Bütün xəbərlər
30 iyun, 12:45

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və bacarıqlar üzrə direktoru, PISA-nın təsisçisi Andreas Şleyxer Ukrayna mətbuatına verdiyi müsahibədə ölkənin təhsil sistemində yaxın illərdə nəzərdə tutulmuş islahatlar, məktəb sisteminin zəif və güclü tərəfləri, həmçinin ukraynalı şagirdlərin və müəllimlərin növbəti illərdə inkişaf etdirməli olduqları bacarıqlar barədə danışıb. 

“Azərbaycan müəllimi” müsahibənin təhsil ictimaiyyətimiz üçün maraqlı olacağını nəzərə alaraq oxucularla bölüşür.

– PISA-nın son nəticələrinə görə, 2022-ci ildə ukraynalı məktəblilərin riyaziyyat və oxu savadlılığı 2018-ci illə müqayisədə pisləşib. Bu müddət ərzində Ukrayna yeni məktəb islahatını həyata keçirməyə başlayıb. Sizcə, islahatlar PISA tədqiqatına ölkənin daha yaxşı nəticələr əldə etməsinə kömək etməyib?

– Nəticələrin pisləşməsi qlobal tendensiyadır. Fransa və Almaniya kimi bir çox böyük Avropa ölkələrində PISA göstəriciləri Ukraynadakından daha da aşağı düşdü. Pandemiya dövründə Avropada məktəblər bağlandı və Ukraynada isə müharibə səbəbindən təhsildə fasilələr yarandı. 

Məktəbdə aparılan islahatların riyaziyyat və ya təbiət elmləri kimi fənlərlə məhdudlaşmaması vacibdir. O, həmçinin maraq, təşəbbüskarlıq, təlimdə iştirakın inkişafına diqqət yetirir və məhz bu aspektlərdə ukraynalı məktəblilər çox yaxşı nəticələr göstərdilər. Emosional sabitlik baxımından ukraynalı şagirdlər hətta digər ölkələrdən olan bir çox yaşıdlarını qabaqlayırlar. Onların komanda halında qarşılıqlı əlaqə qurma qabiliyyəti başqa bir güclü məqamdır.

Yeni Ukrayna məktəbi şagirdləri təkcə dinləyici deyil, tədris prosesinin fəal iştirakçılarına çevirməyi hədəfləyir. Biz artıq bu istiqamətdə, o cümlədən PISA nəticələrində müsbət dəyişikliklərin şahidi oluruq. Bəli, islahatın təkmilləşdirilməsinə ehtiyac var, lakin biz artıq köhnə təhsil modelindən nəzərəçarpacaq bir dəyişiklik olduğunu göstərən ilk siqnalları görə bilərsiniz.

Biz növbəti, PISA–2025 tədqiqatında şagirdlərimizin bilik səviyyəsinin yaxşılaşdığını görə biləcəyikmi?

– Hələ 2025-ci il üçün nəticələrimiz yoxdur, lakin müharibə ilə əlaqədar məktəblərdə dərslərin dayandırılmasının təhsilin keyfiyyətinə ciddi təsir göstərdiyi aydındır. Bundan əlavə, daimi qeyri-müəyyənlik şagirdlər, müəllimlər və valideynlər üçün böyük bir psixoloji yükdür.
Buna baxmayaraq, bu gün əldə etdiyimiz nəticələr göstərir ki, bir çox ukraynalı şagirdlər çətinliklərin öhdəsindən layiqincə gəliblər. Bu, xüsusilə əvvəllər yalnız müəllim rolunu oynayan və indi mentor, vasitəçi və hətta sosial işçi olan təhsilverənlər sayəsində mümkün olmuşdur. 

Məncə, belə bir şəraitə uyğunlaşma qabiliyyəti XXI əsr üçün çox dəyərli bir bacarıqdır. Ümid edirik ki, bir daha müharibələrdən keçməli olmayacağıq, amma texnologiya, iqlim böhranları və digər sarsıntılar səbəbindən dünyanın necə dəyişəcəyi ilə mütləq üzləşməli olacağıq. Ən çətin şəraitdə belə öyrənmək bacarığı Ukrayna məktəbinin bütün dünya üçün nümunə ola biləcəyi bir şeydir.

– 2027-ci ildən Ukraynada milli məktəb islahatının yeni mərhələsi başlayacaq. Bununla bağlı Təhsil və Elm Nazirliyinə məsləhətlər verirsiniz. Təhsil və Elm Nazirliyinə konkret olaraq hansı işlərdə köməklik edirsiniz?

-Bəli, bizim nazirliklə bir neçə sahədə əməkdaşlığımız var. Biz, ilk növbədə, bu cür islahatların həyata keçirilməsində beynəlxalq təcrübəni bölüşürük. Biz artıq bu mövzuda çoxlu analitik materiallar hazırlamışıq və eyni zamanda pilot layihəsində iştirak edən Ukrayna orta məktəbləri ilə oxşar təcrübəyə malik digər ölkələrin təhsil müəssisələri arasında əlaqələrin qurulmasına kömək edirik. Bu yolla onlar bir-birindən öyrənə bilərlər. 

Bundan əlavə, biz dəyişiklikləri izləyirik. Bu, həm PISA, həm də şagirdlərin sosial və emosional bacarıqlarını araşdırmağımız, bu səylərin nə qədər təsirli olduğunu anlamaq üçün çox vacibdir. 

Bu islahat nəticəsində hansı məqsədlərə nail olmalıyıq və məktəblilər hansı yeni bacarıqları inkişaf etdirməlidir?

– Əvvəllər şagirdlər məktəbdə sadəcə bilik əldə edirdilər, amma indi hər şey dəyişib. Müasir dünyada sadəcə bilmək kifayət deyil – GPT hamıdan çox bilə bilər. İndi əsas məsələ bu biliklərlə nə edə biləcəyimizdir. Və məhz bu istiqamətdə islahat aparılmalıdır.
Bu islahat yeni nəsil şagirdləri – sadəcə proqramdakı materialı öyrənənləri deyil, aktiv, təşəbbüskar, öz ideya və layihələrini həyata keçirməyə qadir olan insanları formalaşdırmalıdır. Onlar öz qarşılarına məqsədlər qoya və öyrənmələrinə özləri rəhbərlik edə biləcəklər.
İslahat şagirdlərə daha çox seçim imkanı verəcək: onlar maraqlarına uyğun profil seçə biləcəklər. Məsələn, əgər hansısa elmi daha dərindən öyrənmək və bu sahədə karyera qurmaq istəyirlərsə, bunu edə biləcəklər.

Ukrayna iqtisadiyyatı məhz belə insanlara – təşəbbüs göstərməyi bacaran, sadəcə iş axtaran deyil, iş qura bilən insanlara ehtiyac duyacaq.

Bu, müəllimlər üçün də daha maraqlı karyera inkişaf imkanları yaradacaq. Əgər əvvəllər müəllim ömürboyu eyni rolda qalırdısa, indi o, öz ixtisası üzrə yeni biliklər öyrənə və  üzərinə daha çox məsuliyyət götürə biləcək. Artıq bütün tədris materialları “rəfdən götürülən” şəklində olmayacaq – müəllimlər özləri onların yaradılmasında bilavasitə iştirak edəcəklər. Onlar sadəcə müəllim deyil, həm də məşqçi və mentor olmalıdırlar.

– Amma bunun baş verməsi üçün dövlət müəllimləri maarifləndirməli, yetişdirməlidir. Bunu tam olaraq necə etməlidirlər?

– Dövlət şərait yaratmalıdır ki, müəllimlər hər gün bir-birindən öyrənsinlər. Əvvəllər hesab olunurdu ki, onlar üçün birdəfəlik təlim keçirmək kifayətdir - lakin bu artıq kifayət deyil. Dünya çox tez dəyişir.

Bundan əlavə, müəllimlər öz öyrənmələri üçün məsuliyyət daşımalıdırlar. Söhbət təkcə kurs keçmək deyil, həm də hər gün özünüzə sual verməkdir: “Şagirdlərimin daha yaxşı olmasına kömək etmək üçün bu gün nə öyrənməliyəm?”.

– Şagirdlər eyni zamanda məktəbdə yaxşı qiymətlər almağı və real həyatda lazım olacaq bacarıqları necə qazana bilərlər?

– Bu məsuliyyətin əhəmiyyətli bir hissəsi də müəllimlərin üzərinə düşür. Məhz onlar şagirdlərə başa salmalıdırlar ki, qiymətlər vacibdir, amma həyatda uğur qazanmaq başqa şeylərdən asılıdır: ömürboyu öyrənmək bacarığınızdan, qərar vermək qabiliyyətinizdən və məsuliyyət götürə bilməyinizdən. Müəllimin əsas vəzifəsi hər bir şagirdə öz güclü tərəflərini anlamaqda kömək etməkdir.

Məktəblərdə qiymətləndirmə təkcə şagirdləri universitetə qəbul üçün hazırlıq məqsədi daşımamalıdır. Qiymətləndirmə sistemi təkcə məktəb materialını yadda saxlamaq bacarığını deyil, insanın həyatda uğur qazanmasına kömək edəcək keyfiyyətləri də nəzərə almalıdır. Buna görə də imtahan sistemi dəyişməlidir və bir çox ölkələrdə bu dəyişikliklər artıq baş verir.

– Qiymətləndirmə sistemini necə dəyişə bilərik ki, o, şagirdlərə zərər vermək əvəzinə onları motivasiya etsin?

– Əgər biz şagirdləri keçmişin prinsiplərinə əsasən qiymətləndiririksə, deməli, onları gələcəyə hazırlamırıq. Məsələn, əgər uşaq məktəb layihəsi hazırlayırsa, yalnız yekun nəticəni deyil, həm də ideyanın nə dərəcədə innovativ olduğunu, onun keyfiyyətli şəkildə həyata keçirildiyini və aktual materiallardan istifadə olunduğunu da qiymətləndirmək vacibdir.

Biz qiymətləndirməni yalnız testlərlə məhdudlaşdırmamalıyıq. Biz təkcə biliyi yox, həm də bu şagirdin kim olduğunu, təcrübəsini, ətraf mühitə verdiyi töhfəni nəzərə almalıyıq. Əgər şagird liderlik nümayiş etdiribsə, başqalarına kömək edibsə, məktəb həyatının yaxşılaşdırılmasında iştirak edibsə - bunlar onun qiymətləndirməsində görünməlidir.

Məsələn, Almaniyada əvvəllər tibb fakültəsinə qəbul üçün biologiya, riyaziyyat və digər fənlərdən yüksək qiymətlər almaq kifayət edirdi. Bu gün isə bunlar kifayət deyil, siz həm də insanlarla işləmək və xəstələrlə empatiya qurmaq bacarığınızı da sübut etməlisiniz. 

Lakin bunun üçün düşüncə tərzi dəyişməlidir. Xüsusən də biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik.  Məktəblər sadəcə bilik verən yer olmamalı, dünyanın necə dəyişdiyini görən və gənclərin bu gün hansı bacarıqlara ehtiyacı olduğunu anlayan qurumlar olmalıdır. Çox vaxt bu bacarıqları ən yaxşı bilənlər işəgötürənlərdir, ona görə də bəzən onlardan da fikir soruşmaq lazımdır.

Şagirdlərin təhsil aldıqları mühit onların bilik səviyyəsinə nə dərəcədə təsir edir? Və ənənəvi məktəblərin akademik liseylərlə əvəzlənməsi vəziyyəti yaxşılaşdıra bilərmi?

