"Ali təhsilin qlobal perspektivləri" - Akademik rəy 

5 Yanvar, 2026 - 11:11
"Ali təhsilin qlobal perspektivləri" - Akademik rəy 

Amerikalı alim, Boston Kollecinin Ali Təhsilin Öyrənilməsi Mərkəzinin təsisçisi professor Filip G.Altbax müasir ali təhsil tədqiqatlarının aparıcı nəzəriyyəçilərindən biri kimi qlobal ali təhsil sistemində baş verən struktur, institusional və ideoloji dəyişiklikləri uzun illərdir sistemli şəkildə araşdırır.  

Filip Altbaxın  "Ali təhsilin qlobal perspektivləri" (“Глобальные перспективы высшего образования” M.НИУ ВШЭ, 2016) əsəri müəllifin müxtəlif illərdə yazdığı konseptual məqalələrin sintezi olmaqla yanaşı, ali təhsilin qloballaşma şəraitində transformasiyasına dair bütöv analitik çərçivə təqdim edir.

Kitabın əsas üstünlüyü ondadır ki, F.Altbax ali təhsili yalnız pedaqoji və ya institusional sahə kimi deyil, siyasi iqtisadiyyatın, qlobal bərabərsizliklərin, bilik istehsalının və elmi hegemoniyanın bir hissəsi kimi təhlil edir. Bu yanaşma əsəri həm ali təhsil siyasəti, həm də elmi fəaliyyətin idarəolunması baxımından fundamental mənbəyə çevirir.

F.Altbaxın metodologiyası əsasən müqayisəli təhsil analizi, qlobal-sistem yanaşması (world-system approach), mərkəz–periferiya modeli, eləcə də institusional və elmi kapitalın qeyri-bərabər bölgüsü prinsipləri üzərində qurulmuşdur. Müəllif ali təhsil sistemlərini ayrı-ayrı milli modellər kimi deyil, qarşılıqlı asılı və iyerarxik qlobal sistemin elementləri kimi təqdim edir. Bu, klassik “inkişaf etmiş–inkişaf etməkdə olan ölkələr” bölgüsündən fərqli olaraq, ali təhsildə bilik istehsalı və legitimliyin necə formalaşdığını göstərir.

F.Altbax qloballaşmanı ali təhsil üçün ikili xarakterli proses kimi qiymətləndirir:
•  bir tərəfdən beynəlxalq əməkdaşlıq, tələbə və akademik mobillik, bilik mübadiləsi imkanları yaradır;
•  digər tərəfdən isə akademik asılılıq, bilik kolonializmi və institusional bərabərsizlikləri dərinləşdirir.

Müəllif xüsusilə qeyd edir ki, qloballaşma ali təhsildə bərabər imkanlar yaratmır, əksinə, mövcud güc asimmetriyalarını institusional səviyyədə möhkəmləndirir.

Kitabın ən güclü analitik istiqamətlərindən biri ali təhsil sistemində mərkəz–periferiya münasibətlərinin konseptual və struktur izahıdır. F.Altbaxa görə, qlobal ali təhsil vahid və bərabərhüquqlu məkan deyil, əksinə, bilik istehsalı, elmi legitimlik və akademik nüfuz baxımından kəskin iyerarxiyalaşmış bir sistemdir. Bu sistemdə ABŞ, Böyük Britaniya və qismən Qərbi Avropa universitetləri bilik istehsalının, nəzəri diskursların formalaşdırılmasının və elmi gündəliyin müəyyən edilməsinin mərkəzi kimi çıxış edir.

Bunun əksinə olaraq, periferiya və yarımperiferiya ölkələrinin ali təhsil müəssisələri əsasən hazır elmi modellərin, metodoloji çərçivələrin və nəzəri yanaşmaların istehlakçısı, eləcə də mərkəzdə formalaşan akademik normaların tətbiqçisi rolunu oynayır. F.Altbax bu vəziyyəti təkcə resurs çatışmazlığı ilə deyil, tarixi, institusional və dil əsaslı asılılıq mexanizmləri ilə izah edir.

Müəllifə görə, qlobal elmi iyerarxiyanın davamlılığını təmin edən əsas mexanizmlər sırasında beynəlxalq universitet reytinqləri, elmi jurnalların impakt-faktoru və ingilis dilinin akademik hegemonluğu xüsusi yer tutur. Bu alətlər formal olaraq obyektiv ölçmə vasitələri kimi təqdim edilsə də, əslində, mərkəz ölkələrinin elmi standartlarını universal norma kimi təsdiqləyərək periferiya universitetlərinin elmi fəaliyyətini struktur olaraq ikinci plana keçirir. 

F.Altbax bu prosesi “akademik asılılıq” və “bilik kolonializmi” anlayışları ilə izah edərək göstərir ki, ali təhsildə bərabərsizliyin aradan qaldırılması yalnız institusional islahatlarla deyil, eyni zamanda elmi gündəliyin, dil siyasətinin və qiymətləndirmə mexanizmlərinin yenidən düşünülməsi ilə mümkündür. Bu baxımdan mərkəz–periferiya analizi müəllifin qlobal ali təhsil sisteminə verdiyi ən dərin və tənqidi elmi töhfələrdən biri kimi qiymətləndirilə bilər.

Alim tədqiqat universitetlərini ali təhsil sisteminin strateji “lokomotivi” kimi dəyərləndirsə də, onların inzibati qərar, formal status və ya sadəcə maliyyə resurslarının artırılması yolu ilə mexaniki şəkildə yaradılmasının mümkün olmadığını prinsipial şəkildə vurğulayır. Müəllifə görə, tədqiqat universiteti anlayışı yalnız yüksək büdcə, müasir infrastruktur və ya beynəlxalq reytinqlərdə mövqe iddiası ilə məhdudlaşmır; bu tip universitetlərin formalaşması dərin institusional və mədəni transformasiya prosesinin nəticəsidir.

F.Altbaxın yanaşmasında tədqiqat universitetinin əsas təməli akademik mədəniyyətin yetkinliyi ilə bağlıdır. Bu mədəniyyət elmi fəaliyyətə uzunmüddətli investisiya kimi yanaşmanı, tədqiqat etikasını, elmi mübahisə və tənqidi düşüncə ənənələrini, həmçinin elmi nəticələrin qısa müddətli inzibati gözləntilərdən asılı olmamasını ehtiva edir. Bu kontekstdə müəllif vurğulayır ki, formallaşmış hesabatlılıq mexanizmləri elmi yaradıcılığı stimullaşdırmır, əksinə, onu məhdudlaşdıra bilər.

Eyni zamanda F.Altbax institusional muxtariyyəti tədqiqat universitetinin ayrılmaz şərti kimi təqdim edir. Universitetlərin akademik, maliyyə və idarəetmə qərarlarını müstəqil şəkildə qəbul edə bilməməsi şəraitində elmi risklərin götürülməsi, innovativ tədqiqat istiqamətlərinin inkişafı və beynəlxalq elmi rəqabətə daxilolma real görünmür. Bu baxımdan tədqiqat universiteti modeli mərkəzləşdirilmiş və sərt inzibati nəzarət altında olan ali təhsil sistemləri ilə struktur ziddiyyət təşkil edir.

F.Altbax üçün akademik azadlıq tədqiqat universitetinin yalnız normativ prinsipi deyil, funksional əsas şərtidir. Müəllif göstərir ki, elmi axtarışın siyasi, ideoloji və ya inzibati çərçivələrlə məhdudlaşdırıldığı mühitdə tədqiqat universiteti yalnız nominal status daşıyır və qlobal elmi məkanın aktiv iştirakçısına çevrilə bilmir. Bu səbəbdən akademik azadlıq təkcə fərdi müəllim hüququ deyil, institusional elmi məhsuldarlığın təminat mexanizmi kimi qiymətləndirilir.

Nəhayət, F.Altbax tədqiqat universitetlərinin formalaşmasını uzunmüddətli elmi strategiya ilə birbaşa əlaqələndirir. Qısa müddətli proqramlar, tez-tez dəyişən prioritetlər və kampaniya xarakterli islahatlar bu tip universitetlərin davamlı inkişafını mümkünsüz edir. Müəllifə görə, real tədqiqat universitetləri onilliklər ərzində formalaşan elmi məktəblər, kadr nəsillərinin ardıcıllığı və stabil tədqiqat infrastrukturu üzərində qurulur.

Bu yanaşma xüsusilə postsovet və inkişaf etməkdə olan ölkələr üçün ciddi analitik və strateji xəbərdarlıq xarakteri daşıyır. F.Altbax dolayısı ilə göstərir ki, bu ölkələrdə tədqiqat universiteti ideyasının sürətlə və imitasiya yolu ilə tətbiqi, əksər hallarda, elmi fəaliyyətin keyfiyyətini artırmaq əvəzinə, formallığın, reytinq yönümlü düşüncənin və institusional disbalansın dərinləşməsinə səbəb olur. Bu səbəbdən müəllif tədqiqat universitetlərini məqsəd kimi deyil, institusional inkişafın nəticəsi kimi dəyərləndirməyi təklif edir.

Əsərdə ali təhsilin kommersiyalaşması, universitetlərin bazar məntiqi ilə idarə olunması və akademik kapitalizmin yüksəlişi F.Altbax tərəfindən ardıcıl və tənqidi analitik çərçivədə araşdırılır. Müəllif bu prosesi ali təhsilin təbii modernləşməsi kimi deyil, universitetin mahiyyətini və ictimai rolunu dəyişdirən struktur transformasiya kimi qiymətləndirir. F.Altbaxa görə, bazar mexanizmlərinin ali təhsil məkanına nəzarətsiz şəkildə transferi universitetləri bilik istehsal edən ictimai institutlardan tədricən xidmət və gəlir yönümlü təşkilatlara çevirir.

F.Altbax xüsusi vurğulayır ki, universitetlərin “xidmət müəssisəsi” kimi fəaliyyət göstərməsi onların əsas funksiyalarını – tənqidi düşüncənin inkişafı, fundamental elmin təşviqi və ictimai məsuliyyətin formalaşdırılması – arxa plana keçirir. Təhsil bu kontekstdə ictimai nemət olmaqdan çıxaraq bazar məhsulu statusu qazanır, tələbə isə akademik subyekt deyil, “müştəri” kimi qəbul edilir. Bu yanaşma universitet daxilində akademik münasibətlərin mahiyyətini dəyişdirərək pedaqoji prosesin dərinliyinə və elmi keyfiyyətə mənfi təsir göstərir.

Müəllif eyni zamanda göstərir ki, elmi fəaliyyətin yalnız kommersiya dəyəri və qısa müddətli iqtisadi effektivlik əsasında qiymətləndirilməsi fundamental tədqiqatların sistemli şəkildə zəifləməsinə səbəb olur. Bazar məntiqi ilə idarə olunan universitetlərdə prioritetlər daha çox tətbiqi, tez nəticə verən və maliyyə cəhətdən gəlirli tədqiqat sahələrinə yönəlir. Nəticədə isə uzunmüddətli perspektivdə elmi bilik istehsalının əsasını təşkil edən fundamental elmlər, humanitar və sosial elmlər institusional diqqətdən kənarda qalır.

F.Altbax akademik kapitalizmin yüksəlişini yalnız maliyyələşmə modelinin dəyişməsi kimi deyil, həm də akademik dəyərlərin transformasiyası kimi şərh edir. Elmi fəaliyyət getdikcə patentlərin sayı, qrantların həcmi, kommersiya müqavilələri və reytinq göstəriciləri ilə ölçülür. Bu isə elmi yaradıcılığın, intellektual riskin və elmi müstəqilliyin azalmasına gətirib çıxarır. Müəllifə görə, elmi nəticələrin yalnız bazar tərəfindən təsdiqlənməsi akademik azadlığın faktiki daralmasına səbəb olur.

Xüsusilə diqqətçəkən məqamlardan biri F.Altbaxın bu prosesin qlobal bərabərsizliyə təsirinə dair mövqeyidir. Akademik kapitalizm şəraitində güclü maliyyə və texnoloji resurslara malik mərkəz universitetləri mövqelərini daha da möhkəmləndirir, periferiya ölkələrinin universitetləri isə bazar tələblərinə uyğunlaşmaq naminə öz elmi gündəmlərini itirir. Bu isə ali təhsildə artıq mövcud olan mərkəz–periferiya fərqlərini dərinləşdirir.

Nəticə etibarilə,  F.Altbaxın analizi ali təhsilin kommersiyalaşmasının qaçılmaz və neytral proses olmadığı fikrini əsaslandırır. Müəllif universitetin yalnız iqtisadi səmərəlilik prizmasından qiymətləndirilməsinin onun klassik ictimai missiyasını – bilik istehsalı, tənqidi düşüncə və cəmiyyətin intellektual inkişafına xidmət funksiyasını – sistemli şəkildə zəiflətdiyini göstərir. Bu baxımdan müəllif  ali təhsil siyasətində bazar mexanizmləri ilə akademik dəyərlər arasında balansın qorunmasını müasir universitetlərin əsas strateji çağırışı kimi təqdim edir.

F.Altbaxın  "Ali təhsilin qlobal perspektivləri" əsəri həm nəzəri, həm də tətbiqi baxımdan müasir ali təhsil sistemlərinin dərin problemlərini anlamaq üçün strateji analitik mənbə kimi çıxış edir. Kitab ali təhsili yalnız pedaqoji proseslər toplusu kimi deyil, siyasi, institusional və qlobal güc münasibətləri ilə sıx bağlı olan mürəkkəb sosial sistem kimi təhlil etdiyindən, müxtəlif qərarverici və tədqiqatçı qrupları üçün fərqli səviyyələrdə faydalıdır.

Əsər, ilk növbədə, ali təhsil siyasəti formalaşdıran qurumlar üçün mühüm elmi-metodoloji baza yaradır. Müəllif ali təhsil islahatlarının qısa müddətli və imitasiya xarakterli tədbirlərlə deyil, uzunmüddətli strateji baxış, institusional muxtariyyət və akademik azadlıq prinsipləri əsasında aparılmasının zəruriliyini əsaslandırır. Bu baxımdan kitab normativ sənədlərin hazırlanması, milli ali təhsil strategiyalarının formalaşdırılması və prioritetlərin müəyyən edilməsi üçün konseptual istiqamətverici rol oynayır.

Universitet rəhbərləri üçün əsər xüsusilə dəyərlidir, çünki müəllif ali təhsilin idarə olunmasına texnokrat və reytinqyönümlü yanaşmaların məhdudluğunu göstərir. F.Altbax universitetlərin inkişafını yalnız maliyyə və struktur dəyişiklikləri ilə deyil, akademik mədəniyyətin, elmi mühitin və institusional dəyərlərin gücləndirilməsi ilə əlaqələndirir. Bu yanaşma rəhbərlik səviyyəsində strateji planlaşdırmanın mahiyyətini yenidən düşünməyi tələb edir.

Kitab eyni zamanda elmi fəaliyyətin idarə olunması ilə məşğul olan mütəxəssislər üçün analitik çərçivə təqdim edir. Elmi nəticələrin yalnız kəmiyyət göstəriciləri – impakt-faktorları, reytinqlər, formal hesabatlar – əsasında qiymətləndirilməsinin yaratdığı risklər F.Altbax tərəfindən əsaslandırılmış şəkildə ortaya qoyulur. Bu isə elmi fəaliyyətin qiymətləndirilməsində daha balanslı, keyfiyyət yönümlü və kontekstual mexanizmlərin zəruriliyini gündəmə gətirir.

Doktorantlar və təhsil tədqiqatçıları üçün əsər qlobal ali təhsil üzrə fundamental nəzəri mənbə olmaqla yanaşı, metodoloji baxımdan da əhəmiyyətlidir. Müqayisəli təhlil, mərkəz–periferiya yanaşması və qlobal elmi iyerarxiya anlayışları gənc tədqiqatçılara ali təhsil problemlərini lokal çərçivədən kənara çıxaraq sistemli şəkildə araşdırmaq imkanı verir.

Xüsusilə postsovet ölkələri kontekstində kitabın aktuallığı daha da artır. Bu ölkələrdə ali təhsilin inkişafı çox vaxt:
•  beynəlxalq reytinqlərə həddindən artıq fokuslanma,
•  elmi fəaliyyətin formal və kəmiyyət göstəricilərinə bağlanması,
•  akademik muxtariyyətin institusional zəifliyi ilə müşayiət olunur. F.Altbaxın təhlili göstərir ki, bu cür yanaşmalar qısa müddətdə statistik göstəricilərin yaxşılaşmasına səbəb ola bilsə də, uzunmüddətli perspektivdə elmi keyfiyyətin, akademik yaradıcılığın və universitetlərin ictimai legitimliyinin zəifləməsinə gətirib çıxarır.

Nəticə etibarilə, F.Altbaxın əsəri postsovet məkanında aparılan ali təhsil islahatlarına tənqidi güzgü rolunu oynayır və göstərir ki, davamlı və məzmunlu inkişaf yalnız formaya deyil, institusional dəyərlərə, akademik azadlığa və elmi mədəniyyətin yetkinliyinə əsaslanan yanaşma ilə mümkündür. Bu baxımdan kitab həm elmi müzakirələr, həm də praktiki qərarvermə prosesləri üçün yüksək analitik dəyərə malikdir.

Akademik baxımdan yanaşdıqda, F.Altbaxın  "Ali təhsilin qlobal perspektivləri" əsərinin müəyyən metodoloji və empirik məhdudiyyətləri olduğunu qeyd etmək mümkündür. İlk növbədə, kitab əsasən makro-səviyyəli struktur və sistem analizinə üstünlük verir və qlobal ali təhsilin institusional arxitekturasını, güc münasibətlərini və iyerarxik mexanizmlərini nəzəri müstəvidə izah edir. Bu səbəbdən ayrı-ayrı universitetlər, fakültələr və ya akademik icmalar səviyyəsində aparılmış mikroempirik tədqiqat nümunələri məhdud təqdim olunur. Bu isə bəzi oxucular üçün yerli kontekstlərin və praktiki mexanizmlərin daha detallı təsvirinə olan ehtiyacı açıq qoya bilər.

Eyni zamanda qeyd etmək olar ki, əsərdə qeyri-Qərb ölkələrinin daxilində formalaşmış və nisbətən uğurlu alternativ ali təhsil modellərinə daha geniş analitik yer ayrılması kitabın tətbiqi potensialını artırardı. Xüsusilə Asiya, Latın Amerikası və bəzi regional mərkəzlərdə inkişaf edən institusional yanaşmaların daha sistemli şəkildə təhlili mərkəz–periferiya münasibətlərinə qarşı mümkün institusional cavab mexanizmlərini daha aydın göstərərdi. Bu baxımdan. F.Altbaxın analizi əsasən Qərb mərkəzli akademik strukturların dominantlığını izah etməyə fokuslanır, alternativ modellərin transformativ potensialı isə ikinci planda qalır.

Lakin bu məqamları əsərin zəif tərəfi kimi deyil, daha çox onun konseptual məqsədi və analitik seçimi kimi qiymətləndirmək daha əsaslıdır. F.Altbaxın əsas niyyəti ayrı-ayrı uğur hekayələrini təqdim etmək deyil, qlobal ali təhsilin dərin struktur problemlərini və sistemli bərabərsizliklərini üzə çıxarmaqdır. Bu baxımdan mikro-səviyyəli empirik detalların məhdudluğu müəllifin təqdim etdiyi nəzəri çərçivənin bütövlüyünü və izahlı gücünü zəiflətmir.

Əksinə, kitabın empirik detallardan çox konseptual ümumiləşdirmələrə əsaslanması onun elmi dəyərini artırır və əsəri konkret dövr və ya lokal kontekstdən asılı olmayan, strateji düşüncə mətninə çevirir. Müəllif ali təhsilin gələcəyini anlamaq üçün oxucunu statistik faktlardan çox, institusional məntiqi, güc mexanizmlərini və struktur asılılıqları dərk etməyə yönəldir. Bu isə əsərin uzunmüddətli akademik aktuallığını təmin edən əsas amillərdən biridir.

Nəticə etibarilə, qeyd olunan tənqidi məqamlar kitabın ümumi elmi çəkisini azaltmır, əksinə, onun analitik dərinliyini və nəzəri tutumunu ön plana çıxarır. F.Altbax əsəri empirik məlumat toplusundan daha çox, ali təhsil sahəsində aparılan tədqiqatlar və siyasət müzakirələri üçün metodoloji və konseptual istinad nöqtəsi kimi dəyərləndirilməlidir. Bu xüsusiyyətlər kitabı müasir ali təhsil tədqiqatları içərisində fərqləndirən və davamlı istinad olunan fundamental əsərlərdən birinə çevirir.

F.Altbaxın  "Ali təhsilin qlobal perspektivləri" əsəri müasir ali təhsilin problemlərini nə idealizə edən romantik optimizm, nə də sadələşdirilmiş texnokrat yanaşma prizmasından izah edir. Əksinə, müəllif ali təhsili qlobal siyasi-iqtisadi proseslərin, institusional güc münasibətlərinin və elmi istehsal mexanizmlərinin ayrılmaz hissəsi kimi təqdim edərək onu realist və tənqidi elmi baxış bucağından təhlil edir. Bu xüsusiyyət əsəri ali təhsil haqqında təsviri məlumat toplusundan çıxarıb, dərin analitik və strateji düşünmə mətninə çevirir.

O, göstərir ki, ali təhsilin qarşılaşdığı problemlər – kommersiyalaşma, reytinq mərkəzli idarəetmə, akademik asılılıq, muxtariyyətin zəifləməsi və elmi fəaliyyətin formallaşması – təsadüfi və lokal xarakter daşımır. Bunlar qlobal miqyasda fəaliyyət göstərən struktur mexanizmlərin nəticəsidir. Bu baxımdan kitab oxucunu hazır reseptlərə yönəltmir, əksinə, institusional qərarların arxasında duran məntiqi və uzunmüddətli nəticələri anlamağa sövq edir.

Əsərin əsas elmi üstünlüklərindən biri ondan ibarətdir ki, F.Altbax ali təhsilin gələcəyini yalnız texnoloji yeniliklər və idarəetmə alətləri kontekstində deyil, akademik dəyərlərin, elmi mədəniyyətin və universitetin ictimai missiyasının taleyi ilə əlaqələndirir. Müəllif üçün ali təhsil islahatı sadəcə struktur dəyişiklikləri deyil, eyni zamanda akademik azadlığın, institusional muxtariyyətin və elmi etik prinsiplərin qorunması məsələsidir.

Bu baxımdan əsər, ilk növbədə, ali təhsil islahatları üzərində çalışan tədqiqatçılar üçün fundamental istinad mənbəyidir. Kitab göstərir ki, sürətli və formal islahatlar uzunmüddətli inkişaf yaratmır və əksinə, ali təhsildə institusional disbalansları dərinləşdirə bilər.  F.Altbaxın təhlili islahatların kontekstual, mərhələli və dəyər əsaslı aparılmasının vacibliyini elmi şəkildə əsaslandırır.

Eyni zamanda əsər universitet strategiyalarının hazırlanması ilə məşğul olan mütəxəssislər üçün də mühüm analitik çərçivə təqdim edir. Müəllif universitetlərin gələcəyini yalnız reytinqlərdə mövqe tutmaqla deyil, elmi məktəblərin formalaşması, kadrların davamlı inkişafı və akademik mədəniyyətin möhkəmləndirilməsi ilə əlaqələndirir. Bu yanaşma strateji planlaşdırmanı qısa müddətli göstəricilərdən çıxarıb uzunmüddətli institusional baxışa yönəldir.

Nəhayət, kitab elmi fəaliyyətin idarə olunması sahəsində çalışan tədqiqatçılar və praktiklər üçün xüsusi əhəmiyyət kəsb edir. F.Altbax elmi fəaliyyətin yalnız ölçülə bilən indikatorlar – impakt-faktorları, qrant həcmləri, reytinq göstəriciləri – əsasında qiymətləndirilməsinin risklərini açıq şəkildə göstərir və elmi yaradıcılığın keyfiyyət, müstəqillik və etik ölçülərlə yanaşı dəyərləndirilməsinin zəruriliyini ön plana çıxarır.

Nəticə etibarilə,  "Ali təhsilin qlobal perspektivləri" əsəri ali təhsilin gələcəyi barədə düşünən oxucu üçün sadəcə məlumatlandırıcı deyil, intellektual mövqeni formalaşdıran və strateji baxışı dərinləşdirən fundamental elmi mətn kimi dəyərləndirilməlidir. Bu xüsusiyyətləri ilə kitab ali təhsil siyasəti, universitet idarəçiliyi və elmi fəaliyyət sahəsində çalışan hər bir tədqiqatçı üçün uzunmüddətli istinad mənbəyi statusuna layiqdir.

F.Altbaxın  "Ali təhsilin qlobal perspektivləri" əsəri Azərbaycan üçün həm elmi-nəzəri, həm də praktik–strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Kitab Azərbaycanda ali təhsilin inkişafı, elmi fəaliyyətin təşkili və universitetlərin idarə olunması ilə bağlı mövcud yanaşmaları daha geniş qlobal kontekstdə dəyərləndirməyə imkan yaradır.

Müəllfin bu əsəri göstərir ki, davamlı inkişaf yalnız institusional mədəniyyətin, akademik azadlığın və muxtariyyətin gücləndirilməsi ilə mümkündür. Bu yanaşma islahatların yalnız “forma” deyil, “məzmuna əsaslanan” şəkildə aparılmasının vacibliyini elmi əsaslarla izah edir.

Son illər Azərbaycan universitetlərində beynəlxalq reytinqlərə daxilolma əsas strateji məqsədlərdən biri kimi təqdim olunur. Altbachın təhlili isə göstərir ki, reytinqlər inkişafın göstəricisi deyil, nəticəsidir. Bu fikir Azərbaycan ali təhsil siyasəti üçün xüsusilə əhəmiyyətlidir, çünki o, reytinq yönümlü yanaşmanın yaratdığı riskləri aydın şəkildə ortaya qoyur.

Azərbaycanda elmi fəaliyyətin qiymətləndirilməsi əsasən kəmiyyət göstəricilərinə – məqalə sayı, impakt-faktoru, indekslər – əsaslanır. . F.Altbaxın kitabı bu yanaşmanın məhdudluğunu göstərərək keyfiyyət, elmi müstəqillik və uzunmüddətli tədqiqat dəyəri kimi meyarların əhəmiyyətini ön plana çıxarır. Bu yanaşma Azərbaycan elmi mühitində qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi üçün ciddi metodoloji baza yarada bilər.

F.Altbaxın institusional muxtariyyətə verdiyi önəm Azərbaycan universitetləri üçün xüsusi aktuallıq daşıyır. Kitab göstərir ki, mərkəzləşdirilmiş və inzibati nəzarətə əsaslanan idarəetmə modeli tədqiqat universitetlərinin formalaşmasını məhdudlaşdırır. Bu fikir Azərbaycan ali təhsil sistemində universitetlərin real qərarvermə imkanlarının genişləndirilməsi məsələsini yenidən gündəmə gətirir.

Azərbaycanda “tədqiqat universiteti” anlayışı tez-tez normativ status və ya formal ad kimi qəbul olunur. F.Altbaxın yanaşması isə bu anlayışın yalnız uzunmüddətli elmi strategiya, akademik mədəniyyət və azadlıq şəraitində mümkün olduğunu göstərir. Bu, ölkədə tədqiqat universiteti modelinin imitasiya deyil, mərhələli inkişaf əsasında qurulmasının vacibliyini vurğulayır.

F.Altbaxın mərkəz–periferiya yanaşması Azərbaycan ali təhsilinin qlobal elmi sistemdəki mövqeyini daha realist qiymətləndirməyə imkan verir. Bu yanaşma göstərir ki, məqsəd yalnız mərkəz ölkələrin modellərini kopyalamaq deyil, yerli prioritetlərə əsaslanan, milli elmi maraqlara xidmət edən ali təhsil strategiyası formalaşdırmaqdır.

Nəticə etibarilə, "Ali təhsilin qlobal perspektivləri" Azərbaycan üçün sadəcə xarici təcrübənin təsviri deyil, ali təhsil və elmi fəaliyyət sahəsində aparılan islahatlara tənqidi baxış və strateji düşünmə imkanı verən konseptual yol xəritəsidir. Kitab Azərbaycan ali təhsil sisteminin qlobal trendlərə kor-koranə uyğunlaşmaq əvəzinə, məzmunlu, dəyər əsaslı və uzunmüddətli inkişaf modelini formalaşdırması üçün mühüm elmi istinad mənbəyi kimi dəyərləndirilə bilər.

Zahid Fərrux Məmmədov,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim