Bütün xəbərlər
26 may, 12:32

Ali təhsil və dəyişən tələblər

Bu günlərdə Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın ikinci iclası keçirilib. İclasda yeni təhsil proqramlarının qəbulu, ixtisaslaşmaların həyata keçirilməsi, magistratura səviyyəsində təhsil proqramlarının çərçivə sənədinin təsdiqi və növbəti addımların müzakirəsi olub. Magistratura səviyyəsində təhsilin məzmununun təkmilləşdirilməsi, ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun olaraq mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasının vacibliyi qeyd olunub. Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, fizika elmləri doktoru professor Elçin Hüseynov “Azərbaycan müəllimi”nə müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüb.

Yeni ali təhsil proqramlarının hazırlanması ölkəmiz üçün strateji əhəmiyyət daşıyan bir prosesdir

– Yeni təhsil proqramları, ixtisaslaşmaların həyata keçirilməsi hansı zərurətdən irəli gəlir?

– Hazırkı dövrdə dünya elmi-texniki inqilabın təsiri ilə fundamental transformasiyalar yaşayır. Rəqəmsallaşma, süni intellekt, yaşıl texnologiyalar, biotexnologiya və digər sahələr qlobal inkişafın aparıcı vektorları kimi çıxış edir. Bu proses fonunda bir çox ənənəvi ixtisaslar öz funksionallığını və əmək bazarındakı üstünlüyünü ya qismən, ya da tamamilə itirməkdədir. 50 və ya 100 il öncə aktual olan sahələrin bu gün real iqtisadiyyatda yerini qoruyub saxlaması üçün onların ciddi şəkildə yenidən dəyərləndirilməsinə ehtiyac var. Belə bir şəraitdə ali təhsil sisteminin dəyişən tələblərə adekvat cavab verə bilməsi üçün struktur və məzmun baxımından çevik və dayanıqlı islahatlara ehtiyac duyulur. Bu islahatlar ölkə olaraq həm qlobal əmək bazarında rəqabət qabiliyyətimizi, həm də daxili tələbatı qarşılamaq imkanlarımızı daha da artıracaq. Bu səbəbdən yeni ixtisasların yaradılması və mövcud ixtisasların müasirləşdirilməsi günümüzün qaçılmaz zərurətinə çevrilmişdir.

Təhsil proqramlarının yenilənməsi bu kontekstdə sadəcə kurikulum dəyişiklikləri anlamına gəlmir; bu, əslində yeni bilik strukturlarının, bacarıq əsaslı yanaşmaların, praktik və interdisiplinar təlim modellərinin tətbiqi ilə müşayiət olunan sistemli bir transformasiyadır. Yeni proqramlar həm beynəlxalq trendlərlə ayaqlaşmalı, həm də ölkəmizin milli maraqlarını və strateji inkişaf prioritetlərini nəzərə almalıdır. 

Bundan əlavə, təhsil proqramları təkcə iqtisadi və texnoloji ehtiyaclara cavab verməklə kifayətlənməməlidir. Onlar eyni zamanda milli dəyərlərə əsaslanan, milli kimliyi və vətəndaş məsuliyyətini formalaşdıran bir ideoloji çərçivəyə də sahib olmalıdır. Gələcəyin mütəxəssisləri təkcə bilikli və bacarıqlı deyil, eyni zamanda mənəvi baxımdan da yetkin, milli düşüncəli və sosial məsuliyyətli fərdlər olmalıdırlar. Bu baxımdan, yeni ali təhsil proqramlarının hazırlanması və ixtisaslaşmaların aktuallaşdırılması ölkənin sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıyan bir prosesdir. Burada iştirak edən bütün tərəflərin - dövlət qurumlarının, ali təhsil müəssisələrinin, iş dünyasının və tələbələrin fəal əməkdaşlığı vacibdir. Yalnız bu halda ali təhsil sistemimiz həm qlobal trendlərə uyğunlaşa, həm də milli inkişafı təmin edə bilər.

Ənənəvi ixtisas strukturları əmək bazarının gözləntiləri ilə üst-üstə düşmür

– Bu mövzu əmək bazarının tələbləri, dünyada populyarlaşan sahələr üzrə mütəxəssis hazırlığı ilə nə dərəcədə əlaqəlidir? 

– Yeni ali təhsil proqramlarının hazırlanması və ixtisaslaşmaların yenilənməsi əmək bazarının cari və perspektiv tələblərinə uyğun mütəxəssis hazırlığının təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Müasir dövrün qlobal trendləri, texnoloji inqilablar və cəmiyyətlərin inkişaf dinamikası göstərir ki, artıq ənənəvi ixtisas strukturları bir çox hallarda əmək bazarının gözləntiləri ilə üst-üstə düşmür. Bu səbəbdən ali təhsil sistemi təkcə elmi və nəzəri biliklərin ötürüldüyü platforma deyil, eyni zamanda real sektorun tələblərinə çevik reaksiya verən və bu tələbləri qabaqlayan funksional bir institut kimi fəaliyyət göstərməlidir.

Təbii ki, yaradılan yeni ixtisaslar və yenilənən proqramlar yalnız mövcud tendensiyalara cavab verməklə kifayətlənməməli, eyni zamanda gələcək əmək bazarının tələblərini proqnozlaşdıraraq onun üçün baza yaratmalıdır. Bu baxımdan tələb və təklif balansı əsas prinsip kimi daim diqqətdə saxlanılmalıdır. Təhsil sisteminin məqsədi yalnız diplomlu gənclər yetişdirmək deyil, həm də bu gənclərin bilik və bacarıqlarının iqtisadiyyatın real ehtiyacları ilə uzlaşmasını təmin etməkdir.

Son illərdə dünyada süni intellekt, maşın öyrənməsi, proqram mühəndisliyi, data analitikası, biotexnologiya, yaşıl enerji texnologiyaları, kiber təhlükəsizlik və radiasiya və nüvə texnologiyaları kimi sahələrdə mütəxəssis tələbi sürətlə artır. Bu sahələrdə ixtisaslaşma, təkcə inkişaf etmiş ölkələrdə deyil, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə də prioritet istiqamətlərdən biri kimi çıxış edir. Çünki bu sahələr, bir tərəfdən ölkələrin texnoloji suverenliyini təmin edir, digər tərəfdən isə beynəlxalq əmək bölgüsündə daha yüksək dəyər zəncirinə inteqrasiyasına şərait yaradır.

Burada xüsusi olaraq vurğulanmalı məqam ondan ibarətdir ki, ixtisasların seçimi zamanı yalnız beynəlxalq populyarlıq meyarı ilə hərəkət etmək düzgün deyil. Milli kontekstə uyğunluq və ölkənin strateji inkişaf hədəflərinə xidmət prinsipi də önəmli şərtlərdəndir. Məsələn, süni intellekt və proqramlaşdırma kimi sahələr həm qlobal miqyasda aktuallığını qoruyur, həm də Azərbaycanın rəqəmsal inkişaf gündəliyinə uyğun olaraq daxili bazarda mühüm rol oynayır. Radiasiya və nüvə texnologiyaları isə ölkənin enerji təhlükəsizliyi, tibb, sənaye və müdafiə sahələrində strateji ehtiyaclarını qarşılamaq baxımından mühüm əhəmiyyətə malikdir. Lakin bəzi sahələr var ki, hərçənd onlar beynəlxalq miqyasda müasir və texnoloji cəhətdən irəlidə görülməsinə baxmayaraq, hələlik ölkə daxilində bu sahələr üzrə tətbiq imkanları və reallıqda bu kimi sahələrin perspektivləri məhduddur. Məsələn, kosmonavtika sahəsi yüksək elmi və texnoloji potensiala malikdir və dünyada intensiv inkişaf edir, lakin hazırkı mərhələdə Azərbaycanın kosmik sənayesi bu sahə üzrə kütləvi mütəxəssis tələbi yaratmır. Buna görə də, belə ixtisaslar üzrə təlim proqramları yalnız elmi tədqiqat və ya ixtisaslaşmış hazırlıq səviyyəsində nəzərdən keçirilməli, əsas prioritet isə real və proqnozlaşdırılan ehtiyaclara yönəldilməlidir.

