Uzunmüddətli iqtisadi artımın əsas mənbəyi yüksəkkeyfiyyətli insan və bilik kapitalıdır – Akademik rəy

22 Dekabr, 2025 - 15:35
Uzunmüddətli iqtisadi artımın əsas mənbəyi yüksəkkeyfiyyətli insan və bilik kapitalıdır – Akademik rəy

Müasir qlobal iqtisadiyyatda ölkələrin rəqabət qabiliyyəti artıq təbii resurslar və fiziki kapitaldan daha çox intellektual (insan) kapitalının keyfiyyəti ilə müəyyən olunur. 

Erik Hanuşek və Ludger Voessmanın  coxuculara təqdim etdiyimiz “Bilik kapitalı” (Eric A. Hanushek,  Ludger Woessmann.  The Knowledge Capital of Nations: Education and the Economics of Growth. Publisher: The MIT Press 17 April 2015) əsərində klassik “təhsil modeli” yanaşmasını tənqid edərək, təhsilin keyfiyyət göstəricilərini (bilik, bacarıq və kompetensiyalar) iqtisadi artımın əsas determinantı kimi irəli sürürlər. Bu yanaşma inkişaf etməkdə olan və keçid iqtisadiyyatına malik ölkələr üçün xüsusi aktuallıq kəsb edir.

Hanushek və Woessmann insan kapitalının ənənəvi ölçülməsini, yəni təhsilin müddətini və diplomların sayını kifayət hesab etməyərək, iqtisadi artımın əsas determinantı kimi təhsilin nəticəyönümlü keyfiyyət göstəricilərini (şagirdlərin real bilik və bacarıqları) irəli sürürlər. 

Təhsil uzun müddətdir ki, iqtisadi rifahın mühüm müəyyənedicisi kimi qəbul olunur. Nəzəri müzakirələrdə insan kapitalının iqtisadi artımdakı rolu güclü şəkildə vurğulansa da, empirik tədqiqatların böyük hissəsində nəticələr birmənalı deyil. Bu ziddiyyətli nəticələr əsasən ölçmə problemləri ilə izah olunur. Təhsilin keyfiyyəti və bacarıqların müxtəlif mənbələri nəzərə alındıqda, bacarıqlarla iqtisadi artım arasındakı əlaqə aydın və güclü şəkildə ortaya çıxır.

İqtisadi artım üzrə nəzəri ədəbiyyat təhsilin iqtisadi artıma təsir edə biləcəyi ən azı üç mexanizmi önə çəkir: 

Birincisi, təhsil əmək qüvvəsində mövcud olan insan kapitalını artırır ki, bu da əmək məhsuldarlığını yüksəkdir və daha yüksək tarazlıq istehsal səviyyəsinə doğru keçid artımını təmin edir. 

İkincisi, təhsil iqtisadiyyatın innovasiya qabiliyyətini artırır; yeni texnologiyaların, məhsulların və proseslərin yaradılması isə iqtisadi artımı stimullaşdırır. 

Üçüncüsü, təhsil yeni informasiyanın başa düşülməsi və emalı, eləcə də başqaları tərəfindən hazırlanmış yeni texnologiyaların uğurla tətbiqi üçün zəruri olan biliklərin yayılmasını və ötürülməsini asanlaşdırır ki, bu da yenidən iqtisadi artımı təşviq edir.

Əsərin əsas məqsədi müxtəlif ölkələr üzrə intellektual kapitalın səviyyəsini ölçmək, onun uzunmüddətli iqtisadi artıma təsirini empirik əsaslarla sübut etmək və təhsil siyasətinin iqtisadi nəticələrini qiymətləndirməkdir. 

Elmi yenilik aşağıdakılardan ibarətdir:
•  İnsan kapitalının ölçülməsində beynəlxalq qiymətləndirmə nəticələrinin sistemli istifadəsi;
•  Təhsilin kəmiyyətindən çox keyfiyyətinin iqtisadi artıma təsirinin statistik cəhətdən əsaslandırılması;
•  İnstitusional mühit, təhsil idarəçiliyi və müəllim keyfiyyəti kimi faktorların insan kapitalına təsir mexanizminin açıqlanması.

Müəlliflər geniş ölkələrarası panel məlumatlardan, ekonometrik modellərdən və uzunmüddətli müqayisəli təhlildən istifadə edirlər.

Metodoloji baxımdan əsər:
• Korrelyasiya və səbəb–nəticə əlaqələrinin fərqləndirilməsi;
• Endogenlik problemlərinin nəzərə alınması;
• Təhsil göstəricilərinin makroiqtisadi dəyişənlərlə inteqrasiyası baxımından yüksək elmi səviyyə nümayiş etdirir.

