməyə hazırlamaqdır.
Stanford Universitetinin humanitar təhsil konsepsiyasında isə vurğulanır ki, ədəbiyyat, tarix və fəlsəfə tədqiqat, ünsiyyət, tənqidi düşüncə və insanı anlama bacarıqlarını inkişaf etdirir. Bu bacarıqlar istənilən peşə sahəsində, o cümlədən biznesdə effektiv liderlik üçün əsas hesab olunur.
Bu tendensiya təsadüfi deyil. XXI əsrdə biznes rəhbərindən yalnız maliyyə göstəricilərini yaxşılaşdırmaq deyil, eyni zamanda etik dilemmləri həll etmək, müxtəlif maraq qrupları arasında balans yaratmaq, təşkilati mədəniyyəti formalaşdırmaq və insanların etimadını qazanmaq tələb olunur. Bu bacarıqlar isə təkcə menecment dərsliklərindən deyil, insan təbiətini ən dərindən təhlil edən klassik ədəbiyyatdan da öyrənilir.
Beləliklə, aparıcı biznes məktəblərinin klassik ədəbiyyata müraciəti keçmişə nostalji deyil. Bu, rəqəmsal əsrdə insan amilinin strateji əhəmiyyətini qəbul edən yeni biznes təhsil modelinin göstəricisidir. Gələcəyin uğurlu lideri yalnız maliyyə hesabatlarını oxuyan deyil, həm də insan xarakterini, etik məsuliyyəti və mürəkkəb sosial prosesləri dərk edən şəxs olmalıdır. Klassik ədəbiyyat məhz bu bacarıqların formalaşmasına xidmət edir.
Klassik əsərlər – insan davranışının laboratoriyası kimi
İqtisadi modellər bazarın necə işlədiyini izah edir. Klassik ədəbiyyat isə insanın niyə belə davrandığını göstərir.
Qoqolun "Ölü canlar" əsərində saxta dəyərin iqtisadiyyatı. Nikolay Qoqolun "Ölü canlar" əsərinin dahiliyi ondadır ki, yazıçı sadəcə bir maliyyə fırıldağını təsvir etmir. O, əslində, real dəyər yaratmayan, lakin dəyər görüntüsü yaradan sistemlərin necə işlədiyini nümayiş etdirir. Çiçikovun məqsədi nə torpaq becərmək, nə istehsal qurmaq, nə də cəmiyyət üçün faydalı məhsul yaratmaqdır. O, iqtisadiyyatın əsas prinsipi olan yeni dəyər yaratmaq əvəzinə, mövcud sistemdəki hüquqi və inzibati boşluqlardan istifadə edərək kağız üzərində sərvət formalaşdırmağa çalışır.
Çiçikov ölmüş kəndliləri ("ölü canlar") satın alır. Həmin insanlar artıq həyatda olmasalar da, növbəti siyahıyaalma aparılmadığı üçün dövlət sənədlərində hələ də "canlı" hesab olunurlar. Çiçikov bu formal hüquqi statusdan istifadə edərək özünü çoxsaylı təhkimli kəndlilərə malik varlı torpaq sahibi kimi təqdim edir və gələcəkdə həmin "aktivlər" əsasında kredit almağı, nüfuz qazanmağı və iqtisadi üstünlük əldə etməyi planlaşdırır.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, real sərvət ilə kağız üzərində görünən sərvət arasında böyük fərq yaranır. Əslində heç bir iqtisadi dəyər yaradılmır, lakin sənədlərdə böyük kapital görüntüsü formalaşdırılır. Qoqol bununla göstərir ki, bəzi sistemlərdə insanlar məhsul istehsal etməklə deyil, görünüş istehsal etməklə uğur qazanmağa çalışırlar.
Bu ideya XXI əsrdə daha da aktual səslənir. Müasir təşkilatlarda və hətta bəzi universitetlərdə də bəzən əsas məqsəd real nəticə əldə etmək deyil, nəticə görüntüsü yaratmaq olur. Məsələn, təşkilatın fəaliyyəti onun cəmiyyətə təsiri ilə deyil, təqdim etdiyi hesabatların həcmi, keçirilən tədbirlərin sayı, imzalanmış memorandumların miqdarı və ya müxtəlif reytinqlərdə tutduğu yerlə qiymətləndirilə bilər. Belə hallarda məzmun tədricən formaya tabe olur.
Elm sahəsində də oxşar təhlükə mövcuddur. Məqalələrin sayı onların elmi təsirindən daha vacib hesab edildikdə, konfransların sayı yeni ideyaların yaranmasını üstələdikdə və sitat indeksləri elmi keyfiyyətin yeganə meyarına çevrildikdə, sistem tədricən "saxta dəyər iqtisadiyyatı"na doğru hərəkət edir. Xaricdən baxdıqda yüksək məhsuldarlıq təsiri bağışlayan bu fəaliyyətin arxasında bəzən real elmi və ya ictimai təsir olmur.
Korporativ idarəetmədə də oxşar hallar müşahidə edilir. Bəzi şirkətlər uzunmüddətli innovasiya və məhsuldarlıq əvəzinə, qısamüddətli maliyyə göstəricilərini süni şəkildə yaxşılaşdırmağa, investorlara daha cəlbedici görünməyə və bazarda yüksək qiymətləndirmə əldə etməyə çalışırlar. Belə strategiyalar ilk baxışdan uğurlu təsir bağışlasa da, real iqtisadi dəyər yaratmadığı üçün uzunmüddətli perspektivdə dayanıqlı olmur.
Qoqolun uzaqgörənliyi də məhz buradadır. O, oxucuya göstərir ki, hər bir sistemdə ən təhlükəli korrupsiya yalnız pulun oğurlanması deyil, dəyər anlayışının saxtalaşdırılmasıdır. İnsanlar həqiqi nəticə yaratmaq əvəzinə, nəticə görüntüsü yaratmağa başladıqda institutlar tədricən öz funksiyasını itirir. Kağız üzərində hər şey uğurlu görünür, lakin cəmiyyət real inkişaf hiss etmir.
Bu baxımdan Çiçikov təkcə XIX əsrin fırıldaqçısı deyil. O, göstəriciləri məqsədə çevirən hər bir idarəetmə modelinin simvoludur. Onun fəaliyyəti bizə vacib bir həqiqəti xatırladır: iqtisadiyyatın, biznesin və elmin əsas məqsədi göstərici toplamaq deyil, həqiqi dəyər yaratmaqdır. Göstəricilər yalnız həmin dəyərin ölçüsü olmalıdır; onlar məqsədin özünə çevrildikdə isə sistem "ölü canlar" istehsal etməyə başlayır. Bu fikir bu gün biznes, dövlət idarəçiliyi və ali təhsil üçün Qoqolun əsərinin ən aktual dərslərindən biridir.
Bu gün də iqtisadiyyatda oxşar hallarla rastlaşmaq mümkündür:
• süni şəkildə şişirdilmiş maliyyə göstəriciləri;
• formal KPI-lər;
• reallığı əks etdirməyən hesabatlar;
• yalnız reytinq naminə yaradılan fəaliyyət.
Belə hallarda biznes inkişaf etmir, sadəcə görüntü formalaşır.
Dostoyevski insan psixologiyası vasitəsilə maliyyə risklərini necə izah edir? Fyodor Dostoyevskinin əsərlərində maliyyə risklərinin psixoloji tərəfi xüsusi yer tutur. Qumar, borc, tamah, emosional qərarlar və məsuliyyətsizlik bu gün maliyyə davranışı iqtisadiyyatında araşdırılan əsas mövzulardır. Müasir risk menecerləri statistik modellərlə işləyirlər. Dostoyevski isə göstərir ki, ən böyük risk insanın öz daxilində başlayır. Fyodor Dostoyevskinin əsərləri ilk baxışdan fəlsəfi və psixoloji romanlar təsiri bağışlasa da, onların dərin qatlarında insanın maliyyə qərarlarının psixologiyası son dərəcə incə şəkildə təhlil edilir. Müasir davranış maliyyəsi insanların iqtisadi qərarlarının həmişə rasional olmadığını elmi metodlarla sübut edirsə, Dostoyevski bu həqiqəti hələ XIX əsrdə bədii obrazlar vasitəsilə nümayiş etdirmişdir. Onun qəhrəmanları maliyyə qərarlarını hesablamalar əsasında deyil, daha çox qorxu, tamah, ehtiras, qürur və ümidsizlik kimi emosiyaların təsiri altında qəbul edirlər.
Bu baxımdan yazıçının "Qumarbaz" romanı xüsusi əhəmiyyət daşıyır. Əsərin qəhrəmanı Aleksey İvanoviç əvvəlcə rulet oyununu maddi rifah əldə etmək vasitəsi kimi görür. Lakin hadisələrin inkişafı göstərir ki, zaman keçdikcə pul məqsəd olmaqdan çıxır, riskin özü isə əsas motivə çevrilir. Qəhrəman uduzduqca dayanmaq əvəzinə daha böyük məbləğlərlə oynamağa başlayır, qazandıqda isə qazancı qorumaq əvəzinə onu yenidən riskə atır. Dostoyevski bununla göstərir ki, insan itkilərini kompensasiya etmək arzusu ilə daha təhlükəli qərarlar verməyə meyillidir. Müasir davranış maliyyəsində bu hal "loss chasing", yəni itkilərin arxasınca qaçmaq fenomeni kimi tanınır. Bu psixoloji mexanizm təkcə qumarda deyil, fond bazarlarında, valyuta əməliyyatlarında və yüksək riskli investisiyalarda da müşahidə olunur.
F.Dostoyevskinin "Cinayət və cəza" romanı isə pulun insanın mənəvi dünyasına və qərarvermə prosesinə təsirini araşdırır. Romanın baş qəhrəmanı Rodion Raskolnikov ağır maddi sıxıntılar içində yaşayır və öz cinayətini guya daha böyük məqsədlərə xidmət edən vasitə kimi əsaslandırmağa çalışır. Yazıçı bununla göstərir ki, iqtisadi çətinliklər insanın etik prinsiplərini sarsıda, onu mənəvi kompromislərə sövq edə bilər. Pul çatışmazlığı burada sadəcə iqtisadi problem deyil, eyni zamanda insanın vicdanı ilə maraqları arasında yaranan daxili mübarizənin katalizatorudur.
"Karamazov qardaşları" romanında isə maliyyə ailədaxili münasibətlərin və hakimiyyət uğrunda mübarizənin əsas elementlərindən birinə çevrilir. Miras, var-dövlət və maddi maraqlar ailə üzvləri arasında etimadı zəiflədir, münasibətləri gərginləşdirir və mənəvi dəyərləri arxa plana keçirir. Bu baxımdan əsər müasir ailə bizneslərində varislik problemləri, korporativ idarəetmədə maraq toqquşmaları və mülkiyyət münasibətləri ilə bağlı aktual dərslər təqdim edir.
Yazıçının "Axmaq" romanı isə pulun sosial münasibətlərdə hakimiyyət alətinə çevrilməsini göstərir. Dostoyevski burada sərvətin insana yalnız imkanlar qazandırmadığını, eyni zamanda onu manipulyasiya, asılılıq və mənəvi təzyiq vasitəsinə də çevirə bildiyini nümayiş etdirir. Beləliklə, var-dövlətin özü xoşbəxtlik və azadlıq təmin etmir; onun insanın xarakterinə və münasibətlərinə necə təsir göstərməsi daha böyük əhəmiyyət kəsb edir.
Dostoyevskinin əsərlərinin əsas üstünlüyü ondadır ki, o, maliyyə risklərini iqtisadi göstəricilər vasitəsilə deyil, insan psixologiyası prizmasından izah edir. Onun qəhrəmanları rasional investor deyillər; onlar qorxu, tamah, həddindən artıq özünəinam, emosional impulslar və ümid kimi psixoloji amillərin təsiri altında qərarlar qəbul edirlər. Maraqlıdır ki, bu xüsusiyyətlər sonralar davranış iqtisadiyyatının banilərindən olan Nobel mükafatı laureatı Daniel Kahneman və Amos Tverskinin elmi tədqiqatlarında sistemli şəkildə izah edilmişdir.
Əgər Nikolay Qoqolun "Ölü canlar" əsəri saxta iqtisadi dəyərin və formal göstəricilər üzərində qurulan sistemlərin təhlükəsini göstərirsə, Dostoyevskinin romanları maliyyə risklərinin əsl mənbəyinin bazarda deyil, insanın daxilində olduğunu sübut edir. Bu səbəbdən onun əsərləri yalnız dünya ədəbiyyatının klassik nümunələri deyil, həm də müasir biznes, risk menecmenti və davranış maliyyəsinin psixoloji əsaslarını anlamaq üçün dəyərli intellektual mənbə hesab oluna bilər.
Tolstoy strateji idarəetməni öyrədir. Lev Tolstoyun "Hərb və sülh" əsəri yalnız tarixi roman deyil. Bu əsər böyük sistemlərin idarə olunmasını; qeyri-müəyyənlik şəraitində qərarverməni; liderliyin psixologiyasını; uzunmüddətli strategiyanın əhəmiyyətini nümayiş etdirir.
Bugünkü korporativ idarəetmədə istifadə olunan bir çox liderlik yanaşmaları həmin əsərdə bədii formada təqdim olunur.
Müasir biznes dünyasında strateji idarəetmə dedikdə adətən korporativ strategiya, rəqabət üstünlüyü, risklərin idarə olunması, liderlik və uzunmüddətli planlaşdırma nəzərdə tutulur. Bu sahələr üzrə yüzlərlə dərslik və minlərlə elmi məqalə yazılmışdır. Lakin maraqlıdır ki, strateji idarəetmənin bir çox fundamental prinsipləri hələ XIX əsrdə Lev Tolstoyun "Hərb və sülh" romanında bədii formada təsvir edilmişdir. İlk baxışdan Napoleon müharibələrinə həsr olunmuş tarixi epopeya kimi görünən bu əsər, əslində, mürəkkəb sistemlərin idarə olunması, qeyri-müəyyənlik şəraitində qərarvermə, liderlik psixologiyası və strateji düşüncə haqqında dərin fəlsəfi traktatdır.
Tolstoyun ən böyük üstünlüyü ondan ibarətdir ki, o, tarixi hadisələri yalnız faktların ardıcıllığı kimi təqdim etmir; əksinə, göstərir ki, böyük hadisələrin taleyini təkcə dahi liderlər deyil, minlərlə insanın qərarları, təsadüflər, sosial proseslər və gözlənilməz amillər birlikdə müəyyən edir. Bu yanaşma müasir idarəetmə elmində "mürəkkəb adaptiv sistemlər" (complex adaptive systems) konsepsiyasına olduqca yaxındır. Müasir şirkətlər də eyni xüsusiyyətlərə malikdir: onlar yalnız rəhbərin göstərişləri ilə deyil, əməkdaşların davranışı, bazarın reaksiyası, texnoloji dəyişikliklər və xarici mühitin təsiri ilə inkişaf edir.
Tolstoyun romanında diqqəti cəlb edən əsas mövzulardan biri qeyri-müəyyənlik şəraitində qərarvermə problemidir. Napoleon Bonapart hərbi planlarını mükəmməl hesab etsə də, döyüş meydanında hava şəraiti, əsgərlərin mənəvi vəziyyəti, logistik çətinliklər və təsadüfi hadisələr bu planların həyata keçməsinə ciddi maneələr yaradır. Tolstoy bununla göstərir ki, heç bir strategiya reallığın bütün dəyişənlərini əvvəlcədən hesablaya bilməz. Müasir biznesdə də rəhbərlər bazar proqnozları hazırlayır, risk modelləri qurur və strateji planlar tərtib edirlər. Lakin iqtisadi böhranlar, geosiyasi gərginliklər, texnoloji yeniliklər və istehlakçı davranışındakı dəyişikliklər əvvəlcədən nəzərdə tutulmayan nəticələr doğura bilir. Deməli, uğurlu lider yalnız plan quran deyil, həm də dəyişən şəraitə uyğunlaşmağı bacaran şəxsdir.
Romanın digər mühüm ideyası liderliyin mahiyyəti ilə bağlıdır. Tolstoy Napoleonu özünə həddindən artıq güvənən, hər şeyi nəzarətdə saxladığını düşünən lider kimi təsvir edir. O hesab edir ki, ordunun taleyi yalnız onun qərarlarından asılıdır. Buna qarşılıq olaraq rus ordusunun baş komandanı Mixail Kutuzov tamamilə fərqli liderlik modeli nümayiş etdirir. Kutuzov hadisələri zorla idarə etməyə çalışmır; o, şəraiti diqqətlə müşahidə edir, ordunun real imkanlarını düzgün qiymətləndirir, tələsik qərarlardan çəkinir və zamanın öz xeyrinə işləməsinə imkan verir. Tolstoyun təqdim etdiyi bu yanaşma müasir idarəetmə nəzəriyyəsində adaptiv liderlik və strateji səbir anlayışlarına uyğun gəlir. Bəzən ən düzgün qərar dərhal hərəkət etmək deyil, doğru məqamı gözləməkdir.
"Hərb və sülh" əsəri həm də uzunmüddətli strategiyanın qısamüddətli uğurlardan daha vacib olduğunu nümayiş etdirir. Napoleon Moskvanı işğal etməklə taktiki qələbə qazandığını düşünürdü. Lakin Tolstoy göstərir ki, strateji məqsəd yalnız şəhəri tutmaq deyil, müharibənin ümumi nəticəsini müəyyən etməkdir. Moskvanın tutulması Fransa ordusuna qələbə gətirmədi; əksinə, təchizat problemləri, sərt qış və uzun kommunikasiya xətləri ordunun zəifləməsinə səbəb oldu. Müasir biznesdə də şirkətlər bəzən qısamüddətli maliyyə göstəricilərini yaxşılaşdırmaq naminə uzunmüddətli inkişaf imkanlarını itirirlər. Rüblük mənfəətin artırılması üçün innovasiya layihələrinin dayandırılması, əməkdaşların inkişafına investisiyanın azaldılması və ya keyfiyyət standartlarından güzəştə gedilməsi gələcəkdə daha böyük problemlər yarada bilər. Tolstoy oxucuya öyrədir ki, strategiya yalnız bu günü deyil, gələcəyi də nəzərə almalıdır.
Əsərin digər aktual tərəfi informasiya və qərarvermə arasındakı əlaqədir. Tolstoy dəfələrlə göstərir ki, döyüş meydanında qərarlar heç vaxt tam və dəqiq informasiya əsasında qəbul edilmir. Komandanlar natamam məlumatla işləyir, müxtəlif mənbələrdən ziddiyyətli xəbərlər alır və məhdud zaman şəraitində seçim etməli olurlar. Bu vəziyyət müasir biznes rəhbərlərinin qarşılaşdığı problemlərlə eynidir. Şirkətlər bazar haqqında heç vaxt tam məlumata malik olmur. Buna baxmayaraq, rəhbərlər investisiya qərarları qəbul edir, yeni bazarlara daxil olur və strateji dəyişikliklər həyata keçirirlər. Tolstoy göstərir ki, liderin əsas üstünlüyü bütün məlumatlara sahib olmaq deyil, qeyri-müəyyənlik şəraitində düzgün mühakimə yürütmək bacarığıdır.
Tolstoyun romanında insan amili də xüsusi yer tutur. O göstərir ki, ən mükəmməl plan belə insanların motivasiyası, mənəvi ruhu və kollektiv inamı olmadan uğur qazana bilməz. Döyüşlərin nəticəsini yalnız silahlar deyil, əsgərlərin psixoloji vəziyyəti, komandirlərinə etibarı və ortaq məqsədə inamı müəyyən edir. Müasir korporativ idarəetmədə də təşkilati mədəniyyət, işçi motivasiyası və liderə etibar şirkətin maliyyə göstəricilərindən az əhəmiyyət daşımır. Güclü təşkilatlar yalnız resursları ilə deyil, insan kapitalı və ortaq dəyərləri ilə rəqabət üstünlüyü əldə edirlər.
Tolstoyun ən mühüm mesajlarından biri də strateji təvazökarlıqdır. Roman göstərir ki, heç bir lider hadisələrin bütün gedişatını tam idarə edə bilməz. Həddindən artıq özünəinam, hər şeyi əvvəlcədən bildiyini düşünmək və alternativ ssenariləri nəzərə almamaq böyük məğlubiyyətlərə gətirib çıxara bilər. Müasir idarəetmədə bu yanaşma "hubris", yəni liderin həddindən artıq özünəinam sindromu kimi tanınır. Tarixdə bir çox korporativ uğursuzluqların arxasında məhz bu psixoloji amil dayanmışdır.
Nəhayət, "Hərb və sülh" oxucuya göstərir ki, liderlik yalnız əmr vermək bacarığı deyil, mürəkkəb reallığı anlamaq, insanları düzgün qiymətləndirmək, dəyişən şəraitə uyğunlaşmaq və uzunmüddətli nəticələri nəzərə almaq sənətidir. Tolstoyun qəhrəmanları vasitəsilə təqdim etdiyi bu prinsiplər bu gün də strateji idarəetmə, korporativ liderlik və təşkilati davranış nəzəriyyələrinin əsasını təşkil edən ideyalarla səsləşir.
Bu səbəbdən "Hərb və sülh" yalnız dünya ədəbiyyatının şah əsərlərindən biri deyil, həm də biznes rəhbərləri, dövlət idarəçiləri və strateji qərar qəbul edən şəxslər üçün dəyərli intellektual məktəbdir. O, oxucuya bir həqiqəti xatırladır: uğurlu strategiya gələcəyi tam proqnozlaşdırmaq deyil, gələcək dəyişdikdə düzgün istiqamətdə hərəkət etməyi bacarmaqdır.
Şekspir – korporativ idarəetmənin klassik müəllimi. Şekspirin faciələrində hakimiyyət uğrunda mübarizə, maraq toqquşmaları, etik dilemmlar və liderin qərarlarının təşkilata təsiri aydın görünür. Biznes məktəblərində korporativ idarəetmə, liderlik, risklərin idarə olunması və təşkilati davranış ayrıca fənlər kimi tədris olunur. Lakin bu anlayışların bir çoxu hələ XVI–XVII əsrlərdə Uilyam Şekspirin faciələrində yüksək bədii ustalıqla təsvir edilmişdir. Şekspir dövlət idarəçiliyini və kral sarayını təsvir etsə də, onun yaratdığı hakimiyyət münasibətləri müasir korporasiyaların idarəetmə mexanizmləri ilə təəccüblü dərəcədə səsləşir. Şirkətlərdə direktorlar şurası, səhmdarlar, top-menecerlər və müxtəlif maraq qrupları arasında yaranan münasibətlər çox vaxt Şekspir qəhrəmanlarının yaşadığı dilemmları xatırladır.
Şekspirin əsərlərinin əsas üstünlüyü ondadır ki, o, idarəetmənin hüquqi və texniki tərəflərini deyil, onun psixoloji və etik əsaslarını araşdırır. O göstərir ki, təşkilatların uğursuzluğunun əsas səbəbi çox zaman maliyyə çatışmazlığı deyil, liderlərin xarakteri, qərarvermə tərzi və idarəetmə mədəniyyətidir.
“Hamlet” əsərində Danimarka sarayı etimadın itdiyi, dezinformasiyanın hökm sürdüyü bir idarəetmə sistemidir. Demək olar ki, bütün əsas personajlar bir-birini izləyir, məlumat gizlədir və ya manipulyasiya edir. Kral Klavdi öz hakimiyyətini qorumaq üçün həqiqəti gizlədir, Poloni casusluqdan idarəetmə aləti kimi istifadə edir, Rozenkrants və Gildenstern isə dostluq adı altında məlumat toplayırlar.
Müasir korporativ idarəetmədə də informasiyanın qeyri-şəffaflığı ciddi risk yaradır. Rəhbərlik real vəziyyəti səhmdarlardan gizlətdikdə, əməkdaşlar arasında etimad pozulduqda və ya qərarlar natamam informasiya əsasında qəbul edildikdə təşkilatın strateji istiqaməti zəifləyir. Korporativ qalmaqalların əksəriyyətində problemin kökündə məhz informasiya asimmetriyası və şəffaflığın olmaması dayanır.
Hamlet obrazı isə başqa bir idarəetmə problemini nümayiş etdirir: həddindən artıq analiz və qərarsızlıq. O, hər addımı uzun müddət düşünür, alternativləri sonsuz şəkildə müqayisə edir və nəticədə qərar qəbulunu gecikdirir. Müasir idarəetmə nəzəriyyəsində bu vəziyyət "analysis paralysis", yəni həddindən artıq təhlilin qərarverməni iflic etməsi kimi tanınır. Rəqabətin yüksək olduğu biznes mühitində vaxtında verilməyən düzgün qərar bəzən yanlış qərardan daha böyük itkilərə səbəb ola bilər.
Maqbet liderlik psixologiyası haqqında yazılmış ən güclü əsərlərdən biridir. Maqbet əvvəlcə uğurlu sərkərdədir. Lakin hakimiyyət ehtirası və şəxsi ambisiyası onun qərarvermə qabiliyyətini dəyişir. O, legitim idarəetmə prinsiplərini pozaraq hakimiyyəti zorla ələ keçirir və daha sonra onu qorumaq üçün ardıcıl yanlış qərarlar qəbul edir.
Şekspir bununla göstərir ki, etik prinsiplərdən uzaqlaşan lider qısamüddətli uğur əldə etsə də, uzunmüddətli sabitliyi təmin edə bilmir. Müasir korporativ tarixdə də maliyyə hesabatlarının saxtalaşdırılması, daxili nəzarət mexanizmlərinin zəiflədilməsi və şəxsi maraqların təşkilat maraqlarından üstün tutulması bir çox iri şirkətin iflasına və nüfuzunun itirilməsinə səbəb olmuşdur.
Maqbet həm də hakimiyyətin insan psixologiyasını necə dəyişdirdiyini göstərir. O, tədricən əməkdaşlarına inamını itirir, fərqli fikirləri təhlükə kimi qəbul edir və yalnız özünü təsdiqləyən insanlarla əhatələnir. Müasir idarəetmədə bu vəziyyət "echo chamber" və ya "groupthink" fenomeni ilə izah olunur. Lider yalnız onun fikirlərini təsdiqləyən komanda formalaşdırdıqda təşkilat alternativ baxışlardan məhrum olur və strateji səhvlərin ehtimalı artır.
Kral Lir korporativ idarəetmədə insan resurslarının və varislik planlaşdırmasının əhəmiyyətini göstərən ən təsirli əsərlərdən biridir. Kral Lir qərarlarını obyektiv qiymətləndirmə əsasında deyil, emosional təsəvvürlər və yaltaqlıq üzərində qurur. O, səmimi və dürüst qızı Kordeliyanı uzaqlaşdırır, yaltaqlıq edən digər qızlarına isə hakimiyyəti həvalə edir.
Bu, müasir təşkilatlarda rast gəlinən klassik idarəetmə səhvidir. Rəhbər peşəkarlıq və kompetensiya əvəzinə şəxsi simpatiyaya, sədaqət nümayişinə və ya yaltaqlığa üstünlük verdikdə təşkilatın qərarvermə keyfiyyəti aşağı düşür. Yanlış kadr seçimi zamanla yalnız fərdi problem olmur, bütün idarəetmə sisteminin zəifləməsinə gətirib çıxarır.
Əsər həm də varislik planlaşdırmasının əhəmiyyətini vurğulayır. Kral Lir hakimiyyəti bölüşdürərkən gələcək riskləri qiymətləndirmir və idarəetmənin davamlılığını təmin edən mexanizmlər yaratmır. Müasir ailə şirkətlərində və iri korporasiyalarda rəhbərliyin dəyişməsi prosesinin uğursuz həyata keçirilməsi də oxşar böhranlara səbəb ola bilir.
Bu baxımdan Şekspirin əsərləri müasir korporativ idarəetmənin beş fundamental prinsipini xatırladır: şəffaf informasiya mühiti etimadın əsas şərtidir; lider emosiyalarını deyil, prinsiplərini rəhbər tutmalıdır; kadr seçimi peşəkarlıq və kompetensiya əsasında aparılmalıdır; hakimiyyət şəxsi maraqlar üçün deyil, təşkilatın ümumi məqsədləri naminə istifadə edilməlidir və uzunmüddətli uğurun təməlində etik idarəetmə dayanır.
Məhz buna görə Şekspir yalnız dünya dramaturgiyasının klassiki deyil, həm də liderlik, təşkilati davranış və korporativ idarəetmə sahəsində zamana meydan oxuyan müəllifdir. Onun faciələri sübut edir ki, texnologiyalar, bazarlar və biznes modelləri dəyişsə də, idarəetmənin əsas problemi dəyişmir: təşkilatların taleyini son nəticədə insanların xarakteri, qərarları və dəyərləri müəyyən edir.
Bu problemlər XXI əsrin şirkətlərində də aktuallığını qoruyur.
Azərbaycan klassikləri də biznes və idarəetmə məktəbidir
Əgər Qoqol, Tolstoy, Dostoyevski və Şekspir əsərləri Qərbdə liderlik, strateji idarəetmə və korporativ idarəetmə baxımından təhlil olunursa, Azərbaycan klassik ədəbiyyatı da bu baxımdan zəngin intellektual irsə malikdir. Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının əsərləri yalnız bədii dəyərinə görə deyil, həm də idarəetmə mədəniyyəti, liderlik, təşkilati davranış və institusional inkişaf haqqında mühüm mesajlar verdiyinə görə müasir biznes təhsilində faydalı mənbələr hesab oluna bilər.
Cəfər Cabbarlının "Almaz" əsəri dəyişikliklərin idarə olunması (change management) haqqında yazılmış ən uğurlu Azərbaycan əsərlərindən biridir. Əsərin baş qəhrəmanı Almaz yeni ideyaları cəmiyyətə və təhsil mühitinə gətirməyə çalışan dəyişiklik lideridir. O, köhnə düşüncə tərzi, maraq qrupları, dezinformasiya və təşkilati müqavimətlə üzləşir. Müasir şirkətlərdə rəqəmsal transformasiya, yeni idarəetmə modelləri və təşkilati islahatlar həyata keçirən rəhbərlər də oxşar problemlərlə qarşılaşırlar. Cabbarlı göstərir ki, uğurlu lider yalnız yeni ideyalar irəli sürən deyil, həm də dəyişikliklərə qarşı müqaviməti düzgün idarə etməyi bacaran şəxs olmalıdır.
"Aydın" əsərində isə liderin daxili dünyası, etik prinsipləri və qərarvermə prosesi ön plana çıxır. Aydın idealları ilə reallıq arasında çətin seçim qarşısında qalır. Bu əsər göstərir ki, liderlik yalnız idarəetmə bacarığı deyil, həm də mənəvi məsuliyyət, prinsipiallıq və şəxsi dəyərlərə sadiqlik tələb edir. Müasir korporativ idarəetmədə də etik liderlik təşkilatın uzunmüddətli uğurunun əsas şərtlərindən biri hesab edilir.
"Oqtay Eloğlu" isə vizyoner liderlik və yaradıcı idarəetmə haqqında mühüm mesajlar verir. Oqtay mövcud stereotipləri qəbul etmir, milli teatrın inkişafı və yeni mədəni mühitin formalaşdırılması uğrunda mübarizə aparır. Bu baxımdan o, dəyişikliklərə təşəbbüs göstərən, innovativ düşünən və cəmiyyətə yeni baxış təqdim edən lider modelini təcəssüm etdirir. Müasir sahibkar və menecer üçün də yalnız mövcud sistemi idarə etmək deyil, gələcəyi formalaşdıracaq yeni ideyalar yaratmaq əsas keyfiyyətlərdən sayılır.
Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyası sahibkarlıq psixologiyasını və kapitala münasibəti dərin satirik dillə təsvir edir. Hacı Qara var-dövlət toplamağa çalışsa da, sərmayəni inkişaf vasitəsi kimi deyil, yalnız şəxsi sərvət kimi qəbul edir. O, uzunmüddətli strateji düşüncədən, innovasiyadan və risk götürməkdən uzaqdır. Bu baxımdan əsər qısamüddətli qazancı üstün tutan tacirlik modelinin məhdudiyyətlərini göstərir və strateji investisiyanın əhəmiyyətini vurğulayır.
Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri isə institusional tənəzzül və formalizmin ən güclü bədii tənqidlərindən biridir. Burada "ölü" anlayışı fiziki ölümü deyil, düşüncənin, təşəbbüsün və inkişaf iradəsinin yoxluğunu ifadə edir. Bu metafora müasir təşkilatlara da şamil edilə bilər. Elə şirkətlər və universitetlər vardır ki, zahirən fəaliyyət göstərsələr də, innovasiya yaratmır, dəyişikliklərə açıq olmur və yalnız formal göstəricilərlə kifayətlənirlər. Belə təşkilatlar funksional baxımdan yaşayır, lakin intellektual baxımdan inkişaf etmir.
Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" əsəri də sosial kapital, danışıqlar, reputasiya və maraq qrupları arasındakı münasibətlərin idarə olunmasını əks etdirir. Əsər göstərir ki, iqtisadi münasibətlər yalnız maliyyə hesablamaları ilə deyil, etibar, nüfuz və sosial əlaqələr vasitəsilə də formalaşır. Bu gün korporativ idarəetmədə "reputasiya kapitalı" və "sosial kapital" anlayışlarının xüsusi əhəmiyyət daşıması Üzeyir Hacıbəylinin müşahidələrinin aktuallığını bir daha təsdiqləyir.
Beləliklə, Azərbaycan klassik ədəbiyyatı yalnız milli-mənəvi irs deyil, həm də liderlik, sahibkarlıq, korporativ idarəetmə və strateji düşüncə baxımından zəngin intellektual məktəbdir. Bu əsərlərdə təsvir olunan insan xarakterləri, idarəetmə səhvləri, etik dilemmlar və institusional problemlər bu gün də öz aktuallığını qoruyur. Məhz buna görə Azərbaycan klassiklərinin əsərləri ədəbiyyat dərsləri ilə yanaşı, biznes məktəblərində, liderlik proqramlarında və korporativ idarəetmə kurslarında da öyrənilməyə layiqdir.
Universitetlər üçün yeni çağırış: Biznes təhsilində klassik ədəbiyyatın yenidən kəşfi
XXI əsrdə ali təhsil qarşısında duran ən mühüm vəzifələrdən biri yalnız peşəkar mütəxəssis deyil, həm də mürəkkəb və qeyri-müəyyən şəraitdə düzgün qərarlar qəbul edə bilən liderlər yetişdirməkdir. Rəqəmsallaşma, süni intellekt, qlobal rəqabət və geosiyasi dəyişikliklər biznes mühitini sürətlə transformasiya edir. Belə bir dövrdə yalnız maliyyə modellərini, marketinq alətlərini və ya idarəetmə nəzəriyyələrini bilmək artıq kifayət etmir. Müasir rəhbər insan davranışını, təşkilati münasibətləri, etik dilemmləri və sosial prosesləri də dərindən anlamalıdır. Məhz bu baxımdan klassik ədəbiyyat biznes təhsilinin ayrılmaz hissəsinə çevrilməlidir.
Ənənəvi yanaşmada klassik ədəbiyyat humanitar fakültələrin öyrənmə obyekti hesab olunur. Halbuki klassik əsərlər insan xarakterinin, liderlik psixologiyasının, hakimiyyət münasibətlərinin, böhranların və qərarvermə prosesinin ən zəngin laboratoriyasıdır.
Təsadüfi deyil ki, dünyanın aparıcı universitetləri artıq uzun illərdir klassik ədəbiyyatdan biznes təhsilində fəal şəkildə istifadə edirlər. Harvard, Stanford, Yale, Oxford, Cambridge və digər nüfuzlu ali məktəblərdə ədəbiyyat əsərləri liderlik, təşkilati davranış, etik qərarvermə və strateji idarəetmə mövzularında müzakirə edilir. Burada məqsəd tələbələri ədəbiyyatşünasa çevirmək deyil. Məqsəd onların analitik düşünmə qabiliyyətini, empatiyasını, etik həssaslığını və mürəkkəb situasiyaları çoxşaxəli qiymətləndirmək bacarığını inkişaf etdirməkdir.
Məsələn, Şekspirin "Hamlet" əsəri qərarsız liderliyin təşkilata təsirini, "Maqbet" hakimiyyət ehtirasının korporativ fəsadlarını, Tolstoyun "Hərb və sülh" əsəri qeyri-müəyyənlik şəraitində strateji idarəetməni, Dostoyevskinin "Qumarbaz" romanı isə maliyyə risklərinin psixoloji əsaslarını anlamaq üçün mühüm tədris materialına çevrilə bilər. Bu əsərlərin üstünlüyü ondadır ki, onlar mürəkkəb idarəetmə problemlərini abstrakt nəzəriyyələr deyil, insan taleləri üzərindən izah edir.
Biznes təhsilində klassik ədəbiyyatın tətbiqi tələbələrdə bir sıra mühüm kompetensiyaların formalaşmasına xidmət edir.
Əvvəla, klassik əsərlər empatiya və emosional intellekti inkişaf etdirir. Lider yalnız rəqəmləri deyil, insanları da anlamalıdır. İşçilərin motivasiyasını, müştərilərin davranışını, tərəfdaşların maraqlarını və təşkilat daxilində yaranan münasibətləri düzgün qiymətləndirmək üçün yüksək emosional intellekt vacibdir. Ədəbiyyat isə insan psixologiyasını ən dərindən öyrədən sahələrdən biridir.
İkincisi, klassik əsərlər etik qərarvermə bacarığını gücləndirir. Müasir biznesdə rəhbərlər tez-tez qanunla etik davranış arasında seçim etməli olurlar. Hüquqi baxımdan düzgün görünən qərar hər zaman mənəvi baxımdan doğru olmaya bilər. Klassik ədəbiyyat belə dilemmləri müxtəlif rakurslardan təqdim edir və tələbələri yalnız "doğru cavab" axtarmağa deyil, qərarların nəticələri barədə düşünməyə sövq edir.
Üçüncüsü, klassik əsərlər sistemli və strateji düşüncəni inkişaf etdirir. Böyük romanlar fərdi hadisələri deyil, bütöv cəmiyyətin və mürəkkəb sosial sistemlərin fəaliyyətini təsvir edir. Bu baxımdan onlar strateji idarəetmənin əsas prinsiplərini – səbəb-nəticə əlaqələrini görmək, uzunmüddətli nəticələri qiymətləndirmək və müxtəlif maraq qrupları arasında balans yaratmaq bacarığını formalaşdırır.
Süni intellektin sürətlə inkişaf etdiyi dövrdə bu yanaşmanın əhəmiyyəti daha da artır. Süni intellekt böyük verilənləri təhlil edə, maliyyə modelləri qura və mürəkkəb hesablamalar apara bilir. Lakin o, insanın vicdanını, empatiyasını, etik məsuliyyətini və mənəvi seçimlərini əvəz edə bilmir. Gələcəyin uğurlu liderini məhz bu xüsusiyyətlər fərqləndirəcək. Buna görə də universitetlərin vəzifəsi yalnız texniki bilik vermək deyil, həm də insanı anlamağı bacaran rəhbərlər yetişdirməkdir.
Azərbaycan universitetləri üçün də bu yanaşma yeni imkanlar açır. Biznes və iqtisadiyyat proqramlarında "Ədəbiyyat və Liderlik", "Klassik əsərlərdə idarəetmə", "Biznes etikası və bədii düşüncə", "Liderlik psixologiyası: klassik ədəbiyyatın prizmasından" kimi fənlərin və ya modulların yaradılması tələbələrin peşəkar hazırlığını zənginləşdirə bilər.
Bu kurslarda dünya klassikləri ilə yanaşı, Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Almaz" və "Aydın" əsərləri də idarəetmə, sahibkarlıq, etik liderlik və institusional inkişaf kontekstində təhlil edilə bilər. Belə yanaşma həm milli ədəbi irsin yeni prizmadan dəyərləndirilməsinə, həm də tələbələrin yerli və qlobal idarəetmə problemlərinə müqayisəli baxış formalaşdırmasına imkan verər.
Nəticə
Nəticə etibarilə, biznes təhsilinin gələcəyi yalnız yeni texnologiyaların və rəqəmsal alətlərin tədrisindən ibarət deyil. Gələcəyin uğurlu rəhbəri maliyyə hesabatlarını oxumağı bacardığı qədər insan xarakterini də oxumağı bacarmalıdır. Klassik ədəbiyyat isə bu bacarığın formalaşması üçün əvəzolunmaz intellektual məktəbdir. Universitetlər biznes təhsilini humanitar düşüncə ilə zənginləşdirdikcə, yalnız peşəkar menecerlər deyil, həm də yüksək etik məsuliyyətə, strateji təfəkkürə və geniş dünyagörüşünə malik liderlər yetişdirə biləcəklər.
Biznes fakültələrində klassik ədəbiyyatın seçmə fənn kimi deyil, liderlik və strateji idarəetmə kurslarının tərkib hissəsi kimi tədris edilməsi məqsədəuyğun olardı.
Harvard, Stanford və digər nüfuzlu universitetlərdə uzun illərdir ki, bədii ədəbiyyat rəhbərlik, etik qərarvermə və təşkilati davranış mövzularının öyrədilməsində istifadə olunur. Məqsəd tələbələrə yalnız hesablama deyil, həm də insanı anlama bacarığı qazandırmaqdır.
Texnologiyanın sürətlə inkişaf etdiyi XXI əsrdə rəqabət üstünlüyü yalnız daha güclü alqoritmlərə malik olmaqdan deyil, daha dərin düşünmək, daha düzgün qərar vermək və insanı daha yaxşı başa düşmək bacarığından asılı olacaq. Buna görə də klassik ədəbiyyat keçmişin mirası deyil, gələcəyin liderləri üçün strateji intellekt məktəbidir.
Klassik ədəbiyyat sahibkara balans hesabatı tərtib etməyi öyrətmir. Lakin o, insanı, cəmiyyəti, hakimiyyəti, etibarı və mənəvi məsuliyyəti anlamağı öyrədir. Bu keyfiyyətlər isə uğurlu biznesin görünməyən, lakin ən möhkəm təməlidir.
Zahid Fərrux Məmmədov,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim,
Samir Həsənov,
professor Kərim Həsənov adına Elm, Kitabxana və Nəşriyyat Fondunun təşəbbüskarı




