Xəbərsiz dərsdinləmə mümkündür? – Qaydalar açıqlandı
Təhsil müəssisələrində tədrisin keyfiyyətinin izlənilməsi və müəllimlərin peşəkar fəaliyyətinə dəstək məqsədilə tətbiq olunan mexanizmlərdən biri də dərsdinləmə prosesidir. Dərsdinləmələrin təşkili, keçirilmə qaydaları, müşahidə meyarları və nəticələrin tətbiqi ilə bağlı müəllimləri maraqlandıran çoxsaylı suallar mövcuddur.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva “Azərbaycan müəllimi”nə açıqlamasında dərsdinləmənin müəllimin dərs prosesinin planlaşdırılması, icrası və şagirdlərin öyrənmə fəaliyyətinin sistemli şəkildə müşahidə olunması, bu müşahidələrə əsaslanan təhlilin aparılması və müəllimə inkişafyönümlü rəy verilməsi prosesi olduğunu bildirib: “Dərsdinləmənin əsas məqsədi müəllimin peşəkar inkişafını dəstəkləmək, tədrisin keyfiyyətini artırmaq və məktəbdə davamlı öyrənmə mühiti formalaşdırmaqdır.
Dərsdinləmə nəzarət mexanizmi kimi deyil, müəllimin inkişafını təşviq edən peşəkar dəstək aləti kimi tətbiq olunur. Bu proses müəllimin güclü tərəflərini üzə çıxarmaq, inkişaf ehtiyaclarını müəyyənləşdirmək və ehtiyac əsaslı metodik dəstəyin planlaşdırılmasına şərait yaratmaq məqsədi daşıyır”.
Dərsdinləmə zamanı müəllimə əvvəlcədən xəbər verilir?
Şöbə müdiri qeyd edir ki, dərsdinləmənin keçirilmə tezliyi və vaxtı məktəbin illik fəaliyyət planına, inkişaf prioritetlərinə və müəyyən edilmiş ehtiyaclara uyğun şəkildə planlaşdırılır: “Bu proses məktəblərdə tətbiq olunan metodik xidmət mexanizmlərinə uyğun olaraq fərqli formada təşkil olunur.
Metodik xidmətin icra edildiyi ümumi təhsil müəssisələrində dərsdinləmə prosesi Müəllim İnkişaf Portalı vasitəsilə həyata keçirilir. Portal üzərindən aparılan dərsdinləmələr əvvəlcədən planlaşdırılır və müəllimə öncədən məlumat verilir. Dərsdinləmənin tarixi, fənni və müşahidənin məqsədi əvvəlcədən müəyyən olunur və müəllim bu barədə vaxtında məlumatlandırılır. Bu yanaşma prosesin şəffaf, planlı və inkişafyönlü aparılmasına xidmət edir.
Müəllim İnkişaf Portalı yalnız metodik xidmətin icra edildiyi məktəblərdə tətbiq olunur. Metodik xidmətin icra edilmədiyi digər ümumi təhsil müəssisələrində isə dərsdinləmə məktəbin daxili fəaliyyət planına və mövcud normativ çərçivəyə uyğun şəkildə təşkil edilir. Bu hallarda da əsas yanaşma dərsdinləmə haqqında müəllimin məlumatlandırılması və prosesin inkişafyönlü məqsədlərlə aparılmasıdır”.
“Dərsdinləmənin məqsədi müəllimi qəfil vəziyyətdə yoxlamaq deyil”
S.Balayevanın sözlərinə görə, dərsdinləmə zamanı məqsəd müəllimin “ideal dərs” təqdim etməsi deyil, onun real tədris praktikasını müşahidə etməkdir: “Dərsdinləmənin məqsədi müəllimi qəfil vəziyyətdə yoxlamaq deyil, onun gündəlik tədris praktikasını peşəkar meyarlar əsasında müşahidə etmək, inkişaf ehtiyaclarını müəyyənləşdirmək və uyğun metodik dəstək mexanizmlərini formalaşdırmaqdır. Öncədən məlumat verilməsi dərsin obyektivliyini aradan qaldırmır, əksinə, rəyvermə və reflektiv müzakirə üçün daha sağlam zəmin yaradır. Burada diqqət edilməli digər bir məsələ də vardır. Müəllimlərin dərsdinləmə barədə əvvəlcədən məlumatlandırılması onların dərsi nümayiş xarakterli və ya şablon formada keçməsi demək deyil. Əksinə, müəllimlərlə aparılan görüşlərdə xüsusi olaraq vurğulanır ki, dərsdinləmə zamanı məqsəd “ideal dərs” təqdim etmək deyil, müəllimin real tədris praktikasını müşahidə etməkdir.
Müəllimlərə açıq şəkildə izah olunur ki, dərsdinləmə prosesi onların gündəlik dərs fəaliyyətini olduğu kimi görmək, real ehtiyacları müəyyənləşdirmək və həmin ehtiyaclara uyğun metodik dəstək göstərmək üçün nəzərdə tutulub. Bu səbəbdən müəllimlərdən süni şəkildə hazırlanmış, şablon və ya nümayiş məqsədli dərs deyil, adi dərs prosesində tətbiq etdikləri yanaşmaları təqdim etmələri gözlənilir.
Bu yanaşma həm dərsdinləmənin obyektivliyini qoruyur, həm də verilən rəy və tövsiyələrin real dərs şəraitinə uyğun, faydalı və tətbiqolunan olmasına imkan yaradır. Beləliklə, müəllim əvvəlcədən məlumatlı olsa da, dərsdinləmə prosesi təbii, real və inkişafyönlü məzmun daşıyır”.
“Xəbərsiz dərsdinləmə yalnız zəruri hallarda tətbiq edilə bilər”
Şöbə müdiri bildirib ki, müəllimə əvvəlcədən xəbər verilmədən dərsdinləmə yalnız zəruri hallarda tətbiq edilə bilər və bu zaman etik davranış prinsiplərinə ciddi şəkildə əməl olunur: “Proses zamanı müəllimin psixoloji rahatlığı, peşəkar hörmət mühiti və iş şəraiti əsas götürülür. Müəllim əsaslandırılmış səbəb olduqda dərsdinləmənin vaxtının dəyişdirilməsini xahiş etmək hüququna malikdir və bu, normal peşəkar yanaşma kimi qəbul olunur.
Bu yanaşmada əsas məqsəd müəllimi çətin vəziyyətə salmaq və ya nəzarət mexanizmi tətbiq etmək deyil. Əsas məqsəd məktəbdə peşəkar öyrənmə mühitini təmin etmək, dərs prosesinin real gedişini anlamaq və mövcud tədris praktikalarını olduğu kimi görməkdir. Dərsdinləmə vasitəsilə real dərs fəaliyyəti müşahidə olunur və bu müşahidələr əsasında dərsdinləmənin mahiyyəti həm müəllimlər, həm də dərsdinləməni aparan tərəflər üçün aydın şəkildə formalaşır.
Beləliklə, dərsdinləmə prosesi müəllimdə narahatlıq yaradan yoxlama deyil, real tədris vəziyyətinin dərk edildiyi, qarşılıqlı anlaşmaya və inkişafyönlü yanaşmaya əsaslanan peşəkar fəaliyyət kimi həyata keçirilir”.
Dərsdinləmə aparılacaq müəllim və fənn necə müəyyən olunur?
Dərsdinləmə prosesinin bütün müəllimləri əhatə edə bilən sistemli mexanizm kimi nəzərdə tutulduğunu nəzərə çatdıran müsahibimiz qeyd edib ki, seçim zamanı yeni fəaliyyətə başlayan müəllimlər, müəyyən inkişaf ehtiyacları aşkar edilən hallar və ya məktəbin ümumi inkişaf məqsədləri nəzərə alına bilər: “Bu proses yalnız zəif nəticə göstərən müəllimlərlə məhdudlaşdırılmır”, – deyə o qeyd edib.
Dərsdinləmə zamanı qiymətləndirmə hansı meyarlar əsasında aparılır?
S.Balayeva vurğulayıb ki, dərsdinləmə zamanı qiymətləndirmə əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında aparılır: “Dərsdinləmə məktəb rəhbərliyi (direktor və direktor müavinləri), metodik xidmət üzrə mütəxəssislər, o cümlədən məktəbdaxili və aparıcı metodistlər tərəfindən həyata keçirilə bilər. Metodistlər pedaqoji müşahidə, təhlil və rəyvermə bacarıqlarına malik, bu sahədə təlim keçmiş peşəkar şəxslər olmalıdırlar. Onların əsas funksiyası qiymətləndirmə aparmaq deyil, müəllimə metodik və peşəkar dəstək göstərməkdir.
Bu zaman qiymətləndirmə əvvəlcədən müəyyən edilmiş, açıq və standart meyarlar əsasında aparılır. Müşahidələr konkret faktlara söykənir və şəxsi münasibətlərə əsaslanmır. Standart müşahidə formaları, məhdud sayda fokuslanmış meyarlar və əsaslandırılmış yazılı rəy mexanizmləri subyektiv yanaşmanın qarşısını almağa xidmət edir. Müəllim dərsdinləmə nəticələri ilə razılaşmadıqda, rəyin izahını tələb etmək və ya nəticələrə yenidən baxılması üçün müraciət etmək hüququna malikdir. Bu proses qarşılıqlı anlaşma, dialoq və peşəkar müzakirə əsasında həyata keçirilir.
Ümumiyyətlə, dərsdinləmə nəticələri müəllimin reputasiyasını və iş vəziyyətini risk altına qoymaq məqsədi daşımır. Zəif nəticə aşkar edildikdə əsas yanaşma cəza tədbirləri deyil, inkişaf planının hazırlanması, metodik dəstək və izləmə mexanizmlərinin tətbiqidir. Yüksək nəticə göstərən müəllimlər isə peşəkar inkişaf, təcrübə paylaşımı və tanınma imkanları baxımından təşviq olunur. Prosesin mərkəzində inzibati qərarlar deyil, davamlı peşəkar inkişaf dayanır”, – deyə o əlavə edib.



