
Birləşmiş Dünya Məktəbləri (UWC - United World Colleges) 62 il əvvəl bir alman müəllimin əsasını qoyduğu və bu gün dünyanın 18 ölkəsində fəaliyyət göstərən məktəblər şəbəkəsidir. Bu məktəblərə hər il dünyanın 160-a yaxın ölkəsindən istedadlı gənclər orta məktəbin son iki ilini beynəlxalq bakalavriat proqramı üzrə oxumaq üçün seçilirlər. Qəzetimizin bugünkü qonağı UWC-nin Amerika Birləşmiş Ştatlarındakı məktəbində təhsil alan ilk azərbaycanlı şagird Yüksəl Bədəlovdur. 2008-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Britaniya Kollecində (ABC) təhsil alıb. 2018-ci ildə 5-ci sinifdə oxuyarkən Bakı Məktəblərarası Təbiət Elmləri Olimpiadasında qızıl medal qazanıb. 6-cı və 9-cu siniflərdə verilən Beynəlxalq Kembric imtahanlarında bütün fənlərdən maksimum bal toplayıb. 2022-ci ildə Barselonada Təbiət Elmləri Festivalında, 2023-cü ildə İsveçrədə CERN Nüvə Tədqiqatları Mərkəzində təhsil aldığı məktəbi təmsil edib. O, məktəbdənkənar fəaliyyətlərdə də aktiv iştirak edib. Xüsusilə məktəblərarası BMT Modeli yarışlarında fəallıq göstərərək, ADA, ABC, Landau, Bakı Oksford, SabisSUN və s. məktəblərdə keçirilən yarışlarda müxtəlif nominasiyalar üzrə yüksək nəticələr, o cümlədən 3 dəfə ardıcıl “ən yaxşı nümayəndə” kimi ən titullu mükafatı əldə edib. Yüksəl bu sahədəki uğurunu Amerikada da davam etdirərək, Kolorado ştatında keçirilən ştatlararası BMT Modeli yarışmasında Yapon-Çin münaqişəsi kontekstində Türkiyə dövlətinin səfiri qismində çıxış edərək, bir daha yarışın ən yaxşı nümayəndəsi seçilib. Bundan əlavə, 2025-ci ildə Con Hopkins Universitetinin neyrobiologiya üzrə yay kursunu maksimum nəticə ilə bitirib. Könüllülük fəaliyyəti çərçivəsində TƏBİB-in bir qrup inzibati heyətinə 3 ay ərzində ingilis dili kursu keçib. İki dəfə TEDx platformasında natiq kimi çıxış edib: 2021-ci ildə “Gözlərimiz bizi yanıldır” və 2023-cü ildə “Ümidsiz ata paradoksu” mövzularında.
– Yüksəl, necə oldu ki, belə erkən yaşdan yolun Amerikaya düşdü?
– Bakıda Britaniya kurikulumlu məktəbdə oxuduğumdan, ali təhsilimi xaricdə almağı düşünürdüm. Buna görə də məktəbin son illəri yaxınlaşdıqca, xarici proqramlarla maraqlanırdım. Bir gün anam internetdə bir elan gördü, Azərbaycan Milli Komitəsi UWC məktəblərinə müsabiqə elan edir. UWC məktəblərinə şagirdləri, əsas etibarilə, ölkələrdə ictimai əsaslarla fəaliyyət göstərən milli komitələr seçir. 2023-cü ildə müsabiqəyə qatıldım, fərdi və kollektiv müsabiqələr, müsahibə, psixoloji test və s. mərhələlərdən keçdikdən sonra UWC-nin Kanadadakı məktəbinə (UWC-Pearson) qəbul aldım. Lakin sənədləşmə mərhələsində yaşımın 15-dən aşağı olması səbəbindən gedə bilmədim. Növbəti il müsabiqə elan ediləndə Bakıdakı məktəbimi Cenevrədə beynəlxalq tədbirdə təmsil edirdim, bu səbəbdən müsabiqəyə son gündə müraciət edə bildim və yenə bütün mərhələlərdən uğurla keçdim. Bu dəfə UWC-nin Amerikadakı məktəbinə (UWC-USA) qəbul aldım.
– Bu məktəblər özəl, yoxsa dövlət məktəbləri sayılır?
– Bir tərəfdən təhsil ödənişli olsa da, digər tərəfdən bu vəsait bütünlüklə məktəbin inzibati və akademik heyətinin, həmçinin şagirdlərin saxlanılmasına xərcləndiyinə, yəni gəlir götürmək məqsədi güdmədiyinə görə UWC məktəblərini ictimai məktəblər saymaq daha doğru olar. Üstəlik də, məktəb yaradıcılarının təsis sənədlərində müəyyən etdiyi qaydaya əsasən, məktəb şagirdlərin minimum 80%-nə tam və ya qismən təqaüd verir. Bu vəsait isə böyük ölçüdə dünyan müxtəlif ölkələrindən olan xeyriyyəçi insanların və fondların, dövlətlərin, habelə məktəbdən məzun olmuş uğurlu biznesmen və ictimai xadimlərin ianələri hesabına formalaşır. Hazırda UWC-nin prezidenti İordaniyanın Kraliçası, məşhur filantropist xanım Nur Əl Hüseyndir. Ondan əvvəl ayrı-ayrı vaxtlarda anti-aparteizmin idolu, Cənubi Afrika Respublikasının prezidenti olmuş Nelson Mandela (1995-1999), hazırkı Britaniya Kralı III Çarlz (1978-1995) UWC-yə prezidentlik etmişlər.
– Məktəbinizin, hansı fərqləndirici xüsusiyyətlərini vurğulamaq istərdin?
– Məktəbimiz Nyu-Meksika ştatında, məskunlaşmanın az olduğu Montezuma adlı şəhərcikdə, təbiətin qoynunda yerləşir. Dərsdənkənar fəaliyyətlər məktəb həyatının ən azı yarısını təşkil edir. Şüarı “xalqları və mədəniyyətləri bir araya gətirmək üçün təhsili gücə çevirmək” olan UWC-nin rəhbər tutduğu prinsip ondan ibarətdir ki, məktəb şagirdi təkcə universitetə yox, bütövlükdə həyata hazırlamalı, onlarda həm uğur, həm də uğursuzluqları yaşamaq bacarıqlarını aşılamalı, bu hisslərə təmkinli yanaşmağı öyrətməlidir. Buna nail olmaq üçün isə məktəbdə “Yaradıcılıq, fəaliyyət və xidmət” proqramı çərçivəsində onlarla fərqli layihələr həyata keçirilir. Məsələn, ötən ilin ilk yarısında xidmət layihələri çərçivəsində hər çərşənbə günü dərsdən sonra Las-Veqas Yaşlılar evində yaşlılara qulluq etmişəm, ikinci yarısında isə Las-Veqasda bir orta məktəbdə müəllim köməkçisi olmuşam. Yaradıcılıq layihələrində şagirdlər həm incəsənətin, həm də idmanın müxtəlif növləri üzrə qabiliyyətlərini sərgiləyir, dərnəklərdə birləşirlər. Fəaliyyət layihələrinə gəlincə, bunların başında “çöl səfərləri” gəlir. Bütün şagirdlər ildə azı 3 gün təbiətə səfər edərək çöl həyatı yaşamalıdırlar. Belə səfərlər meşələrə, dağlara, çöllərə, yarğanlara ola bilər. Mən bu layihə çərçivəsində ötən il çöl səfərimi Arizonadakı “Grand Canyon” adlanan məşhur yarğana etmişdim. Təbiətin insanı ovsunlayan mənzərəsindən o qədər zövq aldım ki, məktəbə qayıtdıqdan sonra ilk fürsətdəcə sertifikatlı ilkin tibbi yardım kursu keçib “Çöl səfəri lideri” seçildim. Bu səbəbdən bu il digər şagirdlərdən fərqli olaraq vətənimdən 2 həftə erkən dönüb başqa “çöl səfəri liderləri” ilə birlikdə Kolorado ştatına 14 günlük müstəqil çöl səfərinə yollandım. Qeyd edim ki, belə səfərlərə mobil telefonlar götürülmür, bütün səfər müddəti üçün azuqə, ilkin tibbi yardım vasitələri, həyatda qala bilmək və gecələmək üçün ən vacib əşyalarla dolu 30 kiloluq bel çantası ilə hər gün on kilometlərlə səyahət, kamp qurmaq, ocaq qalamaq, yemək bişirmək - 16 yaşlı üçün əvəzsiz təcrübə oldu: həm planlaşdırma qabiliyyətinin və komanda ruhunun, həm də etimad və paylaşım hissinin güclənməsi baxımından. 14 günlük çöl səfərini uğurla başa vurduqdan sonra məktəbə ilk gələnlər üçün 3 günlük çöl səfərinə ilk dəfə tur rəhbərliyi etdim.
– Xarici məktəbdə yeganə azərbaycanlı şagird olmağın çətinliyi hiss olunurmu?
– Bir tərəfdən, şagirdlərin dünyanın müxtəlif ölkələrindən olması (təxminən 90 ölkədən 200 şagird) Azərbaycandan tək olmağımı çox da hiss etdirmir. Ancaq digər tərəfdən yaradıcılıq layihələri çərçivəsində ölkələrin milli mətbəxləri, milli rəqsləri təqdim olunarkən Azərbaycandan tək şagird olmağım obyektiv çətinliklər yaradır. Amma bunu əvvəldən bildiyimə görə Azərbaycandan hazırlıqlı gəlmişəm. Çoxlu bayraqlarım və milli suvenirlərim, milli rəqs paltarım və milli mətbəximizə aid nənəmin yolladığı bəzi inqrediyentlərlə.
Ümumilikdə isə 15-16 yaşlı uşaqların birdən-birə il ərzində ailədən kənarda, tanımadığı şəxslərin əhatəsində, tanımadığı yerdə qalması müəyyən çətinliklərə səbəb ola bilir. Bu, bəzən məktəbi tərk etməyə qədər gedib çıxa bilər. Necə ki, ötən il mənimlə eyni vaxtda Ermənistandan qəbul olmuş şagird ilk semestrin sonunda ölkəsinə döndükdən sonra bir daha geri qayıtmadı. Baxmayaraq ki, məktəbimizdə onun iki soydaşı vardı. Ona görə də psixoloji özünəqapanma yaşamamaq üçün tanımadığın məktəb yoldaşlarınla mümkün qədər tez sosiallaşmalısan. Bu səbəbdən mən də akademik həyatla sosial həyatı balanslaşdırmağa çalışıram. Çoxlu dostlar qazanmışam. Dərsdənkənar bir çox layihələrdə iştirak edirəm. Çöl səfəri liderliyindən əlavə, məktəbin BMT Modeli lideriyəm. Şəhərin Gənclər Futbol Liqasında hakimlik edirəm, məktəbin “Təpədə Bir Qala” adlı qəzetinin kontent meneceriyəm. Bir sözlə, darıxmağa imkan olmur.
– Akademik həyata gəlincə, hansı ixtisası seçməyi düşünürsən?
– Biotibbi mühəndislik. Bir tərəfdən, uşaqlıqdan təbiət elmlərinə daha çox vaxt ayırdığıma görə, digər tərəfdən, insanların sağlam və rahat yaşamasına dəstək olan tibbi avadanlıqların, bilavasitə insan orqanizmlərinə implant oluna bilən tibbi vasitələrin tədqiqi, ixtirası və tətbiqi kimi praktik əhəmiyyəti olan bir sahə kimi tanındığına görə. Amerikada bu ixtisasın ən yaxşı hansı universitetdə tədris olunduğunu bilirəm, xəyalımda olan universitetdir. Düzdür, qəbul faizi cəmi 5-7%, təhsil haqqı isə yüksəkdir. Çox arzu edirəm ki, qəbul olunum, təhsil haqqından da qismən də olsa təqaüd qazanım. Yeri gəlmişkən, Bakıda oxuduğum məktəbdə SOCAR təqaüd təsis etmişdi, məktəb üzrə ən yaxşı nəticə göstərən təqribən 10 şagirdə qismən təqaüd verilirdi. Mən də nəticələrimlə təqaüd qazanan şagirdlərdən biri idim. 4 il ərzində təhsil haqqımın 40%-ni qarşıladığına görə dövlətimizin neft şirkətinə, fürsətdən istifadə edib, təşəkkür edirəm. Qürurvericidir ki, indi həmin missiya daha böyük miqyasda Azərbaycan dövləti tərəfindən xaricdə təhsil proqramı ilə davam etdirilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər