Elmi konfransların deqradasiyası və ya “yırtıcı akademizm” modeli

19 May, 2026 - 13:52
Elmi konfransların deqradasiyası və ya “yırtıcı akademizm” modeli

Müasir dövrdə elmi konfranslar universitetlərin və akademik institutların əsas fəaliyyət platformalarından biri hesab olunur. Formal olaraq bu tədbirlərin məqsədi yeni elmi nəticələrin təqdim edilməsi, fərqli yanaşmaların müzakirəsi, elmi debat mühitinin formalaşdırılması və tədqiqatçılar arasında intellektual əməkdaşlığın inkişaf etdirilməsidir. Lakin son illərdə bir sıra elmi tədbirlərdə müşahidə olunan mənfi tendensiyalar göstərir ki, konfransların əhəmiyyətli hissəsi öz ilkin akademik missiyasından uzaqlaşmağa başlayıb.

Ən ciddi problemlərdən biri elmi-tədqiqat nəticəsi olmayan şəxslərin “məruzəçi” statusunda konfrans tribunalarına çıxarılmasıdır. Bu artıq texniki və ya təşkilati nöqsan deyil,  bu, elmi düşüncənin mahiyyətinə yönəlmiş təhlükəli deformasiyadır. Çünki elmi konfransın fəlsəfəsi yalnız iştirak üzərində deyil, nəticə üzərində qurulur. Bu prosesin ən təhlükəli tərəflərindən biri elmi-tədqiqat nəticəsi olmayan şəxslərin “məruzəçi” statusunda konfrans tribunalarına çıxmasıdır. Belə hallar artıq təsadüfi problem deyil, bu, qlobal akademik sistemdə geniş yayılmış “yırtıcı akademizm” modelinin bir hissəsinə çevrilməkdədir.

Elmi nəticəsi olmayan çıxış isə mahiyyət etibarilə elmi məruzə deyil. Son dövrlərdə bəzi konfranslarda “məruzəçi” anlayışı elmi statusdan daha çox sosial və inzibati atributa çevrilib. Məruzələrin bir hissəsi: elmi metodologiyadan uzaq,  statistik və empirik bazadan məhrum, yeni nəticə ortaya qoymayan, ümumi və səthi fikirlərin təkrarından ibarət olur. 

Bəzi hallarda isə təqdim olunan mətnlər süni intellekt vasitəsilə hazırlanmış, lakin müəllif tərəfindən belə tam mənimsənilməmiş frazalardan ibarət olur. Məruzəçi öz çıxışının əsas tezisini müdafiə edə bilmir, istifadə etdiyi metodologiyanı izah edə bilmir, hətta bəzən təqdim etdiyi mövzunun fundamental ədəbiyyatına belə bələd olmur. Buna baxmayaraq, həmin şəxs proqramda “elmi məruzəçi” kimi təqdim edilir. Bu isə akademik etikaya qarşı ciddi hörmətsizlikdir.

Necə ki, son illərdə “yırtıcı jurnallar” (predatory journals) anlayışı meydana çıxdı, eyni şəkildə “yırtıcı konfranslar” fenomeni də formalaşıb. Bu cür tədbirlərin əsas məqsədi elmi nəticə deyil, iştirakçı sayı, ödəniş, sertifikat və statistik görüntü yaratmaqdır. 

Belə konfranslarda: məruzələrin elmi ekspertizası formal xarakter daşıyır, resenziya prosesi faktiki olaraq olmur, elmi yenilik tələb edilmir, əsas meyar iştirak haqqının ödənilməsidir.

Nəticədə elmi nəticəsi olmayan, hətta bəzən tədqiqat aparmayan şəxslər belə “beynəlxalq konfrans məruzəçisi” statusu əldə edirlər. Bu isə akademik statusun ucuzlaşmasına gətirib çıxarır.

Ən təhlükəli məqam budur ki, yırtıcı jurnallar və yırtıcı konfranslar eyni akademik psixologiya üzərində qurulur: “minimum elmi zəhmətlə maksimum akademik görünüş əldə etmək”. Belə mühitdə isə elmi məqalə elmi nəticə deyil, hesabat sənədinə çevrilir və konfrans elmi debat yox, sertifikat bazarı olur. Alim anlayışı isə tədqiqatçıdan çox “aktiv iştirakçı” obrazına transformasiya edilir.

