
“Müəllimlər sertifikatlaşdırma imtahanının mahiyyətini dərk etdikcə ona ciddi hazırlaşmağa başlayıblar”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında təhsil üzrə ekspert Ramin Nurəliyev bildirib.
Onun sözlərinə görə, tədricən sertifikatlaşdırma imtahanları ümumtəhsil məktəblərində çalışan bütün ixtisaslar üzrə təhsilverənləri əhatə edəcək. 2026-cı ilin sonuna qədər bütün ixtisaslar üzrə sertifikatlaşdırma imtahanlarının keçirilməsi planlaşdırılır:
“2022-2024-cü illərdə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili) fənlərini tədris edən təxminən 65 min müəllim sertifikatlaşdırma imtahanında iştirak edib. Təəssüf ki, ibtidai sinif müəllimləri arasında iştirakçıların 35 faizi imtahandan 50 faizdən aşağı nəticə əldə edib. Keçən tədris ilində uğursuz olan müəllimlərə bir il ərzində yenidən sertifikatlaşdırma imtahanında iştirak etmək imkanı yaradılıb.
2023-cü il iyunun 8-də 7296 nəfər ibtidai sinif və Azərbaycan dili və ədəbiyyatı müəllimi təkrar sertifikatlaşdırma imtahanına qatılıb. Lakin 3424 ibtidai sinif və 485 Azərbaycan dili və ədəbiyyatı müəllimi müvafiq keçid balını toplaya bilməyərək yenidən uğursuz nəticə göstərib. Bu isə ümumi iştirakçıların 50 faizindən çoxunu təşkil edir”.
Ekspert əlavə edib ki, bu vəziyyət olduqca narahatedicidir:
“Gələcəyimizi əmanət etdiyimiz müəllimlərin öz ixtisasları üzrə imtahanda uğursuz olması ciddi narahatlıq doğurur. Belə olan halda, həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməsi və ümumtəhsil müəssisələrindən kənarlaşdırılması vacibdir. Heç bir valideyn övladını imtahandan keçə bilməyən bir müəllimə etibar etmək istəməz.
“Hazırda ümumtəhsil məktəblərində müxtəlif yollarla diplom almış və ya ixtisası üzrə yetərli səviyyədə olmayan müəllimlər fəaliyyət göstərir. Bəziləri əvvəlki illərdə ixtisasartırma yolu ilə sahələrini dəyişib, digərləri isə kollec təhsili alaraq məktəblərdə işləməyə başlayıb. Əlbəttə, onların arasında yüksək nəticə göstərənlər də var, lakin sertifikatlaşdırma imtahanları nəticəsində ciddi problemlər üzə çıxıb. İmtahanda ən zəif nəticə göstərənlərin əsas hissəsi ibtidai sinif müəllimləridir və onların bir qismi 10 ildən artıq pedaqoji təcrübəyə malikdir”.
Müsahibimizin sözlərinə görə, 10 ildən artıq təcrübəsi olan bir müəllimin sertifikatlaşdırma imtahanında 50 faizdən aşağı nəticə göstərməsi cəmiyyət tərəfindən narahatlıqla qarşılanır. Sertifikatlaşdırma imtahanları məhz bu kimi neqativ halları ortaya çıxarmaq və savadlı kadrların formalaşmasına töhfə vermək məqsədi daşıyır.
“Ötən illərdə keçirilən imtahanlar bir çox müəllimlərə məsuliyyət hissini aşılayıb. Bu il sertifikatlaşdırmaya qatılacaq müəllimlərin daha ciddi hazırlaşdığı müşahidə olunur. Sertifikatlaşdırma imtahanında uğursuz olan müəllimlərin əmək müqavilələrinə xitam verilməsi digər müəllimlər üçün də xəbərdarlıq rolunu oynayıb.
2025-ci ildə imtahanda iştirak edəcək müəllimlərin daha yaxşı nəticə göstərəcəyi gözlənilir. Sosial platformalarda qruplar yaradaraq birgə hazırlıq keçən müəllimlərin sayı artmaqdadır. Bütün bunlar onu göstərir ki, sertifikatlaşdırma imtahanının mahiyyəti artıq müəllimlər tərəfindən daha ciddi qəbul edilir”, - deyə o xatırladıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər