66 ildə cəmi 8 nəfər: IMO tarixinin ən böyük riyaziyyat dahiləri
Dünyanın ən nüfuzlu bilik müsabiqələrindən olan Beynəlxalq Riyaziyyat Olimpiadasının (IMO) 66 illik tarixində cəmi 8 nəfər dörd və ya daha çox qızıl medal qazanıb.
IMO tarixinin ən parlaq beyinlərini təqdim edirik:

1. Aleks Çui 2025-ci ilin iyulunda keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında dördüncü qızıl medalını qazanaraq tarixə düşüb və daim rəqabət tələb edən riyaziyyatın ən seçilmiş klublarından birinə qoşulub. 2008-ci il təvəllüdlü Çui İngiltərədəki “Tonbridge School”un 12-ci sinif şagirdidir.
O, IMO-da altı dəfə iki fərqli komandanın heyətində iştirak edib. İlk olaraq 2020 və 2021-ci illərdə Honkonq, Çin komandasını təmsil edib və bir gümüş, bir qızıl medal qazanıb. Daha sonra 2022-ci ildən etibarən Böyük Britaniya komandasına keçərək əlavə bir gümüş və üç qızıl medal əldə edib. Onun dördüncü qızıl medalı Avstraliyanın Sunshine Coast bölgəsində keçirilən yarışda gəlib.

2. Onu geridə qoyan yeganə şəxs 1997-ci ildə Çinin Tyantszin şəhərində anadan olmuş kanadalı Çjuo Çün Sonqdur. O, 2010–2015-ci illər arasında altı dəfə iştirak etdiyi nüfuzlu müsabiqədə beş qızıl və bir bürünc medal qazanaraq IMO tarixinin ən çox mükafat alan iştirakçısı olaraq qalır.
Sonq sonuncu iştirak ilində mümkün olan maksimum — 42/42 bal toplayıb. Prinston Universitetində riyaziyyat üzrə bakalavr dərəcəsi aldıqdan sonra “Citadel” şirkətində kvant tədqiqatçısı kimi çalışıb. Hazırda isə İllinoys Universitetinin Urbana-Şampeyn kampusunda ədədlər nəzəriyyəsi üzrə magistratura tədqiqatçısıdır. Sonqun karyera yolu daha geniş bir tendensiyanı əks etdirir.
3. ABŞ-dən olan 42 yaşlı Reid V. Barton IMO-da dörd qızıl medal qazanan ilk şəxs olub. O, bunu 1998–2001-ci illər arasında ardıcıl şəkildə bacarıb və son 2001-ci ildə maksimum nəticə göstərib. Həmin il o, Beynəlxalq İnformatika Olimpiadasında da birinci yeri tutub və ümumilikdə iki IOI qızıl medalına sahib olub. Barton bakalavr təhsilini MIT-də alıb, daha sonra Harvard Universitetində riyaziyyat üzrə doktorantura dərəcəsi əldə edib.

4. Almaniyalı Liza Zauermann bu səkkizlik arasında yeganə qadındır. 33 yaşlı Zauermann 2008–2011-ci illərdə dörd qızıl, 2007-ci ildə isə bir gümüş medal qazanıb və 2011-ci ildə maksimum nəticə göstərən yeganə iştirakçı olub. Onun Bonn Universitetindəki bakalavr işi cəbr həndəsəsinə yönəlib. Daha sonra Stanford Universitetində doktorantura təhsili zamanı istiqamətini ekstremal kombinatorikaya dəyişib və dissertasiyasını 2019-cu ildə tamamlayıb. Prinstondakı Qabaqcıl Tədqiqatlar İnstitutunda və MIT-də dosent kimi fəaliyyət göstərdikdən sonra Zauermann 2023-cü ildə Bonna qayıdıb və hazırda universitetin Tətbiqi Riyaziyyat İnstitutunda Hausdorff kafedrasına rəhbərlik edir.

5. Digər alman iştirakçı Kristian Rayher 1999-cu ildə bürünc, 2000–2003-cü illərdə isə dörd qızıl medal qazanıb.
O, 2010-cu ildə Rostok Universitetində doktorluq dərəcəsi alıb və hazırda Hamburq Universitetində ekstremal kombinatorika və qraf nəzəriyyəsi üzrə professor kimi çalışır.

6. Serbiyalı Teodor fon Burq yeddinci sinifdən etibarən yarışlarda iştirak edib və 2007–2012-ci illər arasında altı ardıcıl ildə dörd qızıl, bir gümüş və bir bürünc medal qazanıb. Oksford Universitetində riyaziyyat təhsili aldıqdan sonra Belqrada qayıdıb. Hazırda o, liseydə ixtisaslaşdırılmış riyaziyyat dərsi keçir və IMO-ya hazırlaşan şagirdlərə fərdi müəllim kimi fəaliyyət göstərir.

7. Tailandlı Nipun Pitimanaari bu qrupdakı yeganə Cənub-Şərqi Asiya nümayəndəsidir. O, 2009–2013-cü illər arasında beş iştirak ərzində dörd qızıl və bir gümüş medal qazanıb. Daha sonra MIT-də elektrik mühəndisliyi və kompüter elmləri üzrə bakalavr və magistr mühəndislik dərəcələri əldə edib. Sonradan blokçeyn sahəsinə yönələrək Alpha Finance Lab şirkətinin həmtəsisçisi olub və hazırda mərkəzsizləşdirilmiş maliyyə təşəbbüsü olan INFINIT-də həmtəsisçi və texniki direktor (CTO) vəzifəsində çalışır.

8. ABŞ-dən olan Luk Robitay 2019–2022-ci illər arasında iştirak etdiyi bütün dörd IMO-da qızıl medal qazanıb. Kiçik yaşlarından evdə təhsil alan Robitay səkkiz yaşında artıq universitet səviyyəli riyaziyyatla məşğul olurdu və 2017 və 2018-ci illərdə milli MATHCOUNTS yarışını iki dəfə qazanan yeganə şəxs oldu.
Hazırda o, MIT-də riyaziyyat və fizika ixtisasları üzrə təhsil alır.
Adlarını çəkdiyimiz bu səkkiz əfsanə akademiya, maliyyə və texnologiya sahələrinə yayılıb və onlardan bir neçəsi hətta saf riyaziyyatdan tamamilə uzaqlaşıb.
Qeyd edək ki, Beynəlxalq Riyaziyyat Olimpiadası ilk dəfə 1959-cu ildə Rumıniyada keçirilib və hazırda hər il 100-dən çox ölkə və ərazinin iştirak etdiyi yarışa çevrilib.
Yarış iki gün ərzində altı məsələdən ibarət olur. Hər məsələ maksimum yeddi balla qiymətləndirilir və ümumi maksimum nəticə 42 baldır. İştirakçıların təxminən yarısı medal qazanır.



