Süni intellektin “ikiüzlü qılınc” təsiri: Tələbələr arasında narahatlıq artır
Universitetlərdə süni intellektin (Sİ) demək olar ki, hər yerdə istifadə olunması yeni stres mənbələri yaradır. Tələbələr həm bu texnologiyadan istifadə etməyin, həm də etməməyin mümkün nəticələrindən narahatdırlar.
“Azərbaycan müəllimi” Böyük Britaniyanın “Times Higher Education” (THE) nəşrinə istinadən bildirir ki, 1200-dən çox avstraliyalı tələbə arasında aparılan sorğu Sİ ilə bağlı narahatlıqların müxtəlif səviyyələrini üzə çıxarıb. Bunlara mənfi idrak təsirləri, məxfiliyin pozulması, qiymətlər uğrunda ədalətsiz rəqabət və əsassız şəkildə köçürmədə ittiham olunmaq daxildir.
“YouGov” məlumat analitikası şirkəti tərəfindən keçirilən sorğu həmçinin tələbələrin Sİ-nin karyeralarına təsiri barədə ziddiyyətli fikirlərə malik olduqlarını göstərib. Bir çox respondent Sİ-ni həm iş təhlükəsizliyi üçün təhdid, həm də işə qəbul üçün zəruri şərt kimi qiymətləndirib.
Bu narahatlıqlar texnologiyanın yayılmasına mane olmayıb. Hazırda avstraliyalı tələbələrin 84 faizi ən azı bəzən Sİ alətlərindən istifadə edir. Bu göstərici bir il əvvəl aparılmış oxşar araşdırmada 74 faiz idi.
Nəticələr tələbələrə dəstək göstərən Studiosity şirkətinin sifarişi ilə aparılan qlobal araşdırmanın Avstraliya hissəsindən əldə olunub. Böyük Britaniyadakı həmkarları kimi, avstraliyalı respondentlər də xüsusilə əsassız şəkildə akademik qayda pozuntusunda ittiham olunmaqdan narahat olduqlarını bildiriblər. Respondentlərin 52 faizi “heç bir səhv etmədiyim halda köçürmədə ittiham olunmaq” fikrini texnologiya ilə bağlı ilk üç qorxusundan biri kimi göstərib.
Hesabatda deyilir: “Tələbələrdə Sİ ilə bağlı stresin əsas səbəbi mütləq texnologiyanın özü deyil, qurumların ona verdiyi reaksiyadır”.
Bu narahatlıqlar əsassız olmaya bilər. Sosial media platformalarında tələbələrin özlərinə məxsus işlərin “ehtimal ki, süni intellekt tərəfindən yaradılıb” kimi işarələnməsi barədə çoxlu paylaşımlar mövcuddur. Avstraliyanın ABC xəbər xidməti ötən il bildirib ki, heç bir qayda pozuntusu etməmiş minlərlə tələbə Sİ ilə əlaqəli akademik pozuntulara görə cəzalandırılıb. Sonrakı hesabat isə bunun “bütün sektor üzrə problem” olduğunu ortaya qoyub.
Universitet nümayəndəsi bildirib ki, generativ süni intellektin meydana çıxmasından sonra akademik pozuntu ilə bağlı müraciətlərin sayı artıb.
“Bilirk ki, bir çox tələbə qiymətləndirmələrdə Sİ istifadəsinin necə müəyyənləşdirilməsi və araşdırılması ilə bağlı narahatdır. İşarələnmiş bir tapşırıq avtomatik olaraq pozuntu qərarı demək deyil, sadəcə əlavə araşdırma başlanır. Lakin tələbənin işinin orijinallığı ilə bağlı şübhələr yaranarsa, universitetlərin bunu araşdırmaq öhdəliyi var”.
Bu problem yalnız akademik mühitlə məhdudlaşmır. Məlumatlara görə, Sİ tərəfindən yaradılmış kimi işarələnən əsərlər arasında Harry Potter romanları, Bohemian Rhapsody, Çarlz Dikkensin “A Christmas Carol” əsəri, “United States Constitution” və “Bibliya” da yer alıb.
Sorğu göstərib ki, qadın beynəlxalq tələbələr xüsusilə yanlış şəkildə Sİ-dən istifadə edən fırıldaqçı kimi damğalanmaqdan narahatdırlar. Əlilliyi və ya xüsusi təhsil ehtiyacları olan tələbələr isə Sİ alətlərindən istifadə zamanı “çox yüksək stres” yaşama ehtimalına görə digər tələbələrdən təxminən dörd dəfə öndə olublar.
Respondentlərin əksəriyyəti Sİ-dən əsasən öyrənməyə yardımçı vasitə kimi istifadə etdiyini bildirib. Bununla belə, hər üç nəfərdən birindən çoxu deyib ki, əgər bunu qadağan edən qaydalar olmasaydı, tapşırıqlarını yazmaq üçün Sİ-dən istifadə edərdi. Magistratura səviyyəsində təhsil alan oğlanlar işlərini botlara həvalə etməyə daha meyilli olublar.
Araşdırma həmçinin göstərib ki, Sİ-yə “asılı olmaq” və onun həddindən artıq istifadəsi səbəbindən “heç nə öyrənməmək” tələbələrin əsas narahatlıqları sırasındadır. Respondentlərin təxminən yarısı yazılı tapşırıqlarda Sİ-dən istifadənin onların tənqidi düşünmə və ünsiyyət bacarıqlarını zəiflətməsindən qorxduğunu bildirib. Tələbələrin yarısından az hissəsi Sİ-dən təhsil məqsədilə istifadə etdikdə həqiqətən nəsə öyrəndiyinə əmin olduğunu deyib. Xüsusilə aşağı nəticə göstərən tələbələr bunun faydalarına şübhə ilə yanaşıblar.
Bununla yanaşı, tələbələr universitetlərin Sİ-ni tətbiq etməsinə nisbətən müsbət baxırlar. Respondentlərin 60 faizi öz təhsil müəssisələrinin Sİ əsaslı təhsil dəstəyi alətlərini tətbiq etməkdə “kifayət qədər sürətli” olduğunu bildirib. Bu göstərici iki il əvvəl 45 faiz idi.
Sorğu nəticələrinə görə, tələbələr getdikcə Sİ-ni “ikiüzlü qılınc” kimi qiymətləndirirlər. Respondentlərin 42 faizi onun öz sahələrində iş imkanlarını azaldacağından narahatdır, 48 faizi isə Sİ bacarıqlarını gələcək karyeraları üçün vacib keyfiyyət hesab edir.
Araşdırma göstərib ki, kişi tələbələr Sİ-ni həm vacib bilik, həm də məşğulluq üçün təhlükə kimi qiymətləndirməyə daha çox meyillidirlər.




