Az stres, yüksək motivasiya: Müəllimlərimiz niyə liderdir?

31 Oktyabr, 2025 - 11:28
Az stres, yüksək motivasiya: Müəllimlərimiz niyə liderdir?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqladığı TALIS 2024 (Teaching and Learning International Survey) hesabatı müəllimlik peşəsi ilə bağlı maraqlı və diqqətçəkən mənzərə ortaya qoyur. Hesabatda qeyd olunur ki, Azərbaycanda müəllimlərin cəmi 4%-i öz işinin onlarda “çox” stres yaratdığını bildirib. Müqayisə üçün OECD üzrə ortalama göstərici 19%-dir. Həmçinin yalnız 5% müəllim işlərinin onların zehni sağlamlığına “çox” mənfi təsir etdiyini qeyd edib (OECD ortalaması – 10%).

Bu nəticələr Azərbaycan müəllimlərinin stres səviyyəsinin bir çox ölkələrlə müqayisədə xeyli aşağı olduğunu göstərir. Bu isə istər-istəməz belə bir sual doğurur: Bu göstəricilər ölkəmizdə müəllimlik peşəsinin daha sabit və dəstəkləyici mühitdə formalaşdığınımı göstərir?

“Bu peşənin cəmiyyətdə hörmətlə qarşılanması da stresi aşağı salan amillərdəndir”

Təhsil eksperti Əminət Diganayeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, müəllimlərin stres səviyyəsinə təsir edən faktorlar çoxşaxəlidir və bu göstəricilər təsadüfi deyil. O hesab edir ki, müəllimlərin stresli olub-olmamasına bir çox amil - onların məxsus olduğu mədəni mühit, iş şəraiti, ilin fəsilləri, akademik ilin mərhələləri (başlanğıc, son və s.) təsir göstərə bilər. Azərbaycanda bu göstəricilərin daha aşağı olması bir sıra səbəblərlə izah oluna bilər: “Əməkhaqlarında artım, iş şəraitinin yaxşılaşdırılması və bu peşənin hələ də cəmiyyət tərəfindən hörmətlə qarşılanması stres səviyyəsini aşağı salan əsas amillərdəndir. Bu sahədə əvvəlki dövrlərlə müqayisə aparılmadığı üçün dəqiq tendensiyanı müəyyənləşdirmək çətindir, lakin ümumi mənzərəyə baxdıqda bizdə müəllimlərin bir çox ölkələrdə olduğu kimi yüksək stres yaşamadığı aydın görünür”.

“Müəllimin az stresli olması tədrisin daha keyfiyyətli olması deməkdir”

Ekspert bu vəziyyəti müəllimlik peşəsinin nüfuzunun artması, əməkhaqlarının yüksəldilməsi və sosial təminat tədbirlərinin genişlənməsi ilə əlaqələndirir: “Bu dəyişikliklər müəllimlərin həyatına birbaşa təsir göstərir və onların peşəyə olan marağını artırır. Hazırda 1000 manat əməkhaqqı alan müəllimlər kifayət qədər çoxdur və bu, ölkə reallığında yaxşı təminat sayılır. Belə vəziyyətdə müəllim dərs prosesinə daha diqqətlə yanaşır, əlavə iş yükü götürmədən öz fəaliyyətinə fokuslana bilir. Bu da psixoloji yorğunluğu minimuma endirir. Stres səviyyəsinin aşağı olması daha yüksək enerji və motivasiya deməkdir. Motivasiya isə müəllimin özünüinkişafa fokuslanmasına, dərsin keyfiyyətini artırmasına və şagirdlərlə daha məhsuldar ünsiyyət qurmasına şərait yaradır. Müəllimin az stresli olması tədrisin daha keyfiyyətli olması deməkdir”.