Bütün xəbərlər
16 aprel, 11:10

Azərbaycan onlar üçün doğmadır. Kimisi burada peşəsini, kimisi dostlarını, kimisi də həyat yoldaşını tapıb...

“Azərbaycan müəllimi” Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan bir neçə xarici tələbə ilə həmsöhbət olub. 

Azərbaycanda təhsilini bitirdikdən sonra Türkiyədə klinika açacaq

Üç ildir Azərbaycanda tələbə həyatı yaşayan Türkiyə vətəndaşı Can Özen ADAU-nu necə seçdiyini deyir: “Uşaqlıqdan heyvanlara böyük marağım olub. Atamın baytar həkimi qədər məlumatlı olması bu peşəyə marağımı daha da artırdı. ADAU-nun klinikası, vivariumu və balıqçılıq bölməsi bu ali məktəbi seçməyimə səbəb oldu”. 

“Baytarlıq təbabəti” üzrə təhsil alan Can deyir ki, müəllimlər və universitet işçiləri əcnəbi tələbələrə qarşı çox mehribandırlar. Türk və Azərbaycan dillərində bəzi termin fərqləri çətinlik yaratsa da, müəllimlər bu məsələdə çox anlayışlıdırlar: “Dərslər maraqlı keçir. Nəzəri dərslərin keyfiyyəti qənaətbəxşdir, burada olmaq mənim üçün zəngin bir təcrübədir”. 

Can Gəncəni çox sevir: “Gəncə şəhərinin sakitliyi, tarixi memarlığı və qədimiliyi onu ideal tələbə şəhərinə çevirir. Ancaq gənclərin asudə vaxt keçirə biləcəyi məkanların sayı daha da çoxaldılsaydı, yaxşı olardı”.

O, Azərbaycan xalqının mehribanlığını və qonaqpərvərliyini də vurğulamağı unutmur. Can Özen universiteti bitirdikdən sonra Türkiyəyə dönüb öz heyvan klinikasını açmaq və bu sahədə ixtisaslaşmaq istəyir.

ADAU-da müəllim işləməyi planlaşdırır

“Gəncəyə ilk gəldiyimdə özümü əcnəbi kimi hiss edirdim, amma zamanla burada özümü evimdəki kimi hiss etməyə başladım. İnsanlar çox səmimi və mehribandır”, – deyən türkiyəli tələbə Ataberk Kutlu da “Baytarlıq təbabəti” ixtisası üzrə təhsil alır. Birinci kurs tələbəsi olan Ataberk bir ildir ki, Gəncədə olmasına baxmayaraq, şəhərə, tələbə həyatına tez alışıb. Uşaqlıqdan baytar olmaq istəsə də, universitet seçimini əvvəldən planlaşdırmayıb, müəlliminin yönləndirməsi ilə ADAU-ya gəlib. “Kinologiya Klubunu yaratmışam. Hazırda layihələrlə həm universitetə, həm də Gəncə ictimaiyyətinə faydalı olmağa çalışırıq”.

“Amma ən gözəl və maraqlı hadisə həyatımın eşqi ilə burada tanış olub evlənmək qərarı verməyim olub”, – deyən Ataberk həyatının dönüş nöqtəsini də Azərbaycanda edib. 

O, gələcəkdə ADAU-da magistratura və doktorantura təhsili almağı, hətta müəllim kimi fəaliyyət göstərməyi planlaşdırır. Ataberk Azərbaycan mətbəxini bəyəndiyini, xüsusilə xəngəli çox sevdiyini deməyi də unutmur. Şüarı isə belədir: “Əgər sakit həyatı sevirsinizsə və tələsmirsinizsə, doğru yerdəsiniz. Amma əgər bura gəlib nəsə təcrübə qazanmaq, vaxt keçirmək və əylənmək istəyirsinizsə, ünvan – ADAU Kinologiya Klubudur”.

Cənubi Afrika Respublikasından olan, ingilis bölməsində “Aqronomluq” üzrə təhsil alan I kurs tələbəsi, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın qalibi Nyathi Nkhensani Mmakgotso deyir ki, Azərbaycan onun üçün yeni, maraqlı və öyrədici bir mühitdir. Dil və mədəniyyət fərqləri əvvəlcə çətin görünsə də, o, bu fərqləri böyümək və uyğunlaşmaq üçün fürsət kimi dəyərləndirir. Aqronomluğu seçməyimə pandemiyanın yaratdığı iqtisadi qeyri-sabitlik və uşaqlıqdan nənəsi ilə keçirdiyi kənd təsərrüfatı təcrübələri təsir edib: “ADAU-nu isə ona görə seçdim ki, burada yalnız nəzəri biliklər deyil, həm də praktik bacarıqlar və təcrübələr ön plandadır. Sadəcə, elmi tədqiqatlara fokuslanan bir çox universitetlərdən fərqli olaraq, ADAU tələbələrin real dünya tətbiqlərinə hazırlaşmasına imkan yaradır”, – deyən Nyathi tələbəlik həyatından ağızdolusu danışır. CAR-lı tələbə deyir ki, ölkələrindən fərqli olaraq, Azərbaycanda tələbələr universitet tədbirlərində və ictimai fəaliyyətlərdə yüksək səviyyədə iştirak edirlər. Magistratura təhsilini almaq istəyən Nyathi hələ ki, seçimini etməyib: “Mənim ölkəmdə aqronomluq geniş şəkildə araşdırılan sahə deyil. Cənubi Afrikada yalnız bir əsas universitet bunu təklif edir və kənd təsərrüfatı təhsili üçün resurslar olduqca məhduddur. Bunun əksinə olaraq, Azərbaycanda kənd təsərrüfatına, geniş resurslara və aqronomluğa güclü diqqət ayıran bir universitet mövcuddur. Bu fərq Azərbaycanın kənd təsərrüfatının inkişafına nə qədər diqqət ayırdığını göstərir”.

Dil və mədəniyyət fərqlərinin olmasına baxmayaraq, Azərbaycan dilini öyrənməyə can atan xarici tələbənin dilimizdə ən çox sevdiyi söz isə “yox”dur: “Bu söz sadə olsa da, güclü təsiri var. Hər zaman emosional şəkildə deyilir və artıq mənim gündəlik lüğətimin əsas hissəsinə çevrilib. Onu işlətməkdən həzz alıram”.

Somali Federativ Respublikası vətəndaşı

““Xoş gəldin”, “Çox sağ ol”, “Görüşərik”, “Sevirəm” və “Xoşbəxt olun”. Bunlar Azərbaycan xalqının isti və müsbət münasibətini əks etdirir”. “Beynəlxalq Təhsil Qrantı”nın qalibi, “Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə” üzrə təhsil alan Abdiaziz İbrahim Adenlə söhbətimiz belə başlayır. 

Universitetdə magistratura səviyyəsində “Aqronomluq” üzrə ingilis dili bölməsi olmadığından “Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə” ixtisasını seçən ADAU məzunu "Azərbaycanda təhsil təcrübəm gözləntilərimi doğrultdu. Təhsil sistemi olduqca maraqlıdır, nəzəri və praktiki biliklərin çox yaxşı balansı təklif edilir. ADAU-da təhsilim məni ətraf mühit sahəsində elmi-tədqiqat metodologiyaları və hazırkı işimdə birbaşa tətbiq olunan praktik bacarıqlarla təmin etdi. Təcrübəmi yaddaqalan edən bir çox maraqlı adət-ənənələrlə qarşılaşdım. Oradakı tələbəlik həyatım, xüsusən də yataqxanada yaşamaq fərqli idi. Öz sahəmdəki imkanlara və qonaqpərvər mühitə görə bir müddət Azərbaycanda qalmağı düşünürdüm, amma sonda vətənə qayıtmaq qərarına gəldim”, – deyir. 

Somali Federativ Respublikasının vətəndaşı, “Beynəlxalq Təhsil Qrantı”nın qalibi, “Aqromühəndislik” üzrə oxuyan 
Dirie Mohamed Abdi isə ADAU-ya gəlmə səbəbindən danışır:

“Somalidə fermerlərin səmərəsiz əkinçilik üsulları və müasir avadanlıqlara çıxışının olmaması kimi bir çox problemləri müşahidə etmişəm. Mən başa düşdüm ki, aqrar mühəndislik texnologiyalarının tətbiqi vasitəsilə əkinçilik məhsuldarlığının və davamlı inkişafın artırılmasına çarə tapmaq mümkündür”. 

Somali vətəndaşı universitet seçərkən əsas diqqətini müəssisənin akademik nüfuzuna, təhsilin keyfiyyətinə və maraqlandığı sahə üzrə təklif edilən proqramlara yönəldib: “ADAU-dakı təcrübəm inanılmaz dərəcədə zəngin idi. Professorlar bilikli və dəstəkləyici olduqlarından təhsil sistemi gözləntilərimi üstələdi. Kurikulum həm praktiki, həm də nəzəri idi, bu da mənə aqrar mühəndislik haqqında hərtərəfli anlayışı inkişaf etdirməyə kömək etdi. Universitetin tədqiqat və praktik tətbiqlərə önəm verməsi də öyrənmə təcrübəmdə həlledici rol oynadı”.

ADAU-nun praktik tətbiqə önəm verməsi ona cari işinə birbaşa aid olan real layihələr üzərində işləmək imkanı verib: “İştirak etdiyim ən maraqlı tədqiqat pomidor istehsalında torpağın becərilməsi prosesinin təkmilləşdirilməsinə yönəlib. Bu layihə məhsuldarlığı və səmərəliliyi artırmaq üçün torpağın hazırlanması və əkilməsinin təkmilləşdirilməsi yollarını araşdırdı. Bu tədqiqatın nəticələri mənim cari işimdə, xüsusilə fermerlərə daha yaxşı məhsul istehsalı üçün torpaq idarəçiliyi təcrübələrini təkmilləşdirməyə kömək etməkdə tətbiq edilib”. 
Dirie deyir ki, müşahidə etdiyi mühüm fərqlərdən biri kənd təsərrüfatının mexanikləşdirilməsi səviyyəsi idi. Azərbaycan müasir kənd təsərrüfatı texnologiyalarının, xüsusən də texnika və suvarma sistemlərinin mənimsənilməsində mühüm irəliləyişlər əldə edib. Bunun əksinə olaraq, vətəni Somali mexanikləşdirmə və texnologiyaya məhdud çıxış kimi çətinliklərlə üzləşir. Bu, ölkəsində daha innovativ həllər gətirməyə kömək etmək istəyinə təsir edib.

ADAU-da aldığı təhsil ona aqrar mühəndislik, o cümlədən kənd təsərrüfatı maşınlarının dizaynı, maşınların sınağı, suvarma sistemləri və istixana təsərrüfatı texnologiyası üzrə güclü texniki biliklər verib. Bundan əlavə, tədqiqat və problemlərin həlli bacarıqlarını inkişaf etdirib ki, bunun da hazırkı vəzifəsinin icrasında əvəzsiz rolu var. 

“Mən beynəlxalq tələbələrə Azərbaycanın təklif etdiyi zəngin mədəni təcrübələrdən yararlanmağı tövsiyə edərdim. Yalnız akademik deyil, həm də mədəni cəhətdən öyrənməyə açıq olun. Bu, həm təhsil sahəsində, həm də şəxsi inkişafınızda yeni perspektivləri araşdırmaq üçün əla fürsətdir. Bundan əlavə, Azərbaycan və ya rus dillərində dil biliklərinizi təkmilləşdirmək ümumi təcrübənizi də artıra bilər”, - Dirie sonda tövsiyələrini də verir.

1 /5

Şərhlər

Xəbər lenti

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

1 may, 12:25

MÜTDA valideynlərə çağırış etdi

1 may, 12:04

Lənkəranda “Peşə sərgisi” – Şagirdlər əl işlərini nümayiş etdirdilər

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları olub

1 may, 12:00

RFO-nun biologiya fənni üzrə praktiki turuna mediatur təşkil olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.