
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) “Gələcəyinin memarı ol” devizi altında təbliğat-təşviqat kampaniyasına start verib. Bu kampaniya çərçivəsində universitet nümayəndələri Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin buraxılış sinif şagirdləri ilə görüş keçiriblər.
AzMİU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitet nümayəndələri AzMİU-da tədris mühiti, onun üstünlükləri və perspektivləri, burada tələbələrə yaradılan şərait, təcrübə və karyera imkanları, beynəlxalq əlaqələr, ikili diplom layihələri ətrafında dolğun və əhatəli informasiyalar verib, şagirdlərin suallarını cavablandırıblar.
Görüş zamanı prorektor Orxan Naqdiyev AzMİU-nun tarixi, fakültələr, ixtisaslar və tələbələrə təqdim olunan imkanlar haqqında danışıb. Universitetin təhsil sahəsindəki nailiyyətləri, beynəlxalq əlaqələri, dünyanın nüfuzlu universitetləri ilə həyata keçirdiyi ikili diplom layihələrini nəzərə çatdırıb.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili isə tələbə həyatı, universitetdə keçirilən tədbirlər və tələbələrin sosial fəaliyyətləri istiqamətində söhbət aparıb.
Yekunda Abituriyent Məsləhət Mərkəzinin rəhbəri Aynurə Bayramova və mərkəzin əməkdaşı Səidə Mürsəli universitetin qəbul qaydaları, ixtisas seçimi, təhsil müddəti, təqaüdlər və digər mövzularda ətraflı məlumat verərək, abituriyentlərin maraqlandığı suallara aydınlıq gətiriblər.
Qeyd edək ki, AzMİU-nun təbliğat-təşviqat kampaniyası çərçivəsində universitet nümayəndələri Bakı və bölgə məktəblərində olacaq, yuxarı sinif şagirdləri ilə görüşlər keçirəcəklər. İxtisas seçimində çətinlik çəkən şagirdlərə dəstək məqsədi daşıyan görüşlər paytaxt və bölgələrdə yaşayan məktəbliləri AzMİU barədə məlumatlandırmaq, universitetin ixtisaslarına marağı artırmaq, öz gələcək tələbələrini onlar arasından seçməyi hədəfləyir.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər