
“Rəqəmsal məktəb” platforması cari ilin fevral–mart aylarından etibarən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində pilot layihə kimi tətbiq olunmağa başlanılıb.
Bəs platformanın istifadəsində ortaya çıxan çətinliklər nələr olub? Layihənin əhatə dairəsi genişləndiriləcəkmi?
“Azərbaycan müəllimi”nin bu kimi suallarını Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova cavablandırıb.
O bildirib ki, layihənin pilot tətbiqi dövründə təhsil müəssisələri ilə sıx əməkdaşlıq qurulub, platformanın istifadəsində ortaya çıxan texniki və metodiki çətinliklərin aradan qaldırılması, eləcə də müəllimlərin platformadan istifadəyə hazırlığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib:
“Artıq yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən 353 ümumi təhsil müəssisəsində “Rəqəmsal məktəb” platforması tam istifadəyə verilib. Həmin məktəblərdə cari tədris ilindən etibarən kağız jurnallar istifadə olunmayacaq”.
Fidan Nəcəfova əlavə edib ki, hazırda platformada qeydiyyat prosesi uğurla başa çatıb: “Bütün məktəb rəhbərləri, direktorlar və pedaqoji heyət sistemdə qeydiyyatdan keçib. Şagirdlərin qeydiyyatı isə artıq 63 faiz təşkil edir. Bu gün təhsil müəssisələrində, fənn müəllimləri və sinif rəhbərləri platforma üzərindən dərs cədvəllərinin və şagird siyahılarının aktivləşdirilməsi istiqamətində işləri həyata keçirib, bu prosesdə Elm və Təhsil Nazirliyi tərəfindən xüsusi dəstək komandası formalaşdırılıb”.
Sektor müdiri onu da qeyd edib ki, məktəblərdə dərs cədvəllərinin təsdiqlənməsi, şagird siyahılarının dəqiqləşdirilməsi, fənn müəllimlərinin siniflərə təyin edilməsi zamanı yarana biləcək texniki və ya pedaqoji çətinliklərin aradan qaldırılması üçün dəstək qrupu təhsil müəssisələri ilə sıx ünsiyyətdədir:
“Bu istiqamətdə +994 51 206 78 48 whatsapp nömrəsi və 146-4 qaynar xətti istifadəyə verilib. Cari ayın sonuna qədər bu istiqamətdə bütün çətinliklərin aradan qaldırılması üçün işlər davam etdiriləcək. Tədris ilinin başlanmasına qədərki son iki həftə ərzində adıçəkilən 353 məktəbin direktorları, direktor müavinləri və hər məktəbdən seçilmiş müəllimlər üçün platformadan istifadəyə dair təlimlər təşkil olunub. Cari həftədən etibarən isə həmin müəllimlərin öz məktəblərində digər müəllimləri təlimləndirməsi, eləcə də valideynlərin platformada aktiv iştirakının artırılması istiqamətində tədbirlərin intensivləşdirilməsi planlaşdırılır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər