Bütün xəbərlər
24 iyun, 16:09

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunan “İnşaatın müasir problemləri” (MCEP 2025) mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, konfrans AzMİU, Türkiyənin İstanbul Texniki Universiteti, Xorvatiyanın North Universiteti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb. Elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan tədbir inşaat və memarlıq sahəsində aktual problemlərin elmi əsaslarla müzakirəsinə, yeni yanaşmaların təqdimatına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edib.

Açılış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlu, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, North Universitetinin professoru Jelko Kos salamlama nitqləri ilə çıxış ediblər. 

Rektor professor Gülçöhrə Məmmədova AzMİU-nun 50 illik fəaliyyətinin qısa tarixinə nəzər salıb. Bildirib ki, AzMİU ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdə, məhz onun təşəbbüsü ilə yaradılıb. O dövrdə universitet Qafqazda memarlıq və inşaat mühəndisləri üzrə ixtisaslaşan ilk və yeganə ali təhsil müəssisəsi olub.

Rektor 50 il ərzində əldə olunan nailiyyətlərdən söz açaraq bildirib ki, universitetin məzunları bu gün Azərbaycanın memarlıq, inşaat, hidrotexniki tikinti, nəqliyyat, informasiya texnologiyaları və iqtisadiyyat sahələrində uğurla fəaliyyət göstərir və bu sahələrdə aparıcı mövqelərə sahibdirlər. Onlar, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə də fəal şəkildə cəlb olunublar və dağıdılmış kənd və şəhərlərin bərpasında böyük həvəslə çalışıllar.

Gülçöhrə Məmmədova elmi-tədqiqat sahəsində görülən işlərə toxunaraq vurğulayıb ki, bu gün elmə verilən əsas tələblərdən biri beynəlmiləlləşmədir. Elmin ən qabaqcıl istiqamətlərinə inteqrasiya olunmaqla həm milli elmin inkişafına nail olmaq, həm də ölkəmizi beynəlxalq miqyasda tanıtmaq mümkündür. Onun fikrincə, bu sahədə AzMİU-da son illər ərzində ciddi irəliləyişlər əldə olunub. 

Rektorun sözlərinə görə beynəlxalq elmi əlaqələrin qurulması və möhkəmləndirilməsi hazırda xarici tərəfdaş universitetlərlə əməkdaşlığın əsas istiqamətini təşkil edir. Bu gün universitetdə keçirilən konfrans həmin əlaqələrin inkişafına mühüm töhfə verəcək, AzMİU alimlərinin apardığı tədqiqatların tərəfdaş universitetlərin nümayəndələri ilə bölüşülməsi, onların araşdırmalarının qarşılıqlı müzakirəsi elmi əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.

Konfransda çıxış edən İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlu təmsil etdiyi universitetlə AzMİU arasında qurulan sağlam əməkdaşlığa diqqət çəkib. Professor konfransın bu əməkdaşlığın nəticəsi olaraq təşkil olunduğunu və elm aləmi üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib. 

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov çıxışında bu cür tədbirlərin inşaat sahəsində çalışan mütəxəssislər üçün effektiv təcrübə və məlumat mübadiləsi platforması olduğunu deyib. O, bu formatda keçirilən görüşlərin tikinti sahəsinin aktual problemlərinin araşdırılması və həll yollarının tapılması baxımından xüsusi önəm kəsb etdiyini söyləyib. 

North Universitetinin professoru Jelko Kos da çıxış edərək konfransın əhəmiyyətindən söhbət açıb.  Onun sözlərinə görə, bu cür görüşlər qlobal səviyyədə elmi tərəfdaşlığın inkişafına, eləcə də bilik və təcrübə mübadiləsinin təşviqinə xüsusi fayda verir.

Sonra konfransın plenar sessiyasında rektor professor Gülçöhrə Məmmədova “Keçmiş və müasirlik: Qərbi Azərbaycanın tarixi memarlıq irsi haqqında” adlı təqdimatla çıxış edib. Rektor Qərbi Azərbaycan ərazisində – xüsusilə İrəvan şəhərində baş vermiş mədəni və memarlıq irsinin dağıdılması prosesindən danışıb.

Professorun sözlərinə görə, 1924-cü ildə təqdim olunan baş planda İrəvan xanlığı dövründə formalaşmış və daha qədim dövrlərə aid tarixi abidələrin tamamilə məhv edilməsi və onların yerində yeni şəhərsalma konsepsiyasına uyğun tamamilə fərqli bir şəhərin inşası nəzərdə tutulmuşdu.

“Bu plan təkcə memarlıq baxımından deyil, həm də etnik və ideoloji yönümlü bir layihə idi. Azərbaycanlılara məxsus tarixi mərkəz, memarlıq irsi və məhəllələr ardıcıl şəkildə sökülərək silindi. Tarixi simanın planlı şəkildə dəyişdirilməsi nəticəsində azərbaycanlıların şəhərdəki izi aradan qaldırıldı”, – deyə Gülçöhrə Məmmədova vurğulayıb.

Sonra dünya şöhrətli alim Münhen Helmholtz Mərkəzi İnstitutunun professoru, AzMİU rektorunun müşaviri  Məsud Əfəndiyevin “Sənayedən kimyəvi reaktorların dizaynı”, İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlunun “Stress analizi üçün güclü üsul: Fotoelastiklik metodu – İstanbul Texniki Universitetinin Eksperimental Mexanika Laboratoriyasından bəzi nümunələr” mövzusunda təqdimatlarına keçilib. 

Konfrans çərçivəsində universitetin müxtəlif auditoriyalarında paralel bölmə iclasları keçirilib. Müzakirələr memarlıq və şəhərsalmadan tutmuş inşaat konstruksiyaları və texnologiyalarına, tətbiqi riyaziyyat və mexanikadan geotexnika, nəqliyyat və hidrotexniki qurğuların tikintisinə, eləcə də materialşünaslıq, infrastruktur sistemləri, iqtisadiyyat və idarəetmə sahələrinə qədər geniş spektri əhatə edib.

İki gün ərzində keçirilən iclaslarda ümumilikdə 13 ölkədən 194 elmi məruzə dinləniləcək. Bunların 159-u Azərbaycan alimlərinə, 35-i isə xarici tədqiqatçılara məxsus olacaq. Konfransda Türkiyə, Almaniya, Çin, Xorvatiya, Slovakiya, İran, Cənubi Koreya, İtaliya, Portuqaliya, Ukrayna, Qazaxıstan, Özbəkistan və Yunanıstan kimi ölkələr təmsil olunub.

Təqdim olunan məqalələrdə müasir mühəndislik çağırışları, dayanıqlı tikinti texnologiyaları, ağıllı şəhərsalma həlləri, enerji səmərəliliyi və yeni infrastruktur modelləri kimi aktual mövzulara elmi yanaşmalar irəli sürülüb.

MCEP 2025 konfransı mühəndislik və memarlıq sahəsində biliklərin inteqrasiyası, elmi ideyaların real layihələrə çevrilməsi və beynəlxalq elmi əlaqələrin daha da genişləndirilməsi baxımından yüksək dəyərləndirilib.

1 /10

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.