Əsərin mühüm elmi üstünlükləri ilə yanaşı, intellektual kapitalın sosial, mədəni və etik komponentlərinin əsasən kənarda qalması, inkişaf etməkdə olan ölkələrdə qeyri-formal bilik və bacarıqların rolunun kifayət qədər nəzərə alınmaması, eləcə də təhsil keyfiyyətinin yüksəldilməsi prosesində mövcud olan siyasi və mədəni maneələrin dərin və sistemli təhlilinin məhdud olması kimi müəyyən məhdudiyyətlər də qeyd edilə bilər.

Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan ölkələrdə qeyri-formal bilik və bacarıqların rolu hələ də yetərincə nəzərə alınmır. Təhsil sistemi əsasən formal diplom və sertifikatlara əsaslandığından praktiki bacarıqlar, kurslar, mentorluq proqramları və digər qeyri-formal öyrənmə vasitələri rəsmi qiymətləndirmədə az nəzərə alınır. 

Bu isə əmək bazarında tələb olunan bacarıqlar ilə formal təhsil arasında uyğunsuzluq yaradır, innovasiya və startap fəaliyyətlərinin inkişafını məhdudlaşdırır. Son illərdə qeyri-formal təhsil təşəbbüsləri artırsa da, dövlət siyasətində və akademik qiymətləndirmədə bu biliklərin rolu hələ də məhduddur. Nəticədə, qeyri-formal öyrənmənin rəsmi sistemə inteqrasiyası Azərbaycanın iqtisadi və texnoloji inkişaf perspektivlərini gücləndirə bilər.

Əsərdə əldə olunan əsas nəticələr bunlardır:
• İqtisadi artımı izah edən əsas faktor təhsilin müddəti deyil, şagirdlərin real bilik və bacarıq səviyyəsidir;
• Eyni təhsil illərinə malik ölkələr arasında inkişaf fərqləri məhz intellektual kapitalın keyfiyyəti ilə izah olunur;
• Təhsil sistemində islahatlar (müəllimlərin seçimi, qiymətləndirmə mexanizmləri, hesabatlılıq) uzunmüddətli iqtisadi fayda yaradır.

Kitabın nəticələri təhsil və iqtisadi siyasət baxımından mühüm implikasiyalar formalaşdıraraq, təhsil strategiyalarında formal diplom və attestat göstəricilərindən daha çox ölçülə bilən öyrənmə nəticələrinə fokuslanmanın zəruriliyini, milli insan kapitalı strategiyalarının sistemli şəkildə hazırlanmasını və universitetlər ilə məktəblərdə nəticəyönümlü qiymətləndirmə mexanizmlərinin tətbiqini ön plana çıxarır.

Azərbaycanın inkişaf modelində Prezident İlham Əliyev tərəfindən vurğulanan neft gəlirlərinin insan kapitalına transformasiyası prinsipi uzunmüddətli iqtisadi artımın əsas determinantı kimi bilik və bacarıqların rolunu ön plana çıxarır. 

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “neft kapitalını insan kapitalına çevirmək” strategiyası müasir iqtisadi nəzəriyyədə Eric A. Hanushek və Ludger Woessmann tərəfindən işlənmiş “knowledge capital” konsepsiyası ilə mahiyyət etibarilə üst-üstə düşür. Hər iki yanaşma iqtisadi artımın əsas mənbəyini maddi resurslarda deyil, bilik, bacarıq və koqnitiv kompetensiyalarda görür.
Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirmək” strategiyası bilik cəmiyyətində qəbul olunan “knowledge capital” konsepsiyası ilə tam uyğunluq təşkil edir və Azərbaycanın inkişaf modelini resurs əsaslı iqtisadiyyatdan bilik və bacarıqlara söykənən dayanıqlı iqtisadiyyata keçid çərçivəsində izah etməyə imkan verir. Bu yanaşma göstərir ki, uzunmüddətli iqtisadi artımın əsas mənbəyi təbii sərvətlər deyil, yüksək keyfiyyətli insan və bilik kapitalıdır.

Eric Hanushek və Ludger Woessmann-ın bu əsəri insan kapitalı, təhsil iqtisadiyyatı və inkişaf strategiyaları sahəsində fundamental elmi mənbə kimi dəyərləndirilə bilər. Kitab ali təhsil müəssisələrində iqtisadiyyat, təhsil siyasəti və dövlət idarəçiliyi üzrə ixtisaslaşan tədqiqatçılar, doktorantlar və qərarvericilər üçün yüksək elmi və praktik əhəmiyyətə malikdir.

Zahid Fərrux Məmmədov,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim