Son illərdə təhsil sahəsində aparılan hansı islahat özünü doğrultmayıb?

8 May, 2026 - 11:46
Son illərdə təhsil sahəsində aparılan hansı islahat özünü doğrultmayıb?

Təhsildə inkişaf uğurlu islahatlardan başlayır və bu islahatlar gələcəyin möhkəm təməlini formalaşdırır. Son illərdə Azərbaycanda həyata keçirilən yeniliklər təhsil sisteminin keyfiyyətini yüksəltməklə yanaşı, onu müasir çağırışlara daha çevik və dayanıqlı hala gətirib. Müasir yanaşmaların tətbiqi, innovativ texnologiyaların inteqrasiyası və insan kapitalına yönələn diqqət təhsilin inkişafında əsas hərəkətverici qüvvəyə çevrilib. 

Bəzən bu islahatların mahiyyəti cəmiyyət tərəfindən tam şəkildə anlaşılmır, lakin məsələlərə daha dərindən yanaşıldıqda kifayət qədər ciddi problemlərin aradan qalxdığı aşkar nəzərə çarpır. 

Belə ki, son illərdə həyata keçirilən yeniliklər təhsil infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, tədris proqramlarının yenilənməsi və müəllim hazırlığının gücləndirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Bütün bu addımların əsas məqsədi isə daha keyfiyyətli, əlçatan və gələcəyin tələblərinə cavab verən təhsil sistemi formalaşdırmaqdır.

Bəs bu islahatlar hansılardır? Gəlin, təhsil pillə və səviyyələri üzrə reallaşdırılan işlərə ümumi olaraq nəzər yetirək.

Məktəbəqədər təhsildə

Erkən təhsil təhsil sisteminin ən vacib və təməl mərhələsi hesab olunur. Məhz bu dövrdə uşaqlarda ilkin bilik, bacarıq və sosial davranışlar formalaşır, gələcək təhsil uğurlarının əsası qoyulur. Keyfiyyətli erkən təhsil həm fərdin inkişafına, həm də ümumilikdə cəmiyyətin gələcəyinə mühüm təsir göstərir. 

20 dekabr 2021-ci ildə Prezident İlham Əliyev "Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında" Sərəncamından sonra yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verildi. Bundan sonra http://www.bq.edu.az platformasının yaradılması məktəbəqədər təhsilə əlçatanlıqda bərabər imkanların yaradılması üçün görülən ən vacib işlərdən biri idi. 

Məlumdur ki, bütün uşaqların erkən təhsilə cəlb olunması üçün yer imkanları və maddi resurslar məhduddur. Bu faktorlar azyaşlıların erkən təhsildən geri qalmalarına səbəb olurdu. Bu mənada iki layihə məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək üçün diqqətə dəyər.

Bunlardan biri “İcma əsaslı məktəbəqədər”, digəri isə “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”dir.

2017-ci ildə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəbinin nəzdində icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyətə başladı. Hazırda 1158 məktəbdə, 1600 qrupu əhatə etməklə 24000-dən çox erkən yaş uşağın məktəbəqədər təhsilə cəlb olunmasına nail olunub.

Müsabiqə çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində isə məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanır, qalan məbləğ isə valideyn tərəfindən ödənilir. Yeni bağça binalarının tikilməsi həm kifayət qədər böyük vəsait, həm də uzun vaxt tələb etdiyindən bu model daha az sərmayə ilə, daha qısa müddətdə erkən təhsilin əhatə dairəsini artırmağa imkan verir. Hazırda 5000-dən çox uşaq dövlət dəstəyi ilə özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunub.

Bununla yanaşı həm Elm və Təhsil Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən hər il yeni məktəbəqədər təhsil müəssisələri də tikilib, əsaslı təmir olunaraq istifadəyə verilir.

Məktəbəqədər təhsildə aparılan əsas islahatlar sırasına direktorların, tərbiyəçi-müəllimlərin işə qəbulu məsələsinin mərkəzləşdirilmiş qaydada edilməsi və tərbiyəçi-müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində nəzərədə tutulan sertifikatlaşdırma tədbirləridir. Bu, məktəbəqədər təhsil müəssisələrində daha keyfiyyətli kadrların işə cəlb olunması, qeyri-ixtisaslı, o cümlədən bu vaxta qədər diplomsuz işləmiş şəxslərin sistemdən uzaqlaşdırılması üçün mühüm addımdır.

2015-ci ildən həm məktəbəqədər, həm də ümumi təhsil müəssisələrində təşkil olunan məktəbəhazırlıq qrupları da bu təhsil pilləsinin əhatəliliyi üçün aparılan ən mühüm islahatlardandır. Bu, uşaqların erkən yaşda intellektual, fiziki və psixoloji inkişafında, şəxsiyyət kimi formalaşmasında və məktəbə hazırlanmasında xüsusi önəm daşıyır. Təsadüfi deyildir ki, UNESCO-nun 2026-cı il Qlobal Təhsil Monitorinqi Hesabatında Azərbaycanın məktəbəqədər təhsil sahəsində əldə etdiyi nailiyyətlər nümunəvi ölkə təcrübələri sırasında yer alır. Hesabatda qeyd olunur ki, Azərbaycan Respublikası cəmi 5 il ərzində məktəbəhazırlıq qrupları ilə əhatə olunan 5 yaşlı uşaqların göstəricisini 25 faizdən 92 faizə yüksəltməklə dünya miqyasında nümunəvi nəticə nümayiş etdirib.

Ümumi təhsildə

Ümumi təhsil pilləsində islahatlar isə əhatəliliyinə görə daha genişdir. Bir tərəfdən kurikulumların yenilənməsi, dərsliklərin davamlı təkmilləşdirilməsi, məktəblərin kompüter təchizatının artırılması, rəqəmsallaşmanın genişləndirilməsi, digər tərəfdən isə daha şəffaf, daha keyfiyyətli ümumi təhsil sisteminin qurulması və qısa müddətdə daha böyük nəticələrin əldə edilməsi üçün bu islahatlara daha detallı nəzər yetirək.

İstər məktəbəqədər, istərsə də ümumi təhsil pilləsində həm dünyanın bir çox ölkələrində, həm də Azərbaycanda, bəlkə də, əsas problemlərdən biri rayon və kənd yerlərindəki müəssisələrin boşalması və şəhərlərdə yaranan sıxlıqdır. Bu da bir çox hallarda şəhər məktəblərinə qəbulda, o cümlədən də şagird yerdəyişməsi zamanı müəyyən neqativ halların ortaya çıxmasına səbəb olurdu. Lakin həm məktəblərə qəbul, həm də yerdəyişmə proseslərinin elektronlaşdırılması, qəbul və yerdəyişmənin mərkəzləşdirilmiş sistem üzərindən aparılması bu kimi problemlərin qısa zamanda həll olunmasına öz müsbət töhfəsini verməkdədir. Xüsusən yuxarı siniflər üzrə müəyyən dövrlərdə şagird yerdəyişməsi sisteminin dayandırılması sayəsində ali məktəblərə qəbul ərəfəsində kütləvi surətdə formal yerdəyişmələr, transfer halları aradan qalxıb.

Müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi bu sahəyə daha hazırlıqlı, daha peşəkar kadrların gəlməsini, o cümlədən işə qəbul prosesində şəffaflığı təmin edib. Artıq pedaqoji sahədə bilik və bacarığına güvənən şəxslər müsabiqənin test və müsahibə mərhələsindən uğurla keçdikləri halda ümumtəhsil müəssisələrində işlə təmin oluna bilirlər. Həmçinin müəssisələrdə rəhbər şəxslərin də işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparılması liderlik bacarığı olan şəxslərin vəzifədə irəli çəkilməsi üçün real imkan yaradır.

Bu sahədə mühüm işlərdən biri də müəllimlərin yerdəyişməsi müsabiqəsinin keçirilməsidir. Bu da müəllimlərə bərabər şəraitdə iş yerlərini dəyişmək imkanı yaradır.

Bu il müəllimlərin sertifikatlaşdırılması prosesinin ilk dövrəsinin sonuncu ilidir. Bu ilin sonunda artıq bütün fənn müəllimləri sertifikatlaşdırmadan keçmiş olacaqlar. Sertifikatlaşdırmanın ilk mərhələsi bu sahədə bilik və bacarıqları minimal tələbləri ödəməyən şəxslərin təhsil sistemindən uzaqlaşdırılmasına və nəticəsi yüksək olan şəxslərin əməkhaqqının səriştəəsaslı artmına səbəb olub. Artıq fənnini daha yaxşı bilən müəllim daha çox dərs saatı ilə təmin edilir, məvacibi digərlərindən müqayisəli dərəcədə yüksək olur. Bu proses müəllimlərin öz işinə daha diqqətlə yanaşmasına və müəyyən mənada rəqabət mühitinin formalaşmasına da gətirib çıxarıb. Nəticə olaraq bir tərəfdən sertifikatlaşdırma nəticəsində öz işini lazımı formada yerinə yetirə bilməyənlər tədris prosesindən uzaqlaşdırılır, digər tərəfdən MİQ imtahanları ilə boş qalan yerlər daha bacarıqlı kadrlar hesabına doldurulur. Bu da birbaşa tədrisin keyfiyyətinə müsbət təsir edir.
 
Diqqətçəkən mühüm məqamlardan biri də budur ki, müəllimlərin sertifikatlaşdırma nəticələri onların gələcəkdə məktəb direktoru və müavini seçimində, həmçinin qeyri-maddi rəğbətləndirilmə prosesində istifadə olunmasına imkan verir. Həmçinin sertifikatlaşdırmada ən yüksək nəticə göstərmiş müəllimlər gələcəkdə ödənişli əsaslarla mentor müəllim kimi məktəbdaxili metodik xidmətə cəlb oluna biləcəklər. 
“Müasir metodist” layihəsi çərçivəsində məktəblərə təhkim olunan peşəkar pedaqoqların dəstəyi ilə tədrisin keyfiyyəti artırılır, müəllimlərə pedaqoji dəstək göstərilir. 

Metodik dəstək sistemi müəllimlərin peşəkar inkişafını davamlı şəkildə təmin etməyə, məktəbdaxili metodik mühiti gücləndirməyə və tədris prosesinin keyfiyyətini yüksəltməyə imkan verir. 2030-cu ilədək mərhələli plan əsasında ölkə üzrə mərhələli şəkildə metodik dəstəyin tam təmin olunması nəzərdə tutulub. Metodik dəstəyin tətbiq edildiyi məktəblərdə dərs planlaşdırılmasının keyfiyyətinin yüksəlməsi, müəllimlər arasında peşəkar əməkdaşlığın güclənməsi müşahidə olunur ki, bu da layihənin müsbət nəticələrindəndir.

2025-2026-cı tədris ili üzrə bır sıra təhsil müəssisələrində tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb. Yeni təmayül tədris modelinin məqsədi X–XI sinif şagirdlərinə istədikləri istiqamətdə dərin öyrənmə imkanı yaratmaq, müəllimlərə təmayül siniflərində uyğun tədris şəraiti təmin etməkdir. Yeni model tam orta məktəblər buraxılış imtahanı nəticələri yüksək olan şagirdlərə dövlət hesabına xüsusi proqramlar əsasında ali təhsil müəssisələrinə hazırlaşmağa imkan verir. Yeni tədris modelinin tətbiqi şagirdlərin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirməyə, eləcə də ümumi təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmağa xidmət edir. 

Ümumi təhsildə mühüm yeniliklərdən biri “Peşə təmayüllü siniflər”in yaradılmasıdır. 2025-2026-cı tədris ilində 9000-dən çox şagird peşə təmayüllü siniflərdə təhsil alır. Hazırda layihə 327 məktəbdə və pilot olaraq 1 xüsusi təhsil müəssisəsində, 536 sinif və 1 xüsusi təhsil sinfində, 1073 ixtisas qrupu və 1399 müəllim heyətini əhatə edir. Peşə təmayüllü siniflərdə 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadıçı, bərbər, “helpdesk”, qrafik dizayner, kompüter operatoru peşə ixtisasları tədris edilir.

Uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsinə imkan verən inklüziv təhsil uğurla tətbiq olunur. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”cərçivəsində 2025-ci ildə inklüziv təhsilin təşkil edildiyi ümumi təhsil müəssisələrinin şəbəkəsi genişləndirilərək sayı 67-yə çatdırılıb və infrastruktur müasirləşdirilib. Həmin müəssisələrdə 300-dən çox uşaq inklüziv təhsilə cəlb olunub.

Əlilliyi olan uşaqlarla əlilliyi olmayan uşaqların birgə inklüziv sinifdə oxuması fərqliliyə münasibəti dəyişməyə, özünə hörmətin və həmyaşıdların qəbulunun yaxşılaşdırılmasına səbəb olur ki, bu, sosial yöndən ədalətli və ayrı-seçkiliyə yol verməyən cəmiyyətin qurulmasına töhfə verir. 

Ümumi təhsil pilləsində aparılan əsas islahatlardan biri də “Rəqəmsal məktəb” platforması və “Müəllim” tətbiqinin istifadəyə verilməsidir. Bu platformalar məktəb-valideyn-şagird üçbucağının daha səmərəli qurulmasına töhfə verir, artıq məktəblərdə kağız sənədlər yavaş-yavaş tarixə qovuşur, müəllimin bu istiqamətdə iş yükü azaldılır, qiymətləndirmə daha şəffaf formada aparılır, qiymətləndirmə daha şəffaf formada aparılır. “Copilot” süni intellekt köməkçisi isə müəllimlərə dərs planlarını daha qısa müddətdə və daha keyfiyyətli formada qurmağa imkan verir.

“Rəqəmsal məktəb” platformasında yaradılan “Şagird”, “Valideyn”, “Müəllim” və “Direktor” üçün kabinetlər vasitəsilə hər istifadəçi qrupu öz funksionallığından yararlana bilir. Şagirdlər dərs cədvəli, dərsliklər, videodərslər və interaktiv testlərə çıxış əldə edir, valideynlər övladlarının nailiyyətlərini izləyə və müəllimlərlə birbaşa ünsiyyət qura bilir. Müəllimlər gündəlik işlərini planlayır, qiymətləndirmə və elektron jurnal funksiyalarından istifadə edir, direktorlar isə məktəbin fəaliyyətini təhlil edib idarə edə bilirlər. Artıq 350-dən çox təhsil müəssisəsi “Rəqəmsal məktəb” platformasına qoşulub ki, bu da layihənin getdikcə dəstək qazandığını deməyə əsas verir. 

Növbəti mərhələ artıq məktəbdənkənar müəssisələrin fəaliyyətinin yaxşılaşdırılmasına, qəbul sisteminin mərkəzləşdirilməsinə, dərnəklərin fəaliyyətinin optimallaşdırılmasına və bu müəssisələrdə keyfiyyətin artırılmasına istiqamətləndirilməlidir.

Peşə təhsilində

Peşə təhsili müasir dövrdə iqtisadi inkişafın və dayanıqlı məşğulluğun əsas dayaqlarından biri kimi çıxış edir. Bu istiqamət üzrə əldə olunan praktik bilik və bacarıqlar insanı uzunmüddətli hazırlıq mərhələlərindən keçmədən birbaşa əmək bazarına inteqrasiya etməyə imkan verir. Peşə sahibi olmaq yalnız yerli çərçivədə deyil, qlobal miqyasda da rəqabət üstünlüyü deməkdir. İxtisaslı və bacarıqlı mütəxəssislərə dünyanın hər yerində tələbatın olması bu sahənin əhəmiyyətini daha da artırır. 

Peşə təhsilində mühüm hədəflərdən biri bu sahədə əhatəliliyin və keyfiyyətin artırılmasına nail olmaqdır. Hazırda ölkədə 79 peşə təhsili müəssisəsində 160-a yaxın ixtisas üzrə 40 mindən artıq şəxs təhsil alır. Bu göstəricilər peşə təhsilinə marağın yüksəldiyini əyani olaraq göstərir. Bu istiqamətdə 2026-cı ilin sonuna qədər peşə təhsili sisteminə 28 min tələbənin cəlb olunması hədəfi qoyulub. Son 5 ildə hər il tələbə qəbulunda 10-15 faiz artım müşahidə edilib. Qadınların peşə təhsilində iştirak payı da artır. 5 il əvvəl qadınların peşə təhsilində təmsilçiliyi 30 faiz idisə, sonuncu ildə bu rəqəm 40 faizə yüksəlib. Bu da qadınların peşə təhsili üzrə məşğulluğunun təmin edilməsi baxımından yeni ixtisasların müəyyən olunması, əhatəliyinin artırılması üçün yeni stimullar yaradır. 

Mühüm yeniliklərdən biri budur ki, paytaxt Bakı və Sumqayıtla yanaşı, bir sıra bölgələrimizdə bir sıra müasir peşə təhsil mərkəzlərinin yaradılması ilə bu sahəyə gələn gənclərin sayı da artmaqdadır. 
Peşə təhsilində dual təhsil yanaşmasının əhatəliliyi də daha da genişlənir. Bu sahədə müsbət nümunələr də var. Artıq Qəbələ, Lənkəran, Cəlilabadda yerləşən peşə təhsil mərkəzlərində tələbələr birinci aydan başlayaraq 3 gün peşə təhsili müəssisəsində, 2 gün isə iş yerində olurlar. Bu proses dual təhsil bitənədək davam edir. Beləliklə, onlar həm iş mühiti ilə tanış olmaq, həm də işəgötürənlər ilə əlaqə qurmaq imkanı qazanırlar. Eyni zamanda, işəgötürənlərə də kadr potensialını daha tez formalaşdırmaq imkanı yaradır. Dual təhsil proqramlarında iştirak edən tələbələrin işə yerləşmə faizi daha yüksəkdir. Əgər ölkə üzrə peşə təhsilində işəgötürmə faizi 50 faizdirsə, dual təhsildə bu göstərici 70 faizə yaxındır.

2025–2026-cı tədris ilində dual peşə təhsili proqramına ümumilikdə 1704 nəfər qəbul olunub. Onlardan 1 019 nəfəri kişi, 658 nəfəri qadın olub. 

Peşə təhsili yalnız müəyyən bir sahədə bilik və bacarıq qazandırmaqla kifayətlənmir, həm də əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirmək və iqtisadiyyatda davamlı inkişafı təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir.  Bu baxımdan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində vətəndaşların peşə bacarıqlarının artırılması və əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq qısa müddətdə ixtisaslı kadrların hazırlanması, eləcə də  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə geri qayıdan əhalinin məşğulluğunun davamlı artırılması,  müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər  üçün  Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən qısamüddətli təlimlər həyata keçirilib. Sözügedən təlimlər 42 ixtisas üzrə 19 müəssisədə təşkil olunub.
Xüsusi olaraq azad edilmiş torpaqlarda peşə təhsilinə dövlət dəstəyinin artması   barədə danışmaq lazımdır. “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara edilən dəyişikliklər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış şəxslərin 2025-2028-ci illərdə ödənişli peşə təhsili müəssisələrində təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Bu təşəbbüs peşə təhsili sahəsində ən mütərəqqi addımlardan biridir. 

Hesab edirəm ki, ölkə olaraq bizim əsas hədəfimiz peşə təhsilində infrastruktur və tədrisdə keyfiyyət problemini paralel şəkildə həll etməklə, gələcəkdə qəbulu 90-100 faiz səviyyəsinə çatdırmaq və hər bir Azərbaycan vətəndaşına ali təhsildən öncə mütləq qaydada hansısa peşə üzrə bir bacarıq verilməsi ölkənin gələcək iqtisadi inkişafına təkan verə, keyfiyyətli mütəxəssis çatışmazlığını həll edə və gənclərin işsizlik problemini azalda bilər. Görünən odur ki, işsizlik probleminə şəxslərin hansısa bir sahə üzrə peşə bacarıqlarının az olması da təsir edir. Azərbaycan həm orta ixtisas təhsili müəssisələri, həm də peşə təhsili müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə optimallaşdırma tədbirləri aparıb, onları bir təhsil pilləsi altında birləşdirmək və uzaq gələcəkdə ümumi orta təhsil pilləsindən bu müəssisələrə icbari keçidin təmin edilməsi daha faydalı ola bilər. Bu, həm resursların daha səmərəli şəkildə xərclənməsinə, həmçinin müəssisələrin potensialından daha yaxşı formada istifadə edilməsinə gətirib çıxarar.