Daha faciəli vəziyyət isə odur ki, bəzi universitetlər formal və məzmun baxımından zəif akademik fəaliyyəti “elmi məhsuldarlıq” kimi təqdim etməyə çalışırlar. Statistik hesabatlarda yüzlərlə məqalə, onlarla beynəlxalq konfrans iştirakı və saysız-hesabsız sertifikatlar böyük uğur göstəricisi kimi nümayiş etdirilir. Halbuki bu materialların əhəmiyyətli hissəsinin nə real elmi sitat təsiri, nə akademik yenilik dəyəri, nə də praktiki nəticəsi olur. Belə yanaşma elmi keyfiyyəti ikinci plana keçirərək universitetləri həqiqi tədqiqat mərkəzindən statistik göstərici istehsal edən struktura çevirmək təhlükəsi yaradır.

Bu proses universitetlərin elmi nüfuzuna ciddi zərbə vurur. Çünki həqiqi elm uzunmüddətli və sistemli tədqiqat fəaliyyəti, metodoloji dərinlik, elmi tənqidə açıq olmaq və intellektual dürüstlük tələb edir. Elmi nəticə ciddi zəhmət, analitik yanaşma və akademik məsuliyyət üzərində formalaşır. Səthi və formal fəaliyyətlərin “elmi məhsuldarlıq” kimi təqdim olunması isə universitetlərin akademik etibarlılığına xələl gətirir və elmin mahiyyətini statistik görüntü ilə əvəz edir.

İmitasiya isə sürətli nəticə görüntüsü yaradır. Məhz buna görə yırtıcı akademizm ilk baxışda məhsuldar görünür, amma uzunmüddətli perspektivdə universitetləri elmi mərkəzdən formal sertifikat fabriklərinə çevirir.
Ən təhlükəli nəticələrdən biri gənc alimlərin elmi motivasiyasının zəifləməsi və akademik sistemə inamının sarsılmasıdır. Gənc tədqiqatçı illərlə ciddi araşdırma aparan, metodoloji baxımdan əsaslandırılmış nəticələr əldə edən alimlə, qısa müddətdə internetdən səthi məlumatlar toplayaraq formal “məqalə” hazırlayan şəxsin eyni akademik statusda təqdim olunduğunu gördükdə, elmdə ədalət və keyfiyyət meyarlarına inamını itirməyə başlayır. Bu isə tədricən həqiqi elmi fəaliyyətin nüfuzdan düşməsinə, imitasiya və formalizmin isə normaya çevrilməsinə səbəb olur. Bəzi hallarda isə vəziyyət daha da ağır olur: məruzəçi təqdim etdiyi məqalənin metodologiyasını izah edə bilmir, istifadə etdiyi mənbələri tanımır, suallara cavab verməkdə çətinlik çəkir, hətta bəzən öz mətnini özü yazmadığı açıq şəkildə hiss olunur.

Belə hallarda konfrans elmi müzakirə platforması olmaqdan çıxaraq akademik teatr səhnəsinə çevrilir. Elm isə teatr deyil. Elm dekorasiya deyil. Elm görünmək, hesabat statistikasını artırmaq və ya akademik imic formalaşdırmaq üçün deyil, həqiqəti axtarmaq və yeni bilik ortaya qoymaq üçündür. Məhz buna görə universitetlər və elmi təşkilatlar yırtıcı jurnallarla əməkdaşlıq, formal konfrans iştirakçılığı və elmi nəticəyə əsaslanmayan məruzəçilik kimi hallara qarşı ciddi akademik nəzarət və keyfiyyət filtrləri formalaşdırmalıdırlar. Akademik fəaliyyətin qiymətləndirilməsində əsas meyar məqalə və sertifikat sayı deyil, tədqiqatın elmi yeniliyi, sitat təsiri, metodoloji səviyyəsi və cəmiyyət üçün yaratdığı real intellektual dəyər olmalıdır.

Əks halda yaxın gələcəkdə akademik sistemin ən böyük problemi savadsızlıq yox, “elmi görünən saxtalıq” olacaq.

Çünki saxta elm özünü həmişə elm kimi təqdim edir. Həqiqi təhlükə də məhz budur.
Əslində elmi konfrans diplom və sertifikat paylama mərasimi deyil, intellektual məsuliyyət və elmi hesabat platformasıdır. Həqiqi elmi məruzə konkret problem qoyuluşuna əsaslanmalı, elmi hipotez formalaşdırmalı, uyğun metodologiya seçməli, tədqiqat nəticələri ortaya qoymalı və ən əsası, müəyyən elmi yenilik təqdim etməlidir. Əgər çıxış yalnız ümumi fikirlərin, nəzəri şüarların və ya internetdən toplanmış səthi məlumatların təkrarından ibarətdirsə, bu artıq elmi məruzə deyil, akademik formalizmdir.

Əgər bunlar yoxdursa, onda həmin çıxış elmi məruzə deyil, sadəcə formal nitqdir. Təəssüf doğuran məqamlardan biri də bəzi təşkilatçıların keyfiyyətdən çox kəmiyyət göstəricilərinə üstünlük verməsidir. “300 məruzə”, “500 iştirakçı”, “40 ölkədən nümayəndə” kimi statistik rəqəmlər bəzən elmi uğur kimi təqdim olunur. Halbuki akademik mühitdə əsas göstərici iştirakçı sayı deyil, təqdim olunan tədqiqatların elmi səviyyəsidir. Zəif və nəticəsiz məruzələrin çoxluğu elmi inkişaf deyil, akademik inflyasiya yaradır.

Bu prosesin ən təhlükəli tərəfi isə gənc tədqiqatçılara verdiyi yanlış mesajdır. Belə bir təsəvvür formalaşır ki, elmdə əsas məsələ ciddi araşdırma aparmaq deyil, görünməkdir; nəticə əldə etmək deyil, proqram kitabçasında adının olmasıdır. Bu yanaşma isə universitetlərin elmi-mənəvi mühitini dağıdır və akademik imitasiya mədəniyyətini gücləndirir.

Əsl alim aylarla, bəzən illərlə laboratoriyada, arxivdə, statistik bazalarda, sahə tədqiqatlarında çalışır. O, hər nəticəni şübhə altına alır, hər tezisi yoxlayır, tənqidə açıq olur. Digər tərəfdən isə bir neçə internet mənbəyindən səthi məlumat toplayaraq “məruzə” hazırlayan şəxslə həmin alim eyni statusda təqdim edilir. Bu, elmi ədalət prinsipinin pozulmasıdır.

Daha acınacaqlı vəziyyət isə odur ki, bəzən həqiqi alimlər sakit qalır, imitasiya edənlər isə ən çox görünən tərəfə çevrilirlər. Akademik mühitdə səs çoxluğu elmi həqiqət demək deyil. Elm populyarlıq yarışması deyil; elm sübut, metod və nəticə tələb edir.

Konfransların bir qismi artıq elmi platformadan çox akademik dekorasiya xarakteri almağa başlayıb. Tədbirin keçirildiyi bahalı otel, yüksək səviyyəli açılış mərasimi, çoxsaylı foto və media görüntüləri bəzən elmi zəifliyi gizlətmək vasitəsinə çevrilir. Halbuki konfransın nüfuzu onun təşkilati təmtərağı ilə deyil, təqdim olunan məruzələrin sitat potensialı, yenilik səviyyəsi və akademik təsiri ilə ölçülməlidir.

Müasir universitetlərin əsas problemlərindən biri savadsızlıqdan daha çox elmi görünüş altında yayılan səthilikdir. Çünki savadsızlıq açıq görünür, imitasiya isə “akademik forma” geyinərək özünü elm kimi təqdim etməyə çalışır. Elmi nəticəsi olmayan şəxslərin tribunaya çıxması da məhz bu imitasiya mədəniyyətinin ən təhlükəli formalarından biridir.

Universitetlər və konfrans təşkilatçıları bu məsələdə ciddi akademik və mənəvi məsuliyyət daşıyırlar. Məruzələrin seçilməsi prosesində əsas meyar iştirakçı sayını artırmaq və ya formal statistika yaratmaq deyil, təqdim olunan tədqiqatların elmi keyfiyyəti olmalıdır. Hər bir məruzə elmi yenilik, metodoloji əsaslandırma, əldə olunan nəticələrin nəzəri və praktik əhəmiyyəti, eləcə də akademik dürüstlük prinsipləri baxımından ciddi şəkildə qiymətləndirilməlidir. Əks halda konfranslar tədricən elmi müzakirə platforması statusunu itirərək formal tədbir və sertifikat mexanizminə çevriləcək, onların akademik nüfuzu isə həm yerli, həm də beynəlxalq elmi ictimaiyyət qarşısında ciddi şəkildə zəifləyəcək.

Elmdə ad və titul məsuliyyətdir, şəxsi reklam vasitəsi deyil. Fəlsəfə doktoru elmi dərəcəsi olmadan illərlə rəsmi sənədlərdə özünü “PhD” kimi təqdim edən, indi isə heç bir hüquqi və akademik əsası olmadan “professor” titulunu yazan şəxslər əslində yalnız öz nüfuzlarını deyil, bütövlükdə elmi mühiti nüfuzdan salırlar.

Bu, sadəcə etik problem deyil — akademik saxtakarlıqdır. Çünki “PhD” və “professor” ifadələri şəxsin şəxsi arzusu ilə deyil, dövlət tərəfindən təsdiq olunmuş elmi prosedurlar və rəsmi qərarlar əsasında verilir. Elmi dərəcəsi olmayan birinin özünü “PhD” kimi təqdim etməsi necə aldadıcıdırsa, professor adı yazması da eyni dərəcədə məsuliyyətsiz və biabırçı davranışdır.

Təəssüf doğuran məqam odur ki, bəzi insanlar elmi fəaliyyətlə deyil, titul kolleksiyası ilə məşğuldurlar. Elmi məqalə yazmadan alim görünmək, tədqiqat aparmadan professor olmaq, auditoriyaya daxil olmadan müəllim obrazı yaratmaq istəyirlər. Belələri üçün elm zəhmət deyil, vizit kartında yazılan statusdur. Halbuki həqiqi alim adını özü yox, cəmiyyət və elmi ictimaiyyət verir.

Ən təhlükəlisi isə odur ki, belə saxta akademik obrazlar gənclərdə yanlış təsəvvür yaradır. Gənc tədqiqatçı görür ki, illərlə dissertasiya üzərində çalışanla, heç bir elmi mərhələ keçmədən özünə titul yazan eyni masada oturur. Bu isə elmə inamı sarsıdır, akademik ədaləti məhv edir.

Elm saxtalığı qəbul etmir. Saxta titul daşımaqla insan bir müddət ətrafı aldada bilər, amma elmi ictimaiyyəti aldada bilməz. Çünki həqiqi professorun arxasında məktəb, tədqiqat, tələbə, ideya və əsər dayanır. Saxtanın arxasında isə yalnız şişirdilmiş ego və boş ambisiya qalır.

Akademik mühitin ən böyük problemlərindən biri də məhz budur: bəzi şəxslər elmi pillələri keçmədən zirvədə görünməyə çalışırlar. Halbuki elmdə lift yoxdur — yalnız pillə var. O pillələri isə zəhmətlə qalxmayanların “professor” sözü qarşısında dayanmağa mənəvi haqqı yoxdur.

Elm tribunası hər kəs üçün açıq ola bilər. Lakin hər tribunaya çıxan şəxs alim sayılmır. Elmi nəticə ortaya qoymadan elmi status tələb etmək akademik etikaya qarşı ən təhlükəli manipulyasiyalardan biridir. Elm imitasiya qəbul etmir. Elm yalnız zəhmət, nəticə və intellektual dürüstlük tələb edir.


Zahid Fərrux Məmmədov,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim