Audiokitablar ənənəvi kitabları əvəz edə bilərmi? – Araşdırma
Bu günün sürətli və gərgin yaşam tərzi insanları rahatlamağın yeni yollarını axtarmağa məcbur edir. Hər gün qarşılaşdığımız informasiya axını, yorğunluq səbəbilə insanlar həm psixoloji, həm də emosional balansı qorumaq üçün müxtəlif üsullara üz tuturlar.
Araşdırmalar göstərir ki, musiqi dinləmək 61 faiz, çay və ya qəhvə içmək 54 faiz, gəzintiyə çıxmaq isə stresi 42 faiz azaldır. Bu sıralamada kitab oxumaq ən yuxarıdadır. Çünki cəmi 6 dəqiqə kitab oxumaq stresi 68 faiz azaldır. Bəs bu zaman mütaliəni hansı üsulla etməyimizin bir önəmi varmı? Kağız, yoxsa audiokitab?
Bəzi insanlar kitabı fiziki şəkildə oxumağın daha effektiv olduğunu düşünürlər. Onların əsas arqumenti göz yaddaşından istifadə edərək məlumatları daha yaxşı xatırlamaq, kitaba toxunarkən isə özlərini xoşbəxt hiss etmələri ilə bağlıdır.
Sosial şəbəkədə apardığımız sorğunun nəticələrinə əsasən, oxucuların əksəriyyəti ənənəvi kitabların daha yaxşı olduğunu bildirib. Onların fikrincə, kağız kitablarda bir səhifəni dəfələrlə oxumaq, istədiyimiz yeri rahatlıqla tapmaq və bəyəndiyimiz cümlələrin altından xətt çəkmək mümkündür. Əlavə olaraq oxucular qeyd ediblər ki, ənənəvi kitablarda batareya problemi yoxdur və oxuyarkən diqqəti cəmləmək daha asandır. Eyni zamanda, kitabın özünəməxsus qoxusu oxucular tərəfindən xüsusilə bəyənilir.
Bakı Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müəllimi Səkinə Aydınova da “Azərbaycan müəllimi”nə verdiyi açıqlamada hər hansı bir cihaza, internetə bağlı qalmadığımız üçün ənənəvi versiyanın daha yaxşı olduğunu vurğulayıb:
"Kitabın kağızlarını hiss etmək, çevirmək və qoxusunu duymaq fərqli bir zövq verir".
Ancaq Səkinə Aydınova audiokitabların əhəmiyyətini də qeyd edib:
"Audiokitabın istifadəsi zamandan və şəraitdən çox asılıdır. Əgər tez bir zamanda istənilən bir kitabı oxumağa vaxtımız yoxdursa, bu zaman audiokitab daha əlverişlidir. Çünki yolda gedərkən və ya hər hansı bir işlə məşğul olarkən mütaliə etməyimiz üçün imkan yaradır".
Müəllim eyni zamanda qeyd edib ki, audiokitablar indiki yeniyetmələr üçün daha əlverişlidir:
“Bugünkü vaxt qıtlığı yarandığı bir dövrdə audiokitablar vaxta qənaət üçün çox faydalı üsuldur. Həm də müasir dövrdə audiokitab dinləyərkən onu səsləndirən şəxsin səsi, hisslərini səs tonu ilə çatdırması yeniyetmələr üçün daha maraqlı ola bilər”.
Audiokitablara qarşı şübhə
Müasir dövrdə yayılmış bir növ isə audiokitablardır. Onlar bizə istədiyimiz zaman, istədiyimiz məkanda, hətta işlə məşğul olarkən belə mütaliə etməyə imkan verir.
Buna baxmayaraq, bir çox insanlar audiokitabları oxumaq hesab etmir. Hətta NPR-Ipsos-un sorğusu göstərir ki, böyüklərin 41 faizi audiokitabları kitab oxumaq hesab etmir.
Beyin necə işləyir?
Qarışıqlığın bir hissəsi oxumanın necə işlədiyi barədə yanlış təsəvvürlərdən qaynaqlanır. Gözlə oxuma hərfləri səslərlə və məna ilə əlaqələndirmək, yəni deşifrə etməklə başlayır. Lakin bu əlaqələr beynimizdə formalaşdıqdan sonra beyin sözləri anlamaq üçün eyni dil şəbəkəsindən istifadə edir. Başqa sözlə, məlumat istər göz, istərsə də, qulaq vasitəsilə daxil olsun, beynin qavrama mexanizmi eynidir.
Bu faktı 2019-cu ildə Kaliforniya Universiteti, Berklidə aparılan bir araşdırma təsdiqləyib. Tədqiqat göstərib ki, eyni hekayələri oxuyan və dinləyən insanların beyinləri mənanı demək olar ki, eyni şəkildə emal edir. Diqqətli dinləmə çap mətnində olduğu kimi həmin neyron şəbəkələri aktivləşdirir.
Audiokitabların üstünlükləri
Audiokitablar xüsusilə oxuma çətinliyi (disleksiya və s.) olan insanlar üçün əvəzolunmazdır. Diqqətli dinləmə bu şəxslərdə anlama səviyyəsini artırır və onların hekayədən qopmasının qarşısını alır.
Audiokitabın istifadəsi zamandan və şəraitdən çox asılıdır. Əgər tez bir zamanda hər hansı bir kitabı bitirmək istəyiriksə və buna vaxtımız yoxdursa, bu zaman audiokitab daha əlverişlidir. Çünki yolda gedərkən, idmanla və ya hər hansı bir işlə məşğul olarkən mütaliə etməyimiz üçün imkan yaradır.
İkimodlu oxu
Bu dövrdə yeni bir oxu formatı da geniş yayılır: ikimodlu oxu. Bu, sözləri eşidə-eşidə mətnə eyni anda baxaraq oxumaqdır.
Aparılan araşdırmalar göstərir ki, zəif oxuyan şagirdlər üçün çap və audio versiyaların birlikdə istifadəsi anlama qabiliyyətini daha da artırır. Bu üsul diqqəti toplu saxlamağa və tempin sabit olmasına kömək edir.
Yazıçı, natiqlik üzrə kouç Coşqun Kərimov "Azərbaycan müəllimi"nə verdiyi açıqlamada kitabların yaxın yüz ildə öz hakimiyyətini qoruyacağını bildirib:
"Hər hansı bir işlə məşğul olarkən eyni zamanda vaxtımızı səmərəli keçirmək üçün audiokitablar əlverişlidir. Amma vacib bir mətni daha dərindən anlamaq, incələmək istəsəniz, yenə də ənənəvi üsula qayıtmalı olacaqsınız".
O, Finlandiya və Skandinaviyada şagirdlərin planşetlərə yönləndirilməsi, lakin yaranan koqnitiv problemlərə görə yenidən kitablara qayıtmalarını misal gətirib.
Müxtəlif mütəxəssislərin və oxucuların fikirləri fərqli olsa da, beyinlə bağlı elmi faktlar həm kağız, həm də audiokitabın məlumatı qavrama mexanizminin eyni olduğunu göstərir. Əsas fərq diqqətin cəmlənməsi və rahatlıq məsələlərindədir.
Nəhayət, Sokratın fikri ilə desək, xoşbəxt cəmiyyət qurmaq üçün audiokitab, yaxud fiziki kitab olmasından asılı olmayaraq, mütaliəni gündəlik vərdişimizə çevirməliyik.
Nərmin MƏMMƏDZADƏ