Ali təhsildə

Ali təhsil sahəsində yeni proqramların qəbul olunması ali təhsil müəssisələrinin əmək bazarı ilə sıx əlaqəsinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.  2025-ci ildə ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və proqramların əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə Elm və Təhsil Nazirliyində yeni təhsil proqramlarının hazırlanması üzrə Komissiya yaradılıb. Bununla da ali təhsil proqramlarının yenilənməsi istiqamətində genişmiqyaslı prosesə start verilib. Ölkəmizdə ali təhsil proqramlarının yenilənməsi ilə bağlı genişmiqyaslı islahatların başlaması Azərbaycan ali təhsil sistemində mühüm bir mərhələnin başlanğıcıdır. Bu proses təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasını hədəfləyir. Bu yenilənmənin əsas məqsədlərindən biri ali təhsil müəssisələrindən məzun olan şəxslərin yalnız diplom sahibi olmaları ilə deyil, eyni zamanda real ixtisas biliklərinə və peşə bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Komissiya tərkibində yaradılmış işçi qrupları tərəfindən magistratura səviyyəsində 10 ixtisas qrupu üzrə ümumilikdə 129 ixtisas və 925 ixtisaslaşma ilə bağlı təkliflər hazırlanıb. Bu təkliflər məzunun peşə səriştələrini və proqramların təlim nəticələrini özündə əks etdirir. 

Azərbaycan Respublikasının Prezidentinin 711 nömrəli 2018-ci il 16 noyabr tarixli  Sərəncamı təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində hazırda 6 beynəlxalq ikili diplom proqramı (2 bakalavriat, 4 magistratura təhsil səviyyəsi üzrə) həyata keçirilməkdədir:

- ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və İnsan kapitalının inkişafı" ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı; 
- ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” və "Elektrik və elektroenergetika mühəndisliyi" ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;
- Cənubi Koreya Respublikasının INHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin "İnşaat mühəndisliyi", "Elektrik mühəndisliyi", "Elektronika mühəndisliyi", "İnformasiya texnologiyaları" ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı; 
- Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqronomluq”, "Aqromühəndislik", "Bitki mühafizəsi" və "İqtisadiyyat" ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı. 
- İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) ilə Bakı Dövlət Universitetinin "Biotexnologiya" ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı; 
- İngiltərənin Vorvik Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Bərpa olunan enerji mənbələri" ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı.


Bundan əlavə, Nazirlər Kabineti tərəfindən "Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı" təsdiq olunub. Tədbirlər planına əsasən, ali təhsil müəssisələrində ölkənin inkişafı üçün prioritet olan sahələrə aid ixtisaslar üzrə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili nəzərdə tutulur.

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsil səviyyəsi üzrə 284 nəfər təhsil almaq hüququ qazanıb. 9 nəfər proqram iştirakçısı isə təhsilini uğurla başa vuraraq ölkəyə qayıdıb və Dövlət Proqramı məzunu statusu əldə edib. Proqram çərçivəsində dünyanın 14 ölkəsinə aid 69 ali təhsil müəssisəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 292 nəfər hazırda əmək fəaliyyəti ilə məşğuldur. 

2025-2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili pillələrinə yeni qəbul olunmuş tələbələrə dair təhsil tələbə krediti mexanizmi çərçivəsində iki mühüm qərar qəbul edilib. Fondun Himayəçilik Şurasının 5 avqust 2025-ci il tarixli iclasında qəbul edilmiş qərarlara əsasən təhsil kreditlərinin əhatə dairəsi genişləndirilib: 
Ali təhsil pilləsi: Bakalavriat təhsil səviyyəsi üzrə birinci tədris ilinin ilk semestri üçün Standart TTK-ya müraciət edən tələbələrə SAT imtahanı nəticələri ilə müraciət hüququ verilib və minimal bal həddi 1200 müəyyən edilib. 

Orta ixtisas təhsili pilləsi: Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul imtahanında toplanılan minimal bal həddi 40 bal olaraq müəyyən edilib.

Ölkəmizdə uğurla həyata keçirilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində artıq xaricdə təhsil almaqda çətinlik çəkən şəxslər də dövlət vəsaiti hesabına təhsillərini davam etdirə bilir, xarici təcrübənin ölkəyə gətirilməsi təmin olunur, peşəkar mütəxəssislərin sayı artır.

Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Dövlət Proqramının icrası müddətində hər il 500 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin edilməkdədir. 

“2022-2028-cı illər üçün Dövlət Proqramı” çərçivəsində ümumilikdə 1794 tələbə xaricdə təhsil almaq hüququ qazanıb. 2025/2026-cı tədris ilində Dövlət Proqramı çərçivəsində dünyanın 14 ölkəsinin 65 nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq üçün 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 tələbə təqaüdə layiq görülüb. Onlardan 21 nəfər bakalavariat, 136 nəfər magistratura, 6 nəfər doktorantura olmaqla, ümumilikdə 163 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", “QS World Unıversıty Rankings” və “Academic Ranking of World Universities (Shanghai)”) universitetlər üzrə top10-da yer alan bir neçə ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.

Artıq DP çərçivəsində 186 nəfər Dövlət Proqramı məzunu olub. Məzunların ölkə həyatında rolu çoxşaxəlidir. Məzunlar ölkəmizin elm və tədqiqat sahəsində öz töhfələrini verir, beynəlxalq jurnallarda məqalə dərc edir, yerli universitetlərdə yeni tədris proqramlarının hazırlanmasında iştirak edir, yeni ali təhsil mühiti formalaşdırır. Məzunlarımızın bir qismi idarəetmə və dövlət qulluğunda irəli çəkilir ki, bu da müvafiq sahələrə yeni yanaşmalar gətirir.  Xaricdə təhsil almış məzunların bir hissəsi nazirliklərdə, beynəlxalq təşkilatlarda və özəl sektorda uğurla fəaliyyət göstərir. Pedaqoji sahədə də onların müsbət təsiri özünü göstərməyə başlayıb. Təhsil tədqiqatları sahəsində xaricdə ixtisaslaşmış gənclər təhsil müəssisələrində tədris prosesinə innovativ metodlar, interaktiv təlim yanaşmaları gətirir, bu isə məktəb və universitetlərin tədris keyfiyyətinə müsbət təsir edir.

Müasir çağırışlar dönəmində ölkəmizdə rəqəmsal ekosistemin məhkəmləndirilməsində “2022-2028-ci illər üçün Dövlət Proqramı”nın rolunu xüsusi qeyd etməliyik.  Proqramın icrası nəticəsində hazırda 1794 nəfər gənc xaricdə təhsil almaq hüququ qazanıb, onların da 397 nəfəri kibertəhlükəsizlik, süni intellekt və İKT sahələri üzrə ixtisaslara yönəlib. Hazırda 273 proqram iştirakçısı sözügedən ixtisas istiqamətləri üzrə dünyanın aparıcı təhsil müəssisələrində bu sahədə biliklərini təkmilləşdirir, artıq məzun olmuş 87 nəfərdən 41-i isə müxtəlif yerli qurumlarda əmək fəaliyyətinə başlayaraq ölkəmizin rəqəmsal potensialının gücləndirilməsinə töhfə verir.   Dövlət Proqramı çərçivəsində 2026-2027-ci tədris ili üçün təqdim olunan prioritet ixtisaslar siyahısında kibertəhlükəsizlik, süni intellekt və İKT sahələri üzrə ümumilikdə 602 proqram yer alır. Bu geniş seçim imkanı ölkəmizin yeni rəqəmsal arxitekturasının qurulması prosesində gənclərin ali biliklərə yiyələnməsinə və ölkəmizin rəqəmsal arxitekturasının gələcək memarlarının yetişdirilməsinə xidmət edir.

Xaricdə oxuyan şəxslərin təhsil sənədlərinin tanınması istiqamətində aparılan islahatlar çərçivəsində akkreditasiyası olmayan ali məktəblərdə təhsil almış şəxslərin, tədris dövründə yetərli qədər həmin ölkədə olmayan, yaxud əldə etdiyi bilik və bacarıqlar ixtisası üzrə yetərli olmadığı hallarda həmin şəxslərin diplomlarının tanınmamasına dair qərarlar verilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən xarici diplomların tanınması ilə bağlı elektron ərizə sistemi vətəndaşların istifadə rahatlığı üçün təkmilləşdirilib. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir. Vətəndaşların tanınma üzrə daha da rahat müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib. Keçid vasitəsilə vətəndaşlar birbaşa TKTA -nın rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər. Bu sahədə mühüm qərarlardan biri də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” çərçivəsində Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyasının yaradılmasıdır. Xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə ediblər. 

Ötən il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub. Bunlardan 5167 müraciətin ekspertizası həyata keçirilib. Ekspertiza nəticəsində 4333 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 834 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Faiz göstəricisində mənfi rəyin ümumi saya olan nisbəti 16.1% təşkil edir. Qeyd edək ki, xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında iki göstərici - tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması; təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması əsas yer tutur. Bununla belə, ümumi tendensiya belədir ki, tanınma üçün müraciət etmiş ərizəçilərin 80%-dən çoxu müsbət qərar əldə edirlər.  

Qeyd edək ki, tanınma əmək bazarına səriştəli və peşəkar kadrların buraxılmasına, xaricdəki ali təhsil müəssisəsinin kvalifikasiya üzrə ixtisas verməyə səlahiyyətli olduğunun təsdiq edilməsinə, gənclərimizin nüfuzlu xarici ali təhsil müəssisələrinə yönləndirilməsinə; qanunsuz yollarla ali təhsil sənədinə sahib olmaq istəyən şəxslərin müəyyənləşdirilərək proseslərdən kənarlaşdırılmasına imkan verir.

Ali təhsil müəssisələrində aparılan institusional və proqram akkreditasiyaları bu müəssisələrdə tədrisin keyfiyyətini artırmağa, hansısa ixtisası tədris edə bilmək gücü olmayan ali məktəblərdə həmin ixtisaslara qəbulun dayandırılmasına imkan verir və əmək bazarı üçün qeyri-peşəkar, biliksiz və ya bacarıqsız şəxslərin çıxışının qarşısını alır.

2025-2026-cı tədris ilində  ölkə üzrə 11 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Qrafikə uyğun olaraq Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Odlar Yurdu Universiteti, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində institusional akkreditasiya qiymətləndirilməsi, Gəncə Dövlət Universitetində isə təkrar institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. 

17 ATM-də proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. 14 ATM-də (Azərbaycan Dövlət Pedaqoji Universiteti, eləcə də onun Ağcabədi, Quba, Cəlilabad, Şamaxı və Şəki filialları, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Odlar Yurdu Universiteti) məktəbəqədər təhsil ixtisası üzrə proqram akkreditasiyası və 3 ATM-də (Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı) ibtidai sinif müəllimliyi  ixtisası üzrə təkrar proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. 

Əlavə edək ki, akkreditasiya ali təhsil müəssisəsinə güclü və zəif tərəflərini müəyyənləşdirməyə və strateji inkişaf proqramı əsasında inkişaf etməsinə imkan verir. Bundan əlavə, akkreditasiya peşə təhsili müəssisələrini də əhatə edir. Hədəf ölkəmiz üçün yüksəkixtisaslı mütəxəssis hazırlığına nail olmaqdır. 
Elmi müəssisələrdə optimallaşdırmaların aparılması, elmmetrik bazalara çıxışın əlçatan edilməsi, nüfuzlu elmi jurnallarda məqalə dərcinin dövlət vəsaiti hesabına qarşılanması ölkənin elm sahəsində də islahatların ilk anonslarıdır. 

Bu sahədə həyata keçirilən tədbirlər rəqabətli elm mühitin formalaşması baxımından geniş imkanlar yaradır. Elm və Təhsil Nazirliyi tərəfindən alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impaktfaktorlu jurnallarda dərc edilən məqalə sayının artırılması məqsədilə mükafatlandırma həyata keçirilir. 

Mükafatlandırma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası” əsasında elmi müəssisələr tərəfindən tətbiq edilir. Metodologiya üzrə hesablama 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilər əsasında aparılıb. Bu istiqamətdə “Scopus” elmmetrik bazasında mövcud on minə yaxın azərbaycanlı tədqiqatçı arasından 2018-2023-cü illər ərzində ölkə üzrə ən çox elmi işi dərc olunan 500 müəllifin göstəriciləri təhlil edilib və təhlil nəticələrinə əsasən keyfiyyət göstəriciləri daha yüksək olan alimlərin mükafatlandırılması prosesinə başlanılıb.

Bu təşəbbüs elm və ali təhsil müəssisələrimizdə çalışan alimlərimizin elmi-tədqiqatçılıq fəaliyyətinin, beynəlxalq bazalarda nəşr aktivliyinin güclənməsinə, nəticə etibarı ilə ölkəmizin elmi potensialının, rəqabətqabiliyyətliliyinin artmasına mühüm töhfə verib.

Əslində, kifayət qədər faydalı işlər görülüb. Bəs nə üçün cəmiyyət düşünür ki, təhsil məhv olur, sahib çıxan yoxdur və müvafiq qurumlar heç bir iş aparmırlar?!