.jpg)
Milli-mənəvi sərvətlərimizin qorunub saxlanması və dünya mədəniyyət inciləri sırasında öz layiqli yerini tutması sahəsində həyata keçirilən məqsədyönlü işlər öz bəhrəsini verməkdədir. Xüsusilə də 2009-cu ilin oktyabrında aşıq sənətinin xalqımızın milli mədəni sərvəti kimi UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi beynəlxalq aləmdə də bu sənətin təbliğinə geniş imkanlar açıb.
“Azərbaycan müəllimi” bu irsi qoruyub saxlamaqda olan yeniyetmə məktəblilərimizlə tanış olub, onları aşıq sənətinə bağlayan səbəbləri araşdırıb.
“Uğur qazanmağın sirri böyük ustadlara qulaq asmaq və klassik aşıq havaları ilə maraqlanmaqdır”
Sahil Nağıyev 2009-cu ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olub. 2015-ci ildə Dəyirmandağ kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2016-cı ildə isə Gədəbəy Aşıq Məktəbinin 1-ci sinfinə daxil olub və aşıq sənəti üzrə həmin məktəbdə 5 il təhsil alıb. Sahil bildirir ki, Aşıq Məktəbində bu sənətin sirlərini ona öyrədən ustadı aşıq Mübariz Cəfərov olub: “Bu sənətə olan marağım mənə ailəmdən, yəni böyüklərimdən gəlib. Gözümü açandan evimizdə saz görmüşəm. Babam Cavanşir Nağıyev həmişə mənə dastanlar, şeirlər söyləyib, sazda ifa edib. Eyni zamanda evimizdə həmişə çalıb-oxumaq, atamın-anamın musiqiyə, şeiriyyata marağı olduğunu görmüşəm. Bu da mənim üçün stimul olub”.

Uğurları haqqında bəhs edən gənc söyləyir ki, Gədəbəy Aşıq Məktəbində oxuduğu müddətdə aşıq sənəti üzrə keçirilən bütün tədbirlərdə iştirak edib və yüksək nəticə göstərib: “Bütün tədbirlərdə diplom, fəxri fərman, təşəkkürnamə və sertifikatlara layiq görülmüşəm. Özümə və səsimə güvənərək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Uşaq İncəsənət Festivalına “Aşıq sənəti” üzrə qatılmışam və 14-17 yaşlı iştirakçılar arasında “peşəkar” kateqoriyasında 1-ci yerə layiq görülmüşəm. Festivalın döş nişanını və diplomunu qazanmışam, pul mükafatına layiq görülmüşəm. Yarışda keçirdiyim hisslərə gəlincə, əlbəttə, yüksək nəticə göstərməyin sevinci bir başqadır. Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalındakı çıxışıma görə Mədəniyyət Nazirliyi tərəfindən sertifikatla təltif edilmişəm və bunun kimi neçə-neçə tədbirlərdə iştirak eləmişəm”.
.jpeg)
Sahil Nağıyev haqqında bir maraqlı faktı da oxucularımızla bölüşmək istərdik. 2018-ci ildə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bölgələrdən bölgələrə” festivalı zamanı gənc fotoqraf Xaliq Vəlizadə Sahil Nağıyevin şəklini çəkib və 1 aydan sonra həmin şəkil dünyaca məhşur “National Geographic” jurnalının 130 milyondan çox izləyicisi olan səhifəsində dərc edilib.

Gənc ifaçı 2024-cü ildə Dəyirmandağ kənd tam orta məktəbinin 9-cu sinfini bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecə qəbul olub. Bu il 2-ci kursa keçən tələbə kollecdə müəllimi Xavər Hüseynovadan aşıq sənəti üzrə dərs aldığını qeyd edir: “Gələcək planım kolleci bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaqdır. Qalib olaraq müsabiqələrdə iştirak edəcək şagirdlərə tövsiyəm odur ki, özünəgüvənli olsunlar və çox çalışsınlar. Mənə görə, uğur qazanmağın sirri böyük ustadların çalıb-oxumağına qulaq asmaq və klassik aşıq havaları ilə maraqlanmaqdır”.
“Arzum saz müəllimi kimi öz şagirdlərimi yetişdirmək, onları dünya birincisi etməkdir”
Vüqar Sadıqov 2012-ci ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində doğulub və həmin rayonun Xanlar Cəfərov adına Qaziqulu kənd ümumi orta məktəbində oxuyur. Musiqi üzrə təhsilini isə Aşıq Əsəd Rzayev adına Tovuz rayon Uşaq Musiqi Məktəbində alır. Aşıq sənətinin sirlərini ona müəllimi Kamandar Tağıyev öyrədir.
Vüqar Sadıqovun sözlərinə görə, aşıq sənətinə marağı kiçik yaşlardan dinlədiyi aşıq musiqilərindən başlayıb: “Aşıq musiqiləri mənə çox ilham verirdi, buna görə də elə uşaq ikən aşıq sənətini çox sevdim. Bu sənəti 8 yaşdan öyrənməyə başladım. Əvvəlcə bir il özüm sərbəst şəkildə öyrəndim, 9 yaşdan sonra isə məktəbə gedib təhsil almağa başladım”.

Bir çox tədbir və müsabiqələrdə iştirak etdiyini qeyd edən məktəbli uğurlarının çox olduğunu deyir: “İki dəfə ölkə üzrə, dəfələrlə bölgə üzrə birinci yerə layiq görülmüşəm. Müxtəlif rayonlarda keçirilən konsert və yarışlarda qalib olmuşam. 2024-cü ildə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Uşaq İncəsənət Festivalında iştirak edərək “Aşıq sənəti” nominasiyası üzrə “peşəkar” kateqoriyasında 10-13 yaş qrupunda 1-ci yerə layiq görülmüşəm”.

Festival haqqında təəssüratlarını bölüşən qalib qeyd edir ki, çox möhtəşəm və ədalətli təşkil olunan müsabiqədə, demək olar ki, bütün sənət növləri üzrə iştirakçılar olub, qiymətləndirmə geyim, oxumaq tərzi s. keyfiyyətlər üzrə aparılıb: “Qalib olarkən çox sevindim, çünki bu, çox böyük məsuliyyət tələb edir və onu mən qazanmışdım. Qalib olmaq çox gözəl hissdir. Gələcək arzum saz müəllimi olub öz şagirdlərimi yetişdirmək, onları nəinki Azərbaycan, dünya birincisi etməkdir”.
.jpeg)
Müsabiqə iştirakçılarına isə Vüqarın bir qalib kimi demək istədikləri bunlardır: “Həyəcan olmamalıdır. Həyəcan çox insanda olur, amma bu, çox pis cəhətdir, çünki sözlər yadından çıxa bilər, ifanı unudarsan. Uğuru qazanmaq üçün çox çalışmalısan, əziyyət çəkməlisən və öz əziyyətin ilə qalib olmalısan”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər