
“Müəllimim bunker, müəllimim markerdir…”. Bu cür təqdimat son illər valideynlərin və şagirdlərin dilində sanki bir “keyfiyyət möhürü”nə çevrilib. Həmin sözlər valideynlər arasında sehrli bir kod kimi dolaşır. Elə bil bu ifadəni dedikdə müəllim daha savadlı, dərs daha təsirli, nəticə isə daha zəmanətli olur. Valideynlər övladları üçün ən yaxşısını istədiklərindən, “bunker” və “marker” kimi titulların cazibəsinə tez düşürlər. Amma bu cazibənin altında reallıqla uyğun gəlməyən bir mif gizlənir. Çünki illərdir ki, bu adların ətrafında formalaşan “super müəllim” obrazı, təəssüf ki, bəzi şəxslərin qiymət qaldırması üçün bir vasitəyə çevrilib. Elə bil ki, “bunker”, “marker” deyildimi, o müəllimin otağında sualların cavabları gizlənib, imtahanın taleyi oradaca həll olunur.
Amma bir sual da var ki, illərdir, cavabsız qalır: “Bunker” və “marker” müəllimlər doğrudanmı digərlərindən bu qədər fərqlidir? Yoxsa bu sadəcə ad altında qabardılmış, real dəyəri olmayan bir mifdir?
Nə bunkerə dəvət edilən, nə də ki marker kimi əməyindən istifadə olunan müəllimlər…
Təhsil məsələləri üzrə mütəxəssis Elvin Bəkirov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların vacibliyi təhsil ictimaiyyətinin diqqətini hər zaman adıçəkilən quruma yönəlməsini təmin edir. Bu səbəbdən də müxtəlif müəllimlər gördüyü işlərin vacibliyindən asılı olmayaraq bu adlardan geniş formada istifadə edirlər, bəzi hallarda bu amil reallıqdan çox uzaq olan müəyyən fikirlərin yaranmasında da alət kimi istifadə ounur. Nə bunkerə dəvət edilən, nə də marker kimi əməyindən istifadə olunan müəllimlər imtahan prosesində aktiv fazada iştirak etmir və abituriyentlərin nəticələrinə təsir göstərə biləcək gücə və imkana sahib deyillər. Dövlət İmtahan Mərkəzi imtahan prosesini şəffaf və məxfi formada keçirən bir qurumdur.
İl ərzində Dövlət İmtahan Mərkəzinin sual bazasına daxil edilən minlərlə sual arasından seçilənlər bunkerə salınan müəllimlərin korrektəsinə verilir və həmin müəllimlərin öncədən həmin suallarla heç bir tanışlığı olmur. Marker müəllimlər isə imtahanlar bitdikdən sonra sadəcə şagirdlərin əlyazısı ilə yazdığı cavabların verilən meyarlara görə yoxlanılmasını həyata keçirir və bunun qarşılığında da hər yoxladığı sualın sayına görə əməkhaqqı alırlar:
“Təəsüfləndirici məqam odur ki, valideynlər və şagirdlər bu iki qrup müəllim barədə süni formada yaradılan mifə inanır və onların başqalarından daha savadlı və hətta sualları bilən və yazan müəllimlər olduğunu düşünürlər. Bu isə cəmiyyətdə yanlış müqayisələndirmələrə yol açır.
Əlbəttə ki, bütün bu miflərin yaranması iki əsas amilə xidmət edir. Birincisi, həmin müəllimlər öz reputasiyalarını möhkəmləndirir, ikincisi isə, birinci amildən istifadə edərək xidmətlərini daha yüksək qiymətə satmağa çalışırlar. Nəticə etibarilə də əlavə hazırlıqların qiyməti əhəmiyyətli dərəcədə artır”.
"Bunker və ya marker müəllim adı ilə bağlı xüsusi bir status yoxdur"
Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə məsələ ilə bağlı deyir ki, "bunker müəllim" ifadəsi sadəcə bir mifdir. Ümumiyyətlə, qapalı rejimdə həyata keçirilən işlərə cəlb olunan şəxslər orada hər hansı tapşırıq yazmır və tərtib etmirlər: “Təəssüf ki, bəzi insanlar vətəndaşların etibarından sui-istifadə edərək qazanc əldə etmək məqsədilə özlərinə müxtəlif adlar, titullar verirlər. Belə insanlarla əməkdaşlıq etmirik. İnsanlar diqqətli olmalı və hər hansı vədə, təklifə aldanmamalıdırlar. Biz bacarıqlı və öz sahəsini bilən şəxslərlə əməkdaşlığa hazırıq. DİM-in saytında bununla bağlı daimi elan da yerləşdirilib. Ona görə də DİM-in mütəxəssis bazası kifayət qədər genişdir. Hər bir mütəxəssislə fəaliyyət istiqamətinə uyğun müqavilə bağlanılır. Marker imtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılmasını həyata keçirən müəllimdir. Bir tapşırığı iki marker yoxlayır. Markerlər DİM-in xüsusi hazırlıq kurslarını bitirən müəllimlərdir. Vəzifələri də imtahandan sonra sadəcə yazılı cavabları yoxlamaqdır. Bunker və ya marker müəllim adı ilə bağlı xüsusi bir status yoxdur”.
Həmin müəllimlərin digər təhsilverənlərdən fərqli edən hansısa özəllikləri varmı sualımıza DİM rəsmisi bildirir ki, heç bir üstünlüyü yoxdur: “Dövlət İmtahan Mərkəzi tədris ilinin əvvəlində qəbul proqramını ictimaiyyətə təqdim edir. Mövzular orada yer alır. "Abituryent" jurnalında isə test tapşırıqlarının modellərini dərc edir. İmtahanda yalnız proqrama və modelə uyğun testlərdən istifadə olunur. Şəffaflıq üçün tapşırıqları da imtahandan sonra iştirakçıların özləri ilə aparmasına icazə verilir. DİM bununla bağlı daim maarifləndirmə işi aparır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər