Dincəlmək, yoxsa öyrənmək: Şagirdlər tətili necə keçirməlidir?
Məktəb həyatında tətillər yalnız dərslərə verilən fasilə deyil, həm də şagirdlərin fiziki və psixoloji baxımdan dincəlməsi, yeni tədris mərhələsinə hazırlaşması üçün yaradılan imkandır. Tətil günlərində şagirdlərə verilən ev tapşırıqlarının həcmi, onların istirahət vaxtının qorunması və öyrənilən biliklərin unudulmaması məsələsi də diqqət tələb edir.
Bəs tətil şagirdlər üçün necə təşkil olunmalıdır ki, həm istirahət, həm də tədris baxımından səmərəli keçsin?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan müəllim Gözəl Azayeva bildirib ki, tətil düzgün və səmərəli təşkil olunduğu halda şagirdlər üçün həm istirahət, həm də növbəti tədris mərhələsinə hazırlıq dövrüdür:
“Mən tətili tədris prosesindən tamamilə ayrılmış zaman kimi deyil, öyrənmənin formasının dəyişdiyi bir mərhələ kimi qiymətləndirirəm. Məktəbdə şagird daha çox müəllimin istiqamətləndirməsi ilə öyrənirsə, tətildə müstəqil öyrənmə, müşahidə, araşdırma və fərdi təşəbbüs imkanları genişlənir. Məncə, tətilin səmərəliliyini yalnız şagirdin neçə gün istirahət etməsi və ya neçə tapşırıq yerinə yetirməsi ilə ölçmək düzgün deyil. Əsas məsələ bu müddətin uşağa nə qazandırmasıdır. Tətilin sonunda şagird yalnız istirahət etmiş deyil, həm də nəyisə kəşf etmiş, öyrənmiş, müşahidə etmiş və yeni bir bacarıq qazanmış olmalıdır”.
G.Azayeva qeyd edib ki, müəllim gündəlik tədris prosesində şagirdin imkanlarını və mənimsəmə səviyyəsini müşahidə etdiyi üçün tətil tapşırıqlarını da buna uyğun planlaşdıra bilər:
“Tətil müddətində şagirdin dərslə məşğul olmaq üçün daha geniş zaman imkanının olması tapşırıqların gündəlik dərs tapşırıqlarından müəyyən qədər fərqlənməsinə şərait yaradır. Bu tapşırıqların nisbətən çox olması mütləq şəkildə şagirdin yorulması demək deyil. Əsas məsələ tapşırıqların həcmi ilə yanaşı, onların məzmunu, məqsədi və icrasına sərf olunan vaxtın düzgün müəyyənləşdirilməsidir. Bütün fənlər üzrə tapşırıq verilməsi də özlüyündə problem deyil. Problem tapşırıqların əlaqələndirilmədən, təkrara yol verilərək və şagirdin ümumi yükü nəzərə alınmadan hazırlanmasıdır. Fənlərarası əlaqələr qurulduqda bir tapşırıq eyni zamanda bir neçə bacarığın inkişafına xidmət edə bilər. Məsələn, araşdırma aparan şagird həm oxuyur, həm məlumat toplayır, həm təhlil edir, həm də fikrini ifadə etməyi öyrənir. Mənim fikrimcə, tapşırıq uşağın vaxtını deyil, düşüncəsini məşğul etməlidir. Bir sual üzərində düşünmək, müşahidə aparmaq, bəzən onlarla mexaniki çalışmadan daha faydalıdır”.
Müsahibimizin fikrincə, tətildə təkrar, möhkəmləndirmə və öyrənilmiş mövzuların tətbiqinə yönələn tapşırıqlara üstünlük verilməlidir:
“Bununla yanaşı, şagirdlərə sərbəst araşdırmalar, baza biliklərinə əsaslanan tədqiqatlar və yaradıcı işlər də təqdim oluna bilər. İndi informasiya əvvəlki dövrlərlə müqayisədə daha əlçatandır. Şagirdlərin də yaradıcı və fərqli düşünmək, araşdırmaq, məlumatı təhlil etmək imkanları genişlənib. Müasir təhsil yanaşması gündəlik həyatla inteqrasiyanı, fənlərarası əlaqələri və yaradıcılığı ön plana çıxarır.
Həyatın özü də bir dərslikdir. Sadəcə, şagirdə onu oxumağı və müşahidə etməyi öyrətmək lazımdır. Müəllimin yaradıcılığı da burada xüsusi əhəmiyyət daşıyır. Eyni mövzu müxtəlif formalarda təqdim oluna bilər: bir şagird araşdırma apara, digəri təqdimat hazırlaya, başqa biri müşahidələrini yazılı və ya vizual formada ifadə edə bilər. Şagirdə hazır məlumatı köçürməyi deyil, onu araşdırmağı, müqayisə etməyi, sual verməyi və öz qənaətini formalaşdırmağı öyrətməliyik. Çünki təhsilin məqsədi uşağın yaddaşını məlumatla doldurmaq deyil, onun düşünmək qabiliyyətini inkişaf etdirməkdir. Mənim qənaətimcə, tətilin ən düzgün təşkili istirahətlə öyrənmənin qarşı-qarşıya qoyulmadığı modeldir. Uşaq həm dincəlməli, həm maraqlandığı sahələrlə məşğul olmalı, həm də məktəbdə qazandığı bilikləri unutmamaq üçün onları fərqli fəaliyyətlərdə tətbiq etməlidir”.