Digər mühüm aspekt isə odur ki, müasir təhsil proqramları sadəcə olaraq bilik ötürməyə deyil, praktik bacarıqların formalaşdırılmasına, tənqidi düşüncə, adaptasiya qabiliyyəti, rəqəmsal savadlılıq və layihə əsaslı öyrənmə kimi XXI əsr bacarıqlarının inkişafına yönəlməlidir. Bu, həm məzmunun modernləşdirilməsini, həm də tədris metodologiyalarının və qiymətləndirmə mexanizmlərinin yenilənməsini tələb edir. 

Yekun olaraq demək olar ki, təhsil sistemində aparılan bu islahatlar, əmək bazarı ilə ali təhsil arasında strukturlaşdırılmış, institusional və uzunmüddətli koordinasiyanın qurulması məqsədinə xidmət edir. Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bu prosesdə işəgötürənlərin, akademik dairələrin və tələbə təmsilçilərinin fəal şəkildə iştirak etməsi, hazırlanan proqramların həm praktik faydalılığını, həm də ictimai legitimliyini təmin edir.

Magistr təhsili elmi kadr hazırlığının səmərəliliyini artırır

– Magistratura səviyyəsində təhsilin məzmununun təkmilləşdirilməsi ilə bağlı təkliflərə münasibətiniz. Nə kimi təklifləriniz olardı?

– Hesab edirəm ki, magistratura təhsili məzmun və məqsəd baxımından bakalavrdan ciddi şəkildə fərqlənməlidir. Magistratura təhsili ali təhsil sistemində yalnız ikinci pillə olmaqla kifayətlənmir, o, həm də elmi-tədqiqat fəaliyyətinə keçidin, dərin ixtisaslaşmanın və strateji kadr hazırlığının əsas mərhələsidir. Əvvəla qeyd etmək lazımdır ki, magistr dərəcəsi sırf akademik səviyyə olmaqdan əlavə, elmi fəaliyyətə ilkin hazırlıq və peşəkar istiqamət üzrə dərin ixtisaslaşma mərhələsidir. Təəssüf ki, bəzi hallarda magistratura yalnız formal davam pilləsi kimi qəbul olunur. Halbuki bu səviyyədə təhsil alan şəxs artıq tədqiqat bacarıqları formalaşmış, metodoloji hazırlıq keçmiş, analitik və konseptual düşüncəyə malik bir mütəxəssis olmalıdır.

Magistr proqramlarında elmi-tədqiqatlara və praktikaya inteqrasiya xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, magistrantlar təhsil aldıqları müddətdə yalnız universitet auditoriyasında deyil, ixtisaslarına uyğun olaraq elmi-tədqiqat institutları, sahəvi laboratoriyalar, sənaye müəssisələri və texnoparklarla birbaşa əlaqəli fəaliyyət göstərməlidirlər. Bu yanaşma tələbənin həm nəzəri hazırlığını, həm də real problemlərin həlli ilə bağlı bacarıqlarını inkişaf etdirəcək. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elmi-tətbiqi əməkdaşlıq modeli əsasında formalaşdırılmış magistr təhsili həm innovasiya potensialını gücləndirir, həm də elmi kadr hazırlığının səmərəliliyini artırır.

Eyni zamanda, magistr təhsili alan şəxs öz təhsilinin məqsədini və istiqamətini aydın şəkildə bilməlidir. Bu səviyyəyə keçid yalnız “ali diplom almaq” məqsədi ilə olmamalıdır. Magistr təhsilinə başlayan tələbə bilməlidir ki, o, konkret bir sahədə ya elmi fəaliyyətə hazırlanır, ya peşəkar sektor üçün dərinləşdirilmiş biliklərə yiyələnir, ya da pedaqoji fəaliyyətə yönəlir. Bu səbəbdən, magistr proqramları fərqli təyinatlara uyğun modullar əsasında qurulmalı və təhsilalanlara şəxsi inkişaf trayektoriyası seçmək imkanı yaradılmalıdır. 

Burada çox mühüm bir prinsipə diqqət çəkmək istərdim: elmi dərəcə praktik məzmun daşımalıdır. Məsələn, əgər magistrant gələcəkdə ümumtəhsil məktəbində ümumi fizika fənnini tədris edəcəksə, onun nüvə fizikası və ya kosmologiya kimi sahələrdə dərin ixtisaslaşmaya yönəldilməsi tədris effektivliyi baxımından əsaslı nəticə verməyə bilər. Bu zaman onun üçün fizikanın əsasları, pedaqoji metodologiyalar, şagird yönümlü yanaşmalar və laboratoriya təcrübələri daha əhəmiyyətli olmalıdır. Beləliklə, məqsədli və kontekstual ixtisaslaşma prinsipi bütün magistr proqramlarında tətbiq olunmalıdır. Digər tərəfdən, tədqiqat yönümlü magistr proqramlarında elmi yazı bacarıqları, tədqiqat metodologiyası, məlumat bazaları ilə işləmək, eksperiment dizaynı və nəticələrin təhlili kimi komponentlər daha çox yer almalı, dissertasiya işi isə formal tələbdən çıxaraq orijinal töhfə verməyə yönəlmiş tədqiqat formasını almalıdır. Həmçinin magistr təhsilinin beynəlmiləlləşməsi və rəqəmsallaşması istiqamətində də təkmilləşmələr aparılmalıdır. Xarici universitetlərlə ikili diplom proqramları, onlayn resurslardan istifadənin artırılması, elmi məqalələrin yazılması və təqdimatı üzrə təlimlərin təşkili tələbələrin qlobal akademik mühitə inteqrasiyasını sürətləndirəcək. Bu, Azərbaycanın ali təhsil sisteminin beynəlxalq reytinqlərdə irəliləməsinə və elmi məhsuldarlığın artmasına da töhfə verəcəkdir.

Yekun olaraq demək istərdim ki, magistratura təhsili sadəcə daha yüksək diplom deyil, ölkənin intellektual, elmi və strateji potensialının formalaşdığı əsas mərhələ kimi dəyərləndirilməlidir. Ona görə də bu səviyyədə təhsilin məzmunu, strukturu və təşkilati modeli yeni yanaşmalar əsasında yenidən qurulmalı, “səviyyə fərqi” yalnız diplomda deyil, tədrisin keyfiyyətində və məqsədində öz əksini tapmalıdır.

Şərhlər

Xəbər lenti

27 may, 21:21

Gələcək müəllimləri buraya nə gətirir? - “Dəstək mərkəz”indən REPORTAJ

27 may, 20:23

Məcburi köçkün məktəbləri üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

27 may, 18:51

Lisey və gimnaziyalara qəbulla bağlı RƏSMİ AÇIQLAMA

27 may, 18:30

Universitet–məktəb əməkdaşlığı: təcrübə və örnəklər

27 may, 18:00

Riyaziyyatçı alimin məqaləsi beynəlxalq jurnalda çap olunub

27 may, 16:45

Gənclərin ixtisas dilemması: Kim olmaq istəyirsən?

27 may, 16:25

Zorakılığı tərbiyə vasitəsi kimi qəbul etmək olarmı?

27 may, 16:03

III “Maarifçi” tələbə-məzun təcrübə proqramının nəticələri elan olunub

27 may, 15:51

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı işlər hansı mərhələdədir? – Millət vəkili açıqladı

27 may, 15:37

Heydər Əliyev Fondunun şöbə müdiri: Talıstan Liseyi ən müasir tələblərə cavab verir

27 may, 15:31

Təhsil müəssisələrində Müstəqillik Günü qeyd olunub

27 may, 15:27

BMU tələbələrinin ifasında “Qürur və qərəz” tamaşası nümayiş olunub

27 may, 15:08

BDU-da Karyera Festivalı keçirilib

27 may, 14:57

Məktəblilərimiz beynəlxalq turnirdə 11 medal qazanıblar

27 may, 14:25

“Əxlaq qiymətləri” – Qəzetin arxivindən

27 may, 13:52

“Qarabağın dirçəlişi üçün korporativ dəstək: ianə və təşviqat” mövzusunda tədbir keçirilib

27 may, 13:25

Cəmiyyətin yarası: Erkən nikahın izləri 

27 may, 13:08

İllər sonra doğma universitetdə qələbə sevinci yaşayan nənə

27 may, 12:55

Koç Universitetinin rektoru BANM-də olub

27 may, 12:55

Peşə təmayüllü siniflərdə interaktiv dərslər təşkil olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.