– Düşünürəm ki, burada əsas məsələ təhsil mühitinin autentik olmasıdır. Bəzən daha az, amma daha dərindən öyrənmək daha faydalı olur. Hazırda məktəblər çox sayda fənni əhatə etməyə çalışır, lakin bu, çox vaxt səthi şəkildə baş verir.

Əgər şagird müəyyən profil üzrə tədris olunan akademik liseydə oxuyursa və bu profil onun maraq və bacarıqlarına uyğundursa, onda təhsilalan onu dəstəkləyən və motivasiya edən bir mühitdə olur. Bu isə ona həyatdakı istəklərini daha yaxşı anlamağa və bu arzuların cəmiyyətin ehtiyacları ilə necə üst-üstə düşdüyünü dərk etməyə kömək edir.

Əgər biz hamıya eyni şeyi öyrətsək, nəticələr də orta səviyyədə olacaq. Gənclərin həqiqi peşəkarlar kimi yetişməsi üçün onlara uyğun mühit yaradılmalıdır, burada onlar həm maraqları oxşar olanlarla birlikdə inkişaf edirlər, həm də öz sahələrində peşəkar olan müəllimlərlə qarşılaşırlar. 

Gənclər müəllimin fənnə olan həvəsini və onu necə tədris etdiyini çox yaxşı hiss edirlər. Məhz bu, onları inkişaf etməyə həvəsləndirən əsas amillərdən biridir.

Liseydə islahatların aparılmasında Ukrayna hansı ölkələri nümunə götürməlidir? Onların təcrübəsindən istifadə etməyimizə nə mane ola bilər?

– Məncə, başqa ölkənin təcrübəsini kopyalayıb özünüzə köçürə bilməzsiniz. Hər dövlətin öz şərtləri və konteksti var. Amma biz baxa bilərik ki, bu ölkələrdə nələrin sayəsində uğur əldə olunub və bu yanaşmaları biz necə tətbiq edə bilərik.

Məsələn, İngiltərədə şagirdlərə təhsil istiqamətlərini seçməkdə çoxlu azadlıqlar verilir. Fransada sistem daha strukturlaşdırılmışdır. Polşa isə bu iki modelin ortasında bir mövqe tutur. Asiya ölkələri çox yüksək akademik nəticələr göstərir, Danimarka, İsveç və Norveç isə şagirdlərə daha çox məsuliyyət verən təhsil modelləri ilə tanınır. Beləliklə, dünya ideyalar üçün böyük bir laboratoriyadır.

Ukrayna orta məktəbdə islahatlar aparan ilk ölkə deyil. Bir çox ölkələr bu yolu 20-30 il əvvəl keçib. Biz onların nədə uğur qazandığına, nədə uğursuzluğa düçar olduqlarına baxaraq nəticə çıxara bilərik.

– İslahatın nəticələrini hansı meyarlarla qiymətləndirmək olar?

– Fikrimcə, təkcə məktəbdə baş verənləri deyil, həm də gənclərin məzun olduqdan sonra özlərini necə reallaşdırdıqlarına baxmaq vacibdir. Onlar əmək bazarında nə dərəcədə uğurludurlar, yeni şeylər yaratmaq və cəmiyyətin inkişafına təsir etmək qabiliyyətinə malikdirlərmi? Əlbəttə, bu cür şeyləri ölçmək çətindir, çünki nəticələr dərhal görünmür.

Amma məktəb təhsili kontekstində yaxşı nümunələrdən biri PISA-dır. O, doqquz istiqamət üzrə qiymətləndirmə aparır ki, bunlara daxildir:

akademik nəticələr, psixoloji rifah, emosional dayanıqlılıq, fəallıq səviyyəsi, sosial əlaqələrin keyfiyyəti, mənsubiyyət hissi, yeniliklərə açıq olmaq və s. Mən düşünürəm ki, bu yanaşma təhsilin insanı real həyata hazırlayıb-hazırlamadığını həqiqətən qiymətləndirməyə imkan verir.

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.