Tarixə şahidlik edən Göyçə gölü

12 Dekabr, 2025 - 13:48
Tarixə şahidlik edən Göyçə gölü
Tarixə şahidlik edən Göyçə gölü
Tarixə şahidlik edən Göyçə gölü
Tarixə şahidlik edən Göyçə gölü

“Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır... Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb”. 

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 


Göyçə gölü İrəvan xanlığının Göyçə mahalında yerləşən gölün adıdır. Bu göl XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının ərazisinə aid olmuşdur. Göyçə gölü indiki Ermənistan ərazisində olmaqla Kamo (Kəvər), Martuni (Qaranlıq), Vardenis (Basarkeçər), Krasnoselo (Çəmbərək), Sevan rayonlarının ərazisi daxilindədir. Erməni mənbələrində (“Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”) gölün adı Göyçə dərya, Göyçə dəniz, Göyçə dəngiz kimi də qeyd edilir. Qafqazın 5 verstlik xəritəsində Gökcə (Qekça) gölü kimi göstərilir. Göyçə gölünün adı “Kitabi-Dədə Qorqud” dastanında aydın şəkildə çəkilir: Ondan Şərukun ucundan Göyçə dənizə təkin el çarpdı. Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud”un müxtəlif  illərdəki nəşrində Göyçə gölünün adı Göyçə dəniz, Gökcə dəniz, Gökcə dəngiz (Gögçe Denqiz) formalarında qeyd edilmişdir. Göyçə gölünün adı həm də VII əsr mənbəyi olan Moisey Kalankatuklunun “Albaniya tarixi” əsərində yer almışdır: “Artakses Yervanda hücum edəndə, Yerevand Albaniyanın Uşi vilayətində idi. Ordusunu orada saxlayıb, Artakses öz şəhərinə qayıdır. Orada Alban ordularını yanına dəvət edir, onlar Göyçə gölünün sahilinə gəlir”. 

Teymurun səfərlərindən bəhs edən Yezidli Şərəfəddinin, Ağqoyunluların rəsmi tarixi olan “Kitabi-Diyarbəkriyyə”də gölün adı Gökcə Tengiz kimi yazılmışdır. XVIII əsrdə bu gölün yanından keçən Nadir Əfşarlıdan bəhs edən İran tarixində Gökçe-Dengiz. Göyçə gölünün adı 1847-ci ildə Tiflisdə çap olunmuş “Qafqaz diyarının xəritəsi”ndə, 1903-cü ildə çap olunmuş “Hərbi topoqrafik xəritə”də  “Göyçə gölü”, A.Kırımlının  xəritəsində isə Gökçə dərya (Gökçe derya) formasında qeyd edilmişdir. Mənbələrdə gölün adı müxtəlif formalarda qeyd olunsa da, dilimizin fonetik prinsipinə uyğunlaşdırılaraq “Göyçə gölü” kimi sabitləşmişdir. 

Gürcü şairi Aleksandr Çavçavadze (1786-1846) Göyçə gölünə şeir həsr etmişdir. Belə qənaətə gəlirik ki, A.Çavçavadze  1828-1830-cu illərdə “Erməni vilayəti”nin rəisi işləyərkən   Göyçədə baş verən hadisələrin şahidi olmuş, 1817-1864-cü illərdəki Qafqaz müharibəsinin nəticəsində Göyçə gölü ətrafındakı Azərbaycan kəndlərində  azərbaycanlılar  doğma yurdlarından qovulmuş, “calayi-vətən” olmuş, kəndlər boşalmış, sahibsiz qalmışdır. Onun 1841-ci ildə yazdığı “Göyçə gölü” şeirində Göyçədə, Göyçə gölünün sahillərində kəndlərin dağıldığını (Bu kəndlər Azərbaycan kəndləri olub), xarabalığa çevrildiyini, abidələrin yerlə yeksan edildiyini yana-yana təsvir edir, Göyçə gölünün gözəlliyini tərənnüm edir.

“Göyçə gölü” şeiri Azərbaycan dilinə tərcümə edilərək “Kür Xəzərə qovuşur” kitabında (Bakı-1988) verilib.
Qorqudşünaslıqda Göyçə gölünün yerləşdiyi ərazi ilə, onun lokalizasiyası ilə bağlı müxtəlif fikirlər vardır. H.Araslı, Ş.Cəmşidov, M.Fahreddin Çelik, M.Fahrettin Kırzıoğlu, P.Xəlilov, Hüseynqulu Məmmədli  “Kitabi-Dədə Qorqud”da adıçəkilən Göyçə gölünün//Göyçə dənizinin indiki Ermənistan ərazisində yerləşdiyini və həmin gölün indi Sevan gölü adlandırıldığını göstərirlər. Yazıçı Anar da yazır ki, eposda  (“Kitabi-Dədə Qorqud” eposu nəzərdə tutulur - İ.B.) adıçəkilən Göyçə gölü elə indiki Ermənistan ərazisində olan Sevan gölüdür. İ.Şopenin 1852-ci ildə çap edilmiş “İstoriçeskiy pamyatnik sostoyaniya Armyanskoy oblasti v yeyo prisoedineniya k Rossiyskoy imperii” kitabında Göyçə gölü ilə bağlı  belə bir məlumata rast gəlirik: “Arsaklar çağında bu gölün bütün çevrəsi, m.o.VII əsrdə buralara və Qarabağa yerləşmiş sakalara (isgit) görə Strabonda, “Sakasen” və iranlılarca (farsca - İ.B.) “Si-Sakan”, erməni dilində olan qaynaqlarda “Si-unik”, Si xanədanı, deyilən əyalətdən sayılırdı. Ptolemeyin coğrafiya əsərində “Lünitis” gölü kimi xatırlanır. Xalq arasında böyük və dərin göllərə “dəngiz” deyilməsi adət olduğundan, bu böyük dağ gölünə də Gökçe//Gökçə “Dəngiz /Gökçe//Kökce Dengiz/ adı verilmişdir”. İ.Şopenin əsərində gölün adı “Göyçay” (Qek-çay) kimi göstərilir. Hətta göl  “Dariyaya şirin” adlanmışdır ki, bu da gölün suyunun duzlu olmaması ilə, yəni şirin (içməli, içməyə yararlı mənasında) olması ilə bağlıdır. 

X.Koroğlunun fikrincə, “Kitabi-Dədə Qorqud”da adıçəkilən Göyçə gölü Gəncənin yaxınlığında yerləşən “Göygöl”dür. X.Koroğlunun bu fikrini təkzib edən Anar və P.Xəlilov doğru olaraq qeyd edirlər ki, “Kitabi-Dədə Qorqud”da adıçəkilən Göyçə  gölü  Gəncənin yaxınlığında, Kəpəz dağının ətəyində yerləşən Göygöl yox, indiki Ermənistan ərazisində yerləşən və indi Sevan gölü  adlanan Göyçə gölüdür. S.Babayev “Kitabi-Dədə Qorqud” eposunda adıçəkilən Göyçə gölünün Naxçıvan MR-in Ordubad rayonundakı Göygöl olduğu qənaətinə gəlir. Müəllifin bu fikri inandırıcı deyil. Ona görə ki, dastanda gölün adı “Göyçə dəngiz” formasında çəkilir, “Göygöl” formasında yox. Digər tərəfdən S.Babayev dastanda adıçəkilən Altuntaxt toponiminin Naxçıvanın Babək rayonunda yerləşdiyini yazır. Belə bir yanlış fakta istinad edərək Göyçə gölünü Ordubad rayonundakı Göygöllə lokalizə edir. “Kitabi-Dədə Qorqud” dastanında adıçəkilən Altuntaxt toponimi Ordubad ərazisində deyil,  Göyçə mahalında yerləşir. Bu yaşayış məntəqəsi Göyçə gölünün yaxınlığındadır. Eyni zamanda “Dədə Qorqud” oğuzların Ərməndəki (indiki Ermənistandakı - İ.B.) mövqeyinə gələndə tədqiqatçılar dönə-dönə təsdiq etmişlər ki, Qazan bəyin ov yeri Göycə dəniz, yaylaq yeri Göyçədəki Altuntaxtdadır”. 
Haşiyə: Altuntaxt İrəvan xanlığının Göyçə  mahalında kənd.  XIX əsrdə yaradılan yeni inzibati-ərazi  bölgüsünə əsasən, İrəvan quberniyasının Yeni Bayazid qəzasına, indiki Kəvər (Kamo) rayonu ərazisinə daxildir. XVIII əsrdə illik gəliri 4.210 ağça olmuşdur (İrəvan əyalətinin icmal dəftəri (Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri  akademik Ziya Bünyadov və tarix elmləri namizədi Hüsaməddin Məmmədov (Qaramanlı), Bakı: Elm, 1996, s. 55.).

F.Zeynalov və S.Əlizadənin tərtib etdiyi “Kitabi-Dədə-Qorqud” dastanının “Qazan xanın evinin yağmalanması boyu”nda   oxuyuruq: “Qazan bəg ordusını, oğlanını-uşağını, xəzinəsini aldı, gerü döndi altun təxtində. Yenə evini dikdi” (Kitabi-Dədə Qorqud, tərtib edənlər: F.Zeynalov və S.Əlizadə, Bakı: Yazıçı, 1988, s. 50.).

Göyçə gölünün sahəsi 1200 km2, orta dərinliyi 28,5 m, maksimal dərinliyi 83 m-dir. Göyçə gölü dağarası çökəklikdə, təqribən 1900 metr hündürlükdədir. Qafqazın ən iri və uca dağ gölüdür. Şimal-qərbdən Pəmbək, cənubdan Basarkeçər, qərbdən Keğam silsilələri ilə əhatə olunur. Gölə 28 çay tökülür. Göldən isə Zəngi (Hazdan) çayı axır. Göyçə gölü, milliyyətcə erməni olan A.Xudabaşevin fikrincə, Kiçik dərya və ya Kiçik dəniz adlandırılmışdır və bu da “kiçik dəniz” (maloe more) mənasını ifadə edir. Kutaisi Müəllimlər Seminariyasının müəllimi İ.Xotyavski yazır ki, Göyçə gölünün adı çox qədimlərdən məlumdur və gölün adı Ptolemeyin əsərində qeyd edilmişdir.

K.F.Qanın fikrincə, Göyçə gölü  “mavi, göy su” mənasını bildirir. K.F.Qan daha sonra Göyçə gölünün müxtəlif mənalar ifadə etdiyini göstərərək yazır: “Ruslar tərəfindən Göyçay (Göyçə gölü nəzərdə tutulur - İ.B.) Göyçə kimi dəyişdirilmişdir. Lakin bir sıra tədqiqatçıların fikrincə, bu göl adını ətraf yerə uyğun olaraq almışdır ki, qədim zamanlarda Göyçə ariçə Getcə (pod ariyskim imenem Qet-dja) kimi (erməni yazıçılarının əsərlərində Kotayk) tanınmışdır və o Get torpağı deməkdir”. Türk tədqiqatçısı M.Faxreddin Çelik qeyd edir ki, “Atalarımız “Göyçə dəniz - Göyçə göl”ə rənginə görə bu adı vermişlərdir”. M.Fahrettin Kırzıoğlu gölün adı ilə bağlı yazır: “Arsaklılann mərkəzi əyaləti Araratın cənubunda yerləşdiyi üçün qədim türk dininə və ənənəsinə görə “Gökcə//Kökçə (Kökçe//Gökçe) rəngi ilə adlandırılmışdır”. 

B.Budaqov və Q.Qeybullayev Göyçə gölü hidroniminin semantikası ilə bağlı yazırlar: “Gölün (Göyçə gölünün - İ.B.) bu adı onun suyunun açıq havada göy (mavi) rəngə çalması ilə əlaqədardır”. Hüseynqulu Məmmədli qeyd edir ki, Göyçə gölü (müəllif “Göyçə dəniz” forması əsasında fikir söyləyir) türk mənşəli Gögər//Quqar, Göy türklər tayfa adlarını xatırladır. Q.Qeybullayev Göyçə gölü hidronimi ilə bağlı yazır: “Azərbaycanlıların indiki Ermənistan ərazisində köklü olduğunu göstərən başqa faktlar da vardır. Bunların biri Göyçə gölünün adıdır. Eramızdan əvvəl VIII əsrə aid Urartu mənbəyində Göyçə gölünün yaxınlığındakı bu “ölkə” Kölək adlandırılır ki, bu da türkcə göl sözündəndir. V əsrə aid qədim erməni mənbəyində bu gölün adı Qelam kimidir. Qədim erməni dilində “1” səsi olmadığına görə yaddilli adlardakı “1” səsini “ğ” səsi ilə verirdilər. Ona görə mənbədə bu ad “Qeğam” kimidir. Göyçə gölünün ətrafında bir dağ silsiləsi indi də Qeğam (yəni Qelam) adlanır. Qelam adı erməni mənbələrində XVII əsrə qədər işlənmişdir. Abraam Kretası (XVII əsr) “Qelam gölü” ifadəsini işlətmişdir. Erməni tədqiqatçıları Qeqam (Qelam) adının mənasını ermənicə aydınlaşdıra bilməsələr də, onu erməni adı sayır və ondan bu bölgədə ermənilərin qədimdən yaşadıqlarını göstərən fakt kimi istifadə edirlər. Bu, uydurmadır. Yuxarıda qeyd etdik ki, hələ eramızdan əvvəl VIII əsrə aid Urartu mənbəyində gölün ətrafı Gölək adlanırdı. Bu da erməni və gürcü mənbələrinə Qelam və Kelakuni adları kimi daxil olmuşdur. Əslində onlar qədim türk dillərində qel (“göl”) sözündən düzəlmiş adlardır”. 

Göyçə gölünün yaranması ilə bağlı rəvayətlər də mövcuddur. Bir rəvayətə görə, Göyçə gölü “gözəl, göyçək” sözləri əsasında yaranmışdır. İkinci rəvayətə görə, “göy kimi, göy rəngində olan” mənasında işlənən “göyçə” sözü əsasında formalaşmışdır. V.İ.Aslanov Gögçə adını birinci komponenti olan “gög”ü göy (qoluboy), “gögçə”ni isə mavi təhər (qolubenkiy) kimi mənalandırır. R.Eyvazova Göyçə hidroniminin gök etnonimi ilə bağlayır: “Bizə görə, kök//kuk//köy adının tayfa adı kimi də saymaq lazımdır. Belə ki, kök tərkibli kökər tayfaları da məlumdur. Kökərlər sakların ən böyük boyu olub, Qafqazda yaşamışlar. Kök tərkibli Kökçə//Göyçə adının mənşəyi də maraqlıdır. Belə ki, Gəncə adının izahında verdiyimiz şərhə əsaslanaraq cə//çyou//cou eyniliyini götürürük. Ola bilsin ki, gök tayfaları vaxtilə Çjou//Cou adlanan yerlərinin sakinləri olmuşlar. Güman ki, Gök-çjou//Gökcou fonetik dəyişikliyə məruz qalaraq Gökçə//Gökçay şəklinə düşmüşdür”. 

Yuxarıda deyilənləri ümumiləşdirib bu qənaətə gəlmək olur ki, Göyçə gölü hidroniminin linqvistik baxımından izahı, bizə görə, düzgün verilməmişdir. “Göyçə gölü” hidronimi “Göyçay gölü” adı əsasında formalaşmışdır. Yəni “Göyçə” “Göyçay” deməkdir. “Göyçay” sözünün sonundakı “y” samiti səs düşümü hadisəsinə uğramışdır və həmin söz Azərbaycan dilinin        qayda-qanunlarına uyğunlaşaraq “Göyçə” kimi sabitləşmişdir. Deməli, “Göyçə gölü” hidronimi üç komponentdən ibarətdir: Göy+çə və göl. Hidronimin birinci komponenti “göy”, “təmiz”, “dumduru”, “şəffaf' mənalarını ifadə edir, “çə” isə “çay” sözünün fonetik formasıdır. Deməli, gölün suyu təmiz, duru olduğuna görə göy (təmiz mənasında) rəngə çaldığına görə göl “Göyçə gölü” adlandırılmışdır. “Göy” sözü türk mənşəli toponimlərin, əsasən, birinci komponenti kimi çıxış edir. Eyni zamanda “göy” sözü Azərbaycan toponimlərinin (Göyçay, Göygöl) tərkibində “duru”, “şəffaf' mənalarını ifadə edir. Göyçə mahalının adı da məhz Göyçə gölünün adı əsasında yaranmışdır. 

XIX əsrdə indiki Ermənistan ərazisi çar Rusiyası tərəfindən işğal edildikdən sonra ermənilər bir çox məkrli niyyətlərini həyata keçirmişdir. Göyçə gölünün adı dəyişdirilib albanlar tərəfindən qara daşdan tikilmiş və Göyçə gölünün ortasında yerləşən Sevvank kilsəsinin adına uyğun olaraq Sevan qoyulmuşdur. Sevvank sözündəki iki “v” hərfi bir “v” kimi tələffüz edilmiş, sondakı vənk (kilsə) sözündəki “k” samiti düşmüş və beləliklə, “Sevvank” əvəzinə “Sevan” sözü yaranmışdır. Beləliklə, Qərbi Azərbaycanın yüzlərlə coğrafi adları kimi Göyçə gölünün adı da dəyişdirilərək  Sevan gölü adlandırılmışdır.

İbrahim  BAYRAMOV, 
ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru, filologiya elmləri doktoru