
26 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association tərəfdaşlığı ilə “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil edilən “DİVAN” – Milli Məhkəmə Simulyasiyasının bağlanış və mükafatlandırma mərasimi baş tutub.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov, Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Hakimlər İttifaqının nümayəndələri, eləcə də “DİVAN” Milli Məhkəmə Simulyasiyasının iştirakçıları iştirak ediblər.
Müsabiqənin nəticələrinin elan olunmasından sonra Cinayət, İnzibati, Mülki və Kommersiya istiqamətləri üzrə I, II və III yerləri tutan komandalara, həmçinin “Ən yaxşı mövqe müdafiəsi” nominasiyaları üzrə seçilən iştirakçılara diplom və mükafatlar təqdim olunub.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov final mərhələsinə yüksələn komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, müsabiqədə iştirak edən tələbələrin gələcəkdə peşəkar hüquqşünaslar kimi formalaşaraq ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında və insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlarına inandığını bildirib. Çingiz Əsgərov əlavə edib ki, gənclərin inkişafına töhfə verən bu cür layihələr hər zaman Ali Məhkəmə tərəfindən dəstəklənib və bundan sonra da dəstəklənəcək.
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxışında vurğulayıb ki, “DİVAN” Milli Məhkəmə Simulyasiyası gənclərin intellektual inkişafına, peşəkar bacarıqlarının artırılmasına, hüquqi savadlılığın yüksəldilməsinə və cəmiyyətə faydalı fərdlər kimi formalaşmalarına dəstək vermək məqsədilə həyata keçirilir. O, bu cür tədbirlərin gənclərin hüquq sahəsindəki bilik və bacarıqlarını praktik müstəviyə keçirmələrinə, onların hüquqi düşüncə tərzinin formalaşmasına və qanunun aliliyinə hörmət ruhunun aşılanmasına xidmət etdiyini qeyd edib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil İsmayıl Kəngərli çıxışında bildirib ki, “DİVAN” Milli Məhkəmə Simulyasiyası hüquqşünas tələbələrin nəzəri və praktiki biliklərini artırmaq, onların natiqlik, detallarla işləmə, sübutetmə və inandırma kimi bacarıqlarını inkişaf etdirmək üçün əhəmiyyətli bir platformadır. O, müsabiqənin Mülki, Cinayət, İnzibati və Kommersiya istiqamətləri üzrə həyata keçirildiyini və gənc hüquqşünasların peşəkar kadr kimi formalaşmasında böyük rol oynadığını vurğulayaraq, Vəkillər Kollegiyasının gənclərin inkişafına hər zaman dəstək olmağa hazır olduğunu qeyd edib.
Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov çıxışında bildirib ki, “DİVAN” Milli Məhkəmə Simulyasiyası gənc hüquqşünasların nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə, məhkəmə proseslərinin mahiyyətini daha dərindən qavramalarına mühüm töhfə verir. O, bu cür təşəbbüslərin tələbələrin peşəkar hüquqşünas kimi formalaşmasında, gələcəkdə isə ədalətin təminində fəal iştirak etmələrində əhəmiyyətli rol oynadığını vurğulayıb.
Layihəyə dəstək göstərən hakim və təlimçilər isə “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova tərəfindən təşəkkürnamələrlə təltif ediliblər.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
1 /12
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər