ABŞ məktəblərində rəqəmsal cihazlara qarşı petisiya başladılıb

18 May, 2026 - 17:07
ABŞ məktəblərində rəqəmsal cihazlara qarşı petisiya başladılıb

ABŞ-də yüzlərlə valideyn məktəblərdə planşet və noutbuk istifadəsinin məhdudlaşdırılması tələbi ilə petisiya başladıb.

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, onlar dərs prosesində ekran vaxtının həddindən artıq artmasının uşaqların diqqətinə, akademik nəticələrinə və psixoloji vəziyyətinə mənfi təsir göstərdiyini bildirirlər.

Valideynlər hesab edirlər ki, rəqəmsal cihazlardan geniş istifadə şagirdlərin diqqətini yayındırır, dərsə marağı azaldır və ekran asılılığını gücləndirir. Bəzi məktəblərdə isə valideynlərin övladlarını rəqəmsal cihazlardan imtina etdirmək tələbi qəbul edilmir. Təhsil qurumları texnologiyanın artıq tədris proqramının ayrılmaz hissəsinə çevrildiyini bildirirlər.

Müzakirələr xüsusilə Pensilvaniya ştatının "Lower Merion" məktəbində geniş rezonans doğurub. Burada 600-dən çox şəxs valideynlərin övladlarını dərs zamanı rəqəmsal cihazlardan imtina etdirmək hüququnun qorunması üçün petisiya imzalayıb. Məktəb rəhbərliyi isə belə bir sistemin praktik olmadığını açıqlayıb.

Valideynlər texnologiyaya tam qarşı olmadıqlarını, lakin onun dərs prosesində dominant hala gəlməsindən narahat olduqlarını deyirlər. Onların fikrincə, şagirdlər kompüterdən istifadə etməyi öyrənməli olsa da, bütün tədris prosesinin ekran üzərindən aparılması düzgün deyil.

Son illərdə ABŞ-nin bir sıra ştatlarında məktəblərdə ekran vaxtının məhdudlaşdırılması ilə bağlı qanun layihələri gündəmə gətirilib. Bəzi ştatlarda artıq bu istiqamətdə qanunlar qəbul olunub. Los-Anceles məktəbində isə kiçik yaşlı şagirdlər üçün ekran istifadəsinə məhdudiyyət tətbiq edəcəyini açıqlayıb.

Məsələ ilə bağlı şagirdlər arasında da fərqli mövqelər var. Bəziləri texnologiyanın gələcək həyat və universitet təhsili üçün vacib olduğunu desə də, digərləri sosial şəbəkələr və süni intellekt alətlərinin düşünmə bacarıqlarına mənfi təsir etdiyini bildirirlər.