Avropa Universitetləri Zirvəsindən mesajlar – Ali təhsili necə dəyişək?
Məlum olduğu kimi, mayın 5-7 tarixlərində Milanda (İtaliya) 2026-cı il Avropa Universitetləri Zirvə toplantısı keçirilib. Böyük Britaniyanın ali təhsil sahəsində ixtisaslaşmış “Times Higher Education” şirkəti tərəfindən təşkil olunan və Avropa universitetlərinin inkişaf strategiyalarına həsr olunmuş illik tədbir qitənin akademik sistemlərinin gələcəyini müzakirə etmək üçün ali təhsil liderlərini bir araya gətirib. Avropa ölkələrindən 160-dan çox universitet və təşkilatdan 300-dən çox iştirakçını bir araya gətirən tədbirdə ali təhsilin qlobal səhnədəki rolunun gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
THE bildirir ki, universitetlər sürətli texnoloji dəyişikliklərlə, ölkələr isə mürəkkəb geosiyasi çətinliklərlə üzləşdikcə, əməkdaşlıq heç vaxt bu qədər vacib olmayıb. Zirvə görüşü fənlərarası əməkdaşlıq, sektorlararası tərəfdaşlıq və gələcək üçün institutları təchiz edən cəsarətli strategiyalara yönəlmiş yeni ideyalar üçün məkan yaradıb.
“Universitet menecerlərinin liderə çevrilməsinin vaxtıdır”
Sammitin açılışında çıxış edən Avropa Universitetləri Assosiasiyasının (European University Association) prezidenti Josep M. Garrell Garrell bildirib ki, eyni anda baş verən və köklü dəyişikliklər yaradan çağırışlarla üzləşən bir sektorda güclü liderlik heç vaxt indiki qədər vacib olmayıb: dayanıqlılığa keçid, rəqəmsal/AI transformasiyası, geosiyasi qeyri-müəyyənlik və maliyyələşmə dəyişiklikləri, demoqrafik dəyişikliklər, siyasi və sosial qütbləşmə. Onun sözlərinə görə ali təhsil sektorun üzləşdiyi çoxsaylı transformativ çağırışların öhdəsindən gəlmək üçün “təkcə menecment kifayət deyil”. Menecment daha çox icra, tətbiq və optimallaşdırmanı nəzərdə tutur, halbuki liderlik “istiqamətin müəyyənləşdirilməsini, məna formalaşdırılmasını” və transformasiyanın mümkün edilməsini təmin edir. Lakin çoxsaylı liderlər “menecment”, yəni gündəlik əməliyyat tələbləri içində ilişib qalırlar. Onun mesaji aydın və konkret olub: “Universitet menecerlərinin liderə çevrilməsinin vaxtıdır”.
“Unite to lead: Elevating Europe’s global role in higher education” ("Lider olmaq üçün birləşin: Avropanın ali təhsildə qlobal rolunun artırılması") şüarı ilə keçirilən tədbirdə müzakirələr dörd əsas istiqamət üzrə aparılıb:
- universitet reputasiyası və qlobal əməkdaşlıq;
- innovasiya, sahibkarlıq və tədqiqat ekosistemi;
- multidissiplinar təhsil modelləri;
- strateji liderlik və universitet idarəçiliyi.
“AI-ready university” modeli
Zirvənin ən çox diqqət çəkən mövzularından biri süni intellektin ali təhsilə təsiri olub. Müzakirələrdə AI texnologiyalarının artıq sadəcə texniki alət deyil, universitetlərin idarəetmə, qiymətləndirmə, akademik dürüstlük və əmək bazarına hazırlıq siyasətlərini dəyişən əsas faktor olduğu vurğulanıb. Ekspertlər hesab edir ki, yaxın illərdə “AI-ready university” modeli Avropa universitetlərinin əsas inkişaf istiqamətlərindən birinə çevriləcək.
Zirvədə həmçinin universitet reytinqlərinin dəyişən mahiyyəti xüsusi vurğulanıb. “Times Higher Education” platformasında yayımlanan analitik materialda qeyd olunur ki, universitetlərin reputasiyası artıq yalnız elmi nəşrlərlə müəyyən edilmir. Universitetlər öz fərqləndirici kimliyini, sosial təsirini və beynəlxalq tərəfdaşlıqlarını daha aydın nümayiş etdirməlidirlər.
Milan Zirvəsində Avropa universitetlərinin ABŞ və Asiya universitetləri ilə rəqabət şəraitində yeni strateji mövqelər formalaşdırmasının vacibliyi də qeyd edilib.
İştirakçılar hesab edirlər ki, gələcəkdə uğurlu universitet modeli:
- beynəlxalq şəbəkələşmə,
- çevik idarəetmə,
- rəqəmsal transformasiya və sənaye-universitet əməkdaşlığı üzərində qurulacaq.
Onu da qeyd edək ki, bu müzakirələr Azərbaycan universitetləri üçün də aktual hesab oluna bilər. Xüsusilə:
-beynəlxalq reytinqlərdə görünürlüyün artırılması,
-AI əsaslı təhsil strategiyalarının hazırlanması,
- multidissiplinar proqramların inkişafı və qlobal tərəfdaşlıqların genişləndirilməsi yerli ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini gücləndirə bilər.
Universitetlərə işəgötürənlərlə birgə kurikulum hazırlamaq tövsiyə olunur
Sammit çərmivəsində təşkil olunan panel müzakirələrdə səsləndirilən mühüm çağırışlardan biri budur: universitetlər məzunların məşğulluq imkanlarını artırmaq tədris kurikulumunu işəgötürənlərlə birgə hazırlamalıdır; sənaye nümayəndələri ilə yalnız prosesin sonunda məsləhətləşmək kifayət deyil. İtaliyanın Bocconi Universitetinin prorektoru olan Karlo Salvato qeyd edib ki, “Biz professorlar işəgötürənlərdən həqiqətən tədris etdiklərimizə maraq göstərib-göstərmədiklərini soruşmadan kurikulum hazırlamaqda çox mahirik”. Onun sözlərinə görə, karyera xidmətləri ənənəvi olaraq “prosesin sonrakı mərhələsində” fəaliyyət göstərir. Yəni işəgötürənlərlə məsləhətləşmələr yalnız kurs başa çatdıqdan sonra aparılır. “İşəgötürənləri prosesin başlanğıcında cəlb etmək çox vacibdir”, – deyə o vurğulayıb və qeyd edib ki, bu yanaşma biznes, maliyyə və iqtisadiyyat sahələrində daha asan tətbiq olunsa da, digər sahələrdə daha çətindir. “Bunun çətin ola biləcəyini başa düşürəm. Amma bu, zəruridir. akademiklər kimi tədqiqat aparmaq və yeni konsepsiyaları inkişaf etdirmək məsuliyyətimizdən imtina etmədən işəgötürənlərlə birgə kurikulum hazırlamaq çox vacibdir... İşəgötürənlər bir növ məsləhət platforması kimi iştirak etməli və kurikulumun gələcəyə uyğunluğunu təmin etməlidirlər”, – deyə o əlavə edib. O bildirib ki, işəgötürənlərin özləri də gələcəkdə hansı bacarıqlara ehtiyac olacağını hər zaman dəqiq bilməsələr də, universitetlərlə onlar arasında davamlı dialoq həyati əhəmiyyət daşıyır.
Macarıstandakı Obuda Universitetinin rektoru Levente Kovaç isə əmək bazarındakı sürətli dəyişikliklərin tədris materiallarını yeniləməyi getdikcə çətinləşdirdiyini deyib: “Məsələn, biz görürük ki, birinci kurs tələbələri universitetə daxil olduqda, onlar məzun olana qədər əvvəllər mövcud olmayan yeni peşələr yaranır”. O əlavə edib ki, universitetlər “güzgüyə baxmalı” və təqdim etdikləri təhsilin həqiqətən aktual olub-olmadığını müəyyən etməlidirlər. “Əgər aktual deyilsə, onda sual budur: kurikulumu nə qədər sürətlə yeniləyə bilərsiniz? Bizim vəziyyətimizdə bunu hər beş ildən bir edirik”.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova da ənənəvi vaxt çərçivələrinin artıq kifayət etmədiyi fikri ilə razılaşıb və bildirib ki, xüsusilə IT, kompüter elmləri və bir çox digər sahələrdə beşillik kurikulum yenilənməsi müddəti “çox uzundur”. “Bəzən akademiklər nəyisə dəyişməkdən həddindən artıq çəkinirlər, çünki mövcud sistemə öyrəşmiş oluruq. Biz bir qədər daha cəsarətli olmalı, etdiklərimizi dayandıraraq fərqli üsulları sınamağa hazır olmalıyıq,” – deyə o əlavə edib. O həmçinin bildirib ki, Azərbaycanda məzunların məşğulluğunu artırmaq məqsədilə sahibkarlıq təhsilinin yalnız biznes yönümlü ixtisaslarda deyil, müxtəlif sahələr üzrə proqramlara inteqrasiya olunmasını nəzərdə tutan pilot layihələr həyata keçirilir.
“Əməkdaşlıq, sahibkarlıq və tədqiqat vasitəsilə innovasiya” adlı bölmə doktorantura təhsilinin təkmilləşdirilməsi və sahibkarlıq düşüncə tərzinin formalaşdırılması kimi mövzuları əhatə edib. İstanbul Texniki Universitetinin rektoru Həsən Mandal dövlət-özəl tərəfdaşlığı da daxil olmaqla maliyyə maneələrini aradan qaldırmaq üçün strategiyaları bölüşüb. AI-nin rəqabətlilik gündəliyi tədqiqatlara üstünlük verdiyi bir vaxtda natiqlər daha cəsarətli investisiyalara çağırıblar və Horizon Europe maliyyələşdirməsinin sadələşdirilməsi barədə çağırışlarını təkrarlayıblar:
1.Sənaye üçün uyğunluq baxımından doktorantura proqramlarının təkmilləşdirilməsi,
2. Universitet inkubatorları vasitəsilə startapların təşviqi,
3. Təhsil-tədqiqat boşluqlarının ittifaqlar vasitəsilə aradan qaldırılması.
Doktorantlar PhD dərəcəsinin dəyərini daha çox sual altına almağa başlayıblar
Sammitdə bildirilib ki, universitetlər özəl sektorun təqdim etdiyi imkanlarla rəqabət aparmaqda çətinlik çəkirlər, çünki potensial doktorantlar PhD dərəcəsinin dəyərini daha çox sual altına almağa başlayıblar. Xəbərdarlıq edilib ki, tədqiqatlara olan ictimai etimadın azalması ən istedadlı namizədlər üçün akademik karyeraları daha az cəlbedici edir və universitetlərə bu problemi həll etmək üçün fəaliyyətlərinin sosial əhəmiyyətini daha çox vurğulamaq tövsiyə olunub.
Tədbirdə çıxış edən Oslo Metropolitan Universitetinin tədqiqat və inkişaf üzrə prorektoru Tanya Storsul bildirib ki, tədqiqatçılar və universitetlər elmi işlərinin keyfiyyətinə daha çox diqqət yetirməlidirlər: “Ona görə də biz bunu ictimaiyyətə çatdırmalı və ətrafımızdakı cəmiyyətlə əlaqədə olmalıyıq ki, tədqiqatın və ali təhsilin təsirini göstərə bilək. Bizim ətrafımızdakı cəmiyyətlə əlaqə qurmaq və onların gördüyümüz işdən faydalanmasını təmin etmək öhdəliyimiz var”.
T.Storsul əlavə edib ki, təmsil etdiyi universitet ali təhsili real seçim hesab etməyən icmalara daha yaxın olmaq üçün filial kampus yaradıb. “Bu, bizi geniş ictimaiyyət üçün daha əlçatan edir”, - deyə o bildirib. O vurğulayıb ki, məqsəd tədqiqat sahəsində karyeranın hər kəs üçün açıq olduğunu göstərməkdir. Onun diqqət çəkdiyi digər məsələ isə şirkətlərin akademik sahə ilə müqayisədə daha yüksək maaşlar təklif etməsidir ki, bu da potensial tələbələrin PhD təhsilinin dəyərini görməsini çətinləşdirə bilər. “Biz bu şirkətlərin təklif etdiyi maaşlarla rəqabət apara bilmərik, buna görə də başqa üstünlüklər təqdim etməliyik”, - deyə o bildirib.
Daha çox doktorant Avropadan kənardan gəlir
Avropa Universitetlər Assosiasiyasının Doktorantura Təhsili Şurasının rəhbəri Simon Marti bildirib ki, qurumun keçirdiyi sorğu doktorantura proqramlarının maliyyələşdirilməsi və ixtisaslı doktorant namizədlərinin tapılması sahəsində universitetlərin çətinlik çəkdiyini göstərib.
“Güclü doktorant namizədlərinin tapılmasına gəldikdə isə görürük ki, eyni zamanda daha çox doktorant Avropadan kənardan gəlir. Bu, yeni baxış bucaqları gətirir, lakin eyni zamanda yeni çətinliklər də yaradır. Çünki onlar təkcə yeni proqram başlamırlar, həm də yeni bir mühitə gəlirlər. Buna görə də onlara dəstək verilməli və özlərini xoş qarşılanmış hiss etmələri təmin olunmalıdır”. O həmçinin vurğulayıb ki, doktorantların böyük əksəriyyəti elmi mərkəzləri tərk edərək özəl və dövlət sektorunda, eləcə də qeyri-kommersiya təşkilatlarında işləməyə başlayırlar.
WSB-DSW Merito Universitetlərinin Tədqiqat Federasiyasının prezidenti Marçin Kalinovski də oxşar narahatlıqları dilə gətirib: “Gənclər soruşurlar: niyə biz tədqiqat yolunu seçməliyik, burada hansı imkanlar var? Biz qeyri-müəyyənliklə dolu uzun bir yol seçməkdənsə, biznesdə pul qazanmaq istəyirik”.
M.Kalinovski həmçinin doktorantlara mentorluq yanaşmasının yenidən nəzərdən keçirilməsinə çağırıb və bildirib ki, dəstək tək bir rəhbərdən deyil, bir qrup insanın yaratdığı şəbəkədən gəlməlidir. “Tədqiqatçılar çox vaxt araşdırma apararkən tək qalırlar və gənclər bundan qorxurlar”.
“Universitetlərin nüfuzu artıq yalnız tədqiqat əsasında formalaşmır”
Sammitdə bildirilib ki, rəqabətli qlobal mühitdə universitetlər onları digərlərindən fərqləndirən cəhətləri izah edən “aydın bir hekayə” formalaşdırmalıdırlar. Rektorların sözlərinə görə, Avropa universitetləri artıq öz nüfuzlarını yalnız güclü tədqiqat və akademik göstəricilər üzərində qura bilmirlər. Uğur getdikcə daha çox universitetlərin özlərini necə müəyyənləşdirməsindən və rəqabətli qlobal mühitdə hansı dəyərləri təmsil etdiklərini necə çatdırmalarından asılı olur.
Madrid Muxtar Universitetinin rektoru Amaya Mendikoetxea bildirib ki, universitetlər daha görünən hala gəlib və müxtəlif maraqlı tərəflərin təsir etdiyi parçalanmış bir mühitdə fəaliyyət göstərirlər. “Uzun müddət universitetlər nüfuz barədə çox düşünməli olmurdular. Əgər siz güclü tədqiqat aparır, ciddi tədris təklif edir və möhkəm akademik icma qururdunuzsa, nüfuz özü yaranırdı. Amma bu gün artıq belə deyil, çünki biz daha rəqabətli, daha görünən və parçalanmış bir sistemdə fəaliyyət göstəririk”,-deyə rektor bildirib.
A.Mendikoetxea vurğulayıb ki, aydın missiyanın müəyyənləşdirilməsi və bunun niyə vacib olduğunun izah edilməsi kritik əhəmiyyət daşıyır. Onun sözlərinə görə, universitetinin “güclü akademik göstəriciləri var və yerli səviyyədə bu, yüksək nüfuza çevrilir, lakin beynəlxalq səviyyədə eyni göstəricilər eyni tanınmanı təmin etmir”. “Məsələ göstəricilərdə deyil, həmin göstəricilərin aydın bir hekayə ilə necə əlaqələndirilməsində və bunun xaricdə necə başa düşülməsindədir… Hekayə universitetin özünü necə izah etməsi və bunun niyə əhəmiyyətli olmasıdır”.
Amaya Mendikoetxea bildirib ki, müasir universitetlər “yalnız tədqiqat nəticələri ilə deyil, cəmiyyətə təqdim etdikləri dəyərlə” rəqabət aparırlar.
Avstriyadakı Innsbruck Universiteti kimi kiçik və ya orta ölçülü universitetlər üçün isə böyük universitetlərin üstünlük təşkil etdiyi sıx rəqabət mühitində fərqlənmək, onları unikal edən xüsusiyyətlərə diqqət yetirmək deməkdir. Universitetin rektoru Veronika Sexl bildirib ki, 350 illik bu təhsil müəssisəsini fərqləndirən əsas cəhət onun yerləşdiyi məkandır: “Universitet Alp dağlarında yerləşir və bu, bizim əsas xüsusiyyətlərimizdən biridir. Böyük alp laboratoriyamız var və bizi fərqləndirən də budur. Biz alp tədqiqatları və kvant fizikası ilə tanınırıq”. O əlavə edib ki, tələbələri cəlb etmək üçün daha böyük və köklü universitetlərlə rəqabətdə universitetin fərqləndirici keyfiyyətlərini vurğulamaq vacibdir.
Sammitdə ali təhsildə fənlərarası əlaqə - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat (STEAM) mühüm mövzulardan biri kimi diqqətdə olub. Veronika Seksl akkreditasiya problemlərini vurğulayaraq, əlçatanlığı təmin edən çevik çərçivələrin tərəfdarı kimi çıxış edib. Gündəlikdə humanitar elmlərin STEM ilə inteqrasiyası üçün universitet modellərinin yenidən təsəvvür edilməsi, texnologiyaya həvəsli məzunların digərlərini üstələməsi ilə bağlı süni intellekt bərabərliyi paradoksunun həlli tələb olunur. Müzakirələr zamanı qeyd olunub ki, fənlərarası proqramlar məzunların işə qəbul imkanlarını 20% artıra bilər və bu da tələbələri davamlılıq və rəqəmsal etika sahəsində hibrid rollara hazırlayır.
2014-cü ildə fəaliyyətə başlayan Milandakı Humanitas Universiteti kimi yeni ali təhsil müəssisələri üçün isə nüfuzun formalaşdırılmasına kompleks yanaşma vacibdir. Universitetin rektoru Luici Terracciano bildirib ki, “biz nisbətən gənc və kiçik universitetik” və qlobal reytinqlərdə yüksək nəticələr göstərməyə diqqət yetirmək beynəlxalq tələbələrin cəlb edilməsində mühüm rol oynayır. “Mükəmməl insanlar yenilikçi nəticələr yaradır və bu da universitetin mövqeyini gücləndirir”.
Lakin o vurğulayıb ki, çoxşaxəli strategiyanın tətbiqi vacibdir. “Reytinqlər görünürlük təmin etsə də, yalnız onlara güvənmək universitetlərin öz missiyalarından çox rəqəmlərin arxasınca qaçmasına səbəb ola bilər. Universitetlər strategiyalarını özünəməxsus institusional missiyalar üzərində quraraq risklərdən qaçmalıdırlar. Məsələn, ümumi reytinqləri yüksəltmək üçün aidiyyəti olmayan sahələrdə sitat sayı toplamağa çalışmaq əvəzinə, universitet xüsusi təhsil istiqamətlərinə fokuslana bilər – Humanitasın həyat elmlərinə diqqət yetirməsi kimi”,- deyə o bildirib. Onun sözlərinə görə, “bu yanaşma universitetlərin uzunmüddətli dəyərinin yüksək qalmasına kömək edə bilər”.
Zirvə görüşündə Avropa ali təhsil məkanındakı mövcud çətinliklər qeyd olunub: bəzi ölkələrdə beynəlxalq tələbələrin sayı geosiyasət və xərclər səbəbindən 5-10% azalır. Süni intellekt tədris planının yenidən qurulmasını tələb edir, maliyyələşdirmə isə gecikir, Böyük Britaniya universitetləri kəsirlərlə üzləşir, Almaniya isə böyük sərmayə qoyur. Bolonya prosesi mikrokvalifikasiyalarla inkişaf edir, lakin tətbiq fərqlidir.
Bununla belə nikbinlik də var: birləşmiş Avropa bilik iqtisadiyyatlarında liderlik edə və bununla da ali təhsilin çiçəklənən və innovativ gələcəyini formalaşdıra bilər.



