Bütün xəbərlər
1 oktyabr, 09:58

Elm insan düşüncəsinin ən sistemli, etibarlı və davamlı bilik forması kimi tanınsa da, “elm nədir?” və “elm necə işləyir?” sualları hələ də mübahisəli olaraq qalır. Tarix boyu elm fəlsəfəsi bu suallara müxtəlif cavablar verib: Aristotelin induktiv yanaşmasından başlayaraq Popperin falsifikasionizminə, Kuhnun paradiqma nəzəriyyəsinə və Feyerabendin metodoloji anarxizminə qədər müxtəlif mövqelər formalaşıb. 

ABŞ-nin Virciniya Universitetinin professoru Ceyms.K.Zimrinqin (James C. Zimring”) “Cambridge University Press” nəşriyyatı tərəfindən buraxılmış "Elm nədir və həqiqətən necə işləyir" (“What Science Is and How It Really Works”) əsəri bu mübahisələrə müasir dövrün tələbləri baxımından cavab axtarır. Müəllif həm praktiki elmi təcrübəsini, həm də fəlsəfi analizi birləşdirərək elmi prosesi nəinki abstrakt nəzəriyyə kimi, həm də real laboratoriya təcrübəsi əsasında izah edir. 

Müəllif hesab edir ki, elmin əsas problemi yalnız bilik toplamaq deyil, həm də onun metodoloji əsaslarını anlamaqdır. Aristotel empirik ümumiləşdirməyə üstünlük verirdisə, Popper sərt məntiqi testlərdən danışır, Kuhn isə elmi inkişafın sosial və tarixi aspektlərini ön plana çəkir, Feyerabend isə metodoloji sərhədlərin dağıdılmasını müdafiə edirdi. C.Zimrinqin kitabında da bu mövqelərin müasir elmin böhranlarını və güclü tərəflərini anlamaq üçün hələ də aktual olduğunu  vurğulayır.

Elm yalnız təcrübə və müşahidələrin yığımı deyil, həm də metodoloji prinsiplər və fəlsəfi yanaşmalar əsasında qurulmuş bilik sistemidir. Tarix boyu elm haqqında müxtəlif nəzəri mövqelər formalaşmışdır. 

C.Zimrinq öz əsərində bu mövzulara toxunaraq göstərir ki, elmin mahiyyətini anlamaq üçün fəlsəfi mübahisələri nəzərə almaq vacibdir.
Alimin əsərinin başlanğıc nöqtəsi elmin ictimaiyyətdə qəbul olunma və dərk edilmə problemləridir. Müəllif göstərir ki, elm müasir cəmiyyətlərin mədəni, texnoloji və iqtisadi inkişafında həlledici rol oynasa da, ictimaiyyətin geniş təbəqələrində elmi fəaliyyətin mahiyyəti və mexanizmləri çox zaman düzgün başa düşülmür.

O, bir tərəfdən, elmin insan həyatına gətirdiyi nəhəng faydaları (tibbi inqilablar, texnoloji inkişaf, həyat keyfiyyətinin yüksəlməsi) vurğulayır, digər tərəfdən isə, elmi biliklərə qarşı yaranan şübhə, yanlış təsəvvürlər və hətta elmi inkar meyillərinə diqqət çəkir. Zimrinq bu ziddiyyəti “elmin paradoksu” kimi xarakterizə edir: elm ən uğurlu idrak forması olduğu halda, ictimaiyyətin mühüm bir hissəsi onun nəticələrinə skeptik yanaşır.

Zimrinq kitabın girişində xüsusi olaraq vurğulayır ki, elmi başa düşmək üçün onu idealizə etmək lazım deyil; əksinə, onun zəifliklərini və məhdudiyyətlərini dərk etməklə güclü tərəflərini qiymətləndirmək mümkündür.

Beləliklə, əsərin başlanğıc nöqtəsi həm nəzəri, həm də ictimai səviyyədə sual qoyur: elm nədir və niyə işləyir? Bu sual əsərin bütöv strukturunu müəyyənləşdirir və müəllifin elmin tarixi, fəlsəfəsi, metodologiyası və ictimai funksiyalarını ardıcıl təhlil etməsinə imkan yaradır.

Zimrinqin vurğuladığı kimi, elm idealizə edilməməlidir; alimlər də insanlar olaraq qərəzlərə, emosional təsirlərə və institusional təzyiqlərə məruz qalırlar. Bu reallıq, elmin obyektivliyi barədə yanlış təsəvvürlər yarada bilər. Lakin məhz elm institutlarının strukturu və mexanizmləri bu qərəzlərin neytrallaşdırılmasına xidmət edir. “Peer-review” prosesi, replikasiya tədqiqatları, elmi mübahisələr və rəqabət mexanizmləri fərdi subyektivliyi minimuma endirir və nəticədə əldə olunan biliklərin etibarlılığını artırır.

Bu yanaşma elmin davamlı etibarlılığı və sosial funksiyası üçün həyati əhəmiyyət kəsb edir. Əgər elm institusional qorunma və yoxlama mexanizmlərinə malik olmasa, fərdi səhvlər və qərəzlər uzunmüddətli perspektivdə yanlış nəticələrin geniş yayılmasına səbəb ola bilərdi. Zimrinq burada elmin unikallığını göstərir: o, həm insan tərəfindən yaradılmışdır, həm də sistematik qaydalar vasitəsilə özünü səhvlərdən təmizləyə bilir. Bu mexanizmlər olmadan elm yalnız subyektiv iddiaların toplusu olardı, halbuki mövcud strukturlar sayəsində elm həm ictimaiyyətin, həm də digər alimlərin etimadını qazanır və bilik istehsalında ən etibarlı vasitə olaraq qalır.

Bu yanaşma elm fəlsəfəsindəki obyektivlik mübahisələrinə yeni praktik baxış gətirir. Zimrinq obyektivliyi mütləq həqiqətə çatmaq kimi deyil, kollektiv səhv azaltma prosesinin məhsulu kimi təqdim edir.

Əsərin xüsusi əhəmiyyəti onun elmin ictimai funksiyalarına dair gətirdiyi arqumentlərdədir. Müəllif post-həqiqət dövründə ictimaiyyətin elmə inamının azaldığını vurğulayır. Sosial şəbəkələrdə saxta xəbərlərin yayılması, siyasi təsirlər və dini-ideoloji qütbləşmələr elmi legitimlik böhranına gətirib çıxarır.

Zimrinqin təklifi ondan ibarətdir ki, elm ictimaiyyətə “həqiqətin mütləq mənbəyi” kimi deyil, “ən yaxşı səhv aradan qaldırma sistemi” kimi təqdim edilməlidir. Bu yanaşma elmi daha realist göstərir və onun ictimai etimadını gücləndirə bilər.

Zimrinq əsərinin yekununda elmin mahiyyətinə və gələcəyinə dair bir sıra mühüm nəticələr çıxarır. Müəllifin fikrincə, skeptisizm elmi prosesin hərəkətverici qüvvəsidir. Elmi düşüncə hər bir iddianı, hətta ən güclü sübutlarla dəstəklənən nəzəriyyələri belə, daim şübhə və yoxlama obyektinə çevirir. 

Zimrinq həmçinin göstərir ki, elmi yalnız fərdi alimlərin fəaliyyəti ilə məhdudlaşdırmaq olmaz. Onun uğuru universitetlər, akademiyalar, jurnallar və maliyyələşdirmə mexanizmləri kimi institusional strukturların birgə fəaliyyətindən asılıdır. Elm cəmiyyətin ayrılmaz hissəsi olaraq mövcud olur və ictimai dəstək olmadan inkişaf edə bilmir.

Əsərdə vurğulanan digər nəticə cəmiyyət və elm arasındakı qarşılıqlı asılılıqla bağlıdır. Elmin nəticələrinin qəbul olunması, tətbiqi və maliyyələşdirilməsi ictimaiyyətin etimadına bağlıdır. Buna görə də elm adamlarının mühüm vəzifələrindən biri elmi kommunikasiyanı gücləndirmək və ictimaiyyətə “elm necə işləyir?” sualına düzgün cavab verməkdir.

Nəhayət, Zimrinq hesab edir ki, gələcək qlobal problemlərin – iqlim dəyişikliyi, pandemiyalar, enerji və ərzaq təhlükəsizliyi, süni intellektin təsirləri – öhdəsindən gəlmək üçün yalnız elmə əsaslanan və sübutlara söykənən yanaşmalar effektiv ola bilər. Elm mövcud bilik sistemləri içində nə qədər qüsursuz olmasa da, insanlığın üzləşdiyi çağırışlara qarşı ən güclü və etibarlı vasitə olaraq qalır.

Əsərin ən mühüm dəyəri elmi həm fəlsəfi, həm də praktiki kontekstdə təqdim etməsidir. Müəllif laboratoriya təcrübələrindən gətirdiyi nümunələrlə abstrakt nəzəri mübahisələri konkretləşdirir. Bu, kitabı həm akademik mütəxəssislər, həm də geniş oxucu auditoriyası üçün əlçatan edir.

Zahid Fərrux Məmmədov, 
iqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin "Elmi fəaliyyətin təşkili və idarə edilməsi" departamentinin direktoru, Əməkdar müəllim

Şərhlər

Xəbər lenti

7 oktyabr, 17:24

“Bu təqaüd mənim üçün böyük məsuliyyətdir” – Prezident təqaüdçülərinin təəssüratları

7 oktyabr, 17:19

LDU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın növbəti infosessiyası keçirilib

7 oktyabr, 16:59

“Ali riyaziyyat üzrə yarış – 3”ün qalibləri mükafatlandırılıb

7 oktyabr, 16:35

“Gündəlik xərclərim və təhsil məsələlərimdə bu təqaüd mənə böyük dəstək olacaq” – Prezident təqaüdçüləri

7 oktyabr, 16:16

Riyaziyyat olimpiadasının 8-9-cu siniflər üzrə II mərhələsi keçiriləcək

7 oktyabr, 15:26

İlham Əliyev: Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:34

NDU-da startapçı tələbələrlə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.